ÜZ QABIĞINDAKI MÖVZU | DÜNYA HARA GEDİR?
Cavab axtarışında
EŞİTDİYİNİZ bəd xəbərlər sizi təlaşa sala bilər. Bu hissləri keçirən tək siz deyilsiniz. Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama 2014-cü ildə öz çıxışında qeyd etmişdi ki, məhz mətbuatın verdiyi dəhşətli xəbərlərə görə çox adam «dünyanın başlı-başına qaldığını... heç kimin vəziyyəti düzəldə bilməyəcəyini» düşünür.
Elə bu sözləri deyəndən sonra o, dünyanın problemlərini düzəltmək yolunda edilən bir çox tədbirlər haqda inamla söz açmışdı. Cənab prezident dövlətin gördüyü müəyyən təşəbbüsləri «xoş xəbər» adlandıraraq, vəziyyətə «tam nikbin» və «olduqca ümidlə» baxdığını bəyan etmişdi. Onun sözlərinə əsasən, insan cəhdləri yer üzündəki vəziyyəti ələ almağa və qlobal fəlakətin qarşısını almağa qadirdir.
Çox adam Barak Obama kimi nikbin baxışa sahibdir. Məsələn, bəziləri ümidlərini elmə bağlayır. Onlar dünyanı düzəltməyə qadir olan texnologiyaların sürətlə inkişaf edəcəyini proqnozlaşdırır. Rəqəmsal texnologiya və ixtiralar üzrə bir mütəxəssis əminliklə deyir ki, «2030-cu ilə kimi bizim texnologiya min dəfə, 2045-ci ilə kimi isə milyon dəfə daha güclü olacaq». O əlavə edir: «Vəziyyətimiz çox yaxşıdır. Bu gün problemlərimiz əvvəlkindən böyük olsa da, onların qarşısını almaq qabiliyyətimiz daha çoxdur».
Dünyadakı vəziyyəti nə dərəcədə acınacaqlı hesab etmək olar? Doğrudanmı, dəhşətli qlobal fəlakətin astanasındayıq? Bəzi alim və siyasətçilər parlaq gələcək vəd etsə də, çox adam hələ də gələcəyə görə narahatdır. Səbəb nədir?
KÜTLƏVİ QIRĞIN SİLAHLARI. Birləşmiş Millətlər və digər təşkilatlar nüvə tərk-silahı üçün əlindən gələni etsə də, cəhdləri uğursuzluqla nəticələndi. Bir sıra dikbaş ölkə rəhbərləri bu kimi cəhdləri dəstəkləmək əvəzinə, silah nəzarəti qanunlarını gülünc hesab edir. Nüvə silahına malik olan ölkələr silahlarını təkmilləşdirir və daha öldürücülərini yaradır. Bir zamanlar kütləvi qırğın vasitələri olmayan ölkələr isə hal-hazırda insan cəmiyyətinin böyük hissəsini məhv etməyə qadirdir.
Nüvə müharibəsinə son dərəcə hazırlıqlı olan dünya hətta sülh şəraitində belə təhlükə saçır. «Misal üçün, insan iştirakı və nəzarəti olmadan “öldürmək” əmri verən avtonom silah sistemləri xüsusilə böyük narahatçılıq doğurur» («Bulletin of atomik sayentists»).
SAĞLAMLIĞIMIZ TƏHLÜKƏDƏDİR. Elm insanlara mükəmməl sağlamlıq verməyə qadir deyil. Müxtəlif xəstəliklərə səbəb olan yüksək qan təzyiqi, piylənmə, havanın çirklənməsi, narkotik maddələrdən sui-istifadə və sairə kimi riskli amillər sürətlə artır. Getdikcə daha çox insan yoluxucu olmayan xəstəliklərdən, məsələn, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabetdən həyatını itirir. Əqli xəstəliklər də daxil olmaqla, insanları iflic edən cürbəcür xəstəliklərin sayı artır. Son illər ərzində Ebola və Zika kimi təhlükəli epidemiyalar peyda olub. Xülasə: İnsanlar xəstəliklərin qarşısını almaqda acizdir və görünür, bu, belə də davam edəcək.
İNSANLAR TƏBİƏTİ MƏHV EDİR. Zavod və fabriklər hələ də atmosferi çirkləndirir. Hava çirklənməsi hər il milyonlarla insanın ölümünə səbəb olur.
Fərdi insanlar, yerli əhali, eləcə də dövlət müəssisələri okeanları çirkab suları, tibbi və təsərrüfat tullantıları ilə, həmçinin plastik və digər tullantılarla çirkləndirir. «Bu tullantılar dənizdə yaşayan canlıların və bu canlılarla qidalanan insanların zəhərlənməsinə səbəb olur» («Encyclopedia of Marine Science»).
İçməli su ehtiyatı tükənmək üzrədir. Robin Makki adlı britaniyalı alim xəbərdarlıq edir: «Dünyanı qlobal su qıtlığı gözləyir». Siyasətçilərin sözlərinə görə, su çatışmazlığı olduqca böyük təhlükədir və bunun səbəbkarı elə insanların özüdür.
TƏBİƏT İNSANLARI MƏHV EDİR. Fırtına, qasırğa, tornado, tayfun və zəlzələlər ucbatından güclü daşqın, torpaq sürüşməsi və sairə dağıntılar yaranır. Təbii fəlakətlər nəticəsində ölənlərin və ciddi xəsarət alanların sayı heç vaxt bu həddə çatmamışdı. ABŞ-ın Kosmik Fəzanın Tədqiqi və Aeronavtika üzrə Milli İdarəsi (NASA) tərəfindən dərc olunan bir məqalədə «daha şiddətli fırtınaların, ölümcül isti dalğaların və dəhşətli daşqınların» gözlənildiyi qeyd olunur. Görəsən, təbiət bəşəriyyəti məhv edəcək?
Əlbəttə, həyati təhlükə daşıyan amilləri sadalamaqla bitməz. Amma bütün bu təhlükələri götür-qoy etməklə gələcəyimizlə bağlı suallara qaneedici cavab tapmaq mümkün deyil. Bəzilərinin fikrincə, buna siyasətçilərin və alimlərin danışdıqlarını izləməklə də nail olmaq mümkün deyil. Lakin əvvəlki məqalədə qeyd olunduğu kimi, bir çox insan dünyanın gedişatı və gələcəklə bağlı suallarına əsaslı cavablar tapıb. Bəs sualların cavabı haradadır?