Kontentə keç

Mündəricatı göstər

İmperator qvardasiyana şahidlik verilir

İmperator qvardasiyana şahidlik verilir

Bizim eranın 59-cu ilidir. Yol yorğunu olan əsgərlərin nəzarəti altında bir neçə dustaq Romaya Porta Kapena darvazasından daxil olur. İmperator Neronun Palatin təpəsində yerləşən sarayı imperator qvardiyası * tərəfindən qorunurdu. Qvardiya əsgərləri qılınclarını toqa adlanan üst geyimlərinin altında gizlədirdilər. Yüzbaşı Yuli məhbuslarını Roma forumunun yanından apararaq Viminal təpəsinə çıxarır. Onlar Roma allahlarının şərəfinə qoyulmuş qurbangahlarla dolu olan və hərbi yürüşlərin keçirildiyi bağçanın içindən keçirlər.

Barelyef: İmperator qvardiyasının əsgərləri. Eramızın 51-ci ilində inşa edilən Klavdinin alaqapısının üzərində olduğu güman edilir

Həmin dustaqların arasında həvari Pavel də var. Bir ay əvvəl fırtınaya düşmüş gəmidə olanda Allahın mələyi ona demişdi: «Sən sezarın hüzurunda durmalısan» (Həv. iş. 27:24). Yəqin, Pavel bu sözlərin tezliklə həyata keçəcəyini düşünəndə narahatçılıq keçirirdi. Roma imperiyasının paytaxtına dönüb baxanda, şübhəsiz, Pavel Yerusəlimdəki Antoniya qalasında Ağası İsanın ona dediyi sözləri xatırlayır. İsa demişdi: «Cəsarətli ol! Necə ki, mənim haqqımda Yerusəlimdə ətraflı şəhadət verirsən, Romada da eləcə şəhadət verməlisən» (Həv. iş. 23:10, 11).

Çox ehtimal ki, Pavel ayaq saxlayıb Kastra Pretoriya adlanan imperator düşərgəsinə baxır. Bu, qırmızı kərpicdən hörülmüş diş-diş divarları və qüllələri olan hündür bir qala idi. Bu qalaya imperator qvardiyasının 12 koqortası və süvarilər də daxil olmaqla, bir neçə şəhər polis koqortası yerləşirdi *. Bu tikili insanlara imperiyanın nə dərəcədə qüdrətli olduğunu xatırladırdı. İmperator qvardiyası Roma imperiyasının əyalətlərindən olan dustaqlara görə də məsuliyyət daşıdıqları üçün yüzbaşı Yuli həmin dustaqları Romaya gətirir. Bir neçə ay çəkən təhlükəli səyahətdən sonra, nəhayət, dustaqlar Romaya gəlib çatırlar (Həv. iş. 27:1—3, 43, 44).

HƏVARİ PAVEL «MANEƏSİZ» TƏBLİĞ EDİR

Dəniz səyahəti zamanı yolda qeyri-adi şeylər baş verir. Fırtına qopanda Pavel peyğəmbərlik edir ki, gəmi məhv olsa da, oradakıların hamısı sağ qalacaq. Paveli zəhərli ilan sancır, amma ona zərər dəymir. Sonra isə həvarinin Malta adasında xəstələri sağaltdığını görən bəziləri onun allah olduğunu deməyə başlayır. Ola bilsin, imperator qvardiyasının digər üzvləri bu hadisə haqda eşitmiş, hətta aralarında bu barədə söhbət də edirdilər.

Pavel Romadan «Appi bazarına və Üç Mehmanxanaya qədər» gələn qardaşların yanına artıq çatmışdı (Həv. iş. 28:15). Bəs dustaq olduğu halda, o, Romada xoş xəbəri bəyan etmək arzusunu necə həyata keçirə bilərdi? (Rom. 1:14, 15). Bəziləri düşünür ki, dustaqlar birbaşa keşikçilər rəisinin yanına aparılırdı. Əgər bu belə idisə, onda çox ehtimal ki, Pavel imperiyada ikinci qüdrətli adam hesab olunan imperator qvardiyasının rəisi Afrani Burrun əlinə verilmişdi *. Hər necə olsa da, o, yüzbaşılar tərəfindən yox, yalnız bir sıravi əsgər tərəfindən qorunurdu. Pavelin özünə ev tapmasına, yanına adamların gəlməsinə və onlara «maneəsiz» təbliğ etməsinə icazə verilmişdi (Həv. iş. 28:16, 30, 31).

