Kontentə keç

O, həyatın mənasını tapdı

O, həyatın mənasını tapdı

Padşahlıq müjdəçiləri haqda hesabat

O, həyatın mənasını tapdı

İSA demişdi: «Öz qoyunlarımı tanıyıram» (Yəhya 10:14). Əgər insanın gözəl ürəyi varsa və sülhü, ədaləti sevirsə, o, mütləq İsanın davamçıları ilə qarşılaşacaq. Belə insan Belçikada yaşayan bir qadın kimi həyatın mənasını tapacaq. Bu qadının hadisəsi belədir:

«Yehovanın Şahidləri qapını döyən vaxt dərin depressiyadaydım və intihar etməyi düşünürdüm. Şahidlərin bu pis dünyadakı problemlərin həlli barədə dediyi şeylər xoşuma gəldi. Amma biləndə ki, bunları Allah edəcək, bu xoşuma gəlmədi. Səkkiz il əvvəl kilsəyə getməyi dayandırmışdım. Çünki orada ikiüzlülük görmüşdüm. Amma Yehovanın Şahidləri ilə söhbət etdikcə onların dediklərinin həqiqət olduğunu gördüm və başa düşdüm ki, Allahsız həyat boş bir həyatdır.

Təəssüf ki, Şahidlərlə bir neçə dəfə görüşə bildik, sonra əlaqəm itdi. Özümü bədbəxt hiss edirdim. Günə iki qutu siqaret çəkirdim. Sonra narkotikə qurşandım. Ölmüş babamla əlaqə yaratmaq istəyirdim. Buna görə də cindarlıqla maraqlanmağa başladım. Nəticədə, bir dəfə gecə tək olanda cinlər mənə hücum elədilər, çox qorxmuşdum. Bu, beləcə aylarla davam elədi. Hər gecə tək qalmaq fikri məni qorxudurdu.

Bir gün gəzintiyə çıxmışdım. Bu dəfə fərqli yerdən yolumu saldım. Qarşıma böyük tikinti ərazisi çıxdı. Tikintidə çoxlu insanın çalışdığını görəndə təəccübləndim. Əraziyə yaxınlaşanda gördüm ki, Yehovanın Şahidləri ibadət evi tikir. Yehovanın Şahidlərinin evimdə mənə baş çəkdikləri vaxtlar yadıma düşdü. Düşündüm, bütün dünya bu insanlar kimi olsa, nə yaxşı olardı.

Şahidlərin mənimlə təkrar söhbət etmələrini çox istəyirdim. Buna görə də ibadət evində çalışan bir neçə Şahidlə danışdım. Allaha dua elədim. On gündən sonra mənə ilk dəfə təbliğ edən insan evimə gəldi. O təklif elədi ki, Müqəddəs Kitab dərsini davam etdirim. Məmnuniyyətlə razılaşdım. Ardınca məni ibadət evində keçirilən görüşlərdə iştirak etməyə dəvət elədi. Mən də qəbul elədim. Orada gördüklərim məni çox valeh elədi. Uzun müddət idi ki, bir-birini sevən, xoşbəxt insanlar axtarırdım. Axır ki, tapdım!

O vaxtdan sonra bütün görüşlərə getməyə başladım. Təxminən üç həftədən sonra siqareti tərgitdim. Astrologiya ilə bağlı kitablarımı atdım, satanist mahnılara qulaq asmağı dayandırdım. Hiss edirdim ki, cinlərin mənə təsiri yoxa çıxır. Yehovanın Müqəddəs Kitabda yazdırdığı qayda-qanunlara uyğun yaşamağa başladım. Üç aydan sonra müjdəni təbliğ etməyə başladım. Altı aydan sonra isə vəftiz olundum. Vəftizimdən iki gün sonra isə köməkçi öncül kimi xidmət etməyə başladım.

Mənə etdiyi yaxşılıqlara görə Yehovaya çox minnətdaram. Artıq həyatımın mənası var. Bəli, Yehovanın adı möhkəm qaladır. Mən Onda pənah tapıram, özümü təhlükəsizlikdə hiss edirəm (Məsəllər 18:10). Zəbur 84:10-da yazılmış bu sözlər mənim keçirdiyim hissləri yaxşı ifadə edir: “Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm. Allahın evinin kandarında durmaq, şər adamın çadırında yaşamaqdan qat-qat yaxşıdır”».

Bu səmimi qəlbli qadın həyatın mənasını tapdı. Bəli, Yehovanı axtaran gözəl qəlbli insanlar da bunu bacarar.