Kontentə keç

Mündəricatı göstər

Allahı tanımaq nə deməkdir?

Allahı tanımaq nə deməkdir?

«İndi [siz] Allahı tanıdı[nız]» (QALAT. 4:9).

1. Nəyə görə pilot texniki baxış keçirərkən yoxlama siyahısından istifadə etməlidir?

ƏN YAXŞI təyyarələrdən biri ilə uçan pilot hər dəfə uçuşqabağı yoxlama siyahısı üzrə texniki baxış keçirir və 30-dan çox bənd yoxlayır. Əgər pilot hər dəfə havaya qalxmamışdan qabaq yoxlama siyahısındakı bütün bəndləri dəqiqliklə yoxlamırsa, faciə baş verə bilər. Necə düşünürsən, xüsusilə hansı pilotlar hər dəfə uçuşqabağı yoxlama siyahısı üzrə tam baxış keçirir? Adətən, bunu ən təcrübəli pilotlar edir! Bəzən təcrübəli pilot asanlıqla özünə arxayın ola və bunun nəticəsində uçuşqabağı bütün detalları yoxlamaya bilər.

2. Məsihçilər nəyi yoxlamalıdırlar?

2 Ehtiyatlı pilot kimi, sən də oxşar siyahının köməyi ilə, hətta çətin anlarda belə, imanının möhkəm qalacağına, heç vaxt sarsılmayacağına əmin ola bilərsən. Yeni vəftiz olunmağından və ya Allaha çoxdan xidmət etməyindən asılı olmayaraq, Yehova Allaha imanının və sadiqliyinin nə dərəcədə dərin və möhkəm olduğunu müntəzəm olaraq yoxlamağın olduqca vacibdir. Əgər müntəzəm olaraq səylə imanını yoxlamasan, bu, ruhani məhvə gətirib çıxara bilər. Müqəddəs Kitab xəbərdarlıq edir: «Möhkəm dayandığını düşünən adam ehtiyatlı olsun ki, yıxılmasın» (1 Kor. 10:12).

3. Qalatiyadan olan məsihçilərdən nə tələb olunurdu?

3 Qalatiyadakı məsihçilər imanlarının nə dərəcədə möhkəm olub-olmadığını yoxlamalı və malik olduqları ruhani sərbəstliyi qiymətləndirməli idilər. İsa Məsihin fidyə qurbanlığı ona iman gətirənlərin qarşısında Allahı qeyri-adi yolla tanımaq — Allahın oğulları olmaq imkanı açırdı! (Qalat. 4:9). Qalatiyalılar bu cür gözəl münasibətləri qorumaq üçün onları Musanın qanununa riayət etməyə vadar edən iudaizmin təlimlərini rədd etməli idilər. Axı yığıncaqlarda olan sünnətsiz qeyri-yəhudilər belə heç vaxt Qanun altında olmamışdılar! Yəhudilər və qeyri-yəhudilər ruhən eyni cür inkişaf etməli idilər. Artıq onlar Musanın qanununa əsasən saleh sayılmadıqlarını başa düşməli idilər.

ALLAHI TANIMAQ ÜÇÜN ATILAN İLK ADDIMLAR

4, 5. Həvari Pavel qalatiyalılara hansı məsləhəti vermişdi və nəyə görə bu, bizim üçün də aktualdır?

4 Həvari Pavelin qalatiyalılara yazdığı məktubun məqsədi həqiqi məsihçiləri qiymətli Müqəddəs Kitab həqiqətlərindən imtina etməkdən və arxada qalan şeylərə dönüb baxmaqdan çəkindirməkdir. Yehova təkcə Qalatiyadakı yığıncaqları yox, bütün məsihçiləri möhkəm və dözümlü olmağa səsləmək üçün həvari Paveli ilhamlandıraraq bu məktubu yazdırmışdı.

5 Yaxşı olardı ki, hər bir məsihçi ruhani köləlikdən azadlığa necə çıxdığını və Yehovanın Şahidi olduğunu heç vaxt yaddan çıxartmasın. Bununla yanaşı gəlin növbəti sualların üzərində düşünək: «Vəftiz olunmağa müvafiq olmaq üçün hansı addımları atdığın yadındadırmı? Allahı necə tanıdığını və Onun səni necə tanıdığını xatırlayırsanmı? Bəs əsil ruhani azadlıqdan əldə etdiyin sevinci unutmamısan ki?»

