Kontentə keç

Mündəricatı göstər

XOŞBƏXTLİK YOLU

Bağışlamaq

Bağışlamaq

«TƏHQİR VƏ QIŞQIR-BAĞIRIN ADİ HAL OLDUĞU BİR AİLƏDƏ BÖYÜMÜŞƏM», — deyə Patrisiya adlı bir qadın bölüşür: «Bağışlamağı heç cür öyrənə bilmirdim. Hətta böyüyəndən sonra da xətrimə kimsə dəyəndə günlərlə bu haqda düşünür, səhərə kimi yatmırdım». Bəli, həyatı qəzəb və kinlə dolu olan insan nə xoşbəxt ola bilər, nə də sağlam. Tədqiqatlar da göstərir ki, bağışlamağı bacarmayan insan...

  • qəzəb və kinin münasibətləri dağıtmasına yol verir, nəticədə, tək-tənha qalır

  • tez inciyir, narahatçılıq keçirir, hətta ağır depresiyaya düşür

  • səhvlərə o qədər köklənir ki, həyatdan zövq ala bilmir

  • ürəyinin dərinliyində düzgün davranmadığını bildiyi üçün vicdanı onu narahat edir

  • güclü stress keçirir; belə adamda yüksək qan təzyiqi, ürək çatışmazlığı kimi xəstəliklərin yaranması, həmçinin artrit və baş ağrıları kimi xroniki ağrılar keçirmək ehtimalı daha yüksəkdir *

BAĞIŞLAMAQ NƏDİR? Bağışlamaq qarşı tərəfin təqsirindən keçmək və qəzəb, kin, intiqam hissindən qurtulmaq deməkdir. Bağışlamaq kiminsə səhv hərəkətini dəstəklədiyimizi göstərmir, həmçinin bu, o demək deyil ki, biz səhvi kiçildir, yaxud ona göz yumuruq. Bu, sülhü qorumaq, qarşı tərəflə münasibəti bərpa etmək üçün məhəbbətdən doğan düşünülmüş addımdır.

Bağışlamaq həmçinin anlayış göstərməkdir. Bağışlamağı bacaran insan dərk edir ki, hamımız sözdə və əməldə səhvə yol verə və ya günah edə bilərik (Romalılara 3:23). Müqəddəs Kitabda deyilir: «Bir-birinizə qarşı həmişə səbirli olun, birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (Koloslulara 3:13).

Aydındır ki, bağışlamaq insanlar arasında «kamil birlik yaradan» məhəbbət xüsusiyyətinin vacib bir yönüdür (Koloslulara 3:14). «Mayo Clinic» veb-saytına əsasən, bağışlamaq...

  • münasibətlərə müsbət təsir göstərir, qarşı tərəfə canıyananlıq, anlayış və şəfqət kimi xüsusiyyətlər təzahür etdirməyə təşviq edir

  • insanın əqli sağlamlığını və Allahla münasibətlərini yaxşılaşdırır

  • narahatlıq, stress və ədavəti azaldır

  • depressiyanın simptomlarını minimuma endirir

ÖZÜNÜZÜ BAĞIŞLAYIN. Bir jurnala əsasən, insanın özünü bağışlaması çox çətin olsa da, bu, onun əqli və fiziki sağlamlığı üçün olduqca vacibdir («Disability & Rehabilitation»). Özünüzü bağışlamağa sizə nə kömək edə bilər?

  • Özünüzdən mükəmməllik gözləməyin. Bir reallığı qəbul edin ki, hamı kimi sizin də səhvlər etməyiniz qaçınılmazdır (Vaiz 7:20).

  • Eyni səhvləri təkrarlamamaq üçün səhvlərinizdən nəticə çıxarmağı öyrənin.

  • Səbirli olun, çünki bəzi pis vərdiş və xüsusiyyətləri bir günün içində düzəltmək mümkün deyil (Efeslilərə 4:23, 24).

  • Sizi ruhlandıran, müsbət əhval-ruhiyyəli, həmçinin qınamadan səhvinizi deməyi bacaran insanlarla dostluq edin (Məsəllər 13:20).

  • Əgər birinin xətrinə dəysəniz, səhvinizi boynunuza alıb vaxt itirmədən üzr istəyin. Başqaları ilə münasibətləriniz yaxşı olsa, ürəyiniz də rahat olacaq (Mətta 5:23, 24).

KƏLAMDAKI PRİNSİPLƏR İŞƏ YARAYIR!

Yuxarıda haqqında danışdığımız Patrisiya Müqəddəs Kitabı araşdırmağa başlayandan sonra bağışlamağı öyrəndi. O deyir: «Həyatımı zəhərləyən qəzəb hissindən azad oldum. Artıq nə özüm əzab çəkirəm, nə də başqalarına əzab verirəm. Müqəddəs Kitab prinsipləri göstərir ki, Allah bizi sevir və bizim rifahımızı düşünür».

Ron adlı bir kişi deyir: «Başa düşdüm ki, başqalarının düşüncə və hərəkətinə nəzarət edə bilməsəm də, özümə nəzarət edə bilərəm. Əgər sülhə nail olmaq istəyirəmsə, içimdəki kindən qurtulmalıyam. Sülhə və kinə əks qütblər kimi yanaşmağa başladım. İnsan eyni vaxtda hər iki qütbdə ola bilməz. Artıq vicdanım məni qınamır».

^ abz. 8 Mənbələr: «Mayo Clinic» və «Johns Hopkins Medicine» veb-saytları, həmçinin «Social Psychiatry and Psychiatric Epidemiology» jurnalı.