Kontentə keç

Mündəricatı göstər

Ruhani irsimiz

Ruhani irsimiz

«Yehovaya qulluq edənlərin irsi belədir» (YEŞAYA 54:17).

1. Bəşəriyyətin rifahı üçün məhəbbətdən irəli gələrək Yehova nəyi qoruyub saxlayıb?

ƏBƏDİYYƏN var olan Yehova Allah bəşəriyyətin xilası üçün xoş xəbəri bu günə kimi qoruyub saxlayıb. Allahın bu xoş xəbəri daima hifz edəcəyinə əmin ola bilərik, çünki «Yehovanın sözü... əbədi qalır» (1 Pet. 1:23—25). Öz Kəlamında bu cür vacib məlumatı qoruyub saxladığına görə Yehovaya sidq-ürəkdən minnətdarıq.

2. Yehova Öz Kəlamında insanlar üçün nəyi qoruyub saxlayıb?

2 Allah Öz Kəlamında adının qorunmasının qayğısına qalıb ki, insanlar bu adı istifadə edə bilsinlər. Müqəddəs Kitabın orijinal mətnində «Yehova» adı ilk dəfə yerin və göyün yaranması ilə bağlı xatırlanır (Yar. 2:4) *. Allah möcüzəvi şəkildə daş lövhəciklər üzərində Musaya On əmr verərkən Öz adını bir neçə dəfə qeyd etmişdi. Məsələn, ilk əmr belə səslənir: «Allahın Yehova Mənəm» (Çıx. 20:1—17). Xudavənd Rəbb Yehovanın Öz Kəlamını və adını Şeytanın bütün həmlələrindən müdafiə etməsi sayəsində bu ad bizim günlərədək gəlib çatıb (Məz. 73:28).

3. Dini yalanların tüğyan etdiyi bir dünyada Allah nəyi qoruyub saxlayıb?

3 Yehova həmçinin Öz Kəlamında həqiqəti də qoruyub saxlayıb. Dini yalanlara qərq olmuş bu dünyada bizə bəxş etdiyi ruhani işığa və həqiqətə görə Allahımıza minnətdarıq. (Məzmur 43:3, 4 ayələrini oxu.) Bütün dünya qaranlıqda yeridiyi halda, biz sevinclə Allahın ruhani nurunda yeriyirik (1 Yəh. 1:6, 7).

BİZ QİYMƏTLİ İRSƏ MALİKİK

4, 5. 1931-ci ildən etibarən hansı xüsusi şərəfə layiq görülmüşük?

4 Biz məsihçilər qiymətli irsə malikik. Bir lüğətdə belə sözlər deyilir: «Bir ölkənin uzun illər ərzində nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərləri, adət-ənənələri və yaşam tərzi onun irsidir» («Collins Cobuild English Dictionary»). Allahın Kəlamından dəqiq biliklər əldə etməyin, eləcə də Yehova və Onun niyyətləri barədə həqiqəti aydın başa düşməyin sayəsində qazandığımız xeyir-dualar da ruhani irsimizə daxildir. Bundan əlavə, biz xüsusi bir şərəfə layiq görülmüşük.

[4–cü səhifədəki şəkil]

1931-ci ildə keçirilən konqresdə Yehovanın Şahidləri adını məmnuniyyətlə qəbul etdik

5 Bu şərəf 1931-ci ildə Ohayo ştatının Kolumbus şəhərində (ABŞ) keçirilən konqresdə ruhani irsimizin bir hissəsinə çevrildi. Konqresin proqramlarının üzərində «JW» hərfləri yazılmışdı. Bir bacı deyir: «JW hərflərinin hansı məna daşıdığı barədə müxtəlif fikirlər mövcud idi». Biz əvvəllər Müqəddəs Kitab tədqiqatçıları adını daşıyırdıq, ancaq 1931-ci il bazar günü 26 iyul tarixli qətnaməyə əsasən, Yehovanın Şahidləri (ingiliscə Jehovah’s Witnesses) adını qəbul etdik. Müqəddəs Kitaba əsaslanan bu adı qəbul etmək həyəcanlandırıcı idi. (Yeşaya 43:12 ayəsini oxu.) Başqa bir qardaş isə qeyd etmişdi: «Mən yığışdığımız görüş yerini lərzəyə gətirən güclü qışqırıq və gurultulu alqış səslərini heç vaxt unutmayacağam». Başqa heç bir dini qrup bu adı daşımaq istəmir, ancaq Allah artıq 80 ildən çoxdur ki, bizi bu adı daşımaq şərəfinə layiq görüb. Yehovanın Şahidləri adlanmaq necə də böyük şərəfdir!

