Kontentə keç

Mündəricatı göstər

Ruhani irsimizi qiymətləndirirsənmi?

Ruhani irsimizi qiymətləndirirsənmi?

«[Allah] digər millətlərdən Öz adına bir xalq təşkil etmək üçün onlara... nəzər [saldı]» (HƏV. İŞ. 15:14).

1, 2. a) Davudun çardağı nədir və o, necə bərpa olunmalı idi? b) Bu gün kimlər Yehovanın xidmətçiləri kimi birgə xidmət edir?

BİZİM ERANIN 49-cu ilində rəhbərlik şurasının Yerusəlimdə keçirilən vacib görüşündə şagird Yaqub demişdi: «Allahın digər millətlərdən Öz adına bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını Simeon [Peter] ətraflı nəql etdi. Peyğəmbərlərin kitabında yazılanlar da bununla üst-üstə düşür: “Bundan sonra qayıdıb Davudun yıxılmış çardağını yenidən quracağam, xarabalıqlarını bərpa edib, onu təzədən quracağam ki, bu xalqdan qalmış adamlar, digər millətlərdən olub Mənim adımla adlanan insanlarla birgə Yehovanı ürəkdən axtarsınlar. Ta qədimdən bəlli olan bu şeyləri edən Yehova belə deyir”» (Həv. iş. 15:13—18).

2 Padşah Sidqiya taxtdan salınanda Davudun çardağı, yəni sarayı yıxıldı (Amos 9:11). Lakin bu çardağı Davudun nəslindən gələn daimi Padşah İsa bərpa edəcəkdi (Yez. 21:27; Həv. iş. 2:29—36). Yaqubun tarixi görüşdə dediyi kimi, Amosun bu peyğəmbərliyi yəhudilərin və qeyri-yəhudilərin arasından Padşahlığın varislərinin seçilməsi ilə yerinə yetəcəkdi. Bu gün məsh olunmuşların qalığı və İsanın milyonlarla başqa qoyunları Yehovanın xidmətçiləri kimi Müqəddəs Kitab həqiqətlərini insanlara bəyan edirlər (Yəh. 10:16).

YEHOVANIN XALQI ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞİR

3, 4. Yehovanın xalqı Babildə olarkən ruhaniliklərini necə qorudular?

3 Yəhudilər Babilə əsir aparılanda Davudun çardağının yıxılması aydın göründü. 70 il əsirlikdə olduqları müddətdə (b. e. ə. 607—537) yəhudilər yalan dinin mərkəzi olan Babildə öz təmiz ibadətlərini qorudular. Eynilə biz də Şeytanın idarə etdiyi bu dünyada Yehovaya məxsus xalq kimi sadiqliyimizi qoruyuruq (1 Yəh. 5:19). Zəngin ruhani irsimiz sadiqliyimizi qorumağa kömək edir.

4 Bizim əlimizdə ruhani irsimizin bir hissəsi olan Allahın Kəlamı var. Babildə sürgündə olan yəhudilərin isə bütöv şəkildə Müqəddəs Kitabı yox idi, onlar yalnız, On əmr də daxil olmaqla, Musanın qanununu bilirdilər. Yəhudilər Sion dağı barədə bəstələnmiş nəğmələri, Süleymanın və digərlərinin məsəllərini bilirdilər, eləcə də Yehovanın keçmişdə yaşayan xidmətçilərinin şücaətindən xəbərdar idilər. Bəli, əsirlər Sionu xatırlayıb ağlayırdılar və Yehovanı unutmurdular. (Məzmur 137:1—6 ayələrini oxu.) Bu, onlara hətta Babildə, çoxlu yalan təlimlərin və adət-ənənələrin olduğu bir yerdə ruhən ayıq qalmağa kömək edirdi.

ÜÇ ÜQNUM YENİLİK DEYİL

5. Nəyə əsasən deyə bilərik ki, Babildə və Misirdə Üç üqnum və ya üçlük təliminə inanırdılar?

5 Üçlük və ya Üç üqnum babillilərin ibadətində vacib rol oynayırdı. Babil üçlüklərindən biri Sin (ay allahı), Şamaş (günəş allahı) və İştardan (məhsuldarlıq və cəza ilahəsi) ibarət idi. Qədim Misirdə, adətən, allahı hansısa bir ilahə ilə evlənmiş və bir oğul sahibi olmuş kimi təsvir edirdilər, «bunun sayəsində onlar üçlüyü və ya Üç üqnumu təşkil edirdi. Buna baxmayaraq, ata həmişə başçı rolunu oynamırdı, bəzən bu mövqeyi ilahə tuturdu» («New Larousse Encyclopedia of Mythology»). Bir Misir üçlüyünə allah Osiris, ilahə İsida və onların oğlu Qor aiddir.

