Kontentə keç

Mündəricatı göstər

Nəyə görə insanların həyat ənamına hörməti qalmayıb?

Nəyə görə insanların həyat ənamına hörməti qalmayıb?

HƏYAT ƏNAMINA HÖRMƏT GÖSTƏRMƏK NƏYƏ GÖRƏ VACİBDİR?

Özünün və ya başqalarının həyatına zərər vuracaq bir şey ilə məşğul olmaqla həyat ənamına dəyər vermədiyini göstərirsən.

  • Siqaret çəkmək təkcə xərçəngə səbəb olmur, həmçinin bədənin xərçənglə mübarizə aparmasına da mane olur. Məlumata əsasən ağ ciyər xərçəngindən ölənlərin təxminən 90 faizi ya siqaret çəkiblər, ya da siqaret tüstüsünə həddən çox məruz qalıblar.

  • Kütləvi atışmalar hər il emosional travmalara səbəb olur. Stanford Universitetinin bir hesabatında deyilir: «Tədqiqatlar göstərir ki, hətta [məktəbdə baş vermiş atışmalardan] xəsarətsiz qurtulanlar belə, uzun illər həyatlarında dərin iz buraxan mənəvi yaralarla yaşamalı olurlar».

  • İçkili halda və ya narkotikin təsiri altında maşın idarə edən sürücülər yollardakı, hətta səkilərdəki insanların həyatı üçün təhlükə yaradırlar. İnsanlar həyat ənamına etinasız yanaşanda günahsız insanların həyatı üçün təhlükə yaradırlar.

HÖRMƏT GÖSTƏRMƏYƏ SİZƏ NƏ KÖMƏK EDƏ BİLƏR?

Sağlamlığınızı qoruyun. Zərərli vərdişləri, məsələn, siqareti, veypi, həddən artıq spirtli içki içməyi və əyləncə xatirinə narkotik qəbul etməyi tərgitmək heç vaxt gec deyil. Bu cür vərdişlər həyatınıza zərər vurur və ətrafınızdakı insanların, eləcə də ailə üzvlərinizin həyatına hörmət etmədiyinizi göstərir.

«Cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1).

Özünüzün və başqalarının təhlükəsizliyini düşünün. Qəzaların qarşısını almaq üçün evinizi yaxşı vəziyyətdə saxlayın. Avtomobilinizi ehtiyatla idarə edin və saz vəziyyətdə saxlayın. Sizi həyatınızı riskə atacaq işlərə sövq edən insanların təsirinə uymayın.

«Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın» a (Qanunun təkrarı 22:8).

İnsanlara qarşı xeyirxah olun. Həyat ənamına hörmət etmək irqindən, milliyyətindən, varlı və ya kasıb, təhsilli və ya təhsilsiz olmasından asılı olmayaraq, hər kəsə qarşı xeyirxah olmaq deməkdir. Dünyadakı zorakılıqların və müharibələrin kökündə əsasən qərəz və nifrət durur.

«Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun. Bir-birinizə qarşı xeyirxah... olun» (Efeslilərə 4:31, 32).

YEHOVANIN ŞAHİDLƏRİ NECƏ HÖRMƏT GÖSTƏRİR?

Yehovanın Şahidləri insanlara tarazlı və sağlam həyat tərzi sürməyə kömək edirlər. Keçdiyimiz Müqəddəs Kitab dərsləri insanlara zərərli vərdişlərdən qurtulmağa kömək edir.

Biz tikinti layihələrimizdə təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edirik. İbadət evlərimizin və Müqəddəs Kitabın tədrisi ilə əlaqəli olan digər binaların tikintisində iştirak edən könüllülər xəsarət almamaq üçün təlim alırlar. Tikdiyimiz binaların yerli təhlükəsizlik standartlarına cavab verib-vermədiyi müntəzəm olaraq yoxlanılır.

Zərərçəkənlərə humanitar yardım göstəririk. Son 12 ay ərzində Yehovanın Şahidləri bütün dünyada həyati təhlükələrə yol açan təxminən 200 fəlakət zamanı yardım göstərib və ianə edilən pullardan bu yardım işlərinə 12 milyon dollara yaxın pul xərcləyib.

Qərbi Afrikada (2014) və Konqo Demokratik Respublikasında (2018) Ebola virusu kütləvi şəkildə yayılmağa başlayanda Yehovanın Şahidləri insanları maarifləndirdilər, onlara bu ölümcül xəstəliyin yayılmasının qarşısını necə ala biləcəklərini izah etdilər. Həmçinin nümayəndələrini göndərdilər ki, oradakı insanlarla «İtaətkarlıq həyatları xilas edir» mövzusunda söhbət etsinlər. Eləcə də ibadət evlərinin qarşısında əlyuma məntəqələri quraşdırdılar və xəstəliyin yayılmasının qarşısını almaq üçün əl yumağın, o cümlədən atılmalı olan digər addımların vacibliyini vurğuladılar.

Syerra-Leonedəki bir radioda Yehovanın Şahidlərini həm öz dindaşlarına, həm də digər insanlara Ebola virusundan qorunmağa kömək etdikləri üçün tərifləmişdilər.

Liberiyada ibadət evində əlyuma məntəqəsi (2014-cü ildə Ebola virusu zamanı)

a Qədimdə Yaxın Şərqdə bu hikmətli əmrə əməl edən insanlar ailə üzvlərinin və başqalarının təhlükəsizliyinin qayğısına qalırdılar.