Kontentə keç

Mündəricatı göstər

Səbirlə necə gözləyə bilərik?

Səbirlə necə gözləyə bilərik?

«Məni xilas edən Allahı gözləyəcəyəm» (MİK. 7:7).

1. Səbrimiz nə üçün tükənə bilər?

MƏSİHİN idarə etdiyi Padşahlıq 1914-cü ildə qurulandan sonra Şeytan sisteminin son günləri başladı. Göydə baş verən müharibədən sonra İsa İblisi və cinləri yerin hüdudlarına atdı. (Vəhy 12:7—9 ayələrini oxu.) Şeytan «vaxtının az olduğunu» yaxşı bilir (Vəhy 12:12). Lakin bu vaxt onilliklərdir davam edir və kimlərəsə elə gələ bilər ki, son günlər uzandıqca uzanır. Bəs biz necə, Yehovanın hərəkətə keçəcəyini gözlədiyimiz müddətdə səbirsizlik göstəririkmi?

2. Bu məqalədə nələr nəzərdən keçiriləcək?

2 Səbirsizlik təhlükəli ola bilər, çünki insan belə vəziyyətdə düşünmədən hərəkət edir. Bəs biz səbirlə necə gözləyə bilərik? Bu məqalə növbəti suallara cavab verməklə bizə səbirlə gözləməyə kömək edəcək. 1) Mikeya peyğəmbərdən səbirlə gözləməyə dair nə öyrənə bilərik? 2) Artıq sonun gəldiyinə əlamət nə olacaq? 3) Yehovanın səbrinə görə minnətdarlığımızı necə bildirə bilərik?

MİKEYA PEYĞƏMBƏRDƏN NƏ ÖYRƏNƏ BİLƏRİK?

3. Mikeyanın günlərində İsraildə vəziyyət nə yerdə idi?

3 Mikeya 7:2—6 ayələrini oxu. Yehovanın peyğəmbəri Mikeya görürdü ki, qəddar padşah Axavın rəhbərliyi altında olduqları müddətdə israillilərin ruhani vəziyyəti getdikcə pisləşir. O, itaətsiz israilliləri tikanla müqayisə etmişdi. Tikan insanı yaraladığı kimi, korlanmış israillilər də ətraflarındakı insanlara zərər vururdular. Xalqın vəziyyəti o qədər pis idi ki, hətta ailə münasibətləri də korlanmışdı. Mikeya vəziyyəti dəyişməyin onun əlində olmadığını bilərək ürəyini Yehovaya boşaltdı. O, səbirlə Allahın hərəkətə keçəcəyini gözlədi. Mikeya əmin idi ki, Yehova məsləhət bildiyi vaxtda işə müdaxilə edəcək.

4. Biz hansı çətinliklərlə üzləşirik?

4 Mikeya kimi, biz də xudbin insanlar arasında yaşayırıq. Bu gün insanların əksəriyyəti «nankor, vəfasız, doğmalarını sevməyən»dir (2 Tim. 3:2, 3). İş və ya sinif yoldaşlarımızın, eləcə də qonşularımızın eqoistliyini görmək bizi məyus edir. Ancaq Allahın xidmətçilərindən bəzilərinin daha böyük problemləri olur. İsa davamçılarının ailələri tərəfindən təqib olunacaqlarını demişdi. O, xoş xəbərin insanlara necə təsir edəcəyini təsvir edərkən Mikeya 7:6 ayəsindəki sözlərə bənzər sözlər demişdi: «Mən oğulu atadan, qızı anadan, gəlini qayınanadan ayırmağa gəlmişəm. Bəli, insanın düşmənləri öz evindəkiləri olacaq» (Mat. 10:35, 36). İmanımıza şərik olmayan ailə üzvlərimiz tərəfindən edilən rişxəndlərə və təqiblərə dözmək olduqca çətindir. Əgər bu cür sınaqlarla üzləşiriksə, gəlin heç vaxt təslim olmayaq. Əksinə, sadiqliyimizi qoruyaraq Yehovanın məsələni necə həll edəcəyini səbirlə gözləyək. Daim Ondan kömək istəsək, O, bizi möhkəmləndirəcək və tab gətirməyimiz üçün ehtiyac duyduğumuz müdrikliyi verəcək.

5, 6. Yehova Mikeyanı necə mükafatlandırdı, bəs o, nəyin yerinə yetdiyini görmədi?

