Kontentə keç

Mündəricatı göstər

ONLAR BACARDILAR

Rikardo və Andresin bioqrafiyası

Rikardo və Andresin bioqrafiyası

Müqəddəs Kitabdakı elm insanı dəyişmək qüdrətinə sahibdir. Gəlin Rikardo və Andresin nümunəsinə baxaq.

RİKARDO: Gəncliyimin çılğın dövründə, 15 yaşımda quldur dəstəsinə qoşuldum. Yeni dostlarımın təsiri altına düşdüm. Qarşıma məqsəd qoymuşdum ki, 10 il həbsxanada yatacağam. Bu, axmaq fikir olsa da, bizim ərazidə həbsxanada yatan adamla fəxr edirdilər, ona hörmət göstərirdilər. Mən də elə olmaq istəyirdim.

Quldur həyatının hər sahəsini — narkotiki, əxlaqsızlığı, zorakılığı təcrübədən keçirdim. Bir gecə atışma oldu, fikirləşirdim ki, öləcəyəm. Amma mənə heç nə olmadı. Bundan sonra həyatım, məqsədlərim barədə ciddi düşünməyə başladım və qərara gəldim ki, dəyişməliyəm. Amma necə? Kimə üz tutum?

Qohumlarımın əksəriyyəti bədbəxt idi. Xirtdəyədək problemin içində idilər. Ancaq bir dayımın ailəsi başqa cür idi. Bilirdim ki, onlar yaxşı adamlardırlar, Müqəddəs Kitab prinsiplərinə əsasən yaşayırlar. Bir dəfə onlardan öyrənmişdim ki, Allahın adı Yehovadır. Həmin atışmadan çox keçməmiş Yehovaya adı ilə müraciət edib dua etdim, ondan kömək istədim. Düz səhərisi gün Yehovanın Şahidlərindən biri qapımı döyəndə heyrətdən yerimdə donub qaldım. O mənə Müqəddəs Kitab dərsi keçməyə başladı.

Çox keçməmiş böyük sınaqla üzləşdim. Köhnə dostlarım tez-tez mənə zəng edib onlara qoşulmağımı istəyirdilər. Asan olmasa da, bu təklifi rədd etdim. Müqəddəs Kitabı öyrənməyə qərarlı idim! Çox xoşbəxtəm ki, qərarımdan dönmədim. Həyatım kökündən dəyişdi, əsl xoşbəxtliyi tapdım.

Bir dəfə Allaha duada dedim ki, bir vaxtlar dəstə üzvlərinin hörmətini qazanmaq üçün on il həbsdə yatmaq istəyirdim. İndi isə icazə ver, heç olmasa, on il tamvaxtlı xidmət edim, necə ki mənə kömək ediblər, mən də başqalarına kömək edim. Allah duama cavab verdi. Artıq 17 ildir tamvaxtlı xidmət edirəm! Bir şeyi də qeyd edim ki, heç vaxt həbsxanaya düşməmişəm.

Keçmiş dostlarımdan çoxu uzun illərdir həbsdədir. Bəziləri artıq həyatda deyil. Keçmişi təhlil edəndə Yehovanın Şahidi olan qohumlarıma çox minnətdar oluram. Onlar hamıdan fərqlənməyə, Müqəddəs Kitaba uyğun yaşamağa çəkinmirdilər. Mən onlara hörmət etdiyim qədər quldur dəstəsinin heç bir üzvünə hörmət etməmişəm. Ən əsası isə Allaha minnətdaram ki, mənə ən yaxşı həyat yolunu öyrədib.

ANDRES: Mən kasıb bir rayonda doğulub, boya-başa çatmışam. Orada narkomaniya, soyğunçuluq, qatillik və əxlaqsızlıq adi hal idi. Atam əyyaş və kokain düşkünü idi. Anamla həmişə əlbəyaxa davaya çıxardılar.

Kiçik yaşlarından içkiyə, narkotikə qurşandım. Günüm küçələrdə keçirdi, oğurluq edirdim, sonra isə oğurladığım əşyaları satırdım. Mən böyüyəndə atam çalışdı ki, mənimlə yaxın münasibət yaratsın, amma bunu yanlış tərzdə elədi. O mənə narkotiki və digər qaçaq malları ölkəyə gətirib satmağı öyrətdi. Tez bir zamanda çoxlu pul qazandım. Ancaq bir gün polislər evimə gəldi. Mən həbs olundum və adam öldürməyə cəhd etməkdə ittiham olunaraq beş il həbs cəzasına məhkum olundum.

Bir gün səhər həbsxanada elan olundu ki, Yehovanın Şahidləri Müqəddəs Kitabdan danışacaqlar və dustaqlar ora dəvət olunurlar. Mən də getmək qərarına gəldim. Eşitdiklərim mənə ağlabatan gəldi. Beləliklə, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladım. Onlar qulağa xoş gəlsin deyə Müqəddəs Kitabdakı fikirləri təhrif etmirdilər. Əksinə, mənə Allahın ali qanunlarını öyrədirdilər.

Tezliklə başa düşdüm ki, tək başıma heç nəyi dəyişə bilməyəcəyəm. Xüsusilə də, öyrənməyimdən xoşu gəlməyən dustaqlar mənə hədə-qorxu gələndə Yehovaya dua edib Ondan güc və hikmət istədim, Yehova da mənə kömək etdi. Mən hətta bir növ hücuma keçməyə, yəni onlara Müqəddəs Kitab haqda danışmağa da müvəffəq oldum.

Həbs müddətim qurtaranda elə həyəcanlı idim ki, bir müddət də həbsxanada qalmaq istəyirdim. Həbsxanadan çıxanda xeyli məhbus mənimlə sağollaşdı. Bəziləri isə mehribanlıqla dedilər: «Sənə yaxşı yol, kiçik keşiş».

Oturub fikirləşəndə ki, Allahdan təlim almasaydım, həyatım necə olardı, canıma qorxu düşür. Allaha o qədər minnətdaram ki, məni sevir və heç vaxt məndən əlini üzməyib *.

^ Müqəddəs Kitabın həyatları dəyişməyə qadir olduğunu göstərən digər nümunələri jw.org saytından tapa bilərsiniz. Bunun üçün KİTABXANA bölməsinə daxil olun və «Müqəddəs Kitab həyatları dəyişir» silsiləsindən bir məqalə seçin.