Kontentə keç

Mündəricatı göstər

Yehova bizə nə üçün nəzər salır?

Yehova bizə nə üçün nəzər salır?

«Rəbbin gözü hər yerə baxar, pislərə, yaxşılara nəzər salar» (SÜL. MƏS. 15:3).

1, 2. Yehovanın bizə nəzər salması müşahidə kameralarının izləməsindən nə ilə fərqlənir?

BİR ÇOX ölkələrdə kameralarından, əsas etibarilə, nəqliyyatı və baş verən qəzaları müşahidə etmək üçün istifadə edilir. Qəza törədib hadisə yerindən qaçan şəxs kameralara düşürsə, aidiyyəti orqanlara onu tapmaq və həbs etmək asan olur. Həqiqətən də, hər yanda müşahidə kameralarının olması hadisə törədənlərin cəzadan qaçmasını çətinləşdirir.

2 Bəs hər yanda quraşdırılmış bu kameralar bizə sevən Atamız Yehovanı necə xatırlatmalıdır? Müqəddəs Kitabda deyilir ki, Onun gözləri «hər yerə baxar» (Sül. məs. 15:3). Bəs bu o deməkdirmi ki, O, atdığımız hər addıma nəzarət edir? Və ya bizi cəzalandırmaq üçün səhv bir iş tutmağımızı gözləyir? (Yer. 16:17; İbr. 4:13). Bu, heç də belə deyil! Yehova bunu, əsas etibarilə, bizi sevdiyi və güzəranımızla maraqlandığı üçün edir (1 Pet. 3:12).

3. Hansı beş üsulla Yehova bizə nəzər salır?

3 Yehovanın sevgidən irəli gələrək nəzər salmasını qiymətləndirməyə bizə nə kömək edəcək? Gəlin görək Yehova bizə necə nəzər salır. O, bunu 1) pis şeylərə meyil salanda bizə xəbərdarlıq etməklə; 2) yoldan çıxanda bizə düzəliş etməklə; 3) Kəlamı vasitəsilə bizə rəhbərlik verməklə; 4) müxtəlif sınaqlarla üzləşəndə kömək etməklə; 5) düz iş görəndə bizi mükafatlandırmaqla edir.

BİZƏ XƏBƏRDARLIQ ETMƏKLƏ

4. Yehova nə üçün Qabili xəbərdar etmişdi?

4 Əvvəlcə gəlin pis şeylərə meyil yarananda Allahın bizi necə xəbərdar etdiyini araşdıraq (1 Saln. 28:9). Xəbərdarlıq etmək məqsədilə Allahın bizə nəzər salmasını qiymətləndirmək üçün Onun Qabillə necə rəftar etdiyinə diqqət yetirək. Allah onu qəbul etmədiyindən o «bərk [qəzəblənmişdi]». (Yaradılış 4:3—7 ayələrini oxu.) Yehova Qabili «yaxşı iş» görməyə təşviq etdi. Yehova xəbərdarlıq etdi ki, əgər o belə etməsə, «günah qapının ağzında durub». Allah ona dedi: «Sən ona üstün gəlməlisən». Allah Qabilin verilən xəbərdarlığa qulaq asıb Onun rəğbətini qazanmasını istəyirdi. Çünki Allahın rəğbətini qazanmaq Onunla yaxşı münasibətləri qoruyub saxlamağa kömək edəcəkdi.

5. Yehova bizi hansı üsullarla xəbərdar edir?

5 Bəs bizim haqqımızda nə demək olar? Yehova ürəyimizdəkiləri görür, meyillərimizi və niyyətlərimizi Ondan gizlədə bilmərik. Məhəbbətli Atamız salehlik yolu ilə yeriməyimizi istəsə də, bizi buna məcbur etmir. Biz pis şeylərə meyil salanda O, Kəlamı olan Müqəddəs Kitab vasitəsilə bizə xəbərdarlıq edir. Məsələn, hər gün Müqəddəs Kitabı oxuyanda pis şeylərə meyillə və zərərli təsirlərlə mübarizə aparmağımıza kömək edəcək parçalara rast gəlirik. Bundan əlavə, nəşrlərimizdə üzləşdiyimiz problem və onun öhdəsindən necə gələ biləcəyimiz müzakirə oluna bilər. Üstəlik, yığıncaq görüşlərində lap yerinə düşən məsləhətlər eşidə bilərik.

6, 7. a) Nəyə görə deyə bilərik ki, milyonlarla insan üçün hazırlanan nəşr Yehovanın sənə olan məhəbbətinin və qayğısının sübutudur? b) Yehovanın şəxsən sənə göstərdiyi qayğıdan hansı faydanı əldə edə bilərsən?