6. Ruhani irsimizə hansı dəqiq məlumatlar daxildir?

6 Malik olduğumuz ruhani irsə Allahın keçmiş xidmətçiləri barədə dəqiq və vacib məlumatlar da daxildir. Məsələn, Allahın Kəlamında İbrahim, İshaq və Yaqubla nə baş verdiyi haqda yazılıb. Çox ehtimal ki, bu ailə başçıları ailə üzvlərilə Yehovanı necə razı salmaq barədə söhbət edirdilər. Buna görə də Yusifin cinsi əxlaqsızlığı rədd edərək Allahın önündə günaha batmaması heç də təəccüblü deyil! (Yar. 39:7—9). Birinci əsrdə də məsihçilər Allah haqqında məlumatları bir-birləri ilə bölüşürdülər. Buna misal olaraq Pavelin məsihçi yığıncağına Ağamızın şam yeməyinin necə təsis olunduğu barədə danışdıqlarını göstərmək olar (1 Kor. 11:2, 23). Bu gün isə bizim Allaha «ruhla və həqiqətlə» ibadət etməyimiz üçün lazım olan bütün təfsilatlar Onun Kəlamında yazılıb. (Yəhya 4:23, 24 ayələrini oxu.) Müqəddəs Kitab bütün bəşəriyyəti maarifləndirmək üçün nəzərdə tutulub, ancaq Yehovanın xidmətçisi olan bizlər onu xüsusilə qiymətləndiririk.

7. Ruhani irsimizə hansı ümidverici vəd daxildir?

7 Ruhani irsimizin müəyyən bir qismi də Yehovanın bizim tərəfimizdə olduğunu göstərən nəşr olunmuş ədəbiyyatlarımızdır (Məz. 118:7). Bunun sayəsində hətta sınaqlarla üzləşəndə belə biz özümüzü təhlükəsizlikdə hiss edirik. Yeşaya 54:17 ayəsində növbəti ümidverici vəd qələmə alınıb: «“Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər kəsi təqsirkar çıxaracaqsan. Yehovaya qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir”. Bunu Yehova bəyan edir». Şeytanın heç bir silahı bizə sağalmaz yara vurmağa qadir deyil.

8. Bu və növbəti məqalələrdə nələri müzakirə edəcəyik?

8 Şeytan Allahın Kəlamını məhv etməyə, «Yehova» adını gizlətməyə və həqiqəti ört-basdır etməyə çalışır. Ancaq Şeytan bütün bu cəhdlərini boşa çıxaran Yehovanın qarşısında acizdir. Bu və növbəti məqalədə biz Yehovanın 1) Öz Kəlamını necə qoruduğunu, 2) adını necə hifz etdiyini, 3) bu gün həqiqəti öyrənməyimiz üçün nələr etdiyini müzakirə edəcəyik.

YEHOVA ÖZ KƏLAMINI HİFZ EDİB

9-11. Hansı nümunələr göstərir ki, heç bir cəhdlərə baxmayaraq, Müqəddəs Kitab qorunub saxlanıb?

9 Yehova Öz Kəlamını bütün təhlükələrdən qoruyub. Bir ensiklopediyada deyilir: «Albilərlə valdenslər arasındakı münaqişə ucbatından Tuluza kilsə qurultayı 1229-cu ildə adi insanların [Müqəddəs Kitabı öz dillərində] istifadə etmələrini qadağan edən qərar qəbul etdi... 1234-cü ildə Tarraqonada (İspaniya) keçirilən kilsə qurultayında da I Xaymenin rəhbərliyi altında buna bənzər qadağa qoyuldu... IV Pavel 1559-cu ildə insanların müqəddəs palatadan icazəsiz öz ana dillərində Müqəddəs Kitabı çap və əldə etmələrini qadağan edən indeks tərtib etdi. Bununla Roma papasının taxtı bu məsələyə ilk dəfə müdaxilə etmiş oldu» («Enciclopedia Cattolica»).

