Kontentə keç

Mündəricatı göstər

İnsanlar nəyə görə əzab çəkir, qocalır və ölür?

İnsanlar nəyə görə əzab çəkir, qocalır və ölür?

Allah bizi xəlq etdiyi üçün bizə Öz övladı kimi baxır. Buna görə də əzab çəkməyimizi istəmir. Amma həyat əzab-əziyyətlə doludur. Bu nəyə görə belədir?

Əzablarımızın səbəbkarı ulu valideynlərimizdir

«Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (ROMALILARA 5:12).

Allah ulu valideynlərimiz olan Adəmlə Həvvanı əqli və fiziki cəhətdən mükəmməl yaratmışdı. Onları yer üzündəki cənnətdə, Ədən bağında məskunlaşdırmışdı. Onlara buyurmuşdu ki, bir ağacı çıxmaq şərti ilə bağdakı bütün ağacların meyvəsindən yeyə bilərlər. Lakin Adəmlə Həvva məhz qadağan olunmuş ağacın meyvəsindən yedilər. Bu, günah idi (Yaradılış 2:15—17; 3:1—19). Bu itaətsizlikdən sonra Allah onları cənnətdən qovdu. Beləcə, onlar ağır həyata qədəm qoydular. Bir qədər sonra Adəmlə Həvvanın övladları oldu. Onların da həyatı çətinliklərlə dolu idi. Sonda hamısı qocalıb öldü (Yaradılış 3:23; 5:5). Bütün bəşəriyyət Adəmlə Həvvadan törədiyi üçün hamı xəstələnir, qocalır və ölür.

Şər mələklər ucbatından əzablarımız daha da artır

«Bütün dünya... Şəririn əlindədir» (1 YƏHYA 5:19).

Həmin Şərir Şeytandır. Şeytan mələkdir. O, Allaha qarşı üsyan etmişdi (Yəhya 8:44; Vəhy 12:9). Sonralar başqa mələklər də ona qoşulmuşdu. Həmin mələklər isə cinlər adlanır. Onlar insanları aldadıb Yaradandan uzaqlaşdırırlar. Həmçinin insanları yoldan çıxarıb pis əməllərə sürükləyirlər (Zəbur 106:35—38; 1 Timutiyə 4:1). Şeytan və cinlər insanlara əzab-əziyyət çəkdirməkdən zövq alır.

Bəzən öz səhvlərimiz ucbatından əzab çəkirik

«İnsan nə əkərsə, onu da biçəcək» (QALATİYALILARA 6:7).

Hər birimiz miras aldığımız günaha görə, Şeytanın bütün dünyanı təsiri altına saldığına görə əzab çəkirik. Amma bəzən insanlar özləri də öz başlarına bəla açır. Pis əməllər törədib, yaxud yanlış qərarlar verib, acı nəticəsini biçirlər. Ancaq yaxşı iş görən insanların biçdiyi bəhrə də yaxşı olur. Məsələn, dürüst, zəhmətkeş, ailəsini sevən kişinin ruzisi bol, ailəsi xoşbəxt olur. Qumarbaz, əyyaş, tənbəl adam isə özünü, ailəsini yoxsulluğa düçar edir. Buna görə də yaxşı olar ki, Allahın məsləhətinə qulaq asaq. O istəyir ki, biz gözəl bəhrələr biçək, əmin-amanlığımız bol olsun (Zəbur 119:165).

Axırzamanda yaşayırıq

«Axırzamanda... insanlar xudbin, pulpərəst,.. valideynlərinə itaət etməyən,.. özünə hakim olmayan, zalım, yaxşılığın düşməni... olacaqlar» (2 TİMUTİYƏ 3:1—5).

Bu gün insanların çoxu bu ayələrdə deyildiyi kimidir. Bu bir daha sübut edir ki, biz hazırkı şər dünyanın axırında yaşayırıq. Müqəddəs Kitabda həmçinin qabaqcadan deyilmişdi ki, bizim zəmanəmizdə müharibələr, güclü zəlzələlər və xəstəliklər olacaq (Mətta 24:3, 7, 8; Luka 21:10, 11). Bütün bunlar çoxlu əzab-əziyyətə səbəb olur, insanların həyatına son qoyur.