Kontentə keç

Mündəricatı göstər

Qoy heç nə ağlınızı asanlıqla çaşdırmasın!

Qoy heç nə ağlınızı asanlıqla çaşdırmasın!

«Qardaşlar,.. xahiş edirik... qoymayasınız ki, bu şayiələr ağlınızı belə asanlıqla çaşdırsın» (2 SALON. 2:1, 2).

1, 2. Nəyə görə fırıldaqçılıq bu gün geniş yayılıb və biz nə cür fırıldaqçılıqla üzləşirik? (Məqalənin əvvəlindəki şəklə bax.)

ŞAYİƏLƏR, yalanlar və fırıldaqçılıq bütün dünyanı bürüyüb. Bu, bizi heç də təəccübləndirməməlidir. Müqəddəs Kitab aydın göstərir ki, Şeytan İblis mahir yalançıdır və bu dünya onun əlindədir (1 Tim. 2:14; 1 Yəh. 5:19). Bu pis sistemin sonu yaxınlaşdıqca Şeytan «vaxtının az olduğunu bilərək» daha da qəzəblənir (Vəhy 12:12). Buna görə də biz İblisin təsiri altında olan insanların həqiqi ibadətə bağlı olan kəslərə qarşı riyakarlığının xüsusilə artdığını görürük.

2 Bəzən jurnalistlər Yehovanın xidmətçiləri və onların təlimləri barədə yalan iddialar və ağ yalanlar yazırlar. Qəzet başlıqları, televiziya verilişləri və İnternet səhifələri vasitəsilə yalan məlumatlar yayılır. Nəticədə, bəzi insanlar bu cür yalanlara kor-koranə inanaraq özlərindən çıxırlar.

3. Aldanmamağa bizə nə kömək edə bilər?

3 Düşmənlərimizin bu cür dağıdıcı fəndlərinə qarşı durmaq üçün əlimizdə «islah... üçün [faydalı]» olan Allahın Kəlamı olduğuna görə necə də minnətdarıq (2 Tim. 3:16). Birinci əsrdə həvari Pavelin yalanlara uyan Salonikidəki bəzi məsihçilərə yazdığı məktubları araşdırmaq bizim üçün olduqca vacibdir. O, onlara məsləhət görürdü ki, gəzən şayiələrin ağıllarını asanlıqla çaşdırmasına yol verməsinlər (2 Salon. 2:1, 2). Pavelin məhəbbət dolu xəbərdarlığından nə öyrənə bilərik və bunu öz şəraitimizə necə tətbiq edə bilərik?

VAXTLI-VAXTINDA VERİLƏN XƏBƏRDARLIQLAR

4 Saloniki yığıncağına yazdığı birinci məktubunda  Pavel diqqəti «Yehovanın günü»nün gəlişinə yönəltmişdi. O istəmirdi ki, qardaşlar zülmətdə və hazırlıqsız olsunlar. Əksinə, o, onları nurun oğulları kimi, oyaq qalıb ayıq olmağa təşviq edirdi. (1 Salonikililərə 5:1—6 ayələrini oxu.) Bu gün biz yalan dinin dünya imperiyası olan Böyük Babilin məhvini gözləyirik. Bu, Yehovanın böyük gününün başlamasına bir işarə olacaq. Nə yaxşı ki, biz Yehovanın niyyətinin yerinə yetməsi ilə bağlı dəqiq biliklərə malikik. Həmçinin biz müntəzəm olaraq yığıncaqlarda ayıq qalmağımıza kömək edən xatırlatmalar alırıq. Bu cür təkrar xatırlatmalar zehnimizi müqəddəs xidmətin icrasına sərf etmək qətiyyətimizi möhkəmləndirə bilər (Rom. 12:1).

Pavelin salonikililərə yazdığı məktublar məsihçilər üçün vaxtında verilən xəbərdarlıq idi (4, 5-ci abzaslara bax)

5, 6. a) Salonikililərə ikinci məktubunda Pavel diqqəti nəyə yönəltmişdi? b) Tezliklə Allah İsa vasitəsilə nəyi həyata keçirəcək və biz özümüzə hansı sualları verməliyik?

5 Salonikililərə birinci məktubunu göndərdikdən qısa bir müddət sonra Pavel onlara ikinci məktubunu da göndərdi. Bu məktubunda o, diqqəti Ağamız İsanın «Allahı [tanımayanlar] və... xoş xəbərə itaət [etməyənlər]» üzərində Yehovanın hökmünü icra edən zaman baş verəcək müsibətə cəmləyir (2 Salon. 1:6—8). Bu məktubun 2-ci fəslində izah edilir ki, yığıncağın bəzi üzvləri Yehovanın gününə çox az qaldığına inandıqları üçün təşvişə düşmüşdülər. (2 Salonikililərə 2:1, 2 ayələrini oxu.) Bu erkən məsihçilərin Yehovanın niyyətlərinin necə yerinə yetməsi ilə bağlı bilikləri kasad idi, hətta sonradan Pavel bu peyğəmbərliklə bağlı etiraf etmişdi: «Biliyimiz məhdud və etdiyimiz peyğəmbərlik natamamdır. Ancaq bütövlük gələndə natamamlıq aradan qalxacaq» (1 Kor. 13:9, 10). Buna baxmayaraq, Pavel həvari Peterin və digər sadiq qardaşların öz imanlarını qoruya bilmələri üçün Allahdan gələn xəbərdarlıqları qələmə almışdı.