10 İnsanların Müqəddəs Kitabı məhv etməyə çalışmalarına baxmayaraq, Yehova onu hifz edib. Təxminən 1382-ci ildə Con Uiklif və onun məsləkdaşları Müqəddəs Kitabın ingilis dilində ilk tərcüməsini çap etdilər. Müqəddəs Kitabın digər bir tərcüməçisi 1536-cı ildə öldürülən Uilyam Tindal olmuşdur. Deyilənə görə, o, dirəyə bağlı olarkən: «Ya Rəbb, İngiltərə kralının gözlərini aç!» — deyə ucadan nida etmişdi. Sonra isə onu boğub yandırmışdılar.

11 Müqəddəs Kitabı dəfələrlə məhv etməyə çalışsalar da, o, bizim günlərə qədər gəlib çatıb. Məsələn, 1535-ci ildə Mayls Koverdeylin ingilis dilinə tərcümə etdiyi Müqəddəs Kitab işıq üzü gördü. Bunun üçün o, Tindal tərəfindən tərcümə edilən «Əhdi-Cədid»dən, həmçinin, «Yaradılış»dan «Salnamələr»ə qədər olan hissələr də daxil olmaqla, «Əhdi-Ətiq»dən istifadə etmişdi. Digər hissələri isə o, latın dilində olan, eləcə də Martin Lüterin alman dilinə tərcümə etdiyi Müqəddəs Kitabdan tərcümə etmişdi. Bu gün «Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi» də aydın başa düşüldüyünə, mətninin dəqiqliyinə və xidmətdə yararlı olduğuna görə çox qiymətlidir. Çox şadıq ki, Yehovanın Kəlamını məhv etməyə nə Şeytanın, nə də heç bir insanın gücü çatmaz.

YEHOVA ÖZ ADINI HİFZ EDİR

[5–ci səhifədəki şəkil]

Tindal kimi bir çoxları Allahın Kəlamına görə həyatlarını təhlükəyə atırdılar

[İcazə ilə]

From Foxe’s Book of Martyrs

12. «Yeni Dünya tərcüməsi» Allahın adının hifz olunmasında hansı rolu oynayıb?

12 Yehova Allah Öz Kəlamında adının qorunub saxlanılmasının qayğısına qalıb. Bu işdə «Yeni Dünya tərcüməsi» əhəmiyyətli rol oynayıb. Allaha sadiq tərcüməçilərdən ibarət komitə üzvləri kitabın ön sözündə yazırlar: «Yunan Yazılarının Yeni Dünya tərcüməsində Allahın misilsiz “Yehova” adına 237 dəfə rast gəlinir. Allahın adının müqəddəs tutulması çox vacibdir və xilas olmaq üçün gərək hər kəs Allahı adı ilə çağırsın. Bu tərcümə “Yehova” adını Müqəddəs Yazılardakı qanuni yerinə qaytarır». «Yeni Dünya tərcüməsi» bu gün tam və ya qismən 116 dildə, eləcə də 178 545 862-dən çox nüsxədə nəşr olunmuşdur.

13. Nəyə görə demək olar ki, bəşəriyyət Allahın adını ilk insan yaranandan bəri bilir?

13 İlk insan cütü olan Adəmlə Həvva Allahın adını və necə tələffüz edildiyini bilirdilər. Bu adı Nuh da istifadə edirdi. Məsələn, oğlu Ham Daşqından sonra ona qarşı hörmətsizlik edəndə o demişdi: «Samın Allahı Yehovaya alqış olsun, [Hamın oğlu] Kənan ona qul olsun» (Yar. 4:1; 9:26). İnsanlarla danışarkən Allah Öz adını bəyan edərək demişdi: «Mən Yehovayam, adım budur. Öz izzətimi heç kimə vermərəm, həmdlərimi bütlərə bəxş etmərəm». O həmçinin qeyd etmişdi: «Yehova Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur» (Yeşaya 42:8; 45:5). Yehova Öz adının qorunmasının və yer üzündə hər bir kəsin bilməsinin qeydinə qaldı. Biz Yehovanın adını bilmək və Onun Şahidləri kimi xidmət etmək şərəfinə layiq görülmüşük. Məhz buna görə də: «Allahımız naminə bayraqlarımızı qaldırarıq!» — deyə nida edirik (Məz. 20:5).