6. Üç üqnum nədir və belə yanlış təlimlərdən özümüzü necə qoruya bilərik?

6 Xristian dünyasının da öz üçlüyü — Üç üqnumu var. Din rəhbərləri deyir ki, Ata, Oğul və müqəddəs ruh bir Allahı təşkil edir. Amma bu, Yehovanın ali hakimiyyətini şübhə altına alır, çünki Yehovanı üçlük kimi təsəvvür etmək o deməkdir ki, O, Allahın yalnız üçdə birini təşkil edir. Yehovanın xalqı bu cür yanlış təlimlərə inanmır, çünki onlar: «Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir», — sözlərlə razılaşırlar (Qanun. t. 6:4). İsa da bu sözləri təkrarladı. Bəs həqiqi məsihçilər İsanın bu sözlərilə razılaşırlarmı? (Mark 12:29).

7. Nə üçün Üç üqnuma inanan insan vəftiz oluna bilməz?

7 Üç üqnum təlimi İsanın şagirdlərinə: «Gedin və bütün millətlərin içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh naminə vəftiz edin», — tapşırığına zidd gedir (Mat. 28:19). Həqiqi məsihçi və Yehovanın Şahidi kimi vəftiz olunmaq üçün insan Yehova Atanın hər bir şeydən üstün olduğunu və Allahın Oğlu İsanın mövqeyinin və hakimiyyətinin nədən ibarət olduğunu dərk etməlidir. Vəftiz olunmaq istəyən kəs müqəddəs ruhun Üç üqnumun bir hissəsi yox, Allahın fəal qüvvəsi olduğuna da inanmalıdır (Yar. 1:2). Üç üqnuma inanan insan vəftiz oluna bilməz. Bizi Allahı rüsvay edən təlimlərdən çəkindirdiyi üçün ruhani irsimizə görə Yehovaya minnətdarıq.

SPİRİTİZMİN TƏMƏLİ

8. Babillilərin allahlarla və cinlərlə bağlı hansı təsəvvürləri var idi?

8 Babildə insanlar bir çox yalan təlimlərə, allahlara, cinlərə və spiritizmə inanırdı. «Beynəlxalq standart Müqəddəs Kitab ensiklopediyası»nda qeyd olunur: «Babillilərin dinində allahlara ibadət etmələrinin digər vacib səbəbi insanlara müxtəlif fiziki və əqli cəhətdən əziyyət verən cinlərə qarşı durmaq idi. Görünür, dinin böyük hissəsi artıq bu üzücü mübarizəyə tab gətirə bilmirdilər, bu səbəbdən, onlar hər yerə allahlar qoymuşdular ki, cinlərlə mübarizədə kömək olması üçün onlara dua etsinlər» («The International Standard Bible Encyclopaedia»).

9. a) Necə oldu ki, Babil əsirliyindən sonra bir çox yəhudilər yanlış təlimlərin təsiri altına düşdülər? b) Cinlərlə əlaqəyə girmək təhlükəsindən bizi nə qoruya bilər?

9 Babil əsirliyindən sonra bir çox yəhudilər Allahın Kəlamına əsaslanmayan təlimlərin təsiri altına düşdülər. Yunan fəlsəfəsi yayıldıqca yəhudilər yaxşı və pis cinlərin mövcudluğuna inanmağa başladılar və onların toruna düşdülər. Ruhani irsimiz bizi cinlərlə əlaqə qurmaqdan qoruyur, çünki biz bilirik ki, Allah Babili spiritizmlə məşğul olduğuna görə mühakimə edirdi (Yeşaya 47:1, 12—15). Üstəlik, Yehovanın spiritizmə dair nöqteyi-nəzərini bilmək bizi müdafiə edir. (Qanunun təkrarı 18:10—12; Vəhy 21:8 ayələrini oxu.)

10. Böyük Babilin adətləri və inancları barədə nə demək olar?

10 Qədim babillilər kimi, bu gün yalan dinin dünya imperiyası olan Böyük Babilin tərəfdarları da spiritizmlə məşğul olurlar (Vəhy 18:21—24). Bir lüğətdə deyilir: «[Böyük] Babilə bir çox imperiya və mədəniyyətlər daxildir. Onun hüdudlarını coğrafi və ya hər hansı başqa bölgülər yox, məhz hökm sürən bütpərəstlik müəyyən edir» («The Interpreter’s Dictionary of the Bible», 1-ci cild, səh. 338). Spiritizm, bütpərəstlik və digər günahlarla dolub daşan Böyük Babil hələ də mövcuddur, ancaq onun məhvinə az qalıb. (Vəhy 18:1—5 ayələrini oxu.)

