Kontentə keç

Mündəricatı göstər

Yehova ən yaxşı Dostumuzdur

Yehova ən yaxşı Dostumuzdur

«[İbrahimə] “Yehovanın dostu” deyildi» (YAQ. 2:23).

1. Allahın surətində yaradıldığımız üçün biz hansı qabiliyyətlərə malikik?

BELƏ bir deyim var: «Oğul atasına oxşayar». Həqiqətən də, uşaqlar valideynlərinə çox oxşayırlar. Axı uşağa həm atanın, həm ananın xüsusiyyətləri irsən keçir. Səmavi Atamız Yehova həyat Mənbəyidir (Məz. 36:9). Və Onun insan övladları olan bizlər müəyyən mənada Ona bənzəyirik. Onun surətində yaradıldığımız üçün düşünmək və nəticə çıxartmaq, dostluq münasibətləri qurmaq və onu qoruyub-saxlamaq qabiliyyətinə malikik (Yar. 1:26).

2. Nəyə əsasən Yehova bizim Dostumuz ola bilər?

2 Yehova bizim ən yaxın Dostumuz ola bilər. Bu cür dostluq Allahın bizə məhəbbətinə, o cümlədən bizim Ona və Oğluna olan imanımıza əsaslanır. İsa demişdi: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın» (Yəh. 3:16). Yehova ilə yaxın dostluq münasibətləri olan çox insanın nümunəsini çəkmək olar. Gəlin onlardan ikisini nəzərdən keçirək.

DOSTUM İBRAHİM

3, 4. İbrahimin Yehova ilə dostluğu israillilərin Onunla olan dostluğundan nədə fərqlənirdi?

3 Yehova israillilərin ulu babası İbrahimə «dostum» demişdi (Yeşaya 41:8). 2 Salnamələr 20:7 ayəsində də İbrahimə Allahın dostu deyilir. Bu sadiq insanla Yaradanın dostluğu nəyə əsaslanırdı? İbrahimin imanına (Yar. 15:6; Yaqub 2:21—23 ayələrini oxu).

4 Başlanğıcda Yehova İbrahimin nəsli olan qədim İsrail xalqının Atası və Dostu idi. Lakin təəssüflər olsun ki, onlar Allahla olan dostluqlarını itirdilər. Buna səbəb onların Yehovanın vədlərinə imanlarını itirmələri oldu.

5, 6. a) Yehova sizin Dostunuz necə olub? b) Hansı sualların üzərində düşünməliyik?

5 Yehova haqqında daha çox bilik əldə etdikcə Ona olan imanınız möhkəmlənəcək, məhəbbətiniz artacaq. Xəyalən geriyə qayıdıb Allahın real Şəxsiyyət olduğunu və Onunla yaxın dostluq münasibəti qura biləcəyinizi öyrəndiyiniz vaxtı yadınıza salın. Siz həmçinin Adəmin itaətsizliyi ucbatından bütün bəşəriyyətin günahlı doğulduğunu öyrənmisiniz və dərk etmisiniz ki, bəşəriyyət Allaha qarşı yadlaşıb (Kolos. 1:21). Sonra anladınız ki, sevən səmavi Atamız insanlardan uzaq deyil və onlara laqeyd yanaşmır. Biz Yehovanın Oğlu İsanı fidyə olaraq qurban gətirdiyini öyrənəndə və buna iman gətirəndə Allahla dostluq münasibətləri qurmağa başladıq.

6 İndi geriyə baxdıqda özümüzdən soruşa bilərik: «Allahla dostluq münasibətlərimi möhkəmləndirirəmmi? Əziz Dostum Yehovaya tam etibar edir və günü-gündən məhəbbətimi artırmı?» Yehova ilə sıx dostluq münasibəti olan qədimdə yaşamış digər insan Gideondur. Gəlin onun gözəl nümunəsinə diqqət yetirək və onu təqlid edək.

YEHOVA SÜLHDÜR

7-9. a) Gideon hansı təəccüblü hadisənin şahidi oldu və bunun nəticəsi nə oldu? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Yehova ilə necə dost ola bilərik?

