Kontentə keç

Mündəricatı göstər

Yehovanın təşkilatı ilə irəliləyirsən?

Yehovanın təşkilatı ilə irəliləyirsən?

«Yehovanın gözü salehlərin üstündədir» (1 PET. 3:12).

1. Allahın adını daşıyan dönük İsrail xalqını hansı təşkilat əvəz etdi? (Məqalənin əvvəlindəki şəklə bax.)

BİRİNCİ əsrdə məsihçi yığıncağının yaranmasına və müasir dövrdə həqiqi ibadətin bərpasına Yehova Özü rəhbərlik edib. Əvvəlki məqalədə qeyd olunduğu kimi, Məsihin erkən davamçılarından təsis olunan bir təşkilat o dövrdə Allahın adını daşıyan dönük İsrail xalqını əvəz etdi. Yehova bu yeni təşkilatın arxasında durduğu üçün eramızın 70-ci ilində Yerusəlim məhv edilən zaman onu qorudu (Luka 21:20, 21). Birinci əsrdə baş verən hadisələr Yehovanın müasir xidmətçilərinə təsir edəcək hadisələrə işarə idi. Şeytan sistemi tezliklə məhv edilsə də, Allahın təşkilatına heç nə olmayacaq (2 Tim. 3:1). Buna necə əmin ola bilərik?

2. İsa «böyük müsibət» barədə nə demişdi və bu necə başlayacaq?

2 İsa özünün gözəgörünməz iştirakı və bu dövrün yekunu haqda demişdi: «Elə bir böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq» (Mat. 24:3, 21). Bu müsibət Yehovanın siyasi qüvvələr vasitəsilə yalan dinin dünya imperiyası olan «Böyük Babil»i məhv etməsi ilə başlayacaq (Vəhy 17:3—5, 16). Sonra nə baş verəcək?

ŞEYTANIN CANI HAR-MAGEDON İSTƏYİR

3. Yalan dinin məhvindən sonra Yehovanın xalqına qarşı nəyə cəhd göstəriləcək?

3 Yalan dinin məhvindən sonra Şeytan və əlaltıları Yehovanın xalqına hücum edəcək. Məsələn, «Maqoq ölkəsindən olan [Qoq]» barədə belə deyilmişdi: «Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz». Yehovanın Şahidlərinin silahlı ordusu olmadığından və ən sülhsevər xalq olduqlarından ilk baxışdan onlar asan loğmaya oxşayacaqlar. Amma bu, onların gözündə qalacaq! (Yez. 38:1, 2, 9 —12)

4, 5. Allah Şeytanın Onun xalqını məhv etmək cəhdlərinə necə cavab verəcək?

4 Allah Şeytanın Onun xalqını məhv etmək cəhdlərinə necə cavab verəcək? Yehova Kainatın Hökmdarı səlahiyyətindən istifadə edib onları müdafiə edəcək. Yehova xalqına edilən hücumu Özünə edilən hücum kimi qəbul edir. (Zəkəriyyə 2:8 ayəsini oxu.) Buna görə də səmavi Atamız bizi xilas etmək üçün dərhal hərəkətə keçəcək. Bu qurtuluş Şeytan dünyasının Har-Magedonda — «Qadir Allahın böyük günündə baş verəcək [müharibədə]» məhv edilməsi ilə tamamlanacaq (Vəhy 16:14, 16).

5 Har-Magedonla bağlı Müqəddəs Kitab peyğəmbərliyində belə deyilir: «“Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir. Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, dünyanın uzaq yerlərindən böyük qasırğa qopur”. O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar» (Yer. 25:31—33). Har-Magedon bu pis sistemə son qoyacaq. Şeytan dünyası məhv ediləcək, Yehovanın təşkilatının yerüzü hissəsi isə sağ çıxacaq.

YEHOVANIN TƏŞKİLATI İRƏLİ GEDİR

6, 7. a) Böyük izdiham haradan toplanır? b) Son illər ərzində hansı artım müşahidə olunub?