11. Spiritizmlə bağlı hansı xəbərdarlıqlar dərc olunmuşdu?

11 Yehova gələcəyi deməməyi, yəni spiritizmlə məşğul olmamağı əmr etmişdi (Lev. 19:26). Çox vaxt spiritualizm (materiyanın deyil, ruhu həqiqi gerçəklik hesab edən mürtəce fəlsəfi cərəyan) adlanan spiritizmlə məşğul olmaq 19-cu əsrdə geniş yayılmışdı. Bu səbəbdən, «Sion Gözətçi qülləsi»nin 1885-ci il may sayında belə sözlər deyilir: «Öləndən sonra insanın başqa aləmdə yaşamağa davam etməsi fikri heç də təzə anlayış deyil. Bu, qədim dinlərin bir hissəsi olmuş və mifologiyaların əsasını təşkil etmişdir». Həmin məqalədə həmçinin qeyd olunur ki, cinlər özlərini canlı insanlarla ünsiyyət yaratmağa çalışan ölülər kimi qələmə verirlər və belə etməklə onlar gizli şəkildə bir çoxlarının düşüncə və hərəkətlərinə təsir edirlər. Son nəşrlərimizdə qeyd olunduğu kimi, əvvəllər nəşr edilən «Müqəddəs Kitab spiritizm haqda nə deyir?» adlı bukletdə də eyni xəbərdarlıq dərc olunmuşdu.

ÖLƏNLƏR YERALTI DÜNYADA ƏZAB ÇƏKİRLƏRMİ?

12. Süleyman Allahdan ilham alaraq ölülərin vəziyyəti barədə nə demişdi?

12 Həqiqəti bilənlərin hamısı bu sualın cavabını bilirlər (2 Yəh. 1). Biz Süleymanın sözləri ilə tamamilə razıyıq: «Diri it ölü şirdən yaxşıdır. Çünki dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir... Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:4, 5, 10).

13. Necə oldu ki, yəhudilər yunan dininin və mədəniyyətinin təsiri altına düşdülər?

13 Yəhudilər ölülərin vəziyyəti ilə bağlı həqiqəti bilirdilər. Amma Yunanıstan Böyük İsgəndərin sərkərdələri arasında bölünəndə Yəhuda və Suriyanı birləşdirmək üçün yunan dini ilə mədəniyyəti birləşdirildi. Nəticədə, yəhudilər ölməz ruh və ölülərin yeraltı dünyada əzab çəkmələri kimi yalan təlimləri qəbul etdilər. Yunanlar bu təlimə inanan ilk xalq deyildi, babillilərin fikrincə, «yeraltı dünya... zalım allahların və cinlərin idarəsində olan qorxunc bir aləmdir» («The Religion of Babylonia and Assyria»). Bəli, babillilər ruhun ölməzliyinə inanırdılar.

14. Əyyub və İbrahim ölülərin vəziyyəti və dirilmə ilə bağlı nələri bilirdilər?

14 Saleh insan olan Əyyubun Müqəddəs Kitabı olmasa da, o, ölüm haqqında həqiqəti bilirdi. O həmçinin əmin idi ki, məhəbbətli Allah Yehova onu diriltməyin həsrətini çəkəcək (Əyy. 14:13—15). İbrahim də dirilməyə inanırdı. (İbranilərə 11:17—19 ayələrini oxu.) Axı ölməmiş bir insanı necə diriltmək olar?! Bu qeyri-mümkün olduğu üçün Allahın sadiq xidmətçiləri ölümdən sonra həyatın mövcud olduğuna inanmırdılar. Şübhəsiz ki, Allahın müqəddəs ruhu Əyyuba və İbrahimə ölülərin vəziyyəti barədə həqiqəti başa düşməyə və dirilməyə inanmalarına kömək etdi. Bu həqiqətlər də bizim irsimizin bir hissəsidir.

FİDYƏ VASİTƏSİLƏ QURTULMAĞIN VACİBLİYİ

15, 16. Günah və ölümdən necə qurtula bilərik?

15 Adəmdən miras aldığımız günah və ölümün nəticələrindən bizi necə qurtaracağı barədə həqiqətləri açıqladığı üçün Allaha çox minnətdarıq (Rom. 5:12). Biz dərk edirik ki, İsa «ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib» (Mark 10:45). «Məsih İsanın ödədiyi fidyə vasitəsilə» xilas olduğumuzu bilmək necə də xoşdur! (Rom. 3:22—24).

