İnsan zəifliyinə Yehovanın gözü ilə bax
«Bədənin daha zəif hesab edilən üzvləri zəruridirlər» (1 KOR. 12:22).
1, 2. Pavel nə üçün zəifin dərdinə şərik ola bilirdi?
ELƏ insan yoxdur ki, hərdən özünü zəif hiss etməsin. Qrip və ya allergiya bizi elə əldən sala bilər ki, gündəlik işlərimizi görməyə belə taqətimiz qalmaz. İndi təsəvvür et ki, sənin halsızlığın bir-iki həftə yox, aylarla davam edir. Yəqin, belə vəziyyətdə başqalarının sənə şəfqətlə yanaşması canına məlhəm olardı.
2 Həvari Pavel kənardan və yığıncaq daxilindən təzyiqlərə məruz qalmağın insanı necə məyus etdiyini, hətta zəiflətdiyini yaxşı bilirdi. Dəfələrlə o, özünü zəif hesab edib (2 Kor. 1:8; 7:5). Həyatını və üzləşdiyi əziyyətləri gözünün qabağına gətirərək bu sadiq məsihçi demişdi: «Kim zəifdirsə, mən də onunla birlikdə zəifəm» (2 Kor. 11:29). O, məsihçi yığıncağının üzvlərini bədənin müxtəlif orqanlarına bənzədərək qeyd etmişdi ki, «zəif hesab [edilənlər]... zəruridirlər» (1 Kor. 12:22). O, bununla nəyi nəzərdə tuturdu? Zəiflərə nə üçün Yehovanın gözü ilə baxmalıyıq? Belə münasibətin özümüzə hansı faydası olacaq?
YEHOVANIN ZƏİFLƏRƏ MÜNASİBƏTİ
3. Yığıncaqdakı zəiflərə baxışımıza nə təsir edə bilər?
3 Biz güclülərin və gənclərin irəli getdiyi, rəqabətçilik ruhunun hökm sürdüyü bir dünyada yaşayırıq. Kor tutduğunu buraxmadığı kimi, çoxları öz məqsədlərinə çatmaq üçün hər şeyə əl atır, hətta zəifləri belə əzib keçirlər. Biz belə davranışa bəraət qazandırmırıq. Bununla belə, yığıncaq üzvlərindən kiminsə həmişə zəiflik göstərməsinə qeyri-iradi olaraq çəp-çəp baxa bilərik. Lakin bu yanlış baxışımızı Allahın baxışı üstündə kökləyə bilərik.
4, 5. a) 1 Korinflilərə 12:21—23 ayələrindəki nümunə Yehovanın insan zəifliyinə münasibətini qavramağa necə kömək edir? b) Zəiflərə kömək etməyin özümüzə hansı faydası var?
4 Biz Pavelin korinflilərə yazdığı birinci məktubunda çəkdiyi nümunədən Yehovanın insan zəifliyinə necə yanaşdığını dərk edə bilərik. 12-ci fəsildə Pavel xəbərdar edir ki, bədənin hətta az əhəmiyyətli və ya zəif üzvünün belə öz funksiyası var. (1 Korinflilərə 12:12, 18, 21—23 ayələrini oxu.) İnsan bədəninə dair deyilən bu fikirləri bəzi təkamülçülər təkzib edib. Ancaq anatomiya üzrə araşdırmalar nəticəsində aşkar olub ki, vaxtilə bədənin lazımsız hesab edilən üzvləri əslində olduqca vacib funksiyaları həyata keçirir *. Məsələn, bəziləri hesab edirdi ki, ayaqdakı balaca barmağın heç bir xeyri yoxdur. Lakin indi məlumdur ki, o, bütün bədənin müvazinətini qorumağa xidmət edir.
5 Pavelin nümunəsi parlaq şəkildə göstərir ki, məsihçi yığıncağının hər bir üzvü lazımlıdır. İnsanların ləyaqətini alçaldan Şeytandan fərqli olaraq, Yehova bütün xidmətçilərini, o cümlədən zəif hesab edilənləri zəruri sayır (Əyy. 4:18, 19). Bu fikir kömək edir ki, biz həm öz yığıncağımızda, həm də Allahın xalqının ümumdünya yığıncağında icra etdiyimiz rolu zəruri hesab edək. Yəqin ki, bu vaxta kimi boş-boşuna oturmamısan, məsələn, yaşlı bir insanın köməyinə çatmısan, ona uyğunlaşmağa çalışmısan. Məgər buna görə özünü xoşbəxt hiss etməmisən? Əlbəttə, başqalarına kömək əli uzatmaq bizə sevinc gətirir, habelə məhəbbətimiz və səbrimiz artır, günü-gündən yetkinləşirik (Efes. 4:15, 16). Sevən Atamız bilir ki, zəif olub-olmamasından asılı olmayaraq, yığıncağın bütün üzvlərinə dəyər veriləndə həmin yığıncaqda sağlam münasibət və məhəbbət şölə saçır.
