Kontentə keç

Mündəricatı göstər

«Gözəgörünməz Allahı» iman gözü ilə gör

«Gözəgörünməz Allahı» iman gözü ilə gör

«O,.. Gözəgörünməz Allahı görürmüş kimi mətin idi» (İBR. 11:27).

1, 2. a) Nəyə görə Musanın həyatı təhlükə altında ola bilərdi? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Nə üçün Musa padşahın qəzəbindən qorxmurdu?

FİRON misirlilər üçün heybətli hökmdar və yaşayan allah idi. Bir mənbəyə əsasən, xalqın gözündə o, «yerdəki bütün canlılardan müdrikliyinə və gücünə görə qat-qat üstün idi» («When Egypt Ruled the East»). Öz təbəələrini qorxu altında saxlamaq üçün fironun tacının üzərində sancmağa hazır olan kobra təsvir olunmuşdu. Bu, padşahın düşmənlərinin dərhal məhv ediləcəyinə işarə edirdi. Buna görə də təsəvvür et: Yehovadan: «Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan», — göstərişini alan Musa hansı hissləri keçirirdi (Çıx. 3:10).

2 Heç nəyə baxmayaraq, Musa qalxıb Misirə getdi və Allahın xəbərini çatdırdı. Bu hərəkətilə fironun qəzəbinə tuş gəldi. Həmin diyara doqquz bəla göndəriləndən sonra firon Musanı hədələdi: «Bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən» (Çıx. 10:28). Fironun sarayını tərk etməzdən əvvəl Musa bildirdi ki, onun ilk oğlu öləcək (Çıx. 11:4—8). Sonra gedib bütün israil ailələrinə bir toğlu və ya çəpiş kəsib qanını qapılarının yan və üst dirəklərinə sürtməyi tapşırdı. Bu heyvanları misirlilər Ra adlı allahlarına qurban gətirirdilər (Çıx. 12:5—7). Görəsən, Firon nə edəcəkdi? Bu, Musanın heç vecinə deyildi. Axı o, Yehovaya imanla tabe olur, «padşahın qəzəbindən qorxmurdu, çünki Gözəgörünməz Allahı görürmüş kimi mətin idi». (İbranilərə 11:27, 28 ayələrini oxu.)

3. Musanın imanı barədə nələri araşdıracağıq?

3 Görünməz Allahı görə biləcək qədər imanın varmı? (Matta 5:8). Ruhani gözlərimizi elə itiləməliyik ki, «Gözəgörünməz Allahı» görə bilək. Bu sahədə Musanın nümunəsi bizə kömək edə bilər. Yehovaya imanı onu insan qorxusundan necə qorumuşdu? O, Allahın vədlərinə iman etdiyini necə göstərmişdi? Xalqı ilə birlikdə təhlükə altında olarkən «Gözəgörünməz Allahı» iman gözü ilə görməsi onu necə möhkəmləndirmişdi?

O, «PADŞAHIN QƏZƏBİNDƏN» QORXMADI

4. İnsan gözü ilə ölçsək, Musa Fironun qarşısında hansı vəziyyətdə idi?

4 İnsan gözü ilə ölçsək, Musa firona bata bilməzdi. Musanın həyatı və gələcəyi, sanki, fironun əlində idi. Hətta Musa özü Yehovadan soruşmuşdu: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» (Çıx. 3:11). Təxminən 40 il əvvəl Musa Misirdən qaçaq düşmüşdü. O düşünə bilərdi: «Yenidən Misirə qayıdıb həyatımı riskə atmaq nə dərəcədə ağıllı hərəkətdir?»

5, 6. Musaya firondan yox, Yehovadan qorxmağa nə kömək etdi?

5 Musa Misirə qayıtmazdan öncə Allah ona vacib bir prinsip öyrətdi və o, bu prinsipi sonralar «Əyyub» kitabında qələmə aldı: «Rəbb qorxusu hikmətdir» (Əyyub 28:28). Musanın bu cür qorxuya yiyələnməsi və ağılla davranması üçün Yehova ona insanlarla Külli-İxtiyar Allah arasındakı fərqi aydın təsvir etdi. O soruşdu: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi?» (Çıx. 4:11).