5 Yehova Mikeyanı səbrinə görə mükafatlandırdı. Mikeya Axaz padşahın və onun pis hakimiyyətinin süqutunu öz gözləri görmüşdü. O həmçinin Axazın oğlu Xizqiyanın taxta əyləşdiyini və təmiz ibadəti bərpa etdiyini görmüşdü. Mikeya Yehovanın onun vasitəsilə Samariya barədə dediyi hökm xəbərinin aşşurlular İsrailin şimal padşahlığını ələ keçirən zaman yerinə yetdiyinin də şahidi olmuşdu (Mik. 1:6).

6 Lakin Mikeya Yehovanın onun vasitəsilə dediyi peyğəmbərliklərin hamısının yerinə yetdiyini görmədi. Misal üçün, o yazmışdı: «Axır zamanda Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək. Çox millətlər gəlib deyəcək: “Gəlin Rəbbin dağına... qalxaq”» (Mik. 4:1, 2). Mikeya bu peyğəmbərliyin yerinə yetməsindən uzun illər qabaq öldü. Ətrafındakı insanların nə oyunlarından çıxmalarına baxmayaraq, o, ömrünün sonuna kimi Yehovaya sadiq qalmağa qətiyyətli idi. Bu barədə Mikeya yazmışdı: «Bütün xalqlar, öz allahlarının adı ilə getsələr belə, biz daim və əbədi Allahımız Rəbbin adı ilə gedirik» (Mik. 4:5). Mikeya çətin anlarda səbirlə gözləməyi bacarırdı, çünki Yehovanın bütün niyyətlərini həyata keçirəcəyinə tam əmin idi. Bəli, sadiq peyğəmbər Yehovaya etibar edirdi.

7, 8. a) Yehovaya etibar etmək üçün hansı səbəbimiz var? b) Vaxtın tez keçməsi üçün nə edə bilərik?

7 Biz də Yehovaya bu cür etibar edirikmi? Bunun üçün əsaslı səbəbimiz var. Belə ki, biz Mikeyanın peyğəmbərliyinin yerinə yetdiyini öz gözlərimizlə görürük. «Axır zamanda» hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən olan milyonlarla insan «Rəbbin evi olan dağ»a axışır. Allaha xidmət edən bu insanlar bir-birinə düşmən xalqlardan olsalar da, onlar «qılınclarından kotan» düzəldib və artıq «dava etməyi [öyrənmirlər]» (Mik. 4:3). Biz nə xoşbəxtik ki, Yehovanın sülhsevər xalqının arasındayıq!

8 Aydındır ki, biz Yehovanın bu pis sistemə tezliklə son qoymasını istəyirik. Ancaq səbirlə gözləmək üçün gərək hadisələrə Yehovanın gözü ilə baxaq. O, bir gün təyin edib və həmin gün «seçdiyi adam» — İsa Məsih vasitəsilə bəşəriyyətə hökm çıxaracaq (Həv. iş. 17:31). Bundan əvvəl isə Allah hər kəsə «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyə, bu biliyə əsasən davranmağa və xilasa nail olmağa imkan verir. Axı insanların dəyərli həyatı təhlükə altındadır. (1 Timoteyə 2:3, 4 ayələrini oxu.) Əgər biz insanların Allah haqqında dəqiq biliyə yiyələnmələrinə daim kömək etsək, Yehovanın hökm günü bizim üçün daha tez gələcək. Vaxt bir göz qırpımında keçəcək. O gün gələndə vaxtımızı Padşahlığın təbliğ işinə sərf etdiyimiz üçün çox sevinəcəyik!

SONUN GƏLDİYİNƏ ƏLAMƏT NƏDİR?

9-11. 1 Salonikililərə 5:3 ayəsindəki peyğəmbərlik yerinə yetibmi? İzah edin.

9 1 Salonikililərə 5:1—3 ayələrini oxu. Yaxın gələcəkdə millətlər: «Sülh və təhlükəsizlik», — deyə bəyan edəcəklər. Bu bəyanata aldanmamaq üçün gəlin «oyaq qalıb ayıq olaq» (1 Salon. 5:6). Ruhən ayıq qalmaq üçün yaxşı olardı ki, bu vacib bəyanata gətirib çıxaran hadisələri qısaca nəzərdən keçirək.

10 Baş vermiş dünya müharibələrinin hər birindən sonra millətlər sülh tələb etmişdilər. Birinci Dünya müharibəsindən sonra sülh gətirəcəyi ümidi ilə Millətlər Cəmiyyəti quruldu. İkinci Dünya müharibəsindən sonra isə insanlar Birləşmiş Millətlər Təşkilatının bəşəriyyətə sülh gətirəcəyini gözləyirdilər. Hökumət və din rəhbərləri də bu təşkilatlardan eyni şeyi gözləyirdilər. Misal üçün, Birləşmiş Millətlər Təşkilatı 1986-cı ili Beynəlxalq sülh ili elan etdi. Həmin il bir çox millətlərin və dinlərin başçıları toplaşıb Assisidəki (İtaliya) Katolik kilsəsinin başçısı ilə birgə sülh üçün dualar etdilər.