14. Müqəddəs Kitabdan savayı, Allahın adına daha harada rast gəlinir?

14 Allahın adına yalnız Müqəddəs Kitabda rast gəlinmir. Nümunə üçün Ölü dənizdən 21 kilometr şərqdə yerləşən Dibonda tapılan Moav daşlarını gətirmək olar. Daşın üzərində İsrail padşahı Omri ilə bağlı hadisə və Moav padşahı Meşanın İsrailə qarşı qaldırdığı üsyan barədə danışdıqları qeyd olunub (1 Pad. 16:28; 2 Pad. 1:1; 3:4, 5). Ancaq bu daşın xüsusi maraq kəsb etməsinin səbəbi orada Allahın adının tetraqrammaton formasına rast gəlinməsidir. Tetraqrammatona İsraildə tapılan gil lövhəciklər üzərində həkk olunmuş Lakiş məktublarında da dəfələrlə rast gəlinir.

15. Septuaqinta nədir və nəyə görə ona ehtiyac yarandı?

15 Allahın adının qorunmasında Müqəddəs Kitabın erkən tərcüməçilərinin də rolu olmuşdur. Eramızdan əvvəl 607—537-ci illərdə Babilə sürgün edilmiş yəhudilərin əksəriyyəti Yəhuda və İsrail torpaqlarına qayıtmadılar. Eramızdan əvvəl 3-cü əsrdə bir çox yəhudilər İsgəndəriyyədə (Misir) məskunlaşdılar. Bu səbəbdən, İbranicə Müqəddəs Yazıları həmin dövrün beynəlxalq dili olan yunan dilinə tərcümə etmək tələbatı yarandı. Eramızın 2-ci əsrində tamamlanan bu tərcümə Septuaqinta adlanır. Onun bəzi nüsxələrində Yehova adının ibrani formasına rast gəlinir.

16. İlk dəfə 1640-cı ildə nəşr olunan kitabda Allahın adının istifadə olunmasına dair nümunə çəkin.

16 Amerikanın İngiltərədəki koloniyalarında nəşr olunan və Allahın adı çəkilən ilk tərcümə «Zəbur» kitabı («Bay Psalm Book») olmuşdur. İbrani dilindən ingilis dilinə tərcümə olunan bu nəşr 1640-cı ildə çap edilmişdir. Allahın adının istifadə olunduğu parçalardan biri Məzmur 1:1, 2 ayələridir. Orada deyilir ki, «bəxtiyar insan» pislərin məsləhəti ilə getməz, «ancaq İehovahın qanunundan zövq alar». Allahın adı haqqında əlavə məlumat almaq üçün «Allahın adı əbədiyyən mövcud olacaq» adlı broşüraya (rus.) baxın.

YEHOVA RUHANİ HƏQİQƏTİ HİFZ EDİR

17, 18. a) «Həqiqət» sözünün mənasını necə izah edərdin? b) «Xoş xəbər həqiqəti»nə nələr daxildir?

17 Biz sevinclə «həqiqət Allahı Yehova»ya xidmət edirik (Məz. 31:5, Yeni Dünya tərcüməsi). Bir lüğətdə deyilir: «Bir şey haqqında həqiqətə nəyisə təxmin etmək və ya uydurmaq yox, onun barəsində mövcud olan bütün faktlar daxildir» («Collins Cobuild English Dictionary»). Qədim ibrani dilində «həqiqət» kimi tərcümə edilən söz çox vaxt etibaralayiq, doğru-düzgün və faktlara əsaslanan bir şeyə şamil olunur. «Həqiqət» kimi verilən yunan sözü də faktlarla üst-üstə düşən və ya düzgün və münasib olan şeylərə işarə edir.