6. Biz hansı siyahını nəzərdən keçirəcəyik?

6 Əslində, həqiqətə gələndə hər birimiz doqquz addım atırıq. Yoxlama siyahısı ilə müqayisə olunan bu addımları  «Vəftiz olunmaq və ruhən inkişaf etmək üçün atılan addımlar» adlı çərçivədə tapmaq olar. Müntəzəm olaraq özümüzə bu doqquz addımı xatırlatmağımız dünyadakı şeylərə çevrilib baxmamaq üçün bizi möhkəmləndirəcək. Təcrübəli, eyni zamanda da tədbirli pilot yoxlama siyahısına baxdığı kimi, biz də daima imanımızı yoxlamalıyıq.

ALLAHIN TANIDIĞI KƏSLƏR RUHƏN İNKİŞAF EDİRLƏR

7. Biz hansı nümunəni izləməliyik və nəyə görə?

7 Yoxlama siyahısı pilota hər dəfə havaya qalxmamışdan qabaq diqqətlə yoxlamalı olduğu şeyləri xatırladır. Biz də müntəzəm olaraq özümüzü və vəftizdən sonra necə inkişaf etdiyimizi yoxlamalıyıq. Pavel Timoteyə yazırdı: «Sən isə Məsih İsa yolunda iman və məhəbbət göstərərkən məndən eşitdiyin sağlam sözlər nümunəsindən ayrılma» (2 Tim. 1:13). «Sağlam sözlər»i Allahın Kəlamından tapa bilərik (1 Tim. 6:3). Rəssamın eskizi sayəsində insan ümumi şəkli gördüyü kimi, «sağlam sözlər» də Yehovanın tələblərinə dair bizdə ümumi təsəvvür yaradır və onlara əməl etməyə kömək edir. İndi isə gəlin vəftiz olunmaq üçün atdığımız addımları nəzərdən keçirək və görək həqiqət nümunəsinə nə dərəcədə dəqiq əməl edirik.

8, 9. a) Nəyə görə biz daim imanda və bilikdə inkişaf etməliyik? b) Ruhani inkişafın vacibliyini və nə üçün daimi bir proses olduğunu nümunə əsasında göstərin.

8 Siyahıya əsasən, ilk növbədə, bilik əldə etməliyik. Sonra isə imanımız yaranacaq. Ancaq biz həm bilik əldə etməyə, həm də imanımızı möhkəmləndirməyə davam etməliyik (2 Salon. 1:3). İnkişafa yaxşılığa doğru dəyişikliklər daxildir. «İnkişaf etmək» böyümək və artmaq deməkdir. Beləliklə, vəftizdən sonra bizim ruhaniliyimiz zəif və ölü vəziyyətdə olmamalı, durmadan inkişaf etməlidir.

Ağac kimi, məsihçilər də daima inkişaf etməlidirlər

9 Ruhani inkişafımızı ağacın böyüməsi ilə müqayisə etmək olar. Ağacın kökü dərin və böyük olanda o, sürətlə böyüyür və nəhəng bir ağaca çevrilir. Məsələn, Livanın bəzi sidr ağaclarının hündürlüyü 12 mərtəbəli binanın hündürlüyünə çatır, möhkəm və dərinə nüfuz edən kökü, eləcə də 12 metrlik gövdəsi olur (Nəğmə. n. 5:15). Başlanğıcda ağac sürətlə boy atır. Onun kökü dərinə doğru uzandıqca və yanlara şaxələndikcə gövdəsi eninə və uzununa inkişaf edir. Ancaq bir müddət sonra ağacın inkişafı bir o qədər də nəzərə çarpmır. Eyni şeyi məsihçinin inkişafı barədə də demək olar. Ola bilsin, biz təzə–təzə Müqəddəs Kitabı öyrənəndə ruhani cəhətdən sürətlə inkişaf edib sonra da vəftiz olunmuşuq. Bizim inkişaf etdiyimizi görən yığıncaq üzvləri sevinirdilər. Hətta, ola bilsin, biz pioner xidmətinə başlamış və ya başqa məsuliyyətlər almışıq. İllər ötdükcə bizim ruhani inkişafımız bir o qədər də nəzərə çarpmaya bilər. Buna baxmayaraq, biz daim imanda və bilikdə inkişaf etməliyik ki, «yetkin insan səviyyəsinə, Məsihə məxsus dolğunluğun inkişaf dərəcəsinə yetişək» (Efes. 4:13). Beləcə, biz inkişaf edərək möhkəm və sağlam bir ağaca, yəni ruhani körpədən yetkin bir məsihçiyə çevriləcəyik.