6 Bu sözlərin canı nə idi? Musanın qorxması üçün heç bir səbəb yox idi. Çünki firona xəbərdarlıq etməsi üçün onu Yehova göndərmişdi, arxasında da dağ kimi duracaqdı. Üstəlik, firon heç vaxt Yehova ilə savaşa bilməzdi. Hər şeydən əlavə, Musa Misir padşahı tərəfindən ölümlə hədələnən ilk mömin insan deyildi. Ola bilsin, Musa əvvəlki fironların idarə etdiyi dövrdə Yehovanın İbrahimi, Yusifi, hətta onun özünü necə qoruduğu üzərində düşünürdü (Yar. 12:17—19; 41:14, 39—41; Çıx. 1:22—2:10). «Gözəgörünməz» Allahına imanı sayəsində Musa cəsarətlə fironun hüzuruna gəlib Yehovanın əmr etdiklərini bir-bir ona çatdırdı.

7. Yehovaya iman bir bacını insan qorxusundan necə qorudu?

7 Yehovaya iman Ella adlı bacını da insan qorxusuna qapılmaqdan qorudu. 1949-cu ildə KQB əməkdaşları Ella bacını Estoniyada həbs etdilər və sonra gənc polis zabitlərinin gözü qarşısında soyundurdular. Bacı deyir: «Mən özümü alçaldılmış hiss edirdim. Amma Yehovaya dua etdikdən sonra daxilimə sakitlik çökdü». Sonra onu üç gün birnəfərlik kamerada saxladılar. O bölüşür: «Polis zabitləri bağırırdılar: “Biz elə edəcəyik ki, bir də Estoniyada Yehova adı çəkilməsin! Sən düşərgəyə gedəcəksən, o birilərsə Sibirə!” Ələ salırdılar: “Hanı sənin Yehovan?”» Bu vəziyyətdə Ella bacı nə edəcəkdi? İnsan qorxusuna düşəcəkdi, yoxsa Yehovaya güvənəcəkdi? Dindirilən vaxt bacı onu ələ salanlara qorxmadan dedi: «Azad yaşayıb Allahın gözündən düşməkdənsə, ömrümün sonuna kimi həbsdə qalıb Allahla dostluğumu qoruyaram». Ella üçün Yehova qarşısında dayanan adamlar qədər real idi. O, imanı sayəsində nöqsansızlığını qorudu.

8, 9. a) İnsan qorxusunun dərmanı nədir? b) Səndə insan qorxusu varsa, diqqətini kimə cəmləməlisən?

8 Yehovaya iman sənə qorxularına qalib gəlməyə kömək edəcək. Əgər səlahiyyətli şəxslər sənin Allaha ibadət etmək azadlığına məhdudiyyət qoymağa çalışsalar, elə görünə bilər ki, həyatın və gələcəyin onlardan asılıdır. Hətta onların qəzəbinə tuş gəlməmək üçün Yehovaya xidməti dayandırmaq fikrinə düşə bilərsən. Amma unutma: insan qorxusunun dərmanı Allaha imandır! (Süleymanın məsəlləri 29:25 ayəsini oxu.) Yehova soruşur: «Fani insandan, ot kimi solan bəşər oğlundan qorxan gör sən kimsən?» (Yeşaya 51:12, 13).

9 Gözünü qüdrətli Allahdan çəkmə. O, ədalətsiz rəhbərlərin əlindən gün görməyən insanları görür, onların halına acıyır, onlar üçün çalışır (Çıx. 3:7—10). Əgər sən səlahiyyətli məmurlar qarşısında imanını müdafiə etməli olsan, Müqəddəs Kitabdakı növbəti sözləri unutma: «Sizi məhkəməyə verəndə nədən və ya necə danışacağınız barəsində narahat olmayın, çünki nə demək lazım olduğu sizə həmin an veriləcək» (Mat. 10:18—20). Rəhbərlər və hökumət nümayəndələri Yehova ilə savaşa bilməzlər. İmanını möhkəmləndir, onda Yehovanın sənə kömək etməyə hazır olan real Şəxsiyyət olduğunu görəcəksən.

O, ALLAHIN VƏDLƏRİNƏ İMAN GƏTİRDİ

10. a) Eramızdan əvvəl 1513-cü ilin nisan ayında Yehova israillilərə hansı göstərişi verdi? b) Musa Allahın göstərişlərinə necə yanaşdı?