7 Hakim Gideon israillilər Vəd edilmiş diyara daxil olduqdan sonra xalqın tarixində ən təlatümlü dövrdə Yehovaya xidmət edib. «Hakimlər» kitabının 6-cı fəslində deyilir ki, Yehovanın mələyi Ofra şəhərində Gideona göründü. Həmin vaxt qonşu xalq olan midyanlılar İsrail xalqı üçün əsil təhlükə idilər. Bu səbəbdən, Gideon taxılı açıq tarlada yox, üzüm sıxılan yerdə döyürdü ki, qiymətli məhsulu dərhal orada gizlədə bilsin. Mələk Gideona görünüb ona «güclü cəngavər» deyə müraciət edəndə o təəccübləndi. Yehovanın israilliləri Misirdən xilas etməsinə baxmayaraq, Gideon Allahın indi onların dadına çatacağına şübhə edirdi. Yaradanın adında danışaraq mələk Gideonu əmin etdi ki, Yehova ona dayaqdır.

8 Gideon narahat idi ki, görəsən, o, «İsraili Midyanlıların əlindən» necə qurtaracaq. Yehova ona aydın cavab verdi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan» (Hak. 6:11—16). Bunun necə olacağına ağlı kəsməyən Gideon Yehovadan əlamət istədi. Fikir verin ki, bu söhbət zamanı Yehovanın real Şəxsiyyət olduğuna Gideonun zərrə qədər də şübhəsi yox idi.

9 Baş verən növbəti hadisə Gideonun imanını və Allahla münasibətini möhkəmləndirdi. Gideon yemək hazırladı və mələyə təqdim etdi. Mələk əlindəki əsa ilə toxunan kimi yemək alışıb-yanmasını görən Gideon həmin mələyi, həqiqətən də, Yehovanın göndərdiyini başa düşdü. Gideon təlaş içində ucadan dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm» (Hak. 6:17—22). Bəs bu gözlənilməz görüş Gideonla Allahı arasında maneə yaratdımı? Əlbəttə, yox! Əksinə, Gideon Yehovanın onunla Özü arasında sülh yaratdığını hiss etdi. Bunu Gideonun həmin yerdə qurduğu qurbangaha verdiyi addan görmək olar. O, qurbangahı «Rəbbin sülhü» mənasını verən «Yahve-Şalom» adlandırdı. (Hakimlər 6:23, 24 ayələrini oxu; haşiyə.) Yehovanın hər gün bizim üçün etdikləri üzərində düşünəndə Onun əsil Dost olduğunu anlayırıq. Allaha müntəzəm dua edəndə bizdə qəlb rahatlığı yaranır və Onunla dostluğumuz daha da möhkəmlənir.

YEHOVANIN ÇADIRINDA KİMLƏR QALACAQ?

10. Yehova ilə dost olmağımız üçün Məzmur 15:3, 5 ayələrinə əsasən bizdən nə tələb olunur?

10 Yehovanın bizim Dostumuz olması üçün biz müəyyən şərtlərə uyğun gəlməliyik. 15-ci məzmurda yazıldığı kimi, Davud Yehovanın «çadırında» qalmaq üçün, yəni Onun dostu olmaq üçün bizdən nə tələb olunduğu barədə oxuyur (Məz. 15:1). Gəlin iki tələbə — böhtandan qaçmaq və bütün işgüzar əlaqələrdə dürüst olmaq tələblərinə diqqət yetirək. Bu məsələlərlə bağlı Davud Yehovanın çadırında «dilinə böhtan gəlməyən... təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan» insanların qalacağını demişdi (Məz. 15:3, 5).

11. Kiməsə böhtan atmaqdan nə üçün çəkinməliyik?

11 Başqa bir məzmurda Davud insanları «dilini şərdən... [qorumağa]» təşviq edir (Məz. 34:13). Bu məsləhəti qulaqardına vurmaq ədalətli səmavi Atamızla münasibətlərimizə əngəl törədir. Eyni zamanda, böhtan atmaq Yehovanın ən böyük düşməni olan Şeytana xasdır. «İblis» sözü yunanca «böhtançı» mənasını verən sözdən əmələ gəlib. Başqaları haqqında danışarkən dilimizi yüyənləmək Yehova ilə münasibətlərimizi qorumağa kömək edəcək. Bu, yığıncaqda təyin olunmuş kişilərə münasibətimizdə xüsusilə vacibdir. (İbranilərə 13:17; Yəhuda 8 ayələrini oxu.)

12, 13. a) Nəyə görə biz hər şeydə dürüst olmalıyıq? b) Bizim dürüstlüyümüz başqalarına necə təsir edə bilər?