16 Birinci əsrdəki yəhudilər və qeyri-yəhudilər günahlarından tövbə etməli və İsanın fidyə qurbanlığına iman gətirməli idilər. Əks təqdirdə, onların bağışlanması mümkün olmazdı. Bu gün də vəziyyət eynidir (Yəh. 3:16, 36). Əgər insan Üç üqnum və ölməz ruh kimi yalan təlimlərə bağlıdırsa, bu fidyənin ona heç bir faydası olmayacaq. Ancaq biz ondan faydalana bilərik. Çünki Allahın «sevimli Oğlunun... fidyəsi vasitəsilə bizə qurtuluş [verdiyi], günahlarımızın bağışlanmasını təmin [etdiyi]» barədə həqiqətləri bilirik (Kolos. 1:13, 14).

DAİMA YEHOVAYA XİDMƏT EDİN!

17, 18. Tariximiz barədə məlumatı haradan tapmaq olar və öyrəndiklərimizdən necə faydalana bilərik?

17 Aldığımız həqiqi biliklər, Allahın xidmətçiləri kimi fəaliyyətimiz, ruhani və maddi xeyir-dualarımız haqqında hələ çox şey demək olardı. Onilliklər ərzində dərc edilən «İllik məcmuə»də Yehovanın xalqının bütün dünyada Ona necə xidmət etdiyi barədə ruhlandırıcı hadisələr qeyd olunur. «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» və «Əməldə görünən iman» videofilminin (rus.) birinci və ikinci hissələrində tariximiz barədə məlumat ala bilərik. Üstəlik, jurnallarımızda tez-tez əziz həmimanlılarımız barədə ürəkləri isindirən məlumatlar nəşr olunur.

18 İsraillilərə Allahın onları Misir əsarətindən azad etməsi üzərində düşünmələri fayda gətirdiyi kimi, Yehovanın təşkilatının tarixinə nəzər salmaq bizə də fayda gətirəcək (Çıx. 12:26, 27). Allahın möhtəşəm işlərinin şahidi olan yaşlı bir insan kimi Musa israilliləri təşviq edirdi: «Ötən günləri yadınıza salın, keçmiş nəsillərə nəzər salın, atanızdan soruşun, o sizə desin, ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin» (Qanun. t. 32:7). Yehovanın xalqı və otlağının sürüsü kimi hər birimiz Ona sevinclə həmd edir və möhtəşəm işləri barədə başqalarına bəyan edirik (Məz. 79:13). Üstəlik, biz tariximiz barədə öyrənməli, ondan özümüz üçün ibrət götürməli və buna uyğun olaraq gələcəyimizi qurmalıyıq.

19. Ruhani nurda yeridiyimiz üçün nə etməliyik?

19 Ruhani qaranlıqda dolaşmadığımız və Allahın nurunda yeridiyimiz üçün Ona minnətdarıq (Sül. məs. 4:18, 19). Gəlin Allahın Kəlamını həvəslə öyrənək və Hökmdar Allah Yehovanı növbəti sözlərlə izzətləndirən məzmurçu kimi, çalışqanlıqla həqiqəti başqaları ilə bölüşək: «Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm. Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm. Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini elan edəcəyəm. Ey Allah, məni tərk etmə» (Məz. 71:16—18).

20. Hansı vacib məsələlərdən agahıq və sən bu haqda nə düşünürsən?

20 Yehovanın həsr olunmuş xalqı olan bizlər Onun Ali hökmranlığı və insan nöqsansızlığı kimi vacib məsələlərdən agahıq. Həqiqətən də, biz Kainatın Hökmdarı Yehova haqqındakı danılmaz həqiqətləri təbliğ edirik, çünki O, bizim səmimi-qəlbdən ibadətimizə layiqdir (Vəhy 4:11). Həmçinin Yehovanın müqəddəs ruhunun köməyi ilə biz fəqirlərə müjdəni yayır, qəlbi sınıq olanların yaralarını sarıyır və yaslılara təsəlli veririk (Yeşaya 61:1, 2). Şeytana Allahın xalqı və bəşəriyyət üzərində hökmranlıq etməyə heç vaxt icazə verilməyəcək. Ruhani irsimiz bizi möhkəmləndirəcək və Yehovaya yaxınlaşdıracaq ki, Ona indi və əbədiyyən xidmət edək. (Məzmur 26:11; 86:12 ayələrini oxu.)