6 Hər şeyi öz qaydasına salmaq üçün Pavel Allahdan ilham alaraq izah etmişdi ki, Yehovanın günündən əvvəl böyük dönüklük baş verməli və «qanunsuzluq adamı» peyda olmalı idi *. Bundan  sonra isə Ağamız İsa aldananları münasib bildiyi vaxtda «yox edəcək». Həvari onların hökmə düçar olmalarının səbəbini göstərir; səbəb onların «xilas gətirən həqiqəti [sevməmələri]» idi (2 Salon. 2:3, 8—10). Buna görə də yaxşı olardı ki, özümüzə növbəti sualları verək: «Həqiqəti nə qədər sevirəm? Yeni təlimlərdən xəbərdar olmaq üçün Allahın xalqının bütün dünyadakı yığıncaqlarına təqdim olunan bu jurnalı və Müqəddəs Kitaba əsaslanan digər nəşrləri araşdırırammı?»

DOST SEÇƏRKƏN MÜDRİK OLUN

7, 8. a) Erkən məsihçilər hansı təhlükə ilə mübarizə aparırdılar? b) Bu gün həqiqi məsihçilər üçün hansı təhlükə var?

7 Məsihçilər üçün təhlükə yalnız dönüklər və onların təlimləri deyil. Pavel Timoteyə yazmışdı ki, «hər cür pisliyin kökü pulpərəstlikdir». Həvari qeyd etmişdi: «Bəziləri bu sevdaya düşərək iman yolundan çıxmış, özlərini sanki qılıncla yaralayaraq çoxlu əzab çəkmişlər» (1 Tim. 6:10). Daimi təhlükələrdən biri də «bədənin əməlləri»dir (Qalat. 5:19—21).

8 Pavelin «qondarma həvarilər» adlandırdığı kəslərdən gələn ciddi təhlükələr barədə salonikililəri nəyə görə qətiyyətlə xəbərdarlıq etdiyini başa düşmək olar. Onların arasından bəziləri «şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif [etmişdilər]» (2 Kor. 11:4, 13; Həv. iş. 20:30). Sonralar İsa Efes yığıncağını «pis adamlara [dözmədikləri]» üçün tərifləmişdi. Efeslilər insanları sınaqdan keçirib qondarma həvarilər və yalançılar olduqlarını sübut edirdilər (Vəhy 2:2). Maraqlıdır ki, salonikililərə ikinci məktubunu yazanda Pavel belə bir çağırış etmişdi: «Qardaşlar, sizə Ağamız İsa Məsihin adı ilə əmr edirik ki,.. nizam-intizamı pozan qardaşdan uzaq gəzəsiniz». Sonra o, «işləmək istəməyən» məsihçiləri xüsusilə vurğulamışdı (2 Salon. 3:6, 10). Lakin əgər onların nizam-intizamı pozan olduqları deyilirsə, onda görün dönüklük yoluna qədəm qoyanlar üçün bu nə qədər yəqindir! Bəli, o vaxtlar bu cür insanlarla oturub-durmaq xüsusilə təhlükəli idi və bundan qaçmaq tələb olunurdu — bu indi də belədir (Sül. məs. 13:20).

9. Kimsə aldatmağa və tənqidi danışmağa başlayanda biz nə üçün ehtiyatlı olmalıyıq?

9 Biz böyük müsibətin və bu pis sistemin məhvinin astanasındayıq, buna görə də birinci əsrdə verilən bu ilhamlanmış xəbərdarlıqlar bizim üçün də olduqca vacibdir. Əlbəttə, biz Yehovanın lütfünün «hədər getməsin»i və göydə, yaxud yerdə vəd olunan əbədi həyatı itirmək istəmirik (2 Kor. 6:1). Əgər kimsə yığıncaq görüşlərinə gəlib öz uydurma fikirlərini və ya tənqidi nöqteyi-nəzərini yeritməyə çalışırsa, biz olduqca ehtiyatlı olmalıyıq (2 Salon. 3:13—15).