10 Eramızdan əvvəl 1513-cü ilin nisan ayında Yehova Musaya və Haruna israillilərə başa salmaları üçün qeyri-adi bir göstəriş verdi. İsraillilər sağlam erkək toğlu və ya çəpiş seçməli, onu kəsib qanını qapılarının yan və üst dirəklərinə sürtməli idilər (Çıx. 12:3—7). Musa bu göstərişə necə yanaşdı? Sonralar həvari Pavel yazmışdı: «O, imanı sayəsində Pasxanı qeyd etdi və qapı dirəklərinə qan çilədi ki, Allahın mələyi onların ilkin övladlarını məhv etməsin» (İbr. 11:28). Musa Yehovanın sözünün üstündə duran Allah olduğuna, Misirlilərin ilk oğullarının öldürülməsinə dair verdiyi vədə əmin idi.

11. Musa nə üçün başqalarına görə narahat idi?

11 «Allahın mələyi» misirlilərin ilk övladlarını məhv edəndə Musanın oğulları, görünür, çox uzaqda, Midyanda idilər * (Çıx. 18:1—6). Bununla belə, o, itaətkarlıq göstərib ilk övladları təhlükə qarşısında olan İsrail ailələrinə göstərişlər verirdi. Axı söhbət insan həyatından gedirdi, Musa buna göz yuma bilməzdi. Müqəddəs Kitabda deyilir ki, Musa cəld hərəkətə keçdi və «İsrailin bütün ağsaqqallarını çağırıb dedi: “Pasxa qurbanını kəsin”» (Çıx. 12:21).

12. Yehova bizə hansı vacib xəbəri çatdırmağı tapşırıb?

12 Yehovanın müasir xalqı da Allahın mələyindən vacib bir göstəriş alıb: «Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Buna görə də göyü, yeri, dənizi və su hövzələrini yaradana təzim edin» (Vəhy 14:7). İndi bu xəbəri bəyan etməyin vaxtıdır. Biz ətrafımızdakı insanların Böyük Babildən çıxması üçün qollarımızı çirmələməliyik ki, onlar «onun başına gələcək bəlalar»a düçar olmasınlar (Vəhy 18:4). Ona görə də «başqa qoyunlar» və məsh olunmuşlar əllərindən gələni edirlər ki, Allahdan uzaqlaşmış kəsləri Onunla barışdıra bilsinlər (Yəh. 10:16; 2 Kor. 5:20).

Yehovanın vədlərinə iman xoş xəbəri təbliğ etmək istəyini alovlandıracaq (13-cü abzasa bax)

13. Xoş xəbəri insanlara çatdırmaq istəyimizi nə alovlandıracaq?

13 Biz «hökm vaxtı»nın yetişdiyini görürük. Doğrudan da, təbliğ və şagird hazırlamaq işi, elə Yehovanın dediyi kimi, təcilidir. Həvari Yəhya gördüyü görüntü haqda deyir: «Yerin dörd ucunda durmuş dörd mələk gördüm. Onlar yerin dörd küləyini tutub saxlamışdılar» (Vəhy 7:1). Bəs sən iman gözləri ilə həmin mələklərin bu dünyanın üzərinə gələcək böyük müsibətin dağıdıcı küləklərini buraxmağa hazır olduqlarını görürsənmi? Əgər bu mələkləri iman gözü ilə görsən, onda xoş xəbəri insanlara əminliklə çatdıracaqsan.

14. «Pis adamı öz şər əməlindən» döndərməyə bizi nə təşviq edir?

14 Allahın sadiq bəndələri indidən Yehova ilə dostluq münasibətlərinə və əbədi həyat ümidinə malikdirlər. Bunu da dərk edirik ki, «həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək» məsuliyyəti bizim üzərimizdədir. (Yezekel 3:17—19 ayələrini oxu.) Sözsüz ki, biz yalnız qan müqəssiri olmamaq üçün təbliğ etmirik. Biz bunu Yehovanı və insanları sevdiyimiz üçün edirik. İsa əsil məhəbbətin və mərhəmətin nə demək olduğunu samariyalı haqqındakı məsəlində təsvir etmişdi. Özündən soruş: «Mən samariyalı kimi davranıram, yoxsa kahin və levili kimi özümə bəraət qazandıraraq “yolun o biri tayına” keçirəm?» (Luka 10:25—37). Allahın vədlərinə iman və insanlara məhəbbət bizi, hələ ki vaxt bitməyib, təbliğ işinə bütün gücümüzü qoymağa təşviq edir.

ONLAR QIRMIZI DƏNİZİ KEÇDİLƏR

15. İsraillilər nə üçün tələyə düşdüklərini düşünürdülər?

