Texnologiyanın təsiri. Düşüncənizə
İnsan daima yeni şeylər öyrənir, ya məktəbdə, ya işdə, ya da digər sahələrdə. Texnologiyanın bu sahədə insana böyük köməyi dəyir. Hələ heç vaxt bu qədər məlumat bolluğu olmayıb. İnsan evindən çıxmadan, hətta yerindən belə qalxmadan istədiyi məlumatı əldə edə bilir.
Lakin elektron cihazlardan geniş istifadə edən insanlar...
-
oxuyarkən fikirlərini toplamağa çətinlik çəkirlər.
-
diqqətlərini bir işə cəmləyə bilmirlər.
-
tək qalanda tez darıxırlar.
NƏYİ BİLMƏK LAZIMDIR?
OXUMAQ
Elektron cihazlardan tez-tez istifadə edən adamların məqaləni və ya kitabı başdan ayağa kimi oxumağa hövsələsi çatmır. Buna görə də onlar əsas fikri bilmək üçün məqaləyə üzdən göz gəzdirirlər.
Suala tez cavab tapmaq istəyəndə materiala ötəri göz gəzdirməkdə pis heç nə yoxdur. Ancaq mövzunu dərindən başa düşmək üçün bu cür oxumaq səmərəli deyil.
DÜŞÜNÜN: Uzun mətnləri oxumağa hövsələniz çatır? Nəyə görə bilik almaq üçün diqqətlə oxumaq lazımdır? (MƏSƏLLƏR 18:15).
DİQQƏTİ CƏMLƏMƏK
Bəzi insanlar düşünür ki, texnologiya eyni anda iki işi görməyə imkan yaradır, məsələn, dərs oxuyarkən dostlarla mesajlaşmağa. Amma insanın fikri dağınıq olanda heç bir işi yaxşı icra edə bilmir, xüsusən də əgər işlərin hər biri diqqət tələb edirsə.
Diqqəti cəmləmək üçün insan gərək özünə hakim olsun. Çətin olsa da, bunu etməyə dəyər. Qreys adlı yeniyetmə deyir: «Fikrini bir şeyə cəmləyəndə daha az səhvlər edirsən və daha az stres keçirirsən. Diqqət yetirmişəm ki, adam fikrini bir işə cəmləyəndə, eyni anda bir neçə işi görməyə çalışmayanda daha yaxşı nəticə əldə edir».
DÜŞÜNÜN: Eyni anda bir neçə işi görmək sizə diqqətinizi cəmləməyə və oxuduqlarınızı yadda saxlamağa mane olur? (MƏSƏLLƏR 17:24).
TƏK QALMAQ
Bəzi insanlar tək qalmağı sevmir. Onlar tək qalanda başlarını qarışdırmaq üçün dərhal əllərinə elektron cihaz alırlar. Oliviya adlı qadın deyir: «On beş dəqiqə telefona baxmasam, televizoru yandırmasam, ürəyim partlayar».
İnsanın hərdən tək qalması yaxşıdır. Bu zaman dərindən düşünmək üçün şərait yaranır. Dərindən düşünmək isə həm gənclər, həm də yetkin yaşda olan insanlar üçün vacibdir. Çünki insan nəyisə öyrənmək istəyirsə, o, mütləq dərindən düşünməyi bacarmalıdır.
DÜŞÜNÜN: Tək qaldığınız vaxtlardan səmərəli istifadə edirsiniz? (1 TİMUTİYƏ 4:15).
NƏ EDƏ BİLƏRSİNİZ?
ÖZÜNÜZÜ TƏHLİL EDİN
Texnologiyadan necə istifadə edə bilərsiniz ki, o sizə düşüncə qabiliyyətinizi inkişaf etdirməyə kömək etsin? Elektron cihazlar sizə diqqətinizi cəmləməyə və öyrənməyə hansı halda mane ola bilər?
MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Hikməti, düşüncəni qoru» (MƏSƏLLƏR 3:21).