Kontentə keç

Mündəricatı göstər

Büsbütün dəyişmisənmi?

Büsbütün dəyişmisənmi?

«Ağlınızı yeniləşdirərək büsbütün dəyişin» (ROM. 12:2).

1, 2. Aldığımız tərbiyə və ətraf mühit bizə necə təsir edir?

ALDIĞIMIZ tərbiyə və ətraf mühit hər birimizə güclü təsir edir. Biz müəyyən tərzdə geyinir, müəyyən tərzdə davranır və müəyyən yeməkləri xoşlayırıq. Nə üçün? Səbəb, müəyyən mənada, ətrafımızdakı insanların və yaşadığımız mühitin təsiridir.

2 Lakin həyatda geyim və qida seçimindən daha vacib şeylər var. Misal üçün, uşaqlıqdan bizə bəzi şeylərin düzgün və münasib olduğu, bəzi şeylərin isə yanlış və yolverilməz olduğu aşılanır. Bu kimi bir çox şeylər şəxsi məsələdir və insandan insana dəyişir. Etdiyimiz seçimlərə həmçinin vicdanımızın da təsiri var. Müqəddəs Kitabda deyilir ki, çox vaxt «digər millətlərə aid insanlar Qanunun tələblərinə sövqi-təbii əməl [edir]» (Rom. 2:14). Bəs bu o deməkdirmi ki, Allahın qanununda konkret göstəriş yoxdursa, biz öyrədildiyimiz normalara və ya yaşadığımız ərazinin adət-ənənələrinə uyğun hərəkət edə bilərik?

3. Hansı iki səbəbə görə məsihçilər dünyanın qayda-qanununa və əhval-ruhiyyəsinə uyğun hərəkət etmirlər?

3 Məsihçilərin nə üçün belə davranmamalarının, ən azı, iki vacib səbəbi var. Birincisi, Müqəddəs Kitab bizə xəbərdarlıq edir: «Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür» (Sül. məs. 16:25). Qeyri-kamil təbiətimiz ucbatından biz insanlar atdığımız addımların müvəffəqiyyətli olması üçün nə etməli olduğumuzu tam müəyyən etmək iqtidarında deyilik (Sül. məs. 28:26; Yer. 10:23). İkincisi, Müqəddəs Kitab göstərir ki, dünyanın əhval-ruhiyyəsi və qayda-qanunu məhz «bu dövrün allahı» olan Şeytanın təsiri altındadır (2 Kor. 4:4; 1 Yəh. 5:19). Buna görə də Yehovanın xeyir-duasını və rəğbətini qazanmaq istəyiriksə, Romalılara 12:2 ayəsindəki xəbərdarlığa diqqət yetirməliyik. (Ayəni oxu.)

4. Bu məqalədə nələri müzakirə edəcəyik?

4 Romalılara 12:2 ayəsində bəzi diqqətəlayiq məqamlar var. 1) Biz nə üçün büsbütün dəyişməliyik? 2) Büsbütün dəyişmək özünə nəyi daxil edir? 3) Büsbütün dəyişmək üçün nə edə bilərik? Gəlin bu sualları müzakirə edək.

NƏ ÜÇÜN BÜSBÜTÜN DƏYİŞMƏLİYİK?

5. Pavel Romalılara 12:2 ayəsindəki sözləri kimlərə ünvanlamışdı?

5 Həvari Pavel romalılara məktubunu imanda olmayan insanlara və ya ümumi xalqa yox, məsh olunmuş həmimanlılarına ünvanlamışdı (Rom. 1:7). Pavel onları büsbütün dəyişməyə və «indən belə bu zəmanəyə [uyğunlaşmamağa]» təşviq edirdi. Eramızın təxminən 56-cı ilində Romada yaşayan məsihçilərin uyğunlaşmamalı olduqları «zəmanə» özünə romalılara xas olan qayda-qanunları, adət-ənənələri, davranış və həyat tərzini daxil edirdi. Pavelin istifadə etdiyi «indən belə» ifadəsi onu göstərir ki, onlardan bəziləri hələ də yaşadıqları zəmanənin təsiri altında idilər. Bəs yaşadıqları sistem bacı-qardaşlarımıza necə təsir göstərirdi?

