MÜQƏDDƏS KİTABIN BAXIŞI
Minnətdarlıq hissi
Minnətdarlıq bildirməyin insana fiziki, əqli və emosional cəhətdən faydası var. Buna görə də bu xüsusiyyət hamıda olmalıdır.
Minnətdar olmağın hansı faydası var?
TİBB ELMİ NƏ DEYİR?
Bir məqalədə deyilir: «Minnətdarlıq hissi xoşbəxtlik hissi ilə həmişə sıx əlaqəli olub. Minnətdarlıq insanlara müsbət əhval-ruhiyyədə olmağa, gözəl anlar yaşamağa, sağlamlığı yaxşılaşdırmağa, çətinliklərin öhdəsindən gəlməyə, başqaları ilə yaxşı münasibətdə olmağa kömək edir» («Harvard Mental Health»).
MÜQƏDDƏS KİTAB NƏ DEYİR?
Müqəddəs Kitab bizi minnətdarlıq hissini yetişdirməyə təşviq edir. İsa peyğəmbərin davamçılarından biri demişdi: «Şükür edənlərdən olun». O özü də bu sahədə nümunə idi. Məsələn, o, Kəlamda yazılmış xoş xəbərə hay verən insanlara görə Allaha daima şükür edirdi (Koloslulara 3:15; 1 Salonikililərə 2:13). Amma hərdənbir sadəcə «sağ ol» deməklə xoşbəxt olmaq olmaz. Biz xasiyyətcə belə insan olmalıyıq. Bu da bizi öz növbəsində insanlarla aramıza sədd çəkən və xoşbəxtliyimizi əlimizdən alan xüsusiyyətlərdən — paxıllıqdan, lovğalıqdan və inciklikdən qoruyur.
Bu sahədə Yaradanımızdan örnək ala bilərik. O, torpaqdan yaranmış insanların əməyini qiymətləndirir. İbranilərə 6:10 ayəsində yazılıb: «Allah ədalətsiz deyil ki,.. Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun». Bəli, Yaradan Allahın gözündə naşükürlük haqsızlığa və ədalətsizliyə bərabərdir.
«Daim sevinin. Hər şeyə görə təşəkkür edin» (1 Salonikililərə 5:16, 18).
Minnətdarlıq insanlarla münasibətimizə necə təsir edir?
TƏCRÜBƏ NƏYİ GÖSTƏRİR?
Biz kiməsə hədiyyə verməklə, xoş söz deməklə, kömək etməklə və digər yollarla səmimi qəlbdən minnətdarlıq bildirəndə həmin insan özünü dəyərli hiss edir. Hətta yad insan bizim üçün yaxşılıq edəndə, məsələn, bizə yol verəndə minnətdarlıq bildirməyimiz ona xoş təsir bağışlayır.
MÜQƏDDƏS KİTAB NƏ DEYİR?
İsa peyğəmbər demişdi: «Həmişə verin, onda sizə də verəcəklər. Ətəyinizə silkələnib-basılmış, ağzınacan doldurulmuş, dopdolu bir ölçü ilə tökəcəklər» (Luka 6:38). Gəlin Vanuatuda yaşayan Roza adlı bir qızın hadisəsinə baxaq. O, eşitmə qüsurludur.
Roza Yehovanın Şahidlərinin ibadət görüşlərində iştirak etsə də, oradan az fayda əldə edirdi. Çünki nə o, nə də ora gələnlər jest dilini bilmirdilər. Ancaq bir dəfə həmin yığıncağa jest dili üzrə peşəkar tərcüməçi olan bir ər-arvad gəldi. Onlar bu problemi görüb jest dilini öyrətmək üçün kurs təşkil etdilər. Roza buna görə çox minnətdar idi. O bölüşür: «Çox sevinirəm ki, məni sevən bu qədər dostum var». Onun minnətdar olduğunu və artıq görüşlərdə iştirak etdiyini görmək bu ər-arvad üçün ən böyük hədiyyə idi. Roza həmçinin minnətdardır ki, onunla ünsiyyət etmək üçün başqaları zəhmət çəkib jest dilini öyrəniblər (Həvarilərin işləri 20:35).
«Şükranlardan qurban gətirən, Məni [Allahı] ucaldır» (Zəbur 50:23).
Minnətdarlıq hissini necə yetişdirə bilərik?
MÜQƏDDƏS KİTAB NƏ DEYİR?
Düşüncələrimiz hisslərimizə təsir edir. Davud peyğəmbər Allaha duasında demişdi: «Bütün işlərin barədə fikirləşirəm, əllərinin işinə diqqət verirəm» (Zəbur 143:5). Bəli, Davud peyğəmbər heç nəyə adi yanaşmırdı, əksinə, o, həyatı boyu Allahın yolları haqda dərindən düşünürdü. Bunun sayəsində o, minnətdar olmağı öyrənmişdi (Zəbur 71:5, 17).
Müqəddəs Kitab bizə gözəl bir məsləhət verir: «Doğru,.. sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, bunlar haqda düşünün» (Filippililərə 4:8). Orijinal mətndə bu ayədə «bunlar haqda daima düşünün» ifadəsi işlənir. Yəni bizdə düşünmək vərdişi olmalıdır. Bunun sayəsində daxilimizdə minnətdarlıq hissi yaranacaq.
«Ürəyimdən dərin düşüncələr çıxacaq» (Zəbur 49:3).