Kontentə keç

Mündəricatı göstər

Bunu «xatirəmi yad etmək üçün» edin

Bunu «xatirəmi yad etmək üçün» edin

«Şükür edib [çörəyi] böldü və dedi: “Bu çörək sizin uğrunuzda verilən bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin”» (1 KOR. 11:24).

1, 2. İsanın Yerusəlimə sonuncu səyahətindən əvvəl bəzi həvarilər nə barədə fikirləşə bilərdilər?

«BULUD çəkilib, səma açılıb və biz ayı oraq şəklində görürük. Çox ehtimal ki, keçən gecə Yerusəlimdəki gözətçilər də təzə ayın çıxmasını görüblər. Sinedrion bundan xəbər tutan kimi yeni ayın, nisan ayının başladığını xəbər verib. Sonra carçılar bu xəbəri dərhal hər yerə, hətta bura da çatdırıblar. Sözsüz, İsa Pasxa başlamazdan əvvəl Yerusəlimə yollanmaq istəyəcək».

2 Yəqin, bu fikirlər Yerusəlimə sonuncu səyahəti zamanı Pereyada (İordan çayının o tayı) İsa ilə birlikdə olan həvarilərdən bəzilərinin ağlına gəlmişdi (Mat. 19:1; 20:17, 29; Mark 10:1, 32, 46). Nisan ayının birinci günü təyin olunandan sonra ayının 14-ü günbatandan sonra keçiriləcək Pasxaya 13 gün qalırdı.

3. Nə üçün məsihçiləri Pasxanın tarixi maraqlandırır?

3 Pasxa günü ilə üst-üstə düşən Ağamızın şam yeməyi 2014-cü ildə aprelin 14-ü günbatandan sonra qeyd olunacaq. Bu, həm məsihçilər, həm də maraqlananlar üçün xüsusi gün olacaq. Bunun səbəbini 1 Korinflilərə 11:23—25 ayələrindən oxuya bilərik: «İsa ələ veriləcəyi gecə bir çörək götürdü, şükür edib onu böldü və dedi: “Bu çörək sizin uğrunuzda verilən bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin”... Sonra o, camı götürdü».

4. a) Xatirə gecəsi ilə əlaqədar hansı suallar yarana bilər? b) Hər il Xatirə gecəsinin tarixi necə müəyyən olunur? («2014-cü ilin Xatirə gecəsi» adlı çərçivəyə bax.)

4 Şübhəsiz, siz İsanın davamçılarına hər il qeyd etməyi tapşırdığı həmin hadisədə iştirak edəcəksiniz. Ancaq əvvəlcə özünüzdən soruşun: «Mən bu mərasimə necə hazırlaşmalıyam? Mərasimdə hansı simvollardan istifadə ediləcək? Mərasim necə keçiriləcək? Bu mərasim və orada istifadə olunan simvollar  mənim üçün hansı mənanı daşımalıdır?»

SİMVOLLAR

5. İsa həvariləri ilə sonuncu Pasxa bayramı üçün hansı hazırlıqları görmüşdü?

5 İsa həvarilərinə Pasxa yeməyi üçün otaq hazırlamağı tapşıranda otağın təmtəraqlı bəzədilməsini nəzərdə tutmurdu, əksinə, görünür o, dəvət olunanların yerləşə biləcəyi münasib və təmiz bir otağın olmasını istəyirdi. (Mark 14:12—16 ayələrini oxu.) Onlar mayasız çörək və qırmızı şərab da daxil olmaqla, yemək üçün nəsə hazırlamalı idilər. Pasxa yeməyini bitirdikdən sonra İsa onların diqqətini iki simvola yönəltdi.

6. a) Pasxa yeməyindən sonra İsa çörəklə bağlı nə dedi? b) Xatirə gecəsində necə çörəkdən istifadə olunur?

6 Həmin vaxt orada olan həvari Matta sonradan yazmışdı: «İsa çörək götürüb Allaha şükür etdi və çörəyi bölüb şagirdlərinə verdi. Sonra dedi: “Götürün, yeyin”» (Mat. 26:26). Pasxa üçün istifadə olunan çörək kimi, həmin «çörək» də mayasız idi (Çıx. 12:8; Qanun. t. 16:3). Çörək buğda unundan və sudan hazırlanır, maya, duz və başqa heç bir ədviyyat qatılmırdı. Tərkibində maya olmadığı üçün çörək qabarmırdı. O, sadə, quru, kövrək və asanlıqla bölünən olmalı idi. Bu gün də Xatirə gecəsindən əvvəl ağsaqqallar kimdənsə xahiş edə bilərlər ki, cüzi yağlanmış tavada tərkibi sudan və buğda unundan ibarət olan bu cür çörək bişirsinlər. (Əgər buğda unu tapmaq müşkül məsələdirsə, onda düyü, arpa, qarğıdalı və ya oxşar dənli bitkilərin unundan istifadə etmək olar.) Yaxud tərkibində maya, yumurta və ya soğan olmayan matsa (yəhudi fətiri) istifadə oluna bilər.