6, 7. Pavelin günlərində Romada olan hansı sosial və dini vəziyyət məsihçilər üçün sınaq idi?

6 Bu gün Romaya səyahət edən turistlər orada, adətən, məbədlərin, məqbərələrin, abidələrin, arenaların, teatrların və digər yerlərin qalıqlarını görürlər. Onlardan bəziləri birinci əsrə aiddir. Keçmişin bu izləri qədim Romada sosial və dini vəziyyətin nə yerdə olduğundan xəbər verir. Biz həmçinin tarix kitablarından qladiator döyüşləri, araba yarışları, o cümlədən bəziləri ədəbsiz olan müxtəlif mövzularda pyeslər və musiqili tamaşalar haqda oxuyuruq. Bundan əlavə, Roma insanlara çoxlu gəlir əldə etmək imkanı açan varlı ticarət şəhəri idi (Rom. 6:21; 1 Pet. 4:3, 4).

7 Romalıların çoxlu məbədləri və allahları olmasına baxmayaraq, onlar ibadət etdikləri allahlara bağlı xalq deyildi. Onlar üçün din ad günlərində, toylarda və matəmlərdə icra edilən və gündəlik həyatlarının bir hissəsi olan ayin və mərasimlərdən ibarət idi. Təsəvvür edə bilərsən, Romadakı məsihçilər üçün bütün bunlar nə qədər çətinlik törədirdi. Bu məsihçilərdən bir çoxlarının keçmişi belə olub, buna görə də, görünür, onlar əsil məsihçi olmaq üçün büsbütün dəyişməli idilər və bu, onlar vəftiz olan gün dərhal baş vermirdi.

8. Bu gün dünya məsihçilər üçün necə təhlükə saçır?

8 O dövrdə olduğu kimi, bu gün də dünya məsihçilər üçün təhlükə saçır. Bu nə üçün belədir? Çünki bu dünyanın ruhu özünü müxtəlif cür büruzə verir. (Efeslilərə 2:2, 3; 1 Yəhya 2:16 ayələrini oxu.) Dünyanın istəkləri, düşüncələri, dəyərləri və əxlaq normaları günü gündən pisləşir və biz dünyanın təsiri altına düşmək təhlükəsi ilə üz-üzəyik. Buna görə də, «indən belə bu zəmanəyə [uyğunlaşmamaq]» və «büsbütün [dəyişməklə]» bağlı Allahın verdiyi xəbərdarlığa diqqət yetirmək üçün kifayət qədər əsasımız var. Bəs biz nə etməliyik?

BÜSBÜTÜN DƏYİŞMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?

9. Çoxları vəftiz olunmaq üçün hansı dəyişikliklər ediblər?

9 İnsan Müqəddəs Kitab həqiqətlərini araşdırdıqca və onları tətbiq etdikcə ruhən inkişaf edir. Həmin insan öyrəndiklərinə əsasən həyatında dəyişikliklər edir. O, yalan dinin adət-ənənələrindən uzaqlaşır və xasiyyətindəki xoşagəlməz cəhətlərdən əl çəkərək bir məsihçi kimi formalaşır (Efes. 4:22—24). Biz sevinirik ki, hər il yüz minlərlə insan ruhən inkişaf edərək özünü Yehova Allaha həsr edir və vəftiz olunur. Sözsüz ki, bu, Yehovanın ürəyini sevindirir (Sül. məs. 27:11). Ancaq gəlin görək bu dəyişikliklər kifayətdirmi?

Çoxları Şeytan dünyasından uzaqlaşmalı və büsbütün dəyişməlidirlər (9-cu abzasa bax)

10. İnsanın büsbütün dəyişməsi ilə düzəlməsi arasında hansı fərq var?

