Kontentə keç

Mündəricatı göstər

Arxivimizdən

Dadımıza çatan unudulmaz dram

Dadımıza çatan unudulmaz dram

«UNUDULMAZ!» Çoxları «Yaradılış dramı»nı məhz bu cür xatırlayır. Bu dram tam vaxtında olan bir dram idi; onu görənlərin yaddaşında dərin iz buraxmışdı. Hitler rejimi Allahın xalqını Avropada amansızcasına təqib etməyə başlamazdan qısa müddət əvvəl «Yaradılış dramı» sayəsində Yehova barədə güclü şahidlik verildi. Bəs «Yaradılış dramı» haqqında nə demək olar?

Yeni dramın adı «Schöpfun» («Yaradılış») kitabının adından götürülüb

«Yaradılış fotodramı» 1914-cü ildə Yehovanın xalqının Bruklindəki (Nyu-York, ABŞ) mərkəzi idarəsində işıq üzü gördü. Bu səkkizsaatlıq filmdə slaydlar və kinokadrlar rəngli və səsli idi. «Fotodram» bütün dünyada milyonlarla insanlar tərəfindən izlənildi. Bu dramın «Evrika dramı» adlı qısa versiyası da 1914-cü ildə işıq üzü gördü. Ancaq 1920-ci illərdə slaydlar, plyonkalar və proyeksiya aparatları artıq lap köhnəlmişdi. Ancaq hələ də «Yaradılış fotodramı»na tələbat vardı. Məsələn, Lüdviqsburq (Almaniya) sakinləri «Fotodram»ın yenidən nə vaxt göstəriləcəyini bilmək istəyirdilər. Görəsən, nə etmək olardı?

Dramın daha sonra da nümayiş etdirilməsi üçün 1920-ci illərdə Maqdeburqdakı (Almaniya) Bet-El ailəsinin təmsilçiləri Parisdəki (Fransa) çap agentliyindən plyonkalar, həmçinin Leypsiq və Drezdendəki qrafika kompaniyalarından slaydlar aldılar. Onlar köhnə «Fotodram»ın bəzi slaydları ilə birləşdirilib yararlı hala gətirildi.

İstedadlı musiqiçi Erix Frost qardaş həmin filmləri və slaydları müşahidə edən musiqi bəstələdi. Müəllifin sözlərinin müəyyən qismi «Yaradılış» kitabından (1927) götürülmüşdü. Elə bu səbəbdən «Fotodram»a yeni ad — «Yaradılış dramı» adı verildi.

«Fotodram» kimi, səkkizsaatlıq olan bu yeni drama insanlar bir neçə axşam ərzində hissə-hissə baxırdılar. Filmdə yaradılış günləri təfsilatları ilə nümayiş etdirilir, dünyəvi və Müqəddəs Kitab tarixi araşdırılır, eləcə də yalan dinin bəşəriyyətin ümidlərini puça çıxaracağı vurğulanırdı. «Yaradılış dramı» Avstriyada, Almaniyada, İsveçrə və almandilli digər ərazilərdə də nümayiş etdirilmişdi.

Erix Frost və onun «Yaradılış dramı» üçün bəstələdiyi musiqinin notları

Erix Frost qardaş izah edir: «Dramın təqdimatında mən öz həmkarlarımı, xüsusilə də orkestrdə olanları təşviq etdim ki, fasilə zamanı cərgə-cərgə gedib insanlara gözəl kitablarımızdan və bukletlərimizdən təklif edək. Evdən-evə təbliğlə müqayisədə bu üsulla biz daha çox ədəbiyyat payladıq». Polşada və indiki Çexiya Respublikasında təqdimatı təşkil edən Yohannes Raute qardaş xatırlayır ki, drama baxanların çoxu əlaqə saxlamaq üçün öz ünvanlarını verdilər. Həmin ünvanlarda sonralar səmərəli təkrar başçəkmələrimiz olurdu.

1930-cu illərdə «Yaradılış dramı» ağzınacan dolu zallarda göstərilirdi və həmin şəhərlərdə hamı Yehovanın Şahidləri barədə danışırdı. 1933-cü ilə qədər Almaniyadakı filialımızın təşkil etdiyi dramın nümayişində bir milyon insan iştirak etmişdi. Keyt Kraus deyir: «Drama baxmaq üçün beş gün ərzində biz hər gün meşəliklərlə, dərəli-təpəli yollarla bir tərəfə 10 kilometr qət edirdik». Elza Bilharts isə dram haqqında belə sözlər deyir: «Həqiqətə qarşı məhəbbəti məndə “Yaradılış dramı” oyadıb».

Alfred Almendinger qardaş danışır ki, dram anasına «o qədər təsir etmişdi ki, Müqəddəs Kitabı alıb “əraf” sözünü axtarmağa başladı». Bu sözü orada tapa bilmədiyi üçün kilsəyə getməyi dayandırıb vəftiz olundu. Erix Frostun dediyinə görə «“Yaradılış dramı” sayəsində həqiqətə saysız-hesabsız insanlar gəldi» (3 Yəh. 1—3).

Bu dramın nümayişi daha geniş miqyasda yayılmamış Avropanı nasizm fırtınası bürüdü. 1933-cü ildən başlayaraq Şahidlərin Almaniyadakı fəaliyyətinə qadağa qoyuldu. Həmin andan 1945-ci ilə — İkinci Dünya müharibəsi bitənə qədər Yehovanın xidmətçiləri Avropada güclü təzyiqlərdən əziyyət çəkdilər. Erix Frost sürgündə səkkiz il keçirmişdi. Ancaq o sağ qalmış və sonra Visbadendəki (Almaniya) Bet-Eldə xidmət etmişdi. İkinci Dünya müharibəsi zamanı unudulmaz «Yaradılış dramı»nın imanları sınağa çəkilən bir çox məsihçilərin dadına çataraq onları cəsarətləndirdiyini bilmək necə də xoşdur! (Almaniyadakı arxivimizdən).