Kontentə keç

Mündəricatı göstər

Başqalarına təsəlli verməklə təsəlli tapın

Başqalarına təsəlli verməklə təsəlli tapın

Qeyri-kamil olduğumuzdan hər birimiz xəstəliyə, hətta bəzilərimiz isə ağır xəstəliyə tutuluruq. Bəs belə çətinliklərlə üzləşərkən onların öhdəsindən necə gələ bilərik?

İlk növbədə, dəyərli köməyi ailə üzvlərimizdən, dostlarımızdan və həmimanlılarımızdan ala bilərik.

Dostun qayğısı, məhəbbət dolu xoş sözləri ürəyə şəfaverici və təravətləndirici bir məlhəm kimidir (Sül. məs. 16:24; 18:24; 25:11). Amma həqiqi məsihçilər yalnız təsəlli almaqla kifayətlənmir. Onlar aldıqları «təsəlli vasitəsilə müxtəlif cür dərdi olanlara» da təskinlik gətirirlər (2 Kor. 1:4; Luka 6:31). Meksikada vilayət nəzarətçisi kimi xidmət edən Antonio özü bunun şahidi olmuşdur.

Antonioya limfoma (qanda yaranan xərçəng xəstəliyinin bir növü) diaqnozu qoyulmuşdu və o, güclü ağrıdan əziyyət çəkirdi. Bununla belə, Antonio mənfi emosiyalarına hakim olmağa çalışırdı. Necə? O, Padşahlıq nəğmələrini yadına salıb oxuyur və bu nəğmələrin sözləri üzərində düşünürdü. Ucadan dua etmək, eləcə də Müqəddəs Kitabı oxumaq da qardaşa böyük təsəlli verirdi.

Amma indi Antonio anlayır ki, ona edilən ən böyük köməkliklərdən biri məhz həmimanlıları tərəfindən göstərilmişdi. O deyir: «Həyat yoldaşımla mən ruhdan düşəndə yığıncaqda ağsaqqal kimi xidmət edən qohumumuzdan bizə baş çəkməsini və bizimlə birgə dua etməsini xahiş edirdik. Bu, bizə təsəlli verir və rahatlıq gətirirdi. Beləcə, ailəmizin və həmimanlılarımızın köməyi sayəsində biz tez bir vaxtda mənfi emosiyalardan azad olduq». Belə məhəbbətli və qayğıkeş dostları olduğu üçün o, çox minnətdardır.

Çətinliklər zamanı digər köməkçi isə müqəddəs ruhdur. Pavel Allahın müqəddəs ruhunun bir ənam olduğunu demişdi (Həv. iş. 2:38). Eramızın 33-cü ilinin Əllinci gün bayramında çoxlarının məsh olunması buna bir sübutdur. Hal-hazırda müqəddəs ruh ənamı hər birimiz üçün əlçatandır. Bu tükənməz ənamdan niyə də bol-bol istəməyəsən? (Yeşaya 40:28—31).

ƏZİYYƏT ÇƏKƏNLƏRƏ CAN YANDIR

Həvari Pavel bir çox çətinliklərlə, hətta ölüm təhlükəsi ilə üz-üzə gəlmişdi (2 Kor. 1:8—10). Lakin o, özünə görə həddən artıq narahat olmurdu. Allahın onu dəstəklədiyini bilmək ona təsəlli verirdi. O yazmışdı: «Ağamız İsa Məsihin Atası Allaha şükürlər olsun. O, mərhəmətli Ata və hər cür təsəlli Allahı olub hər dərdimizdə bizə təsəlli verir» (2 Kor. 1:3, 4). Pavel problemlərin onu məyus etməsinə imkan vermirdi. Sınaqlar zamanı tab gətirməsi onda şəfqət hissini inkişaf etdirirdi və beləcə o, ehtiyac duyan hər kəsə daha yaxşı təsəlli verə bilirdi.

Sağalandan sonra Antonio yenidən səyyar xidmətə qayıtdı. O, həmişə həmimanlılarına maraq göstərib, amma indi həyat yoldaşı ilə birgə xəstə bacı-qardaşlara baş çəkməyə və onları ruhlandırmağa xüsusilə cəhd göstərir. Misal üçün, Antonio ciddi xəstəliklə mübarizə aparan bir məsihçiyə baş çəkəndən sonra öyrənir ki, bu qardaş yığıncaqlara getmək istəmir. Antonio izah edir: «Bu o demək deyil ki, o, Yehovanı və ya bacı-qardaşları sevmirdi. Xəstəlik onu emosional cəhətdən o dərəcədə əldən salmışdı ki, o, özünü yararsız hiss edirdi».

Antonio xəstə qardaşı ruhlandırmaq üçün dostluq görüşlərinin birində ondan dua etməsini xahiş etdi. Qardaş bunun öhdəsindən gələ bilməyəcəyini düşünsə də, bu təkliflə razılaşdı. Antonio deyir: «O, ürəkdən dua etdikdən sonra, sanki, tamam başqa insan oldu. O, özünü yenidən yararlı hiss etdi».

Həqiqətən də, hər birimiz müəyyən dərəcədə bəzi çətinliklərə tab gətirməli oluruq. Ancaq Pavelin dediyi kimi, bunun sayəsində biz başqaları çətinliklərlə üzləşəndə onlara daha yaxşı təsəlli verə bilərik. Buna görə də gəlin əziyyət çəkən həmimanlılarımıza qarşı diqqətcil olaq və insanlar üçün təsəlli mənbəyi olan Allahımız Yehovanı təqlid edək.