Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

«Hələ görüləsi çox iş var»

«Hələ görüləsi çox iş var»

Corc Yanq 1923-cü ilin mart ayında Rio-de-Janeyroya gəlib çıxır

1923-cü il. San-Paulunun Musiqili Dram konservatoriyasının konsert zalı ağzına kimi doludur. Corc Yanq qardaşın gur avazına orada əyləşən 585 nəfərin hamısı diqqətlə qulaq asır. Onun nitqi cümləbəcümlə portuqal dilinə tərcümə edilir. Portuqal dilində Müqəddəs Kitab ayələri proyektorla səhnədən göstərilir. Və sonda portuqal, ingilis, alman və italyan dillərində «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək!» broşürasının yüz nüsxəsi paylanılır. Nitq uğurlu alınır! Kəlam vüsət alır. İki gün sonra camaat başqa bir nitqə qulaq asmaq üçün yenə bu zala axışır. Bütün bu hadisələrə nə səbəb oldu?

1867-ci ildə Sara Bellone Ferqesen öz ailəsi ilə birgə Birləşmiş Ştatlardan Braziliyaya köçür. Sara kiçik qardaşının Birləşmiş Ştatlardan Braziliyaya gətirdiyi Müqəddəs Kitaba əsaslanmış bəzi ədəbiyyatları oxuduqdan sonra 1899-cu ildə həqiqəti tapdığını anlayır. O, ingilis dilində «Gözətçi qülləsi» jurnalının bir sayını belə buraxmırdı. Müqəddəs Kitabın çatdırdığı xəbərdən təsirlənərək Ç. T. Rassel qardaşa yazdığı məktubda özünü «insanın harada yaşamasından asılı olmayaraq, [həqiqətin həmin adama] çata biləcəyinin diri nümunəsi» kimi təsvir etmişdi.

«Dirilər ölülərlə ünsiyyət edə bilərlərmi?» (portuqalca)

Sara Ferqesen insanlara Müqəddəs Kitab həqiqətini çatdırmaq üçün əlindən gələni edirdi. Ancaq onu həmişə bir sual narahat edirdi: bəs ona və ailəsinə bu xəbəri Braziliyada yaşayan bütün yaxşı insanlara çatdırmağa kimlər kömək edəcək? 1912-ci ildə Bruklin Bet-Elindən ona xəbər çatdırdılar ki, bir nəfər San-Pauluya gəlir və özü ilə portuqal dilində «Ölənlər haradadır?» adlı minlərlə traktat gətirir. 1915-ci ildə o, demişdi ki, Müqəddəs Kitab Tədqiqatçılarının əksəriyyətinin tezliklə göyə qaldırılacaqlarını gözlədiyini bilmək onu çox təəccübləndirirdi. O, öz hisslərini belə bölüşür: «Bəs Braziliyanın və Cənubi Amerikanın aqibəti necə olacaq?.. Cənubi Amerikanın dünyanın olduqca böyük bir hissəsi olduğunu nəzərə alsaq, onda deyə bilərik ki, hələ görüləsi çox iş var». Bəli, doğrudan da görüləsi çox iş var idi!

Təxminən 1920-ci ildə braziliyalı səkkiz gənc dənizçi, hərbi gəmiləri təmir edilənə kimi, Nyu-York şəhərində bir neçə yığıncaq görüşündə iştirak edir. Rio-de-Janeyroya qayıdandan sonra isə onlar yeni eşitdikləri Müqəddəs Kitab ümidini başqaları ilə bölüşürlər. Çox keçməmiş, 1923-cü ilin mart ayında səyyar nəzarətçi Corc Yanq qardaş maraqlananların yaşadığı yerə, Rio-de-Janeyroya gəlir. O, bir neçə nəşrin portuqal dilinə tərcümə edilməsinin qayğısına qalır. Bir qədər sonra Yanq qardaş o vaxtlar əhalisi təxminən 600 000 olan San-Paulu şəhərinə gəlir. Məqalənin əvvəlində deyildiyi kimi, orada o, nitq söyləyir və «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək!» broşürasını təqdim edir. Yanq qardaş deyir: «Tək başına olduğum üçün mən tamamilə qəzetin çatdıracağı elandan asılı idim. Braziliyada Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyi adı altında ilk dəfə elan edilən nitqlər söylənəcəkdi» *.

Yanq qardaş nitq söyləyən zaman Müqəddəs Kitab ayələri proyektorla səhnədən göstərilirdi

«Gözətçi qülləsi»nin 1923-cü il 15 dekabr sayında Braziliya haqda verilən hesabatda deyilirdi: «Biz orada iyunun 1-dən başlanan təbliğ fəaliyyətinin nəticəsində artıq bir dənə də olsun ədəbiyyat qalmadığını eşidəndə bu işə Ağamızın necə xeyir-dua verdiyinə heyran qaldıq». Hesabatda həmçinin bildirilirdi ki, Yanq qardaş iyunun 1-dən sentyabrın 30-na kimi söylədiyi və ümumilikdə 3600 nəfərin iştirak etdiyi 21 nitqdən 2-sini San-Paulu şəhərində etmişdi. Rio-de-Janeyroda Padşahlıq xəbəri geniş yayılmışdı. Yalnız bir neçə ay ərzində portuqal dilində 7000-dən çox ədəbiyyat paylanmışdı. Bundan əlavə, «Gözətçi qülləsi» nəşri 1923-ci il noyabr–dekabr sayından etibarən portuqal dilində də çıxmağa başladı.

Sara Bellone Ferqesen — Braziliyada ingiliscə «Gözətçi qülləsi» jurnalının ilk oxuyucusu

Corc Yanq qardaş Sara Ferqeseni yanına çağırmışdı. Bu haqda «Gözətçi qülləsi»ndə deyilirdi: «Bacı kabinetə daxil oldu və bir qədər sükut yarandı. Yanq qardaşın əlini sıxıb vüqarlı baxışla qardaşa bildirdi: “İnana bilmirəm ki, mən əsil səyyar xidmətçi görürəm!”» O və uşaqlarından bəziləri tezliklə vəftiz oldular. Sara düz 25 il vəftiz olunacağı günü gözləmişdi! «Gözətçi qülləsi»nin 1924-cü il 1 avqust sayında deyilirdi ki, Braziliyada, əksəriyyəti Rio-de-Janeyrodan olan 50 nəfər vəftiz olunmuşdu.

İndi təxminən 90 il keçib. «Bəs Braziliyanın və Cənubi Amerikanın aqibəti necə olacaq?» — sualını verməyə ehtiyac yoxdur. Hal-hazırda 760 000-dən çox Yehovanın Şahidi Braziliyada xoş xəbəri təbliğ edir. Həmçinin Padşahlıq haqda xoş xəbər Cənubi Amerikanın hər yerində portuqal, ispan və bir çox yerli dillərdə çatdırılır. 1915-ci ildə Sara Ferqesen haqlı idi, çünki görüləsi çox iş var imiş (Braziliyadakı arxivimizdən).

^ abz. 6 Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyi Yehovanın Şahidlərinin əvvəlki adı olub.