7. İsa hansı növ şərabdan danışırdı və hal-hazırda Xatirə gecəsində hansı şərabdan istifadə edilə bilər?

7 Matta davam edir: «[İsa] bir cam götürüb Allaha şükür etdi və şagirdlərə verib dedi: “Bundan hamınız için”» (Mat. 26:27, 28). İsanın əlinə götürdüyü qabın içindəki qırmızı şərab idi. (Bu, təzəcə hazırlanmış üzüm şirəsi ola bilməzdi, çünki üzüm mövsümü çoxdan keçmişdi.) Misirdə keçirilmiş ilk Pasxada şərabdan  istifadə edilməsə də, İsa Pasxa süfrəsində şərabın olmasına etiraz etmədi. O hətta Ağamızın şam yeməyində də şərabdan istifadə etdi. Beləcə, məsihçilər də Xatirə gecəsində şərabdan istifadə edirlər. İsanın qanının dəyərini artırmağa və ya gücləndirilməyə ehtiyac olmadığı kimi, bu mərasimdə istifadə olunan şərabı da konyakla və ya ədviyyatlarla sərtləşdirməyə ehtiyac yoxdur. Mərasimdə qatqısız qırmızı ev şərabından və ya satışda olan kyanti, burqund və ya bojulye şərablarından istifadə etmək olar.

SİMVOLLARIN MƏNASI

8. Nə üçün məsihçilər çörək və şərab simvollarının mənası üzərində düşünürlər?

8 Həvari Pavel izah etmişdi ki, Ağamızın şam yeməyini təkcə həvarilər yox, digər məsihçilər də keçirməlidir. O, Korinfdəki həmimanlılarına yazmışdı: «Ağamızdan aldığımı sizə çatdırmışam. Ağamız İsa... bir çörək götürdü, şükür edib onu böldü və dedi: “Bu çörək sizin uğrunuzda verilən bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin”» (1 Kor. 11:23, 24). Bu göstərişə əsasən, bu gün məsihçilər bu xüsusi mərasimi hər il qeyd edir, eləcə də çörək və şərab simvollarının mənası üzərində düşünürlər.

9. Bəzi insanlar İsanın istifadə etdiyi çörək haqqında hansı yanlış fikirdədirlər?

9 İbadət üçün kilsəyə gedən bəzi insanlar iddia edirlər ki, İsa hərfi mənada demişdi: «Bu, mənim bədənimdir». Buna görə də onlar inanırlar ki, çörək möcüzəvi şəkildə onun bədəninə çevrilmişdi. Lakin bu həqiqətə ziddir *. Çünki İsa sadiq həvarilərinə yemək üçün mayasız çörək təklif edəndə özü onların qarşısında idi. Aydın məsələdir ki, bir çox hallarda olduğu kimi, İsa bu dəfə də məcazi dildə  danışırdı (Yəh. 2:19—21; 4:13, 14; 10:7; 15:1).

10. Ağamızın şam yeməyində istifadə olunan çörək nəyi təmsil edir?

10 Həvarilərin gözü qabağında olan və az sonra yeyəcəkləri çörək İsanın bədənini təmsil edirdi. Hansı bədənini? İsa çörəyi çoxlu hissələrə bölsə də, onun sümüyü sındırılmamışdı. Buna görə də bir vaxtlar Allahın xidmətçiləri inanırdılar ki, çörək Müqəddəs Kitabda «Məsihin [bədəni]» adlanan məsh olunmuşların yığıncağını təmsil edir (Efes. 4:12; Rom. 12:4, 5; 1 Kor. 10:16, 17; 12:27). Lakin xeyli araşdırmalar apardıqdan sonra onlar başa düşdülər ki, çörək İsanın insan bədənini təmsil edir. Müqəddəs Yazılar göstərir ki, İsa «cismən əzab [çəkmiş]», hətta edam edilmişdi. Beləliklə, Ağamızın şam yeməyində istifadə olunan çörək İsanın bəşəriyyətin günahlarını daşıdığı fiziki bədənini təmsil edir (1 Pet. 2:21—24; 4:1; Yəh. 19:33—36; İbr. 10:5—7).