15 Gözəgörünməz Allaha iman gətirməsi Musaya israillilər Misirdən çıxdıqdan sonra da kömək etmişdi. Müqəddəs Kitab xəbər verir: «İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər» (Çıx. 14:10—12). Həqiqətənmi, onlar çıxılmaz vəziyyətdə idilər? Bu, heç də belə deyildi. Axı Yehova qabaqcadan demişdi: «Mən... fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm» (Çıx. 14:4). İsraillilər ancaq insan gözü ilə görünən şeyləri görürdülər: qarşılarında keçilməz Qırmızı dəniz, arxada fironun döyüş arabaları, başlarında isə 80 yaşlı qoca bir çoban! Onlara elə gəlirdi ki, tələyə düşüblər.

16. Qırmızı dənizin qarşısında iman Musanı necə möhkəmləndirdi?

16 Lakin Musa qorxuya qapılmadı. Çünki o, iman gözlərilə dənizdən və ordudan daha qüdrətli bir şey görürdü. O, Yehovanın gətirəcəyi xilası görürdü. Və bilirdi ki, israillilər üçün Yehova Özü savaşacaq. (Çıxış 14:13, 14 ayələrini oxu.) Musanın imanı Allahın xalqını cuşa gətirdi. Müqəddəs Kitabda deyilir: «Onlar, iman sayəsində, Qırmızı dənizi sanki qurudan keçən kimi keçdilər. Misirlilər də keçmək istəyəndə suya qərq oldular» (İbr. 11:29). «İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi» (Çıx. 14:31).

17. Üzləşəcəyimiz hansı vəziyyət imanımızı bərkə-boşa salacaq?

17 Tezliklə bizim də həyatımız təhlükə altında olacaq. Böyük müsibətin zirvə nöqtəsinə az qalmış bu dünyanın siyasi qüvvələri təşkilatımızdan daha böyük və üzvlərinin sayı daha çox olan dini təşkilatları ləğv edib tamamilə məhv edəcəklər (Vəhy 17:16). Peyğəmbərlikdə Yehova həmin vaxt üçün müdafiəsiz vəziyyətimizi belə təsvir etmişdi: «Divarsız kəndləri olan bir [ölkənin]... darvazaları da, sürgüləri də yoxdur» (Yez. 38:10—12, 14—16). İnsan gözü ilə baxsaq, həmin vaxt bizə elə gələ bilər ki, artıq kitabımız bağlanıb. Bəs onda sən nə edəcəksən?

18. Böyük müsibət zamanı mətin qalmaq üçün hansı səbəbimiz var?

18 Biz də qorxuya qapılmamalıyıq. Çünki Yehova qabaqcadan demişdi ki, Onun xalqına hücum ediləcək. O, həmçinin bunun nə ilə qurtaracağını da demişdi. «“O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb. “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm”» (Yez. 38:18—23). Bəli, Yehova Öz xalqına zərər vurmaq istəyən hər kəsi məhv edəcək. «Rəbbin möhtəşəm və dəhşətli günü»n sonunda iman sənə Yehovanın gətirəcəyi xilası görməyə və nöqsansızlığını qorumağa kömək edəcək (Yoel 2:31, 32).

19. a) Musa ilə Yehova arasında münasibətlər nə dərəcədə möhkəm idi? b) Əgər bütün yollarında Yehovaya tabe olsan, hansı xeyir-duanı dadacaqsan?

19 «Gözəgörünməz Allahı görürmüş kimi mətin» qalmaqla özünü indidən həmin əlamətdar hadisələrə hazırla. Müntəzəm araşdırma aparmaqla və dua etməklə Yehova ilə dostluq münasibətlərini möhkəmləndir. Musanın məhz bu cür dostluq münasibəti var idi. Yehova onu elə möhtəşəm işlərdə istifadə etmişdi ki, Müqəddəs Kitabda Yehovanın onu «üz-üzə» tanıdığı deyilir (Qanun. t. 34:10). Musa, həqiqətən də, tayı-bərabəri olmayan peyğəmbər idi. İman sayəsində sən də Yehova ilə münasibətlərini elə möhkəmləndirə bilərsən ki, sanki Onu doğrudan da görmüsən. Əgər sən Allahın Kəlamının təşviq etdiyi kimi, «bütün yollarında» Yehovaya tabe olsan, «O sənin yollarını düzəldər» (Sül. məs. 3:6).

^ abz. 11 Görünür, Yehova misirlilərin üzərində hökmünü icra etmək üçün mələklərini göndərmişdi (Məz. 78:49—51).