6 Allahın təşkilatının yer üzü hissəsinin irəli getməsinin başlıca səbəbi onun Allahın lütfünü qazanmış insanlardan ibarət olmasıdır. Müqəddəs Kitab bizi əmin edir: «Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir» (1 Pet. 3:12). Salehlər «böyük müsibətdən [çıxan]» «böyük bir izdiham»dan ibarətdir (Vəhy 7:9, 14). Sağ çıxanlar sadəcə «bir izdiham» yox, çoxlu sayda insandan təşkil olunmuş «böyük bir izdiham»dır. Bəs sən özünü «böyük müsibətdən» sağ çıxanlar arasında görürsənmi?

7 Böyük izdiham haradan toplanır? Bu sualın cavabı İsanın gözəgörünməz iştirakı ilə bağlı dediyi əlamətlərindən birində qeyd olunur. O demişdi: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mat. 24:14). Bu son günlərdə Allahın təşkilatının əsas işi elə bundan ibarətdir. Yehovanın Şahidlərinin ümumdünya təbliğ və təlim işində iştirakı sayəsində milyonlarla insan Allaha «ruhla və həqiqətlə» ibadət etməyi öyrənib (Yəh. 4:23, 24). Məsələn, son on il, 2003—2012-ci xidmət ili ərzində 2 707 000 nəfər həyatlarını Allaha həsr etdiklərinin simvolu olaraq vəftiz olub. Hal-hazırda bütün dünyada 7 900 000-dən çox Şahid var, üstəlik, milyonlarla insan, xüsusilə hər il Xatirə gecəsi zamanı həqiqi ibadəti dəstəkləyir. Bu saya görə biz lovğalanmırıq, çünki «becərən Allahdır» (1 Kor. 3:5—7). Böyük izdihamın ilbəil sürətlə artımı göz qabağındadır!

8. Yehovanın müasir dövrdəki təşkilatında heyrətamiz olan nədir?

8 Allahın xalqının sayındakı artımı görmək heyrətamizdir, çünki bu işin arxasında Yehova Özü durub. (Yeşaya 43:10—12 ayələrini oxu.) Bu artım barədə peyğəmbərlikdə deyilmişdi: «Ən kiçik ailədən böyük nəsil törəyəcək, azsaylı nəsil qüdrətli millət olacaq. Mən Rəbb bunu öz vaxtında tez edəcəyəm» (Yeşaya 60:22). Bir müddət məsh edilmiş qalıq «ən kiçik» görünsə də, başqa ruhani israillilərin Allahın təşkilatına gəlişi ilə onların sayı artdı (Qalat. 6:16). Və böyük izdihamın toplanması ilə Allahın xalqı artmağa davam edir.

YEHOVA BİZDƏN NƏ GÖZLƏYİR?

9. Allahın Kəlamındakı gələcəyə dair vədi görmək üçün nə etməliyik?

9 Məsh edilmiş və ya böyük izdihamın üzvü olmağımızdan asılı olmayaraq, Allahın Kəlamındakı parlaq gələcəyə dair vədi öz gözlərimizlə görə bilərik. Bunun üçün biz Yehovanın əmrlərinə tabe olmalıyıq (Yeşaya 48:17, 18). Götürək, Musanın qanunu altında olan israilliləri. Qanunun məqsədlərindən biri İsrail xalqını müdafiə etmək idi. Onlara əxlaq, iş münasibətləri, uşaqların tərbiyəsi, insanlarla rəftar və sair sahələrlə bağlı faydalı qanunlar verilmişdi (Çıx. 20:14; Lev. 19:18, 35—37; Qanun. t. 6:6—9). Eynilə, Allahın qanunlarına tabe olmaq bizə də fayda gətirir və sözsüz, biz Onun iradəsini yerinə yetirməyi ağır yük hesab etmirik. (1 Yəhya 5:3 ayəsini oxu.) Qanun israilliləri müdafiə etdiyi kimi, Yehova Allahın qanunları və prinsipləri bizi həm müdafiə edir, həm də imanımızı möhkəmləndirir (Tit. 1:13).