11, 12. a) İsa şərab haqqında nə demişdi? b) Ağamızın şam yeməyində istifadə olunan şərab nəyi təmsil edir?

11 Bu, bizə İsanın sonra şərab haqqında dediklərini başa düşməyə kömək edir. Biz oxuyuruq: «Şam yeməyini yeyəndən sonra o, camı götürdü və dedi: “Bu cam qanım əsasında bağlanan yeni əhdi təmsil edir. Xatirəmi yad etmək üçün hər dəfə bundan için”» (1 Kor. 11:25). Bir çox Müqəddəs Kitablarda həmin ayənin bu hissəsi belə tərcümə edilib: «Bu cam Mənim qanımla bağladığım yeni əhddir». Bəs İsanın tutduğu cam, həqiqətənmi, yeni əhd idi? Xeyr. «Cam» sözü altında onun içindəki, yəni şərab nəzərdə tutulurdu. İsanın bəhs etdiyi şərab nəyi təmsil edirdi? Onun tökülən qanını.

12 «Markın Müjdəsi»ndən biz İsanın növbəti sözlərini oxuyuruq: «Bu, bir çoxları uğrunda axıdılacaq qanımı, “əhd qanını” təmsil edir» (Mark 14:24). Bəli, İsanın qanı «bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq»dı (Mat. 26:28). Deməli, qırmızı şərab İsanın öz qanını təmsil edir. Biz onun qanı ilə ödənmiş fidyə vasitəsilə «günahlarımızın əfvinə» yetişirik. (Efeslilərə 1:7 ayəsini oxu.)

Həvarilər İsanın qanı ilə bağlanan əhd şərabından içdilər (11, 12-ci abzaslara bax)

MƏSİHİN ÖLÜMÜNÜN YAD EDİLMƏSİ

13. Məsihin ölümünün Xatirə gecəsinin necə keçirildiyini təsvir edin.

13 Əgər siz Yehovanın Şahidlərinin keçirdiyi Xatirə gecəsində ilk dəfə iştirak etsəniz, nəyi müşahidə edəcəksiniz? Mərasimin keçirildiyi yer qonaqların hər birinə xoş olsun deyə təmiz və səliqəli olacaq. Ola bilsin, ora sadə şəkildə gül-çiçəklə bəzədilsə də, orada çoxlu bər-bəzək və ya şənlik ab-havası olmayacaq. Təyin olunmuş ağsaqqal bu hadisəni Müqəddəs Kitabdan aydın və hörmətcil şəkildə nəql edəcək. O, bizə Məsihin hər birimiz üçün etdiklərini başa düşməyə kömək edəcək. Biz həyata qovuşa bilək deyə Məsih özünü fidyə olaraq qurban verdi. (Romalılara 5:8—10 ayələrini oxu.) Natiq Müqəddəs Kitaba əsasən məsihçilərin malik olduqları iki ümidin mənasını izah edəcək.

14. Xatirə gecəsinin məruzəsində hansı ümidlərdən danışılacaq?

14 Birinci ümid, sadiq həvarilər də daxil olmaqla, Məsihin az sayda davamçısının göydə onunla birlikdə idarə etməsi ilə bağlıdır (Luka 12:32; 22:19, 20; Vəhy 14:1). Digər ümid müasir dövrdə Allaha sədaqətlə xidmət edən məsihçilərin əksəriyyətinə aiddir. Onların yer üzündə bərpa ediləcək cənnətdə əbədi yaşamaq imkanı var. Sonra Allah uzun müddət Ona fəryad edən məsihçilər üçün göydə etdiyi kimi, yerdə də dəyişikliklər edəcək (Mat. 6:10). Müqəddəs Yazılar onların əbədi olaraq əldə edəcəkləri gözəl  şəraiti heyrətamiz şəkildə təsvir edir (Yeşaya 11:6—9; 35:5, 6; 65:21—23).

15, 16. Ağamızın şam yeməyində çörəkdən necə istifadə olunacaq?

15 Natiq məruzənin sonuna yaxın bildirəcək ki, İsanın öz həvarilərinə tapşırdığını icra etməyin vaxtı çatıb. İndi iki simvol — mayasız çörək və qırmızı şərab ötürüləcək. Bu simvollar natiqin yanındakı masanın üzərinə qoyula bilər. O, diqqəti Müqəddəs Kitabda İsanın bu mərasimi təsis edərkən dediyinə və etdiyinə yönəldəcək. Məsələn, Matta bu hadisəni belə təsvir edir: «İsa çörək götürüb Allaha şükür etdi və çörəyi bölüb şagirdlərinə verdi. Sonra dedi: “Götürün, yeyin. Bu, mənim bədənimi təmsil edir”» (Mat. 26:26). İsa mayasız çörəyi bölüb hər iki tərəfində oturan şagirdlərinə ötürdü. Siz aprelin 14-ü keçiriləcək mərasimdə görəcəksiniz ki, mayasız çörək artıq bir neçə yerə bölünüb və boşqablara qoyulub.

