Ürəyin niyyətlərindən özünüzü gözləyin
«İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur», — deyə Müqəddəs Kitabda qeyd olunur (Yer. 17:9). Əgər ürəyimiz hər hansı bir şeyi həddən artıq arzulayırsa, onu həyata keçirmək üçün bəhanələr axtarırıqmı?
Müqəddəs Yazılar xəbərdarlıq edir: «Pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır» (Mat. 15:19). Məcazi ürəyimiz bizi aldadaraq Allahın iradəsinə zidd gedən hərəkətlərə bəraət qazandıra bilər. Və, ola bilsin, biz yanlış hərəkətə yol verənədək nə baş verdiyini anlamayaq. Düzgün olmayan bir yola qədəm qoymamışdan əvvəl ürəyimizin niyyətlərini üzə çıxarmaqda bizə nə kömək edər?
ÜRƏYİNİZİN NİYYƏTLƏRİNİ NECƏ MÜƏYYƏN EDƏ BİLƏRSİNİZ?
Müqəddəs Kitabı hər gün oxuyun və üzərində düşünün.
«Allahın sözü canlı və qüdrətlidir; o, hər cür ikiağızlı qılıncdan itidir və o qədər dərinə işləyir ki, bədənlə ruhu... ayırır», — deyə həvari Pavel qeyd etmişdi. Allahın Kəlamı həmçinin «ürəyin düşüncə və niyyətlərini üzə çıxarır» (İbr. 4:12). Müqəddəs Kitabı oxuyub-araşdırmaq ürəyimizin niyyətlərini müəyyən etməkdə bizə kömək edəcək. Allahın Kəlamını hər gün oxumaqla və orada deyilənlərin üzərində düşünməklə Yehovanın fikirlərinə və nöqteyi-nəzərinə yiyələnmək necə də vacibdir!
Müqəddəs Kitabın məsləhətlərini və prinsiplərini tətbiq etmək daxilimizdə şahidlik edən ənama — vicdanımıza təsir edəcək (Rom. 9:1). Vicdanımızın səsi bizi yanlış yoldan çəkindirəcək. Bundan əlavə, «bizləri qorumaq məqsədilə» Müqəddəs Kitabda bir çox ibrətamiz nümunələr qələmə alınıb (1 Kor. 10:11). Bu nümunələr bizi yanlış hərəkətlərdən qoruyacaq. Bəs hər birimiz nə etməliyik?
Ürəyinizin niyyətlərini müəyyən etməkdə sizə kömək etməsi üçün Allaha dua edin.
Yehova ürəkləri sınayan Allahdır (1 Saln. 29:17). O, «ürəyimizdən böyükdür və hər şeyi bilir» (1 Yəh. 3:20). Allahı aldatmaq qeyri-mümkündür. Əgər biz duada narahatçılıqlarımızı, hisslərimizi və istəklərimizi aydın şəkildə bildirsək, Yehova ürəyimizin niyyətlərini üzə çıxarmaqda bizə kömək edəcək. Hətta Allahdan bizdə «təmiz ürək yarat»masını xahiş edə bilərik (Məz. 51:10). Beləliklə, ürəyimizin meyillərini müəyyən etmək üçün dua etmək imkanımız olduğunu unutmamalıyıq.
Yığıncaq zamanı diqqətli olun.
Görüş zamanı eşitdiklərimizə qarşı diqqətli olmağımız daxili varlığımızı, ürəyimizi dürüstcəsinə yoxlamağa kömək edə bilər. Hər dəfə yeni məlumat əldə etməsək də, bu görüşlərdə iştirak etməyin sayəsində Müqəddəs Kitab prinsiplərini, eləcə də ürəyimizin niyyətlərini götür-qoy etməyə kömək edən dəyərli xatırlatmaları daha yaxşı başa düşürük. Bununla yanaşı, daxili varlığımızın saflaşdırılmasında bacı-qardaşlarımızın şərhlərinin rolu da danılmazdır (Sül. məs. 27:17). Yığıncaqda özümüzü həmimanlılarımızdan təcrid etməyimiz bizim üçün təhlükəli ola bilər. Bu, bizi öz xudbin niyyətlərimizin ardınca apara bilər (Sül. məs. 18:1). Buna görə də yaxşı olardı ki, özümüzdən soruşaq: «Bütün yığıncaq görüşlərində iştirak etmək və onlardan fayda əldə etmək məndə vərdiş halını alıbmı?» (İbr. 10:24, 25).