10. Nəyə görə hətta yetkin məsihçilərin belə inkişaf etmələri vacibdir?

10 Ancaq inkişafımız bununla bitməməlidir. Biz biliklərimizi artırmalı və imanımızı möhkəmləndirməliyik. Beləcə, biz Allahın Kəlamında daha dərin kök salmış olacağıq (Sül. məs. 12:3). Məsihçi yığıncağında belə bacı-qardaşlar çoxdur. Məsələn, otuz ildən çoxdur ki, ağsaqqal kimi xidmət edən bir qardaş onun ruhani inkişafının hələ də davam etdiyini deyir. O bölüşür: «Mən Müqəddəs Kitabı günbəgün daha çox qiymətləndirirdim. Durmadan Müqəddəs Kitab prinsiplərini və qanunlarını müxtəlif üsullarla tətbiq etmək üçün imkanlar axtarıb tapırdım. Həmçinin get–gedə xidməti də daha çox qiymətləndirirdim».

ALLAHLA DOSTLUĞUNU İNKİŞAF ETDİR

11. Yehova ilə dostluğumuzu necə möhkəmləndirə bilərik?

11 Əgər inkişaf etmək istəyiriksə, bir Dost və Ata kimi Yehova ilə münasibətlərimizi möhkəmləndirməliyik. O istəyir ki, biz Onun tərəfindən qəbul edildiyimizi, sevildiyimizi və təhlükəsizlikdə olduğumuzu hiss edək. Bunu qayğıkeş valideynlərin qucağında olarkən sevildiyini və təhlükəsizlikdə olduğunu hiss edən uşağın hisslərinə, eləcə də əsil və sadiq dostların əhatəsində olarkən keçirdiyimiz hisslərə bənzətmək olar. Yəqin, razılaşarsan ki, Yehova ilə sıx münasibətləri bir gecənin içində inkişaf etdirmək mümkün deyil. Onu tanımaq və sevmək üçün vaxt lazımdır. Buna görə də Yehovanı daha yaxşı tanımaq üçün hər gün Allahın Kəlamını oxumağa vaxt ayır. Bundan əlavə, «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının hər bir sayını, həmçinin Müqəddəs Kitaba əsaslanan digər nəşrləri oxu.

12. Allahla dostluğumuzu möhkəmləndirmək üçün nə etməliyik?

12 Allahın dostları səmimi dualar və yaxşı ünsiyyət sayəsində ruhən inkişaf edirlər. (Malaki 3:16 ayəsini oxu.) Yehovanın «qulağı onların yalvarışlarını eşidir» (1 Pet. 3:12). Sevən valideyn kimi, Yehova bizim fəryadla etdiyimiz dualara diqqətlə qulaq asır. Buna görə də biz daima dua etməliyik (Rom. 12:12). Yehovanın köməyi olmadan yetkin məsihçi olaraq qala bilmərik. Biz bu dünyanın güclü təzyiqinə və yanlış hərəkətlərimizə qarşı mübarizə aparmalıyıq. Əgər daima dua etməsək, özümüzü Allahın təqdim etdiyi köməkdən məhrum etmiş olacağıq. Duaların səni qane edirmi, yoxsa bu sahədə müəyyən dəyişikliklər etməli olduğunu düşünürsən? (Yer. 16:19).

13. Ruhən inkişaf etmək üçün həmimanlılarla ünsiyyət nə üçün vacibdir?

13 Yehova «Ona güvənənləri»n hamısından razıdır. Buna görə də biz Allahı tanıyandan sonra da yığıncaqda Onu tanıyan digər insanlarla müntəzəm olaraq ünsiyyət etməliyik (Nah. 1:7). Dünya məyusluğa qərq olduğu üçün biz bacı-qardaşlarımızın əhatəsində olmalıyıq. Bu, bizə hansı faydanı gətirəcək? Yığıncaqda bizi «məhəbbətə və xeyirxah işlərə» təşviq edən insanlarla qarşılaşacağıq (İbr. 10:24, 25). Pavelin ibranilərə məktubunda qarşılıqlı məhəbbət barədə yazdıqlarına əməl etmək üçün qardaşlıq, həmfikir olan insanların ibadət üçün bir yerə toplaşması, yəni yığıncaqların təşkil olunması gərəkdir. Bu cür məhəbbət təzahür etdirmək üçün digər məsihçilərlə qarşılıqlı ünsiyyətdə olmaq tələb olunur. Yığıncaqlarda iştirakını və şərhlər verib-vermədiyini müntəzəm olaraq yoxlama siyahısı üzrə nəzərdən keçir.