18 Yehova ruhani həqiqəti qoruyub saxlayıb və qayğı göstərib ki, biz həqiqət haqqında çoxlu biliklərə yiyələnə bilək (2 Yəh. 1, 2). Həqiqət haqqında biliyimiz durmadan artır, çünki «salehlərin yolu... dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar» (Sül. məs. 4:18). Əlbəttə, biz duasında Allaha: «Sənin sözün həqiqətdir», — deyən İsanın sözləri ilə razıyıq (Yəh. 17:17). Allahın Kəlamına bütün məsihçi təlimlərini təşkil edən «xoş xəbər həqiqəti» daxildir (Qalat. 2:14). Onlardan bəzilərinə Yehovanın adı, Onun ali hakimiyyəti, İsa Məsihin fidyə qurbanlığı, dirilmə və Padşahlıq haqqında faktları aid etmək olar. İndi isə gəlin Şeytanın həqiqəti ört-basdır etmək cəhdlərinə baxmayaraq, Allahın bu həqiqəti necə qoruyub saxladığına nəzər salaq.

YEHOVA HƏQİQƏTƏ QARŞI EDİLƏN BÜTÜN HÜCUMLARI DƏF EDİB

19, 20. Nəmrud kim olub və onun dövründə hansı iş uğursuzluqla nəticələnmişdi?

19 Daşqından sonra xalq arasında «Yehovanın önündə Nəmrud kimi mahir ovçu» deyimi yaranmışdı (Yar. 10:9). Əslində, Nəmrud, sonralar İsaya qarşı çıxan insanlar kimi, Allaha qarşı çıxmaqla Şeytana ibadət etdiyini göstərirdi. İsa həmin insanlar barədə belə demişdi: «Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz... O, həqiqətə bağlı qalmadı» (Yəh. 8:44).

20 Nəmrudun hakimiyyətinə Babil, eləcə də Dəclə və Fərat çayları arasında yerləşən digər şəhərlər daxil idi (Yar. 10:10). Çox ehtimal ki, Babil şəhərinin və qülləsinin tikintisinə eramızdan əvvəl təxminən 2269-cu ildə onun rəhbərliyi altında başlanılmışdı. Yehovanın bütün yer üzünə yayılmaq əmrinə zidd gedərək tikintidə iştirak edənlər dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq». Ancaq «Rəbb bütün dünyadakı adamların dilini» qarışdıranda onların planı alt-üst oldu və onlar bütün yer üzünə yayıldılar (Yar. 11:1—4, 8, 9). Əgər Şeytan bütün insanların ona ibadət etmələri üçün bir din yaratmağı planlaşdırırdısa, deməli, onun planı müvəffəqiyyətsizliyə uğradı. Tarix boyunca Yehova Allaha ibadət zəfər çalmışdır, indi isə günbəgün vüsət almaqdadır.

21, 22. a) Nəyə görə yalan din həqiqi ibadət üçün heç vaxt təhlükə yarada bilməz? b) Növbəti məqalədə nəyi müzakirə edəcəyik?

21 Yalan din heç vaxt həqiqi ibadət üçün ciddi təhlükə yaratmayıb. Nəyə görə? Dahi Nəsihətçimiz Öz Kəlamının qorunub saxlanılmasının, insanların Onun adını və həqiqəti bilməsinin qayğısına qalıb (Yeşaya 30:20, 21). Həqiqətə uyğun olaraq Allaha ibadət etmək bizə sevinc gətirir, ancaq bu zaman biz ruhən ayıq qalmalı, tam şəkildə Yehovaya etibar etməli və Onun müqəddəs ruhunun rəhbərliyinə əməl etməliyik.

22 Növbəti məqalədə bəzi kilsələrin Allah haqqında necə yanlış təlim verdiklərini öyrənəcəyik. Ancaq biz onların öyrətdiyi yanlış təlimlərin Müqəddəs Kitaba əsaslanmadığını görəcəyik. Üstəlik, Yehovanın bizə Özü barədə həqiqəti öyrətməklə necə xeyir-dua verdiyinin şahidi olacağıq. Bütün bunlar qiymətli ruhani irsimizin bir hissəsidir.

^ abz. 2 Azərbaycan dilində olan «İbranicə Müqəddəs Yazılar»da Allahın «Yehova» adı yox, titulları istifadə olunur. Ancaq Müqəddəs Kitabın orijinal mətnində bu ada min dəfələrlə rast gəlinir. Bu məqalədə sitat gətirilən ayələrdə titullar Yehova adı ilə əvəz olunub.