16 Simvolun münasib vaxt ərzində mərasimdə iştirak edənlərin hamısına ötürülməsi üçün kifayət qədər qab istifadə olunacaq. Bu, sadə bir proses olacaq. Qısa duadan sonra qablar nizamlı şəkildə ötürüləcək. 2013-cü ilin Xatirə gecəsində bir çox yığıncaqlarda olduğu kimi, bu il də kimlərsə (yaxud, ola bilsin, heç kim) çörəkdən dadacaq.

17. Xatirə gecəsində İsanın şərabla bağlı göstərişinə necə riayət olunacaq?

17 Sonra diqqət Mattanın təsvir etdiyi növbəti sözlərə yönəldiləcək: «[İsa] bir cam götürüb Allaha şükür etdi və şagirdlərə verib dedi: “Bundan hamınız için. Bu, bir çoxlarının günahını əfv etmək üçün axıdılacaq qanımı, “əhd qanını” təmsil edir”» (Mat. 26:27, 28). Bu nümunəyə əsasən, digər bir qardaş dua edəcək və qırmızı şərab camları hamıya ötürüləcək.

18. Simvollardan qəbul etsək də, etməsək də, bu mərasimdə iştirak etmək nə üçün vacibdir?

18 İsa demişdi ki, yalnız göydə onunla birlikdə padşahlıq edəcək kəslər bu çörəkdən yeyə və şərabdan içə bilərlər. Bu səbəbdən, mərasimdə iştirak edənlərin əksəriyyəti simvolları ötürən zaman onlardan qəbul etməyəcəklər, sadəcə hörmətcil tərzdə müşahidə edəcəklər. (Luka 22:28—30 ayələrini oxu; 2 Tim. 4:18.) Bununla belə, Ağamızın şam yeməyində iştirak etmək vacibdir, çünki belə etməklə insan İsanın qurbanlığını olduqca qiymətləndirdiyini göstərmiş olur. Xatirə gecəsində iştirak edənlər İsanın fidyə qurbanlığının gətirəcəyi xeyir-dualar üzərində düşünə bilərlər. Onların «böyük müsibətdən» sağ çıxacaq böyük izdihamın arasında olmaq imkanları var. Allaha xidmət edən bu insanlar «libaslarını Quzunun qanında yuyub [ağardacaqlar]» (Vəhy 7:9, 14—17).

19. Ağamızın şam yeməyində iştirak etmək və ondan faydalanmaq üçün nə edə bilərik?

19 Bütün dünyada Yehovanın Şahidləri bu xüsusi görüşə hazırlaşırlar. Bir neçə həftə öncədən, biz bacardığımız qədər daha çox insanı bu mərasimdə iştirak etməyə dəvət edəcəyik. Bundan əlavə, Xatirə gecəsinə bir neçə gün qalmış əksəriyyətimiz Müqəddəs Kitabdan İsanın işləri, eləcə də eramızın 33-cü ilinin həmin vaxtında baş vermiş hadisələr barədə oxuyacağıq. Xatirə gecəsində iştirak etmək üçün lazımi tədbirləri görəcəyik. Qonaqları salamlamaq və bütün proqramdan faydalanmaq üçün yaxşı olar ki, biz ilk nəğmədən və duadan əvvəl gələk. Yığıncağın bütün üzvləri və qonaqlar Müqəddəs Kitabdan ayələri izləməyin faydasını görəcəklər. Ən vacibi isə biz Xatirə gecəsində iştirak etməklə İsanın qurbanlığına dərin minnətdarlığımızı göstərəcək və onun: «Xatirəmi yad etmək üçün bunu həmişə edin», — əmrinə riayət edəcəyik (1 Kor. 11:24).

^ abz. 9 Alman alimi Henrix Mayer qeyd edirdi ki, həvarilər həqiqi mənada İsanın ətini yeməli və qanını içməli olduqlarını düşünə bilməzdilər, çünki «İsanın bədəni hələ sındırılmamışdı (sağ idi)». O həmçinin deyirdi ki, İsa çörəyin və şərabın mənasını izah etmək üçün «sadə sözlərdən» istifadə etmişdi və o istəməzdi ki, həvariləri onun dediklərini yanlış başa düşsünlər.