PAVEL BÖYÜKDƏN TUTMUŞ KİÇİYƏDƏK HAMIYA ŞƏHADƏT VERİR

Kastra Pretoriyanın divarlarının bugünkü görünüşü

Ola bilsin, Burr Paveli sarayda və ya Neronun yanına aparmazdan öncə imperator düşərgəsində sorğu-suala tutmuşdu. Pavel də bu gözəl fürsəti əldən verməyib «böyükdən tutmuş kiçiyədək hamıya» şəhadət vermişdi (Həv. iş. 26:19—23). Biz Burrun Paveli günahkar hesab edib-etmədiyini bilmirik, bircə onu bilirik ki, o, Paveli imperator düşərgəsindəki həbsxanaya göndərmədi *.

Pavelin kirayə tutduğu ev «nüfuzlu yəhudiləri» qəbul etmək, onlara və evinə gələn çox sayda insanlara şəhadət vermək üçün kifayət qədər böyük idi. Həmçinin imperator qvardiyasına da şahidlik verilirdi. Pavel «səhərdən axşamadək» yəhudilərə Allahın Padşahlığı və İsa Məsih haqqında şahidlik verərkən onlar onu dinləməli olurdular (Həv. iş. 28:17, 23).

Pavel dustaq olarkən əsgərlər onun diktəsi altında yazılan məktubları eşitmişdilər

Sarayda hər gün növbətçilik dəyişdiyindən Pavelin evini mühafizə edən əsgərlər də müntəzəm olaraq dəyişirdi. Həvarinin həbsdə olduğu iki il ərzində növbə ilə bütün əsgərlər onun diktəsi altında efeslilərə, filipililərə, koloslulara və ibranilərə yazılan məktubları eşitmiş və Filimon adlı məsihçiyə şəxsən məktub yazdığını görmüşdülər. Həbsdə ikən Pavel ağasından qaçmış Onisim adlı qula kömək əlini uzatmışdı. O, Pavel üçün doğma oğul qədər əziz olmuşdu, ancaq Pavel sonradan onu ağasının yanına göndərmişdi (Filim. 10). Şübhə yoxdur ki, Pavel onun keşiyini çəkən əsgərlərə də bu cür maraq göstərirdi (1 Kor. 9:22). Misal üçün, ola bilsin, o, əsgərlərdən üzərlərindəki zirehlərdən hər birinin hansı məqsəd üçün istifadə olunduğunu soruşmuş, sonra da həmin məlumatı öz nümunəsində istifadə etmişdi (Efes. 6:13—17).

QORXMADAN ALLAHIN SÖZÜNÜ TƏBLİĞ ET

Pavelin həbsdə olması bütün imperator qvardiyası və digərləri arasında «xoş xəbərin yayılmasına xidmət etmişdir» (Filip. 1:12, 13). Kastra Pretoriyanın sakinlərinin Roma imperiyasının hər yerindən olan insanlarla, o cümlədən imperatorla və onun böyük ev əhli ilə əlaqələri vardı. Onun ev əhlinə ailə üzvləri, xidmətçiləri, qulları daxil idi və onlardan bəziləri məsihçiliyi qəbul etmişdilər (Filip. 4:22). Pavelin nümunəsi Romadakı qardaşları «qorxmadan Allahın sözünü təbliğ etməyə» sövq edirdi (Filip. 1:14).

Şəraitimizdən asılı olmayaraq, müxtəlif xidmətlər göstərmək üçün yanımıza gələn hər kəsə şahidlik edə bilərik

Pavelin nümunəsi bizi də xoş xəbəri «həm sabit, həm də gərgin vaxtda» təbliğ etməyə təşviq edir (2 Tim. 4:2). Misal üçün, bizlərdən kimsə qocalar evinə, xəstəxanaya və ya imanına görə həbsə düşə bilər. Şəraitimizdən asılı olmayaraq, müxtəlif xidmətlər göstərmək üçün yanımıza gələn hər kəsə şahidlik edə bilərik. Hər fürsətdən istifadə edib cəsarətlə təbliğ edəndə «Allahın sözünü heç kim qandallaya bilməz» sözlərinin doğruluğuna əmin oluruq (2 Tim. 2:8, 9).

^ abz. 2 «Neronun günlərindəki imperator qvardiyası» adlı çərçivəyə bax.

^ abz. 4 Roma koqortası təxminən 1000 əsgərdən ibarət idi.

^ abz. 7 «Sekst Afrani Burr» adlı çərçivəyə bax.

^ abz. 9 Eramızın 36—37-ci illərində Qeysər Tiberius Kaliqulanın imperator olacağına ümid edərək Hirod Aqrippanı həbsə atdırmışdı. Kaliqula imperator olandan sonra Hirodu Yəhudeyanın padşahı etməklə onu mükafatlandırmışdı (Həv. iş. 12:1).