10 Əslində, büsbütün dəyişməyə ruhən inkişaf etməkdən və xasiyyətini düzəltməkdən daha çox şey daxildir. Məsələn, ola bilər, hər hansı məhsulun üstündəki etiket və ya kağız «yenilənsin», ancaq içindəki məhsul isə eyni olaraq qalsın. Yaxud da elə ola bilər ki, məhsulun tərkibinə yeni bir şey əlavə edilsin və daha cəlbedici şəkildə qablaşdırılsın. «Vaynın izahlı lüğətində» «büsbütün dəyişmək» ifadəsi barədə deyilir: «Rom[alılara] 12:2 ayəsindəki sözlərə əsasən, bu əsrdə [yəni zəmanədə] əşyaların üzdən dəyişməsi ilə Müqəddəs Ruhun gücü sayəsində düşüncənin büsbütün dəyişməsi arasında böyük fərq var». Buna görə də məsihçinin büsbütün dəyişməsi sadəcə pis vərdişləri, nalayiq danışığı və əxlaqsız hərəkətləri tərgitməsi ilə bitmir. Hətta Müqəddəs Kitab bilikləri olmayan bəzi insanlar belə bu kimi şeylərdən müəyyən mənada uzaq durmağa çalışırlar. Bəs onda məsihçilərin büsbütün dəyişməsi nə deməkdir?

11. Pavelin sözlərinə əsasən, büsbütün dəyişmək necə mümkündür?

11 «Ağlınızı yeniləşdirərək büsbütün dəyişin», — deyə Pavel yazmışdı. Burada «ağıl» sözü altında düşünmə qabiliyyəti nəzərdə tutulur. Ancaq Müqəddəs Kitabda istifadə olunan bu söz bizim düşüncə tərzimizi, əhval-ruhiyyəmizi və zehnimizi özünə daxil edir. Pavel romalılara məktubunun əvvəlində «pozğun əqlə» malik olan insanlardan bəhs edir. Bu cür insanlar «əyriliklə, günahla, tamahkarlıqla, pisliklə doludur; onlar paxıllıq, qatillik, çəkişmə, hiylə» və sairə kimi zərərli vərdişlərlə məşğuldurlar (Rom. 1:28—31). İndi biz Pavelin bu cür mühitdə böyüyən və sonradan Allahın xidmətçisi olan insanları nəyə görə büsbütün dəyişməyə və ağıllarını yeniləşdirməyə təşviq etdiyini başa düşə bilərik.

«Qoy... hirs, qəzəb, qışqırıq, təhqiramiz danışıq, ümumiyyətlə hər cür pislik sizdən uzaq olsun» (Efes. 4:31)

12. Bu gün insanların düşüncə tərzi necədir və nəyə görə bu cür əhval-ruhiyyə məsihçilər üçün təhlükəlidir?

12 Təəssüflər olsun ki, bu gün bizim də əhatəmizdə Pavelin təsvir etdiyi kimi insanlar var. Görünür, onlar düşünürlər ki, müəyyən norma və standartlara uyğun yaşamaq artıq dəbdən düşüb və ya fanatiklikdir. Bir çox müəllim və valideynlər sərbəstliyə üstünlük verirlər. Onların fikrincə, hər şey nisbidir, mütləq heç nə yoxdur. Hətta dindar olduqlarını iddia edənlərin əksəriyyəti düşünür ki, doğru hesab etdikləri işləri görməkdə sərbəsdirlər və bu məsələdə Allahın göstəriş və əmrlərinə tabe olmağa borclu deyillər (Məz. 14:1). Bu cür əhval-ruhiyyə məsihçilər üçün əsil təhlükə ola bilər. Əgər məsihçi ehtiyatlı olmasa, bu kimi düşüncə tərzi teokratik işlərə olan münasibətinə təsir göstərə bilər. O, yığıncaqla ayaqlaşmaq istəməyə, hətta ürəyincə olmayan hər şeyə görə şikayətlənə bilər. Yaxud o, əyləncəyə, İnternetdən istifadə etməyə, ali təhsil almağa dair Müqəddəs Kitaba əsasən verilən məsləhətlərlə tam razılaşmaya bilər.