10. Nə üçün Müqəddəs Kitabı araşdırmağa və hər həftə ailəvi ibadət keçirməyə vaxt ayırmalıyıq?

10 Yehovanın təşkilatının yerüzü hissəsi müxtəlif sahələrdə irəliləyir. Məsələn, biz Müqəddəs Kitab həqiqətlərini get-gedə daha aydın başa düşürük. Bu, «salehlərin yolu isə dan yeri tək şəfəq saçar, nurunu artıraraq gündüzə qovuşar» sözlərinin doğruluğunu göstərir (Sül. məs. 4:18). Amma yaxşı olar ki, özümüzdən soruşaq: «Müqəddəs Kitab həqiqətlərinin son izahatlarını qəbul edirəm? Müqəddəs Kitabı hər gün oxumağı vərdiş etmişəm? Nəşrlərimizi həvəslə oxuyuram? Ailəvi ibadətimiz hər həftə keçir?» Əksəriyyətimiz razılaşacaq ki, bunları etmək elə də çətin deyil. Bunları etmək üçün sadəcə vaxt ayırmaq lazımdır. Xüsusilə də böyük müsibətin astanasında yaşadığımız üçün Müqəddəs Kitabdan dəqiq biliklərə yiyələnmək, onları tətbiq etmək və ruhən inkişaf etmək həyati vacibdir!

11. Qədimdə keçirilən bayramların və bugünkü tədbirlərin hansı faydası var?

11 Yehovanın təşkilatı həmçinin bizi Pavelin məsləhətini tətbiq etməyə təşviq edir: «Gəlin bir-birimizə qarşı diqqətcil olub bir-birimizi məhəbbətə və xeyirxah işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, əksinə, o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq» (İbr. 10:24, 25). İbadət üçün hər il keçirilən bayramlar və digər tədbirlər israilliləri ruhən möhkəmləndirirdi. Bundan əlavə, Nehemyanın günlərində keçirilən xüsusi Çardaqlar bayramı kimi tədbirlər sevindirici hadisə idi (Çıx. 23:15, 16; Neh. 8:9—18). Biz yığıncaq görüşlərindən, rayon və vilayət konqreslərindən eyni faydanı əldə edirik. Gəlin ruhani sağlamlığımız və xoşbəxtliyimiz üçün təqdim olunan bu tədbirlərdən tam faydalanaq (Tit. 2:2).

12. Padşahlığın təbliğ işinə necə yanaşmalıyıq?

12 Allahın təşkilatı ilə əməkdaşlıq edən bizlər «Allahın xoş xəbəri ilə bağlı müqəddəs işi»n icrasında iştirak etdiyimiz üçün şadıq (Rom. 15:16). Bu «müqəddəs işi» icra etməklə Müqəddəs Allahın əməkdaşlarına çevrilirik (1 Kor. 3:9; 1 Pet. 1:15). Xoş xəbərin təbliği Yehovanın müqəddəs adının izzətlənməsinə xidmət edir. Üstəlik, «xoşbəxt Allah tərəfindən... şanlı xoş [xəbərin]» bizə əmanət edilməsi əsil şərəfdir (1 Tim. 1:11).

13. Ruhani sağlamlığımız və həyatımız nələrdən asılıdır?

13 Allah istəyir ki, biz Ona bağlanmaqla və müxtəlif sahələrdə Onun təşkilatını dəstəkləməklə ruhani cəhətdən sağlam qalaq. Musa israillilərə demişdi: «Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək» (Qanun. t. 30:19, 20). Deməli, həyatımız Yehovanın iradəsini yerinə yetirməkdən, Onu sevməkdən, sözünə qulaq asmaqdan və Ona bağlanmaqdan asılıdır.

14. Yehovanın təşkilatının görünən hissəsi barədə bir qardaş nə demişdi?

14 Yehovaya tamamilə bağlı qalan və Onun təşkilatı ilə bir addımlayan Prays Hyuz qardaş yazmışdı: «Mən çox minnətdaram ki, 1914-cü ildən, hər şeyin tam aydın olmadığı... elə o erkən dövrdən Yehovanın niyyətlərinə aid biliyə əsasən yaşayıram. Mənim üçün həyatda vacib olan bir şey var: o da Yehovanın görünən təşkilatına bağlı qalmaqdır. Keçmişdə başıma gələnlərdən öyrəndim ki, insan ağlına güvənmək nə qədər ağılsızlıqdır. Bunu dərk edəndən bəri bu sadiq təşkilata bağlı qalmaq əzmindəyəm. Axı insan Allahın lütfünü və xeyir-duasını başqa necə qazana bilər?!»

