Kontentə keç

Mündəricatı göstər

Yaxşı təşkil olunmuş kampaniyanın gətirdiyi bəhrələr

Yaxşı təşkil olunmuş kampaniyanın gətirdiyi bəhrələr

Mariya İzabel adlı çalışqan gənc təbliğçi ailəsi ilə birlikdə Çilinin (Cənubi Amerika) San Bernardo şəhərində yaşayır. Onlar yerli mapuçe xalqına mənsubdurlar. Ailəlikcə onlar mapuçe (eyni zamanda arakuan adlanan) dilində yeni təşkil olunmuş yığıncağı şövqlə dəstəkləyirlər.

Yığıncaqda elan olundu ki, İsa Məsihin ölümünün Xatirə gecəsi arakuan dilində də keçiriləcək və bununla əlaqədar həmin dildə 2000 dəvətnamə paylanacaq. Bu elan Mariya İzabeli düşünməyə vadar etdi. Bu işdə o necə kömək edə bilərdi? O, müəllimlərinə və sinif yoldaşlarına uğurla şahidlik edən gənc Şahidlərin nümunələrini xatırladı. Bu barədə valideynləri ilə söhbət etdikdən sonra birlikdə qərara gəldilər ki, Mariya İzabel məktəbdə dəvətnamə paylasın. Bəs o, bunu necə etməyi planlaşdırırdı?

Birincisi, Mariya İzabel məktəbin girişində dəvətnamə asmaq üçün müdiriyyətdən icazə aldı. Onlar onun xahişini nəzərə aldılar və bu cür təşəbbüsünə görə onu təriflədilər. Hətta bir gün səhər siyahı üzrə adbaad şagirdləri yoxlayarkən məktəbin direktoru səsgücləndirici vasitəsilə bu dəvətnamə barədə elan etdi.

Mariya İzabel bütün siniflərə daxil olub şagirdlərlə söhbət etməyə icazə aldı. Sonra isə müəllimlərin icazəsi ilə hər sinifdə mapuçe dilini bilən şagirdin olub-olmadığını soruşdu. O deyir: «Mən düşünürdüm ki, məktəbdə mapuçe ailəsindən cəmi 10—15 şagird olar. Amma onların sayı mənim düşündüyümdən də çox imiş. Beləcə, mən 150 dəvətnamə payladım!»

«O, QARŞISINA UŞAQ ÇIXACAĞINI GÖZLƏMİRDİ»

Məktəbin girişində asılmış dəvətnaməni görən bir qadın bu mövzu ilə bağlı kiminlə söhbət edə biləcəyini soruşdu. Qarşısında on yaşlı qız uşağını görəndə qadının təəccübünü bir təsəvvür edin! Mariya İzabel gülümsəyərək deyir: «O, qarşısına uşaq çıxacağını gözləmirdi». Mariya İzabel qadına dəvətnamə verib onu qısaca izah etdikdən sonra ondan ünvanını soruşdu ki, valideynləri ilə birlikdə gəlib ona Allahın Padşahlığı haqqında daha çox danışsınlar. Təsəvvür edirsiniz, həmin qadın özü ilə Xatirə gecəsinə 26 başqa maraqlanan gətirəndə arakuandilli yığıncaqda xidmət edən 20 təbliğçi necə sevindi! Hal-hazırda bu yığıncaq get-gedə inkişaf edir.

Yaşından asılı olmayaraq, sən də məktəb və ya iş yoldaşlarını Xatirə gecəsinə, açıq məruzəyə və ya vilayət konqresinə dəvət etmək üçün təşəbbüsü öz üzərinə götürə bilərsənmi? Nəyə görə uğurlu plan qurmağın üçün ədəbiyyatlarımızdan sənə kömək edəcək nümunələr axtarmayasan? Həmçinin duada Yehovadan müqəddəs ruh istə ki, cəsarətini toplayaraq Onun haqqında danışmağa sənə kömək etsin (Luka 11:13). Əgər gücündən məqsədyönlü şəkildə istifadə etsən, əldə etdiyin nəticələr səni təəccübləndirəcək və ruhlanacaq.