«ÖYRƏNDİKLƏRİNİZƏ SADİQ QALIN»

10. Salonikidəki məsihçilər hansı təlimlərə riayət etməyə təşviq olunurdular?

10 Pavel Salonikidəki qardaşları mətin olmağa və öyrəndikləri təlimlərə sadiq qalmağa təşviq edirdi. (2 Salonikililərə 2:15 ayəsini oxu.) Bəs onlar hansı təlimi öyrənmişdilər? Əlbəttə, söhbət yalan dinin təlimlərindən yox, İsanın təlimlərindən, eləcə də Pavel və digərlərinin Allahdan ilham alaraq yazdıqları sözlərdən gedirdi. Pavel həmçinin Korinf yığıncağındakı qardaşları onu hər zaman yadda saxladıqları və öyrətdiyi təlimlərə sadiq qaldıqları üçün tərifləyirdi (1 Kor. 11:2). Bu təlimlər mötəbər  mənbədən gəlirdi və həqiqətən də, etibarlı idi.

11. Bəziləri yalanın qurbanı necə ola bilərlər?

11 İbranilərə məktubunda Pavel diqqəti məsihçinin imanını itirməsinə və həqiqətdə zəifləməsinə səbəb olacaq iki vəziyyətə yönəltmişdi. (İbranilərə 2:1; 3:12 ayələrini oxu.) O, insanı nəyinsə başqa səmtə aparmasından və onun özünün Allahdan uzaqlaşmasından danışırdı. İlk baxışdan qayığın səmtinin dəyişdiyi və get-gedə sahildən aralandığı gözə çarpmaya bilər. Digər tərəfdən, insan özü qayığı itələyib sahildən uzaqlaşdıra bilər. Hər iki vəziyyət insanın yalanın qurbanı olmasına və həqiqətə olan etibarının zəifləməsinə yol verməsini yaxşı təsvir edir.

12. Bu gün hansı məşğuliyyətlər ruhaniliyimizi təhlükəyə ata bilər?

12 Yəqin, bəzi salonikililər belə vəziyyətə düşmüşdülər. Bəs bu gün vəziyyət nə yerdədir? Bir çox şeylər vaxtımızı ala bilər. Məsihçi sosial şəbəkələrdə ünsiyyətin, elektron mesajları oxuyub cavablandırmağın, yalnız sevdiyi işlərlə məşğul olmağın və ya idman xəbərlərini izləməyin vaxtını nə qədər aldığı üzərində düşünməlidir. Bu məşğuliyyətlərin istənilən biri məsihçini yayındıra və səyini zəiflədə bilər. Nəticədə, o, səmimi dualar etməyə, Allahın Kəlamını araşdırmağa, görüşlərdə iştirak etməyə və xoş xəbərin təbliğinə az vaxt sərf edə bilər. Bu kimi şeylərin ağlımızı asanlıqla çaşdırmasına imkan verməmək üçün nə etməliyik?

ÖZÜMÜZÜ NECƏ MÜDAFİƏ EDƏ BİLƏRİK?

13. Qabaqcadan deyildiyi kimi, çoxları hansı əhval-ruhiyyəni əks etdirirlər və imanımız nəyin sayəsində sarsılmaya bilər?

13 Biz Şeytan dünyasının sonunun yaxın olduğunu, eləcə də «axır günlər»lə bağlı biliyi rədd edən kəslərlə ünsiyyətin təhlükəli olduğunu yadda saxlamalıyıq. Bu dövrlə bağlı həvari Peter yazmışdı: «Kinayə ilə danışan rişxəndçilər peyda olacaq. Onlar öz istədikləri kimi hərəkət edib deyəcəklər: “Bəs hanı onun vəd edilmiş iştirakı? Axı dədə-babalarımız ölüm yuxusuna gedəndən sonra da hər şey yaradılışdan bəri olduğu kimi durur”» (2 Pet. 3:3, 4). Allahın Kəlamını hər gün oxumaq və araşdırmaq bizə diqqəti yaşadığımız dövrə cəmləməyə — «axır günlər»də yaşadığımızdan agah olmağa kömək edəcək. Haqqında qabaqcadan deyilən dönüklük uzun illər öncə özünü aydın şəkildə göstərmişdi və bu gün də mövcuddur. «Qanunsuzluq adamı» mövcudluğuna və Allahın xalqını təqib etməyə davam edir. Buna görə də biz Yehovanın gününün yaxınlaşdığı ərəfədə oyaq qalmalıyıq (Sef. 1:7).

