XOŞBƏXTLİK YOLU
Ümid
«Sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir» (Ərəmya 29:11).
«İNSANI YAŞADAN ÜMİDDİR», — deyə bir kitabda yazılıb. Orada qeyd olunur ki, ümid «çarəsizlik, tənhalıq və qorxu hissinin öhdəsindən gəlməyin ən yaxşı dərmanıdır» («Hope in the Age of Anxiety»).
Müqəddəs Kitabdan da görmək olar ki, hər bir insanın ümidə ehtiyacı var. Lakin bu, saxta ümid olmamalıdır. «Əsilzadələrə, qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin», — deyə Zəbur 146:3 ayəsində yazılıb. Təbii ki, insanların bizi qoruyacağına arxalanmaq yerinə, Öz vədlərini yerinə yetirməyə qadir Yaradanımıza bel bağlamaq daha məntiqli olardı. Gəlin görək O, bizə nə vəd edib.
PİSLİKLƏR SONA YETƏCƏK, SALEHLƏR SÜLH İÇİNDƏ YAŞAYACAQ: «Az qalıb! Artıq pis adam olmayacaq... Həlimlər yer üzünə sahib olacaq, əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:10, 11). Zəbur 37:29 ayəsində isə yazılıb ki, salehlər yer üzündə əbədi yaşayacaq.
MÜHARİBƏLƏRƏ SON QOYULACAQ: «[Allah] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır» (Zəbur 46:8, 9).
XƏSTƏLİK, ƏZAB, ÖLÜM OLMAYACAQ: «Allah... onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:3, 4).
HƏR KƏSİN BOL QİDASI OLACAQ: «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).
BÜTÜN DÜNYANI BİR HÖKUMƏT, ALLAHIN PADŞAHLIĞI İDARƏ EDƏCƏK: «[İsa Məsihə] hakimiyyət, şərəf və padşahlıq verildi ki, ümmətlər, xalqlar və bütün dillərə mənsub olanlar ona qulluq etsin. Onun hakimiyyəti sona yetməyəcək əbədi hakimiyyətdir, padşahlığı əsla dağılmayacaq» (Dənyal 7:14).
Bu vədlərin gerçəkləşəcəyinə necə əmin olmaq olar? İsa peyğəmbər yer üzündə yaşayarkən sübut etdi ki, o, Allah tərəfindən təyin olunmuş Padşahdır. Məsih xəstələri sağaldır, acları yedizdirir, ölüləri dirildirdi. Ən əsası isə onun verdiyi təlimlər idi. Çünki bu təlimlərdəki prinsiplərə əməl etməklə insanlar bir-biri ilə əbədiyyət boyu sülh və birlik içində yaşaya bilərdi. İsa peyğəmbər həmçinin gələcək hadisələrdən xəbər verərək axırzamanın əlamətlərini söyləmişdi.
SƏFADAN ÖNCƏ CƏFA
Müqəddəs Kitabda axırzamanın əlamətləri sadalanarkən sülh və təhlükəsizlik yox, tam əksi olacağı deyilir. Orada millətlər arasındakı müharibələrin, qıtlığın, xəstəliklərin və güclü zəlzələlərin «dövrün yekununa əlamət» olacağı yazılıb (Mətta 24:3, 7; Luka 21:10, 11; Vəhy 6:3—8). Həmçinin hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbətin soyuyacağı da qeyd olunub (Mətta 24:12).
İnsanlar arasındakı bu soyuqluq özünü bir çox sahədə büruzə verir. Bu haqda 2 Timutiyə 3:1—5 ayələrində yazılıb. Orada deyilir ki, «axırzamanda» insanlar xudbin, pulpərəst, kef düşkünü, lovğa, zalım olacaq. Ailə bağları zəifləyəcək, uşaqlar valideynlərinə itaət etməyəcək. Həmçinin dini riyakarlıq adi hal alacaq.
Hal-hazırda dünyanın bu vəziyyətdə olması sübut edir ki, biz axırzamanda yaşayırıq. Bununla belə, baş verənlər göstərir ki, Allahın hakimiyyəti altında səfa sürəcəyimiz günlər çox yaxındır. İsa Məsih də «dövrün yekununa əlamət» haqda peyğəmbərlik edərkən: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək», — deyərək həmin günün mütləq gələcəyinə zəmanət vermişdi (Mətta 24:14).
Pis əməl sahiblərinə xəbərdarlıq, salehlərə isə ümid olan bu müjdə vəd olunmuş nemətləri tezliklə alacağımızın carçısıdır. Allahın vəd etdiyi nemətlər haqda daha çox öyrənmək üçün jurnalın sonuncu səhifəsinə nəzər yetirə bilərsiniz.