ÜRƏYİMİZ BİZİ HARA APARIR?
Hiyləgər ürəyimiz həyatın bir çox sahələrində bizi aldada bilər. Gəlin bu sahələrdən dördünə nəzər salaq: var-dövlət hərisliyi, spirtli içkilərdən istifadə, dost seçimi və istirahət.
Var-dövlət hərisliyi.
Fiziki tələbatların qayğısına qalmaq istəyi normaldır. Lakin İsa maddi şeylərə həddən çox bağlanmaqla əlaqədar bir çəkindirici nümunə danışmışdı. Bu nümunədə ağzınacan dolu anbarları olan varlı bir adamdan bəhs edilir. Həmin adamın yeni topladığı məhsulu yığmağa yer tapmırdı. O, anbarlarını söküb yerinə daha böyüklərini tikməyə hazırlaşırdı. O belə düşünməyə başladı: «Bütün taxılımı, sərvətimi ora yığacağam. Sonra özümə deyəcəyəm: “Canım, dincəl, ye, iç, kef elə, çünki topladığın bu var-dövlət sənə ömrünün axırına kimi bəsdir”». Lakin bu varlı adam bir danılmaz faktı — elə həmin gecə həyatını itirə biləcəyini nəzərə almamışdı (Luka 12:16—20).
Yaş ötdükcə gələcəkdə özümüzü necə təmin edəcəyimizlə bağlı həddən artıq narahatçılıq keçirməyə başlaya bilərik. Bu səbəbdən yığıncaq olan axşamları işləməyimizə və ya məsihçi məsuliyyətlərimizə müəyyən mənada etinasızlıq göstərməyimizə bəraət qazandıra bilərik. Bu cür meyildən özümüzü necə qoruya bilərik? Yaxud, ola bilsin, biz gənclik illərimizi yaşayır və tammüddətli xidmətin karyera qurmaqdan daha
yaxşı olduğunu başa düşürük. Bununla belə, ilk növbədə, özümüzü maddi cəhətdən təmin etməli olduğumuzu düşünərək pioner xidmətini təxirə salırıqmı? Allahın gözündə varlı olmaq üçün artıq indidən əlimizdən gələni etməli deyilikmi? Kim bilir, sabaha sağ çıxacağıq, ya yox?Spirtli içkilərdən istifadə.
«Şəraba düşkün əyyaşlara... qoşulma», — deyə Süleymanın məsəlləri 23:20 ayəsində yazılıb. Əgər insanın spirtli içkilərə meyli güclüdürsə, o, müntəzəm olaraq içməyinə haqq qazandıra bilər. O, sadəcə dincəlmək üçün içdiyini deyə bilər. Əgər dincəlmək üçün spirtli içkiyə ehtiyac duyduğumuzu hiss ediriksə, ola bilsin, ürəyimizin niyyətlərini vicdanla yoxlamağın əsil vaxtıdır.
Dost seçimi.
Əlbəttə, məktəbdə, işdə və xidmətdə imanımıza şərik olmayan insanlarla təmasda olmağımız qaçılmazdır. Lakin bu cür təmasda olmaqla ünsiyyət etmək, hətta sıx dostluq münasibətləri qurmaq tamamilə fərqli şeylərdir. Dostluq etdiyimiz insanların çoxlu gözəl xüsusiyyətləri olduğunu deyərək bu cür münasibətlərə bəraət qazandırırıqmı? Müqəddəs Kitab xəbərdarlıq edir: «Aldanmayın! Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Kor. 15:33). Bir balaca çirkli bir şey təmiz suyu bulandırdığı kimi, Allaha xidmət etməyən insanlarla dostluq da bizim ruhaniliyimizə zərər vura bilər və biz dünyanın geyim, danışıq və davranış tərzini mənimsəyə bilərik.