12 Yehovanın xidmətçiləri dürüst insanlar kimi tanınırlar. Həvari Pavel yazmışdı: «Bizdən ötrü həmişə dua edin, çünki vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik» (İbr. 13:18). Biz «hər sahədə dürüst [olmağa]» qətiyyətli olduğumuz üçün məsihçi qardaşlarımızdan mənfəət güdməyəcəyik. Məsələn, əgər onlar bizim işçilərimizdirsə, əmin ola bilərik ki, onlar dürüstdürlər və biz razılaşdığımız məbləği ödəməliyik. Bir məsihçi kimi biz işçilərimizlə, o cümlədən hamı ilə dürüstcəsinə davranırıq. Və əgər biz həmimanlımızın yanında işləyiriksə, ondan istifadə edərək özümüz üçün xüsusi güzəştlər tələb etməyəcəyik.

13 Tez-tez iş yoldaşlarının Yehovanın Şahidlərini təriflədiyini eşidirik. Məsələn, Yehovanın Şahidlərinin sözlərinin üstündə durduğuna diqqət yetirən böyük bir tikinti xidmətləri təşkilatının direktoru deyir: «Siz həmişə verdiyiniz sözə sadiq qalırsınız» (Məz. 15:4). Bu cür davranmağımız bizə Yehova ilə dostluq münasibətlərimizi qorumağa kömək edir. Üstəlik, bu, sevən səmavi Atamıza izzət gətirir.

BAŞQALARINA YEHOVANIN DOSTU OLMAĞA KÖMƏK EDİN

Biz başqalarına Yehovanın dostu olmağa kömək edirik (14, 15-ci abzaslara bax)

14, 15. Xidmətdə qarşılaşdığımız insanlara Yehovanın dostu olmağa necə kömək edə bilərik?

14 Xidmətdə qarşılaşdığımız insanların çoxu Allaha mövcudluğuna inansa da, Onu özlərinə ən yaxşı Dost hesab etmirlər. Biz onlara necə kömək edə bilərik? İsanın 70 şagirdini iki-iki xidmətə göndərərkən dediyi sözlərə diqqət yetirək: «Hansı evə girsəniz, əvvəlcə: “Bu evə salam olsun!”, — deyin. O evdə sülhsevər bir adam yoxdursa, dilədiyiniz sülh sizə qayıdacaq; əgər varsa, onun üzərində qalacaq» (Luka 10:5, 6). Bizim mehriban münasibətimiz başqalarını həqiqətə cəlb edə bilər. Ola bilsin, bu, bizi təqib edənləri yumşaldar və növbəti dəfə xoş ünsiyyətə yol aça bilər.

15 Biz yalan dinin içində itib-batan və Müqəddəs Kitaba zidd gedən adət-ənənələrə riayət edən insanlarla rastlaşanda da mehriban və sülhpərvər qalmalıyıq. Biz bu gün cəmiyyətdə baş verənlərdən giley-güzar edən və bizim ibadət etdiyimiz Allah haqqında daha çox öyrənmək istəyən insanları yığıncaqlarımızda ürəkdən salamlayırıq. Buna dair «Müqəddəs Kitab həyatları dəyişir» rubrikasındakı məqalələrdə gözəl nümunələr var.

ƏN YAXŞI DOSTUMUZLA ƏMƏKDAŞLIQ EDƏK

16. Biz hansı mənada Yehovanın həm dostu, həm də əməkdaşı ola bilərik?

16 Adətən, bir yerdə işləyən insanlar arasında sıx dostluq yaranır. Həyatlarını Yehovaya həsr etmiş insanlar Onunla həm dost, həm də əməkdaş olmaq şərəfinə layiq görülüblər. (1 Korinflilərə 3:9 ayəsini oxu.) Həqiqətən də, biz təbliğ və şagird hazırlamaq işində iştirak edəndə səmavi Atamızın gözəl keyfiyyətlərini daha yaxşı dərk edirik. Biz Onun müqəddəs ruhunun xoş xəbərin təbliğində bizə necə kömək etdiyinin şahidi oluruq.