13. Nəyə görə özümüzə dürüstcəsinə qiymət verməliyik?

13 Beləliklə, bu zəmanəyə uyğunlaşmamaq üçün, yəni artıq dünyanın bizi formalaşdırmaması üçün daxili əhval-ruhiyyəmizə, hisslərimizə, məqsədlərimizə və dəyərlərimizə dürüstcəsinə qiymət verməliyik. Bu kimi şeyləri başqaları sezməyə, hətta bizdə hər şeyin əla alındığını deyə bilərlər. Ancaq Müqəddəs Kitabdan öyrəndiklərimizin bizi büsbütün dəyişməsinə, həqiqətən də, yol verib-vermədiyimizi yalnız biz özümüz bilirik. (Yaqub 1:23—25 ayələrini oxu.)

BİZ BÜSBÜTÜN NECƏ DƏYİŞƏ BİLƏRİK?

14. Lazımi dəyişikliklər etməkdə bizə nə kömək edə bilər?

14 Büsbütün dəyişmək üçün biz ürəyimizi, yəni daxili varlığımızı dəyişməliyik. Bunda bizə nə kömək edə bilər? Müqəddəs Kitabdan Yehovanın bizdən nə tələb etdiyini öyrənəndə onlara necə hay verməyimiz ürəyimizdəkiləri aşkara çıxarır və Allahın kamil iradəsinə müvafiq olmaq üçün hansı dəyişikliklər etməli olduğumuzu görməyə kömək edir (Rom. 12:2; İbr. 4:12).

15. Yehovanın formalaşdırması sayəsində bizdə hansı dəyişikliklər baş verə bilər?

15 Yeşaya 64:8 ayəsini oxu. Yeşaya peyğəmbərin istifadə etdiyi əyani nümunə bizə vacib dərs verir. Hansı mənada Dulusçumuz olan Yehova bizi bir gil kimi formalaşdırır? Əlbəttə, Yehova bizi fiziki cəhətdən dəyişərək gözəl xarici görünüş və ya qəddi-qamət vermir. O, bizi fiziki yox, ruhani cəhətdən formalaşdırır. Əgər Onun bizi formalaşdırmasına yol versək, biz daxilən, yəni ruhən büsbütün dəyişəcəyik. Dünyanın təsirini dəf etmək üçün bizə məhz bu lazımdır. Bəs Yehova bizi necə formalaşdırır?

16, 17. a) Keyfiyyətli saxsı qab düzəltmək üçün dulusçunun gildən necə istifadə etdiyini təsvir et. b) Yehovanın gözündə qiymətli insan olmaq üçün büsbütün dəyişməkdə Allahın Kəlamı bizə necə kömək edir?

16 Keyfiyyətli saxsı qab düzəltmək üçün dulusçu keyfiyyətli gildən istifadə edir. Ancaq gilə forma verməmişdən qabaq iki şey etmək tələb olunur. Birincisi, gil su əlavə edilir ki, kənar cisimlərdən — ağac köklərindən, çör-çöpdən və daşlardan təmizlənsin. Sonra gili lazımi qədər su ilə yoğurmaq və üzərində elə işləmək lazımdır ki, sonra formasını itirməsin.

17 Fikir verin ki, dulusçu sudan həm gili təmizləmək, həm də işləmək asan olsun deyə elastik vəziyyətə gətirmək üçün istifadə edir. Sonra ondan istədiyi qabı, hətta ən zərif qabı belə düzəldə bilər. Allahın Kəlamının həyatımızda eyni rolu oynadığını görürükmü? Bu, bizə Allahı tanımamışdan əvvəl malik olduğumuz düşüncə tərzindən azad olmağa və Onun gözündə qiymətli insan çevrilməyə kömək edir (Efes. 5:26). Biz dəfələrlə Müqəddəs Kitabı hər gün oxumağa və Allahın Kəlamının araşdırıldığı məsihçi yığıncaqlarında müntəzəm iştirak etməyə təşviq olunmuşuq. Bəs biz bunlara nə üçün təşviq olunuruq? Çünki belə etməklə Yehovanın bizi formalaşdırmasına yol veririk (Məz. 1:2; Həv. iş. 17:11; İbr. 10:24, 25).