YEHOVANIN TƏŞKİLATI İLƏ İRƏLİ!

15. Təlimə edilən dəyişikliklərə necə yanaşmalı olduğumuza dair Müqəddəs Kitabdan nümunə gətir.

15 Əgər biz Yehovanın lütfünü və xeyir-duasını qazanmaq istəyiriksə, onda Onun təşkilatını dəstəkləməli və təlimdəki dəyişiklikləri qəbul etməliyik. Bir düşünün: İsa Məsihin ölümündən sonra minlərlə yəhudi məsihçi Qanunun tərəfini saxlayır və ondan heç cür qopa bilmirdi (Həv. iş. 21:17 —20). Lakin Pavelin ibranilərə yazdığı məktubun köməyi ilə onlar qəbul etdilər ki, «Qanuna görə təqdim edilən» qurbanlar sayəsində yox, «İsa Məsihin bədəninin təqdim edilməsi sayəsində birdəfəlik müqəddəs [edildilər]» (İbr. 10:5—10). Şübhəsiz, yəhudi məsihçilərindən çoxu düşüncə tərzlərini dəyişib ruhən inkişaf etdilər. Həmçinin biz də dərindən araşdırmalı, Allahın Kəlamına əsaslanan təlimə və ya təbliğ işinə edilən dəyişiklikləri qəbul etməliyik.

16. a) Yeni dünyada bizi hansı xeyir-dualar gözləyir? b) Sən hansı vədin yerinə yetməsini səbirsizliklə gözləyirsən?

16 Yehova Ona və təşkilatına sədaqət göstərənləri daim xeyir-dualandıracaq. Sadiq məsh olunmuşlar göydə Məsihin həmvarisləri olmaq şərəfinə layiq görüləcəklər (Rom. 8:16, 17). Əgər biz yerüzü ümidinə malikiksə, onda Cənnətdə yaşamağın necə möhtəşəm olacağını təsəvvür edə bilərik. Yehovanın təşkilatının bir hissəsi kimi başqalarına Allahın vəd etdiyi yeni dünya barədə danışmaq necə də xoşdur! (2 Pet. 3:13). Məzmur 37:11 ayəsində deyilir: «Həlimlər yer üzünü mülk olaraq alacaq. Əmin-amanlığın bolluğundan zövq tapacaq». İnsanlar «evlər tikib orada məskunlaşacaq» və «əllərinin işlərindən zövq alacaq» (Yeşaya 65:21, 22). Bir daha nə hədə-qorxu, nə kasıbçılıq, nə də aclıq olacaq (Məz. 72:13—16). Böyük Babil bir daha heç kəsi azdırmayacaq, çünki o mövcud olmayacaq (Vəhy 18:8, 21). Ölənlər diriləcək və onlara əbədi yaşamaq fürsəti veriləcək (Yeşaya 25:8; Həv. iş. 24:15). Özünü Yehovaya həsr edən milyonlarla insanı necə də gözəl həyat gözləyir! Müqəddəs Kitabdakı bu kimi vədlərin şahidi olmaq üçün biz ruhən inkişaf etməyə, həmişə Allahın təşkilatından möhkəm yapışıb irəliləməyə davam etməliyik.

Özünü Cənnətdə görürsən? (16-cı abzasa bax)

17. Yehovaya ibadətə və Onun təşkilatına necə yanaşmalıyıq?

17 Bu sistemin sonuna heç nə qalmayıb. Buna görə də gəlin imanda möhkəm qalaq və Yehovaya ibadət edə bildiyimizə görə minnətdar olaq. Növbəti sözləri deyən Davud bu əhval-ruhiyyədə idi: «Rəbdən bir arzum, bir istəyim var: bütün ömrüm boyu Rəbbin evində yaşayım, məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim» (Məz. 27:4). Gəlin hər birimiz Allaha bağlanaq, Onun xalqına daha yaxın olaq və təşkilatı ilə irəli gedək.