17. Konqreslərdə verilən ruhani qida Yehovanın bizim Dostumuz olduğunu necə göstərir?

17 Şagird hazırlamaq işində nə qədər çox iştirak ediriksə, Yehova ilə münasibətlərimiz də bir o qədər möhkəmlənir. Misal üçün, biz təqibçilərin təbliğ işini dayandırmaq cəhdlərinin qarşısını Yehovanın necə aldığını müşahidə edirik. Gəlin bir neçə il əvvələ nəzər salaq. Məgər Allahın bizə necə rəhbərlik etdiyi göz qabağında deyilmi? Mütəmadi olaraq bol-bol ruhani qida almağımız bizi valeh edir. Konqres proqramları Atamızın bizim problemlərimizə və tələbatlarımıza can yandırdığını göstərir. Konqresə görə minnətdarlığını bildirən bir ailə yazır: «Bu proqram, həqiqətən də, ürəyimizə təsir etdi. Biz anladıq ki, Yehova hər birimizi çox sevir və xoşbəxt olmağımızı istəyir». Almaniyadan olan bir cütlük İrlandiyada keçirilən xüsusi konqresdə iştirak etdikdən sonra bacı-qardaşların onları necə səmimi qarşıladıqlarına və qeydlərinə qaldıqlarına görə minnətdarlıqlarını bildirmiş və əlavə etmişlər: «Lakin biz, ən əsası, Yehovaya və təyin etdiyi Padşah İsa Məsihə minnətdarıq. Aralarında əsil birlik hökm sürən xalqın arasında olmağa onlar bizi dəvət ediblər. Biz bu birliyi sözdə yox, əməldə göstəririk. Dublində keçirilən xüsusi konqresdən qalan xatirələrimiz bizə həmişə Allahımıza sizinlə birgə xidmət etməyin nə qədər şərəfli olduğunu xatırladacaq».

DOSTLAR ARASINDA ÜNSİYYƏT

18. Yehova ilə ünsiyyətimiz barədə özümüzə hansı sualı verməliyik?

18 Yaxşı ünsiyyət dostluq münasibətlərini möhkəmləndirir. İnternetin və telekommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə sosial şəbəkə və telefon vasitəsilə yazışmaq geniş yayılıb. Bəs ən yaxın Dostumuz Yehova ilə ünsiyyətimiz nə yerdədir? Doğrudan da, Yehova «duaları eşidən» Allahdır (Məz. 65:2). Bəs biz nə dərəcədə tez-tez Onunla ünsiyyət edirik?

19. Ürəyimizi səmavi Atamıza açmağa çətinlik çəkiriksə, bizə nəyin köməyi dəyə bilər?

19 Allahın bəzi xidmətçilərinə ürəklərini Ona açmaq və dərin hisslərini ifadə etmək elə də asan olmur. Ancaq Yehova istəyir ki, dua edərkən ürəyimizi Ona açaq (Məz. 119:145; Mərs. 3:41). Hətta bu cür səmimi hisslərimizi sözlərlə ifadə etməyə çətinlik çəkiriksə, biz çarəsiz deyilik. Həvari Pavel Romadakı məsihçilərə yazmışdı: «Nə haqda dua etməyi bilməyəndə ruh ifadə edə bilmədiyimiz ahlarla bizim əvəzimizə Allaha yalvarır. Axı ürəkləri tədqiq edən Allah ruhun nəyi nəzərdə tutduğunu bilir, çünki ruh Allahın iradəsinə əsasən müqəddəslərdən ötrü Ona yalvarır» (Rom. 8:26, 27). Müqəddəs Yazılara daxil olan «Əyyub», «Zəbur» və «Süleymanın məsəlləri» kitablarında qələmə alınan sözlərin üzərində düşünmək gizli hisslərimizi Yehova ilə bölüşməyə kömək edəcək.

20, 21. Pavelin Filipililərə 4:6, 7 ayələrindəki sözləri bizə necə rahatlıq gətirir?

20 Gərgin vəziyyətlə üzləşəndə gəlin Pavelin Allahdan ilham alaraq filipililərə verdiyi məsləhətə diqqət yetirək: «Heç nəyə görə narahat olmayın. Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin». Ən yaxşı Dostumuzla bu cür açıq ünsiyyət, sözsüz, bizə rahatlıq və təskinlik verəcək. Pavel əlavə edir: «Allahın verdiyi qəlb rahatlığı bütün insan fikirlərini üstələyir; o, ürəyinizi və zehninizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filip. 4:6, 7). Gəlin ürəyimizi və zehnimizi qoruyan və müqayisəyəgəlməz «Allahın verdiyi qəlb rahatlığı»nı həmişə qoruyaq.

Dua Allahla dostluğumuzu necə möhkəmləndirir? (21-ci abzasa bax)

21 Bəli, dua Yehova ilə dostluğumuzu möhkəmləndirməyə kömək edir. Buna görə də gəlin «daima dua [edək]» (1 Salon. 5:17). Qoy bu məqalə bizim Allahla dəyərli münasibətlərimizi və Onun salehlik normalarına riayət etmək qətiyyətimizi möhkəmləndirsin. Gəlin Yehovanın bizə Atamız, Allahımız və Dostumuz kimi verdiyi xeyir-bərəkətlər üzərində düşünməyə vaxt ayıraq.