3. Yaxşı insanlar nəyə görə əzab çəkir?
Bunu bilmək nəyə görə vacibdir?
Yaxşı insanların əzab çəkməsini ədalətsizlik kimi qəbul edirik. Həmçinin bəzən insanda elə fikir yaranır ki, yaxşı insan olmağın heç bir mənası yoxdur.
Düşünün
Bəziləri faciə baş verəndə bunu alın yazısı, taleyin işi hesab edir. Onlar düşünür ki, Allah günahkarları pis əməllərinə görə cəzalandırır. Bəzi insanlar da inanır ki, Allah yaxşı insanların imanını sınağa çəkmək üçün onlara əzab verir. Onlar deyirlər ki, «dünya sınaq dünyasıdır» və Allah sevdiyi bəndələrinə daha çox əzab çəkdirir. Gəlin düşünək:
-
Əgər həyatımız taleyin, qismətin əlindədirsə, onda nəyə görə sağlamlığımıza fikir verməliyik, pis əməllərdən çəkinməliyik?
-
Necə ola bilər ki, Allah həm insanlara əzab çəkdirərək onları sınayır, həm də bir çoxlarının dediyi kimi, xeyirxah və mərhəmətlidir?
ƏLAVƏ MƏLUMAT
jw.org saytından «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxın.
Müqəddəs Kitabda deyilir
Əzablar Allahın cəzası deyil.
Çox vaxt təsadüfən, qəza nəticəsində insanın başına bəla gəlir.
«Günəş altında bir şey də gördüm: qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (VAİZ 9:11).
Günahlı təbiətimiz əzablara səbəb olur.
Çox vaxt «günah» sözü kiminsə pis əməlinə aid işlənir. Müqəddəs Kitabda bu söz həmçinin hamının, həm yaxşı, həm də pis insanların irsən aldığı vəziyyəti bildirir.
«Mən təqsir içində dünyaya gəldim, anamın bətninə düşəndən məndə günah yaşayır» (ZƏBUR 51:5).
Günah insanlara böyük zərbə vurub.
İlk növbədə Yaradanla münasibətimizə xələl gətirib, həmçinin Allahın xəlq etdiyi digər xilqətlə aramızdakı ahəngi pozub. Bu isə həm ayrı-ayrı insanlara, həm də bütün bəşəriyyətə böyük iztirablar yaşadır.
«Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (ROMALILARA 7:21).
«Bütün xilqət indiyə kimi inildəyib əzab çəkir» (ROMALILARA 8:22).