11 Lakin sülh və təhlükəsizliklə bağlı nə bu, nə də digər bəyanatlar 1 Salonikililərə 5:3 ayəsindəki peyğəmbərliyin yerinə yetməsi olmadı. Nəyə əsasən belə demək olar? Çünki ayədə deyilən «qəfil [məhv]» hələ baş verməyib.

12. «Sülh və təhlükəsizlik» bəyanatı haqda nə bilirik?

12 «Sülh və təhlükəsizlik»lə bağlı bu vacib bəyanat gələcəkdə kim tərəfindən veriləcək? Xristian dünyasının və digər dinlərin başçılarının rolu nədən ibarət olacaq? Ölkə başçıları bu bəyanata necə cəlb olunacaq? Müqəddəs Yazılarda bu barədə heç nə deyilmir. Ancaq biz bir şeyi bilirik ki, onlar nə bəyan etsələr də, dedikləri nə qədər inandırıcı səslənsə də, bunlar yalnız quru sözlər olacaq. Həmin vaxt köhnə sistem hələ də Şeytanın rəhbərliyi altında olacaq. Bu sistem özəyinə kimi çürükdür və onda heç nə dəyişməyəcək. Bizlərdən kiminsə Şeytanın təbliğatına uyub məsihçi bitərəfliyini itirməsi necə də acınacaqlı olardı!

13. Mələklər dağıdıcı küləkləri nə üçün tutub saxlayırlar?

13 Vəhy 7:1—4 ayələrini oxu. Biz 1 Saloniklilərə 5:3 ayəsinin yerinə yetməsini gözlədiyimiz müddətdə qüdrətli mələklər böyük müsibətin dağıdıcı küləklərini tutub saxlayırlar. Onlar nəyi gözləyirlər? Vacib səbəblərdən biri həvari Yəhyanın təsvir etdiyi Allahın məsh olunmuş qullarının sonuncu möhürlənməsidir *. Sonuncu möhürlənmə tamamlananda mələklər dağıdıcı küləkləri buraxacaqlar. O zaman nə baş verəcək?

14. Böyük Babilin məhvinin yaxın olduğu nədən görünür?

14 Yalan dinin dünya imperiyası olan Böyük Babil layiq olduğu məhvə düçar olacaq. Xalqlar, kütlələr, millətlər və dillər ona heç bir çarə qıla bilməyəcəklər. Çünki, onun sonunun yaxın olduğunu göstərən əlamətlər artıq göz qabağındadır (Vəhy 16:12; 17:15—18; 18:7, 8, 21). Əslində, onun dəstəklənmədiyi artıq indidən — dinlərin və din rəhbərlərinin kütləvi informasiya vasitələrində daha çox tənqid atəşinə tutulmasından görünür. Bununla belə, Böyük Babilin rəhbərləri təhlükə altında olduqlarını düşünmürlər. Ancaq onlar böyük səhv edirlər! «Sülh və təhlükəsizlik» bəyanatından sonra Şeytan dünyasının siyasi qüvvələri yalan dinə qəfil hücum edəcək və onu yer üzündən siləcək. Böyük Babilin izi-tozu qalmayacaq! Sözsüz, bu cür əlamətdar hadisələri səbirlə gözləməyə dəyər! (Vəhy 18:8, 10).

ALLAHIN SƏBRİNƏ GÖRƏ MİNNƏTDARLIĞIMIZI NECƏ GÖSTƏRƏ BİLƏRİK?

15. Nəyə görə Yehova tələm-tələsik hərəkətə keçmir?

15 İnsanların Onun adını bədnam etmələrinə baxmayaraq, Yehova hərəkətə keçmək üçün səbirlə münasib vaxtı gözləyir. Yehova heç bir təmizqəlbli insanın məhv olmasının istəmir (2 Pet. 3:9, 10). Bəs biz Yehovanın hisslərinə şərikikmi? Yehovanın günü gəlməmişdən qabaq, biz Onun səbrinə görə minnətdarlığımızı növbəti üsullarla göstərə bilərik.

16, 17. a) Nəyə görə qeyri-fəallara kömək etməliyik? b) Nəyə görə indi qeyri-fəalların Yehovaya qayıtmasının vaxtıdır?

