Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

Kral heyran qalmışdı!

Kral heyran qalmışdı!

HADİSƏ 1936-cı ilin avqust ayında Svazilend Krallığına məxsus kraalda, yəni düşərgədə baş vermişdi. Robert və Corc Nizbet musiqi bitəndən sonra səsgücləndiricisi olan maşından Cozef Ruterford qardaşın plastinkaya yazılmış çıxışını səsləndirdilər. Kral II Sobhuza heyran qalmışdı. Corc deyir: «O, böyük fonoqrafı, plastinkaları və Padşahlıq xəbərini çatdırmaq üçün istifadə etdiyimiz səsgücləndiricini almaq istəyəndə biz çox təəccübləndik!»

Robert üzrxahlıq edərək dedi ki, bu əşyalar satılmır. Çünki bu avadanlıqların başqa sahibi də var. Kral onun kim olduğunu bilmək istədi.

— Bütün bunlar başqa Padşaha məxsusdur, — deyə Robert bildirdi.

Sonra kral həmin padşahın kim olduğunu soruşdu.

— Allahın Padşahlığının Padşahı olan İsa Məsih, — deyə Robert cavab verdi.

— Hə, o, böyük Padşahdır, — deyə Sobhuza dərin hörmətlə etiraf etdi. — Mən ona məxsus olan heç nəyi götürmək istəmərəm.

Açıq məruzəyə qulaq asmağa gələn məktəblilər, Svazilend, 1936-cı il

Robert yazır: «Tayfa başçısı Kral Sobhuzanın xasiyyətinə lap məəttəl qalmışdım. O, ingilis dilində gözəl danışsa da, heç də lovğa və təkəbbürlü insan deyildi. Əksinə, çox səmimi və sadə idi. Corc çöldə musiqini səsləndirən zaman mən kralın otağında oturub haradasa 45 dəqiqə onunla söhbət etdim.

Robert davam edir: «Həmin gün biz Svazi Milli Məktəbinə getdik və orada olmaq bizə çox maraqlı oldu. Biz məktəbin direktoruna şahidlik etdik və o, böyük maraqla bizə qulaq asdı. Biz fonoqraf barədə danışdıq və bütün məktəbin plastinkalara qulaq asmasını təklif etdik. O, bunu məmnuniyyətlə qəbul etdi və təxminən 100 şagirdi topladı ki, otun üstündə oturub bizə qulaq assınlar. Bizə dedilər ki, bu orta məktəbdə oğlanlara kənd təsərrüfatı, bağçılıq, dülgərlik, tikinti işləri, ingilis dili və hesablama işi, qızlara isə ev işləri, eləcə də tibb bacısı və başqa faydalı peşələr öyrədilir. Bu məktəbi tayfa başçısının nənəsi təsis edib» *.

Hələ 1933-cü ildə kral Sobhuza krallığına məxsus kraala gələn pionerləri məmnuniyyətlə dinləmişdi. Bir dəfə isə o, 100 əsgərdən ibarət şəxsi mühafizə dəstəsini toplamışdı ki, Padşahlıq haqda xoş xəbərə qulaq assınlar. O, jurnallarımıza abunə olmuş və ədəbiyyat götürmüşdü. Çox keçməmiş kralın teokratik kitabxanası, demək olar ki, tamamlanmışdı. Üstəlik, İkinci Dünya müharibəsi zamanı müstəmləkəçi Britaniya dövləti tərəfindən nəşrlərimizə qadağa qoyulmasına baxmayaraq, o, öz kitabxanasını qoruyub saxlamışdı!

Kral II Sobhuza Şahidləri Lobambada yerləşən krallığa məxsus kraalda qəbul edir, hətta keşişləri belə çağırırdı ki, Müqəddəs Kitaba əsaslanan məruzələrə qulaq assınlar. Bir dəfə Helvi Maşazi adında yerli Şahid Mattanın 23-cü fəslini müzakirə edərkən bir qrup keşiş qəzəb içində sıçrayıb onu yerinə oturtmaq istəmişdi. Lakin kral müdaxilə edərək Maşazi qardaşdan sözünə davam etməsini istəmişdi. Üstəlik, o, camaata məruzədəki Müqəddəs Kitab ayələrini yazmağı tapşırmışdı.

Başqa bir vaxt isə pioner qardaşın çıxışına qulaq asdıqdan sonra dörd keşiş boyunlarındakı yaxalıqlarını təhvil verib demişdi: «Biz artıq keşiş deyil, Yehovanın Şahidiyik». Sonra onlar pionerdən tayfa başçısına verdiyi kitablardan yenə olub-olmadığını soruşmuşdular.

Tayfa başçısı ömrünün sonuna kimi, 1930-cu ildən 1982-ci ilə qədər Yehovanın Şahidlərinə hörmət göstərmiş və svazi ənənələrinə riayət etmədikləri üçün təqiblərə məruz qalmalarına yol verməmişdi. Şahidlər ona çox minnətdar idilər, buna görə də onun ölümünə çox kədərlənmişdilər.

2013-cü ilin əvvəlində Svazilenddə Padşahlığın 3000-dən çox təbliğçisi var idi. Bir milyon əhalisi olan bu ölkədə təbliğçinin əhaliyə nisbəti 1-in 384-dir. 90 yığıncaqda 260-dan çox pioner xidmət edir. 2012-ci ilin Xatirə gecəsində isə 7496 nəfər iştirak etmişdir. Gördüyümüz kimi, bu ərazidə artım imkanları böyükdür. Sözsüz ki, 1930-cu ildə Svazilendə ilk dəfə gələn qardaşlar möhkəm təməl qoymuşlar! (Cənubi Afrikadakı arxivimizdən).

^ abz. 10 «Qızıl əsir» jurnalı, 1937-ci il 30 iyun, səhifə 629 (ing.).