Yaxşı hazırlaşmaq və xidmətdə iştirak etmək bizə heç nəyin ağlımızı asanlıqla çaşdırmasına yol verməməyə kömək edir (14, 15-ci abzaslara bax)

14. Daim Allaha xidmətdə olmaq bizi necə müdafiə edir?

14 Təcrübə göstərir ki, oyaq qalmaq və heç nəyin ağlımızı çaşdırmasına yol verməmək üçün, ilk növbədə, Padşahlıq haqqında xoş xəbəri müntəzəm təbliğ etmək lazımdır. Beləliklə, yığıncağın Başı olan İsa Məsih davamçılarına bütün millətlərdən olan insanlardan şagird hazırlamaq, onun təlimlərinə riayət etməyi öyrətmək əmrini vermişdi və bu tapşırıq davamçılarını müdafiə edəcəkdi (Mat. 28:19, 20). Onun göstərişinə uyğun davranmaq üçün biz təbliğ işində canla-başla iştirak etməliyik. Heç Salonikidəki qardaşların təbliğ və təlim işinə başdansovdu yanaşdıqlarını, bir borc kimi, candərdi yerinə yetirdiklərini təsəvvür edə bilərsinizmi? Görün Pavel onlara nə deyir:  «Müqəddəs ruhun alovunu söndürməyin. Peyğəmbərlik sözlərinə etinasız yanaşmayın» (1 Salon. 5:19, 20). Öyrəndiyimiz və başqaları ilə bölüşdüyümüz peyğəmbərliklər, sözün əsil mənasında, möhtəşəmdir!

15. Ailəvi ibadət zamanı hansı faydalı fikirləri müzakirə etmək olar?

15 Biz ailə üzvlərimizə xidmətdə səriştəli olmağa kömək etmək istəyirik. Bunun üçün bir çox bacı-qardaşlar ailəvi ibadətlərinin bir hissəsini xidmətə hazırlaşmağa sərf edirlər. Ola bilsin, siz ailə üzvlərinizlə maraqlananlara təkrar başçəkmə etməyin üsullarını araşdıracaqsınız. Məsələn, növbəti dəfə baş çəkəndə nə demək olar? Hansı mövzular insanların marağını artıra bilər? Baş çəkmək üçün ən münasib vaxt hansıdır? Çoxları ailəvi ibadət zamanı yığıncaq görüşlərinə hazırlaşmağa da bir qədər vaxt ayırırlar. Bəs siz görüşlərdə şərh vermək üçün daha çox şey edə bilərsiniz? Görüşlərdə şərh vermək imanınızı möhkəmləndirəcək və ağlınızın asanlıqla çaşdırılmaması üçün sizə kömək edəcək (Məz. 35:18). Bəli, ailəvi ibadət uydurma fikirlərdən və şübhələrdən müdafiə edir.

16. Məsh olunmuşların zehinlərini qorumaları üçün hansı stimulları var?

16 İllər ərzində biz Yehovanın xeyir-duası sayəsində Müqəddəs Kitab peyğəmbərliklərini daha dərindən başa düşmüşük. Bu, bizi qarşıda daha möhtəşəm mükafat gözlədiyinə əmin edir. Məsələn, məsh olunmuşların göydə Məsihə qovuşmaq ümidi var. Bu, onların zehinlərini qorumaları üçün necə də böyük stimuldur! Pavelin salonikililərə yazdığı növbəti sözləri əminliklə onlara aid edə bilərik: «Yehovanın sevimliləri, əziz qardaşlar, biz sizdən ötrü Allaha daima şükür etməyi özümüzə borc bilirik, axı Allah sizi əzəldən seçdi ki, müqəddəs ruhla paklanmağınız və həqiqətə olan inamınız sayəsində siz xilasa yetişəsiniz» (2 Salon. 2:13).

17. 2 Salonikililərə 3:1—5 ayələrindəki sözlər sizi necə ruhlandırır?

17 Həmçinin yer üzündə əbədi yaşamaq ümidi olanlar da yol verməməlidirlər ki, nəsə onların ağlını çaşdırsın. Əgər sizin də yerüzü ümidiniz varsa, onda Pavelin Salonikidəki məsh olunmuşlara yazdığı ruhlandırıcı sözləri ürəkdən qəbul edin. (2 Salonikililərə 3:1—5 ayələrini oxu.) Hər birimiz bu məhəbbətli sözləri qiymətləndirməliyik. Bəli, salonikililərə yazılan məktublar uydurma və ya şübhəli fikirlər barədə vacib xəbərdarlıqlar verir. Sonun yaxınlaşdığı bir vaxtda yaşadıqları üçün məsihçilər bu xəbərdarlıqları çox qiymətləndirirlər.

^ abz. 6 Həvarilərin işləri 20:29, 30 ayələrində Pavel qeyd etmişdi ki, məsihçi yığıncaqlarının içindən «adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər». Tarix göstərir ki, vaxt keçdikcə yığıncaqlarda təbəqələrə bölünmə baş vermişdi. Eramızın üçüncü əsrindən başlayaraq «qanunsuzluq adamı» bir qrup kimi Xristian dünyasının ruhanilərinin simasında peyda oldu. («Gözətçi qülləsi»nin 1990-cı il 1 fevral sayının 10—14 səhifələrinə (rus.) baxın.)