6 Bütün bu üsullarla Yehovanın bizə xəbərdarlıq etməsi Onun hər birimizi ayrı-ayrılıqda sevdiyinə və nəzər saldığına bariz sübutdur. Həqiqətən də, əsrlərdir mövcud olan Müqəddəs Kitabdakı sözlər, Allahın təşkilatının milyonlarla insan üçün hazırladığı nəşrlər və görüşlərdə verilən məsləhətlər yığıncağın hər bir üzvü üçün nəzərdə tutulub. Yehova bütün bu üsullarla sənin diqqətini Öz Kəlamına yönəldir ki, meyillərində dəyişiklik edə biləsən. Buna görə də demək olar ki, Yehova şəxsən sənə məhəbbətlə qayğı göstərir.

Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanımız ətrafımızdakı təhlükələrdən qaçmağa kömək edir (6, 7-ci abzaslara bax)

7 Allahın xəbərdarlıqlarına qulaq asmaq üçün əvvəla Onun bizim yaxşılığımızı düşündüyünə inanmalıyıq. Sonra isə Allahı kədərləndirə biləcək fikirlərdən azad olmaq üçün Onun Kəlamından bəhrələnməliyik. (Yeşaya 55:6, 7 ayələrini oxu.) Verilən xəbərdarlıqlara hay versək, sonradan peşman olacağımız hərəkətlərdən qaça bilərik. Lakin tutalım, biz artıq pis şeylərə meyil salmışıq, bəs onda qayğıkeş Atamız hansı növbəti köməyi təqdim edir?

BİZƏ DÜZƏLİŞ ETMƏKLƏ

8, 9. Yehovanın xidmətçiləri vasitəsilə verdiyi məsləhət Onun qayğıkeşliyi haqda bizə nə deyir? Nümunə çək.

8 Edilən düzəlişi qəbul edəndə, Yehovanın qayğısını xüsusilə dərk edirik. (İbranilərə 12:5, 6 ayələrini oxu.) Əslində, məsləhət və cəza almağı xoşlamırıq. Lakin insanın sənə nəyə görə belə bir məsləhət verdiyi üzərində düşünməlisən. Ola bilsin o, bizim Yehova ilə münasibətlərimizə zərər vura biləcək bir hərəkətimizi görüb. Bəlkə də, bizə məsləhət verməzdən öncə hisslərimiz haqda düşünüb. Yaxud Allahı razı salmaq üçün hansı dəyişikliklər etməli olduğumuzu bizə göstərə bilsin deyə Müqəddəs Kitabdan münasib ayəni tapmaq üçün vaxt ayırıb, baş sındırıb. Bu cür məsləhətin Mənbəyi olan Yehovaya etinasız yanaşma.

9 Gəlin baxaq, məsləhət verən kəs, Allah kimi, necə anlayış göstərə bilər. Bir qardaşda həqiqətə gəlməzdən əvvəl pornoqrafiyaya baxmaq vərdişi olsa da, o, bu vərdişinə qalib gəlmişdi. Amma bu meyil onda tam ölməmişdi, sanki alovu sönsə də, közü qalmışdı. Yeni telefon alandan sonra bu meyil onda yenidən baş qaldırdı (Yaq. 1:14, 15).O, telefonu ilə pornoqrafik saytlara daxil olurdu. Bir dəfə bir ağsaqqala telefon lazım olduğu üçün o, öz telefonunu verdi. Ağsaqqal telefondan istifadə etməyə başlayanda qarşısına müəmmalı saytlar çıxdı. Bu, ruhani cəhətdən təhlükə altında olan qardaşımızın xeyrinə qurtardı. O, vaxtında məsləhət aldı, verilən tənbehdən faydalandı və tədricən bu pis meyilə üstün gəldi. Biz necə də minnətdarıq ki, qayğıkeş səmavi Atamız hətta gizli günahlarımızı görüb bizə vaxtında düzəliş edir!

KƏLAMI VASİTƏSİLƏ BİZƏ RƏHBƏRLİK VERMƏKLƏ

10, 11. a) Sən Yehovanın rəhbərliyini necə axtara bilərsən? b) Bir ailə Yehovanın rəhbərliyinə tabe olmağın xeyrini necə gördü?

10 Məzmurçu Yehovaya şükr edir: «Nəsihətinlə mənə yol göstərirsən» (Məz. 73:24). Biz Yehovanın nəsihətlərini Onun nöqteyi-nəzəri əks olunan Kəlamından tapa bilərik. Müqəddəs Kitab prinsiplərini tətbiq etmək ruhani fayda verməklə yanaşı, maddi ehtiyaclarımızın ödənilməsinə də kömək edir (Sül. məs. 3:6).