16 Qeyri-fəal olanlara kömək edin. İsa demişdi ki, hətta itmiş bir qoyunun tapılması göydə böyük sevincə səbəb olur (Mat. 18:14; Luka 15:3—7). Yehova Onun adına məhəbbət göstərən, hətta hal-hazırda qeyri-fəal olan hər kəsin qeydinə qalır. Biz bu cür insanlara yığıncağa qayıtmağa kömək edəndə Yehovanı və mələkləri sevindirmiş oluruq.

17 Ola bilsin, siz də hal-hazırda Allaha xidmətdən soyumusunuz. Bəlkə də, yığıncaqda kimsə xətrinizə dəydiyinə görə Yehovanın təşkilatı ilə əlaqəni kəsmisiniz. Yəqin, baş verənlərin üstündən bir qədər vaxt keçib. İndi özünüzdən soruşun: «Əvvəlkinə nisbətən daha mənalı və xoşbəxt həyat sürürəm? Xətrimə dəyən Yehova olub, yoxsa qeyri-kamil insan? Yehova məni yaralayacaq nəsə edib?» Əslində, Yehova bizə qarşı həmişə xeyirxah olub. Hətta Ona həsr olunmağımıza uyğun yaşamasaq da, O, sevinc gətirən şeylərdən bizi məhrum etmir (Yaq. 1:16, 17). Yehovanın günü tezliklə yetişəcək. İndi səmavi Atamızın isti qucağına və yığıncağa — bu axır günlərdə ən təhlükəsiz yerə qayıtmağın əsil vaxtıdır (Qanun. t. 33:27; İbr. 10:24, 25).

Yehovanın xalqı qeyri-fəalların Yehovaya qayıtması üçün əlindən gələni edir (16, 17-ci abzaslara bax)

18. Üzərimizdə rəhbərlik edənləri nə üçün dəstəkləməliyik?

18 Üzərinizdə rəhbərlik edənləri sədaqətlə dəstəkləyin. Yehova, qayğıkeş Çoban kimi, bizə rəhbərlik verir və qoruyur. O, Oğlunu Öz sürüsünün üzərinə Baş Çoban təyin edib (1 Pet. 5:4). Ağsaqqallar 100 000-dən çox yığıncaqda Allahın sürüsünü canla-başla otarırlar (Həv. iş. 20:28). Üzərimizdə rəhbərlik edənləri sədaqətlə dəstəkləməklə bizim üçün etdikləri hər şeyə görə Yehovaya və İsaya minnətdarlığımızı bildirmiş oluruq.

19. Bir-birimizə daha yaxın olmaq üçün nə edə bilərik?

19 Bir-birinizə daha yaxın olun. Bu nə deməkdir? Düşmən yaxşı təlim almış orduya hücum çəkəndə, adətən, əsgərlər sıralarını sıxlaşdırmağa, yəni bir-birinə yaxın dayanmağa çalışırlar. Bununla onlar möhkəm müdafiə yaradırlar. Şeytan Allahın xalqına hücumlarını gücləndirir. İndi bir-birimizlə didişməyin vaxtı deyil. İndi bir-birimizə daha yaxın olmağın, bir-birimizin qeyri-kamilliyinə göz yummağın və Yehovanın rəhbərliyinə etibar etməyin vaxtıdır.

İndi İblisə və cinlərə qarşı durmaq üçün bir-birimizə daha yaxın olmağın vaxtıdır (19-cu abzasa bax)

20. İndi nəyin vaxtıdır?

20 Gəlin hər birimiz ruhən ayıq qalıb səbirlə gözləyək. Gəlin «sülh və təhlükəsizlik» bəyanatını və seçilmişlərin sonuncu möhürlənməsini səbirlə gözləyək. Sonra dörd mələk dağıdıcı küləkləri buraxacaq və Böyük Babil məhv olacaq. Bu əlamətdar hadisələri gözləyərkən gəlin Yehovanın təşkilatında rəhbərlik həvalə olunan kəslərdən aldığımız göstərişlərə tabe olaq. İblisə və cinlərə qarşı durmaq üçün bir-birimizə sipər olaq! Bəli, indi məzmurçunun çağırışına hay verməyin vaxtıdır: «Ey Rəbbə ümid bağlayan bütün insanlar, möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun!» (Məz. 31:24).

^ abz. 13 Məsh olunmuş məsihçilərin ilk və son möhürlənməsi arasındakı fərqi araşdırmaq üçün «Gözətçi qülləsi» jurnalının 2007-ci il 1 yanvar sayının 30, 31-ci səhifələrinə (rus.) baxın.