14. Tövbə etmək və dönmək hansı mənada daimi prosesdir?

14 Məsihçi olmaq üçün, ilk növbədə, tövbə etmək dönmək, yəni günahlarımızdan əl çəkmək tələb olunur. Lakin tövbə etmək daimi bir prosesdir. Qeyri-kamil olduğumuzdan hələ də daxilimizdə, əfi ilan kimi, qıvrılıb yatan və hər an sancmağa hazır olan günahımız var (Rom. 3:9, 10; 6:12—14). Gəlin gözüaçıq olaq və zəifliklərimizə etinasız yanaşmayaq. Xoşbəxtlikdən, Yehova zəifliklərimizlə var-gücümüzlə mübarizə apardığımız və lazımi dəyişikliklər etdiyimiz təqdirdə bizə səbir edir (Filip. 2:12; 2 Pet. 3:9). Vaxtımızdan və imkanlarımızdan düzgün istifadə etmək xudbin arzularımızdan əl çəkməyə kömək edəcək. Bir bacı yazır: «Həqiqətdə böyüsəm də, bir çox məsələlərə baxışım Yehovanın baxışından fərqlənirdi. Ürəyimdə daha çox Allah qorxusu inkişaf etdirməli idim, amma mənə elə gəlirdi ki, Onu heç vaxt razı sala bilmərəm». Sonradan bacı bəzi səhvlərə yol verdiyindən ciddi ruhani problemləri yarandı. O deyir: «Bu, Yehovanı sevmədiyim üçün yox, Onu yaxşı tanımadığım üçün idi. Ancaq güclü dualardan sonra dəyişilməyə başladım. Hiss etdim ki, Yehova tədricən maneələri aşmağıma kömək etməklə və nə etməli olduğumu göstərməklə, bir ata kimi, nəvazişlə əlimdən tutub yol göstərir».

15. İsa və Yehova nəyə diqqət yetirir?

15 Allahın mələyi Peteri və digər həvariləri möcüzəvi şəkildə zindandan azad etdikdən sonra gedib xoş xəbər barədə xalqa danışmağı tapşırmışdı (Həv. iş. 5:19—21). Siyahı üzrə yoxlamalı olduğumuz digər sahə hər həftə təbliğdə iştirak edib-etməməyimizdir. İsa və Yehova imanımıza və xidmətimizə diqqət yetirirlər (Vəhy 2:19). Yuxarıda adı çəkilən ağsaqqal qeyd edir: «Xidmətimiz bizim kim olduğumuzdan xəbər verir».

16. Həsr olunmağımıza uyğun davranmaq nə üçün vacibdir?

16 Həsr olunmağına uyğun davran. Malik olduğumuz ən dəyərli şey Yehova ilə yaxın münasibətlərimizdir. Yehova Ona məxsus olanları tanıyır. (Yeşaya 44:5 ayəsini oxu.) Dua edərək Yehova ilə münasibətlərinin nə dərəcədə sıx və möhkəm olduğunu yoxla. Vəftiz olunduğun tarixi yadında saxla. Bu, sənə verdiyin ən vacib qərarı, vəftizin mahiyyətini yadda saxlamağa kömək edəcək.

TƏHƏMMÜL EDƏRƏK YEHOVA İLƏ YAXIN MÜNASİBƏTLƏRİ QORU

17. Yehova ilə yaxın münasibətləri qorumaq üçün təhəmmül nəyə görə vacibdir?

17 Pavel qalatiyalılara yazdığı məktubunda təhəmmül etməyin vacibliyini vurğulamışdı (Qalat. 6:9). Təhəmmül etmək bugünkü məsihçilər üçün də olduqca vacibdir. Sən sınaqlarla üzləşəcəksən, ancaq Yehova sənə kömək edəcək. Duada həmişə müqəddəs ruh istə. Yehova sənin kədərini sevinclə, narahatlığını rahatlıqla əvəz etdikcə ürəyində sakitlik hiss edəcəksən (Mat. 7:7—11). Belə bir nümunənin üzərində düşün: quşların qayğısına qalan Yehova məgər Onu sevən və özünü Ona həsr edən insanın qayğısına qalmayacaq? (Mat. 10:29—31). Qarşına nə çətinlik çıxırsa-çıxsın, geri çəkilmə və təslim olma. Yehovanın bizi tanıması necə də böyük xeyir-duadır!

18. Allahı tanıyanlar nə etməlidirlər?

18 Əgər Yehovanı yenicə tanımısansa və vəftiz olunmusansa, bəs indi nə etməlisən? Yehovanı daha yaxşı tanımağa davam et və ruhən yetkinliyə can at. Bəs əgər çoxdan vəftiz olmusansa, onda necə? Həmçinin sən də Yehova barədə daha çox bilik əldə etməyə davam et. Diqqətli olmalıyıq ki, Allah barədə kifayət qədər biliyə yiyələndiyimizi və Onunla münasibətlərimizi yaxşılaşdırmağa ehtiyac olmadığını düşünməyək. Əksinə, biz vaxtaşırı olaraq ruhani siyahımıza nəzər salmalıyıq ki, məhəbbətli Atamız, Dostumuz və Allahımız olan Yehova ilə münasibətlərimizi daima inkişaf etdirək. (2 Korinflilərə 13:5, 6 ayələrini oxu.)