11 Gəlin Filippinin dağlıq bölgəsi olan Masbatedə icarəyə yer götürmüş bir fermerin əhvalatından Yehovanın necə rəhbərlik etdiyinə baxaq. Böyük külfəti dolandırmalarına baxmayaraq, o, arvadı ilə birgə daimi pioner kimi xidmət edirdi. Bir gün mülkədar gözlənilmədən onlardan həmin ərazini tərk etmələrini tələb etdi. Bəs nəyə görə? Çünki onları şərləyib, fırıldaqçılıqda ittiham etmişdilər. Qardaş ailəsinin yaşaması üçün haradan ev tapacağını bilmirdi. O, ailəsinə demişdi: «Yehova Özü yetirəcək. Nə olursa-olsun, O, həmişə bizim qeydimizə qalır». Qardaşın ümidi boşa çıxmadı. Bir neçə gündən sonra ailəyə deyildi ki, onların həmin ərazini tərk etmələrinə daha ehtiyac qalmadı. Çünki mülkədar bu məsihçi ailəsinin ittihamlara baxmayaraq, Müqəddəs Kitab prinsiplərinə bağlı qalıb hörməti və sülhü qoruduqlarını gördü. Bu, mülkədara o qədər güclü təsir etdi ki, o, təkcə onların orada qalmalarına icazə vermədi, həm də əkib-becərmələri üçün əlavə torpaq sahəsi də verdi. (1 Peter 2:12 ayəsini oxu.) Bəli, həyatın çətinliklərinin öhdəsindən gəlməyimiz üçün Yehova Kəlamı vasitəsilə bizə rəhbərlik verir.

SINAQLARLA ÜZLƏŞƏNDƏ KÖMƏK ETMƏKLƏ

12, 13. Allahın əzablarımızı gördüyünə inanmaq nə zaman çətin gələ bilər?

12 Bəzən elə olur ki, çətinliklər saqqız kimi uzanır. Ola bilsin, biz xroniki xəstəlik, ailə üzvlərimizin ardı-arası kəsilməyən təzyiqləri və ya bitmək bilməyən təqiblərlə mübarizə aparırıq. Üstəlik, hərdənbir yığıncaqda kiminləsə aramızda mübahisənin yaranması bizi lap yıxıb sürüyə bilər.

13 Məsələn, sənə elə gələ bilər ki, səni gözümçıxdıya salıb irad tutublar. Sən düşünə bilərsən: «Axı Allahın təşkilatında belə bir şey olmamalıdır». Ancaq sənə irad tutan adam yığıncaqda məsul qardaşdır və başqaları onun haqda müsbət fikirdədir. Sənə qəribə gələ bilər: «Axı bu, necə ola bilər? Məgər Yehova görmür? Buna bir əncam çəkməyəcək?» (Məz. 13:1, 2; Habaq. 1:2, 3).

14. Allahın bizim kiminləsə şəxsi problemimizə müdaxilə etməməsinin səbəblərindən biri hansıdır?

14 Müdaxilə etməmək üçün Yehovanın əsaslı səbəbləri ola bilər. Məsələn, sənə elə gələ bilər ki, əsas günahkar qarşı tərəfdir, amma Yehova bu fikirdə olmaya bilər. Ola bilsin, O, fikirləşir ki, sənin təqsirin daha çoxdur. Tutulan irad pisinə gəlsə də, əslində, bu, üzərində ciddi şəkildə düşünməyin üçün lazımi məsləhət ola bilər. Rəhbərlik Şurasında xidmət etmiş Karl Kleyn qardaş öz bioqrafiyasında C. Ruterford qardaşın bir dəfə ona sərt töhmət verdiyi barədə danışır. Bu hadisədən bir qədər sonra Ruterford qardaş: «Salam Karl!» — deyərək Kleyn qardaşı gülərüzlə salamlayır. Lakin Kleyn qardaş ondan hələ də incikli olduğu üçün onunla quru-quru salamlaşmışdı. Kleyn qardaşın yaman incidiyini hiss edən Ruterford qardaş onu xəbərdar etdi ki, İblisə yer verməsin. Sonralar Kleyn qardaş yazmışdı: «Ürəyimizdə qardaşımıza, xüsusilə də o, haqlı olaraq nəsə deyən zaman kin saxlayırıqsa, asanlıqla İblisin tələsinə düşə bilərik» *.

15. Çətin vəziyyətlərə necə dözə bilərik?

15 Bununla belə, çətinliklərin aradan qalxmadığını görəndə səbrimiz tarıma çəkilə bilər. Biz belə vəziyyətə necə dözə bilərik? Təsəvvür et ki, sən sükan arxasındasan və magistral yolda tıxaca düşmüsən. Və bilmirsən bu, nə qədər çəkəcək. Bu vaxt hövsələn daralsa və yolunu dəyişməyə çalışsan, aza və mənzil başına çatmaq üçün daha çox vaxt itirə bilərsən. Eynilə, əgər Allahın Kəlamının göstərdiyi yolla getsən, tıxaca bənzər vəziyyətdən vaxtında çıxacaqsan.