İstirahət.
Müasir texnologiya sayəsində bir düyməni basmaq kifayətdir ki, bütün əyləncə növləri əlimizin altında olsun; ancaq onların əksəriyyəti məsihçilər üçün şübhəli və ya qeyri-münasibdir. «Hər cür natəmizliyi... dilinizə belə gətirməyin», — deyə Pavel yazırdı (Efes. 5:3). Bəs əgər ürəyimiz bizi natəmiz şeylərə qulaq asmağa və ya baxmağa təhrik edirsə, onda necə? Biz düşünə bilərik ki, hamının dincəlməyə və ya istirahət etməyə ehtiyacı var və bunu necə etmək hər kəsin şəxsi işidir. Ancaq gəlin Pavelin məsləhətinə ciddi yanaşaq, gözlərimizi və qulaqlarımızı natəmiz şeylərdən uzaq tutaq.
DƏYİŞİLMƏK MÜMKÜNDÜR
Əgər hiyləgər ürəyimizin istəklərinin qurbanı olmuşuqsa və yanlış hərəkətlərimizə bəraət qazandırmağa vərdiş etmişiksə, dəyişilmək imkanımız var (Efes. 4:22—24). Gəlin buna sübut olaraq iki müasir nümunəyə nəzər salaq.
Migel * maddi şeylərə olan münasibətini dəyişməli oldu. O deyir: «Həyat yoldaşım, oğlum və mən insanların ən son və ən yaxşı texnologiyaya, rahat həyata önəm verdiyi bir ölkədə yaşayırıq. Bir zamanlar mən dünyanın bütün naz-nemətinə sahib olmaq üçün əlimdən gələni edirdim və fikirləşirdim ki, bütün bunlara var-dövlət hərisi olmadan da nail ola bilərəm. Tezliklə başa düşdüm ki, mal-mülk dalınca qaçmaq sonu olmayan bir yoldur. Mən düşüncə tərzim və ürəyimin niyyətləri barədə Yehovaya dua etməyə başladım. Duada bildirdim ki, biz ailəlikcə Ona tam xidmət etmək istəyirik. Biz həyatımızı sadələşdirməyə və tələbat olan əraziyə köçməyə qərar verdik və çox keçməmiş pioner xidmətinə başladıq. Sonda başa düşdük ki, mənalı və xoşbəxt ömür sürmək üçün bizə çox şey lazım deyilmiş».
Linin nümunəsindən pis dostluğa son qoymağın necə mümkün olduğunu görürük. O deyir: «İşim elə idi ki, tez-tez əcnəbi tədarükçülərlə ünsiyyət etməli olurdum. Onların məclislərində çoxlu içki olduğunu bilirdim, bununla belə bu məclislərdə iştirak etmək mənim üçün çox maraqlı idi. Dəfələrlə sərxoş olana qədər içir, sonra da peşman olurdum. Sonra mən ürəyimin vəziyyətini vicdanla götür-qoy etməyə başladım. Allahın Kəlamındakı məsləhətlərin və ağsaqqalların köməyi sayəsində dərk etdim ki, Yehovanı sevməyən insanlarla ünsiyyətə meyilliyəm. İndi isə işimi mümkün qədər telefon vasitəsilə görməyə çalışıram və beləcə tədarükçülərlə ünsiyyətimi minimuma endirirəm».
Bizə özümüzlə dürüst olmaq və ürəyimizin niyyətlərini müəyyən etmək lazımdır. Beləliklə, biz Yehovanın «qəlbin hər sirrini bilən» olduğunu yadda saxlayaraq duada Onun köməyini axtarmalıyıq (Məz. 44:21). Allah həmçinin bizə Öz Kəlamını da verib və Onun Kəlamı bizim üçün bir güzgüdür (Yaq. 1:22—25). Dəyərli xatırlatmaları və məsləhətləri nəşrlərimizdən və məsihçi görüşlərimizdən də əldə edə bilərik! Bütün bunların sayəsində ürəyimizi qorumaq və salehlik yolu ilə addımlamaq mümkündür.
^ abz. 18 Adlar dəyişdirilib.