Kontentə keç

Mündəricatı göstər

Qarşılaşdırmalardan yararlanın

Qarşılaşdırmalardan yararlanın

Məgər siz İsa Məsihin yer üzündə yaşamış ən böyük Müəllim olduğu ilə razı deyilsiniz? Ola bilsin, siz də onun bəzi təlim üsullarını təqlid edərək suallardan və məsəllərdən istifadə edirsiniz. Bəs heç fikir vermisiniz ki, o, təlim verərkən tez-tez qarşılaşdırmalardan istifadə edirdi?

Bir çox insanlar da danışarkən qarşılaşdırmalardan istifadə edirlər. Bəlkə, siz də çox vaxt qeyri-ixtiyari olaraq belə edirsiniz. Məsələn, ola bilsin, bu kimi cümlələr işlədirsiniz: «Onlar deyirdilər ki, bütün meyvələr yetişib, ancaq bunlar hələ kaldır». Yaxud da: «Balaca olanda o, elə utancaq qız idi, amma indi çox ünsiyyətcildir».

Bu kimi hallarda əvvəlcə fakt və ya fikir təqdim olunur; amma, ancaq, lakin, əksinə və ya digər tərəfdən kimi sözlərdən sonra məlumat əlavə etməklə qarşılaşdırma edilir. Fikirləri bu cür ifadə etmək təbii səslənir və başqaları deyilənləri aydın başa düşür.

Hətta bəzi dillərdə və ya mədəniyyətlərdə qarşılaşdırmalardan istifadə edilməsə də, onların mahiyyətini dərk etmək yaxşı olardı. Nə üçün? Çünki Allahın ilhamlanmış Kəlamında onlara çox rast gəlinir. İsa qarşılaşdırmalardan tez-tez istifadə edirdi. Gəlin onlardan bəzilərinə nəzər salaq: «Çırağı yandıranda onu səbət altına qoymurlar, əksinə, açıq yerə qoyurlar». «“Zina etmə”, — deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam...». «“Göz əvəzinə göz və diş əvəzinə diş”, — deyildiyini eşitmisiniz. Mən isə deyirəm: pis adamdan əvəzini çıxma, amma kim sənin sağ yanağına sillə vurarsa, o biri yanağını da ona çevir» (Mat. 5:15, 27, 28, 38, 39).

Oxşar qarşılaşdırmalar Müqəddəs Kitabın digər kitablarında da var. Onlar fikri başa düşməyə kömək edir, yaxud nəyisə ən yaxşı tərzdə etməyin üsulunu göstərir. «Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün» (Efes. 6:4, Müqəddəs Kitab Şirkəti, 2009). Həvari Pavel sadəcə olaraq atanın (yaxud ana) övladını Allahın tərbiyəsi ilə böyütməli olduğunu yaza bilərdi, bu da müdrik və düzgün olardı. Lakin «övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün» qarşılaşdırılması sayəsində fikir daha aydın başa düşülür.

Pavel bu fəslin növbəti ayələrində yazmışdı: «Mübarizəmiz qan və ətə qarşı deyildir, ancaq... səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır» (Efes. 6:12, İncil, 1996). Bu qarşılaşdırma çox ciddi mübarizə aparmalı olduğumuzu anlamağa kömək edir. Bəli, biz insanlara qarşı mübarizə aparmamalı, əksinə, pis ruhi qüvvələrə qarşı mübarizə aparmalıyıq.

QARŞILAŞDIRMALARIN FAYDASI

Həvari Pavelin «Efeslilərə məktub»unda bir çox başqa qarşılaşdırmalara da rast gəlmək mümkündür. Bu barədə düşünmək bizə Pavelin sözlərinin məğzini və nə etməli olduğumuzu daha aydın başa düşməyə kömək edə bilər.

Yəqin, bu məqləyə əlavə edilmiş və «Efeslilərə məktub»un 4 və 5-ci fəsillərində istifadə olunan qarşılaşdırmalardan ibarət çərçivəni nəzərdən keçirmək sizin üçün xoş və faydalı olacaq. Bu qarşılaşdırmalardan hər birini oxuyanda şəxsən sizə necə aid olduğu barədə düşünün və özünüzdən soruşun: «Əslində, mən buna necə yanaşıram? Bu və ya digər vəziyyətlərdə necə reaksiya göstərirəm? Başqaları bu qarşılaşdırmanın hansı hissəsini məni aid edəcəklər?» İşdir, qənaətə gəlsəniz ki, bu qarşılaşdırmaların hansısa hissəsi üzərində işləməlisiniz, onda öyrəndiklərinizi tətbiq etməyə çalışın. Qoy bu qarşılaşdırmalar sizə fayda gətirsin.

Yaxud da həmin çərçivəni ailəvi ibadət zamanı müzakirə edə bilərsiniz. Əvvəlcə, ailənin bütün üzvləri qarşılaşdırmaların hamısını oxuya bilər. Sonra bir nəfər qarşılaşdırmanın birinci hissəsini xatırlada, digərləri isə ikinci hissədəki fikri tamamlamağa çalışa bilərlər. Bunun sayəsində ailəvi müzakirəniz xoş keçəcək və ikinci hissədəki fikirləri daha yaxşı tətbiq edə biləcəksiniz. Bəli, bu kimi qarşılaşdırmaları araşdırmaq gənclərə və yaşlılara həm ailədə, həm də digər yerlərdə əsil məsihçi kimi davranmağa kömək edəcək.

Bu qarşılaşdırmaların ikinci hissəsini xatırlaya bilərsinizmi?

Qarşılaşdırmaların vacibliyini nə qədər çox dərk etsəniz, Müqəddəs Kitabı oxuyanda onların mənasını bir o qədər də yaxşı başa düşəcək və xidmətiniz üçün faydalı olduğunu görəcəksiniz. Misal üçün, ev sahibinə belə demək olar: «Çoxları hər bir insanda ölməz ruh olduğunu deyir, ancaq görün bu barədə Allahın Kəlamında nə deyilir». Yaxud da Müqəddəs Kitabı öyrənən insana demək olar: «Bizim ərazidə insanların çoxu cəhənnəmin mövcud olduğuna inanırlar, lakin gəlin baxaq bu barədə Müqəddəs Kitabda nə yazılıb. Bəs siz nəyə inanırsınız?»

Bəli, Müqəddəs Yazılarda bizə Allahın yolu ilə getməyə kömək edən çoxlu ibrətamiz qarşılaşdırmalar var. Və biz qarşılaşdırmalardan istifadə edərək başqalarına Müqəddəs Kitab həqiqətini dərk etməyə kömək edə bilərik.