Büsbütün dəyişmək sənə problemləri daha yaxşı həll etməyə kömək edəcək (18-ci abzasa bax)

18. a) Allahın Kəlamının bizə təsir etməsini və büsbütün dəyişməsini istəyiriksə, onun üzərində dərindən düşünmək nə üçün vacibdir? b) Hansı sualların bizə köməyi dəyə bilər?

18 Allahın Kəlamının bizi büsbütün dəyişməsi üçün onu hər gün oxumaq və araşdırmaq sadəcə başlanğıcdır. Belə baxanda, bir çox insanlar Müqəddəs Kitabı vaxtaşırı oxuyur və orada deyilənlərlə az-çox tanışdırlar. Çox ehtimal ki, xidmətdə bu cür insanlara rast gəlmisən. Bəziləri hətta Müqəddəs Kitabdan oxuduqları parçaları əzbər danışa bilərlər *. Ancaq bu, onların düşüncə və həyat tərzinə bir o qədər də təsir etməyə bilər. Nəyə görə? Çünki Allahın Kəlamının insana təsir etməsi və onu büsbütün dəyişməsi üçün o, Kəlamın ürəyinə təsir etməsinə yol veməlidir (Qalat. 6:6). Bu səbəbdən, biz öyrəndiklərimizin üzərində düşünməyə vaxt ayırmalıyıq. Yaxşı olardı ki, özümüzdən soruşaq: «Oxuduqlarımın sadəcə dini təlim olmadığına əminəmmi? Bunun həqiqət olduğunu anlayırammı? Bundan başqa, öyrəndiklərimdən özümə nə isə götürürəm, yoxsa yalnız başqalarına öyrədə biləcəyim təlim kimi baxıram? Yehovanın şəxsən mənimlə söhbət etdiyini hiss edirəmmi?» Bu cür sualların üzərində dərindən düşünmək Yehova ilə münasibətlərimizi və Ona olan məhəbbətimiz get-gedə möhkəmlənəcək. Öyrəndiklərimiz ürəyimizə təsir edəndə isə biz həyatımızda Allahı sevindirən dəyişikliklər etməyə təşviq olunacağıq (Sül. məs. 4:23; Luka 6:45).

19, 20. Müqəddəs Kitabın hansı məsləhətini tətbiq etmək bizə fayda gətirəcək?

19 Müntəzəm olaraq Allahın Kəlamını oxumaq və üzərində düşünmək artıq müəyyən mənada başladığımız dəyişikliyi davam etdirməyə təşviq edəcək: «Köhnə şəxsiyyəti və onun əməllərini əyninizdən çıxarın, dəqiq bilik sayəsində yeniləşən... şəxsiyyəti geyinin» (Kolos. 3:9, 10). Bəli, biz Allahın Kəlamını tam başa düşə və ona uyğun yaşaya bilərik. Nəticədə, bizdə yaranan yeni məsihçi mənliyi Şeytanın tələlərinə qarşı durmaqda bizə kömək edəcək.

20 «İtaətkar uşaqlar kimi olun... daxilinizdə hökm sürmüş istəklərinizə uymayın... hər bir işinizdə müqəddəs olun», — deyə həvari Peter bizə xəbərdarlıq edir (1 Pet. 1:14, 15). Növbəti məqalədən görəcəyik ki, keçmiş düşüncə tərzimizi və əhval-ruhiyyəmizi kənara qoymaq üçün əlimizdən gələni etməklə və büsbütün dəyişməklə Yehovadan xeyir-dualar alacağıq.

^ abz. 18 «Gözətçi qülləsi» jurnalının 1994-cü il 1 fevral sayının 9-cu səhifəsinin 7-ci abzasındakı (rus.) nümunəyə bax.