16. Daha hansı səbəbə görə Yehova çətinliklərimizə müdaxilə etməmək qərarına gələ bilər?

16 Ola bilsin, Yehova bizə nəsə öyrətmək istədiyi üçün çətinliklərimizə müdaxilə etmir. (1 Peter 5:6—10 ayələrini oxu.) Ancaq bu o demək deyil ki, bizi çətinliklərə Özü salır (Yaq. 1:13). Əksər çətinliklər düşmənimiz İblisin başının altından çıxır. Bununla belə, Allah bu çətinliklərdən ruhani cəhətdən yetkinləşməyimiz üçün istifadə edə bilər. O, çəkdiyimiz əziyyətləri gördüyü və qeydimizə qaldığı üçün bizi əmin edir ki, bu, «qısa müddət» olacaq. Bəs çətinliklərlə üzləşəndə Yehovanın sənə nəzər saldığına və sənə çıxış yolu göstərəcəyinə əminsənmi? (2 Kor. 4:7—9).

BİZİ MÜKAFATLANDIRMAQLA

17. Yehova kimləri axtarır və nə üçün?

17 Sonda görək, Allah bizə hansı ən vacib səbəbə görə nəzər salır. Yehova Xanani vasitəsilə Asa padşaha bildirmişdi: «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Saln. 16:9). Yehova Asada bütöv bir ürək görmədi. Ancaq əgər sən düz yolda qalmaq əzmində olsan, O, səni qüvvətləndirəcək.

18. Yaxşı iş görürüksə, Yehovadan mükafat alacağımıza nəyə görə əmin ola bilərik? (Məqalənin əvvəlindəki şəklə bax.)

18 Allah bizim yaxşılığa dönməyimizi, yaxşılığı sevməyimizi və yaxşılıq etməyimizi istədiyi üçün bizə lütf göstərir (Amos 5:14, 15; 1 Pet. 3:11, 12). Yehova saleh bəndələrinə nəzər salır və onları mükafatlandırır (Məz. 34:15). İbrani mamaçalar Şifra və Puanın nümunəsinə diqqət yetirək. İsraillilər Misirdə qul kimi zülm çəkən dövrdə bu iki qadın firondan doğulan ibrani oğlanları öldürmək əmrini almışdı. Ancaq onlar firondan çox, Yehovadan qorxurdu. Görünür, vicdanları onlara körpələrin canına qəsd etmələrinə yol vermirdi. Onların yaxşı hərəkətləri Yehovanın nəzərindən qaçmadı. Daha sonra Yehova onlara «ailə nəsib etdi» (Çıx. 1:15—17, 20, 21). Bəzən bizə elə gələ bilər ki, gördüyümüz yaxşı işlər heç kim üçün əhəmiyyətli deyil. Amma Yehova üçün çox əhəmiyyətlidir. O, etdiyimiz hər yaxşı işi görür və mütləq əvəzini verəcək (Mat. 6:4, 6; 1 Tim. 5:25; İbr. 6:10).

19. Bir bacı yaxşı işlərin Allahın gözündən yayınmadığına necə əmin oldu?

19 Avstriyada yaşayan bir bacı çəkdiyi zəhmətin Allahın gözündən yayınmadığına əmin oldu. O, macar olduğu üçün bir dəfə ona macardilli bir maraqlananın ünvanını verdilər. O, ləngimədən bu ünvana yollandı, lakin evdə heç kim yox idi. Bu ünvana bir neçə dəfə gələndən sonra hiss etdi ki, evdə kimsə var, amma qapını açmır. O, ədəbiyyat və özü haqda qısa məlumat saxladı. İl yarımdan sonra o, bu evə yenə dəydi və budur qapı açılır! Mehriban bir qadın bacını salamlayaraq içəri dəvət edir: «Buyurun, keçin içəri. Sizin saxladığınız məlumatı oxudum və o vaxtdan gəlişinizi gözləyirəm». Həmin qadın kimyaterapiya qəbul etdiyindən insanlarla görüşə bilmirdi. Bacı onunla Müqəddəs Kitab öyrənməsinə başladı. Bəli, Yehova bacının zəhmətinin mükafatını verdi!

20. Yehovanın sənə nəzər salmasına necə yanaşırsan?

20 Yehova etdiyin hər şeyi görür və sonda əvəzini verəcək. Allahın sənə nəzər salması qoy səndə elə hiss yaratmasın ki, sən cansız bir müşahidə kamerasının nəzarəti altındasan. Əksinə, qoy bu, səni, rifahını düşünən qayğıkeş Allaha daha da yaxın etsin!

^ abz. 14 Kleyn qardaşın bioqrafiyası «Gözətçi qülləsi»nin 1984-cü il 1 oktyabr sayında (ing.) dərc edilmişdir.