6. Pavel «zəif» və «güclü» sözlərini bəzən hansı kontekstdə istifadə edirdi?
6 Maraqlıdır ki, korinflilərə məktubunda Pavel imansızların birinci əsrdəki məsihçilərə münasibətinə və özünün keçirdiyi hisslərə istinad edərək «zəif» və «gücsüz» sözlərini işlədir (1 Kor. 1:26, 27; 2:3). Həmçinin Pavel «güclülər» haqda danışsa da, bunu bəzi məsihçilərin qolunun altına qarpız yığmaq üçün demirdi (Rom. 15:1). Əksinə, bunu ona görə deyirdi ki, təcrübəli məsihçilər həqiqətdə hələ möhkəm olmayanlara səbirlə yanaşmalıdır.
BƏS BİZİM MÜNASİBƏTİMİZ NECƏDİR?
7. Zəifləri köməksiz qoymağa bizi nə vadar edə bilər?
7 «Yoxsulların», yəni fağırların köməyinə çatanda təkcə Yehovanı təqlid etmir, həm də Onun rəğbətini qazanırıq (Məz. 41:1; Efes. 5:1). Ancaq etiraf etməliyik ki, zəiflərə qarşı bəslədiyimiz yanlış münasibət hərdən bizi onları köməksiz qoymağa vadar edə bilər. Yaxud nə deyəcəyimizi dəqiq bilmədiyimiz üçün ağır günlər yaşayan insanın qarşısında özümüzü xəcalətli hiss edib ondan yan gəzə bilərik. Əri onu atıb getmiş Sintiya * adlı bir bacı bölüşür: «Bacı-qardaşlar əsil dost kimi hərəkət etməyəndə və ya səndən qaçanda bu, adamın ürəyinə dağ çəkir. İnsan əzab-əziyyətin altında qalanda istəyir ki, yanında kimsə olsun». Qədimdə yaşamış Davud padşah tərk edilməyin nə demək olduğunu yaxşı bilirdi (Məz. 31:12).
8. Başqalarının dərdinə şərik olmağa bizə nə kömək edə bilər?
8 Bacı-qardaşlarımızın xəstəlik, həyat yoldaşından ayrı qalmaq və ya depressiya kimi vəziyyətlər ucbatından zəiflədiklərini anlamağa çalışsaq, onda onların dərdinə şərik ola biləcəyik. Kim bilir, bəlkə, biz də nə vaxtsa belə bir vəziyyətə düşdük. Misirdə yoxsullaşmış və əldən düşmüş israillilərə Vəd edilmiş diyara girməzdən öncə xəbərdarlıq edilmişdi ki, ehtiyac içində olan soydaşlarına qarşı «daşürəkli» olmasınlar. Yehova onlardan kasıblara əl tutmağı gözləyirdi (Qanun. t. 15:7, 11; Lev. 25:35—38).
9. Çətinliklə üzləşən insana ilk növbədə nə etməliyik? Nümunə çək.
9 Çətin vəziyyətə düşən həmimanlımızı qınamaq və ya etibarsız yanaşmaq əvəzinə, yaxşı olar ki, ona ruhani cəhətdən dəstək olaq (Əyy. 33:6, 7; Mat. 7:1). Tutalım, bir motosikletçi qəzaya uğrayır və xəstəxanaya aparılır. Səncə, belə vəziyyətdə tibb işçiləri qəzanın səbəbini öyrənməyə çalışacaqlar, yoxsa vaxt itirmədən ona tibbi yardım göstərəcəklər? Eynilə, həmimanlımız şəxsi problemləri ucbatından zəifləyibsə, ilk görəcəyimiz iş ona ruhani köməklik göstərmək olmalıdır. (1 Salonikililərə 5:14 ayəsini oxu.)
10. Zəif kimi görünənlərin «imanda zəngin» olduqlarını nə sübut edir?
10 Həmimanlımızın düşdüyü vəziyyətə yanlış qiymət versək, onun zəifliyinə də başqa gözlə baxacağıq. Məsələn, götürək illər ərzində ailə üzvləri tərəfindən təqib olunan bacıları. Onlardan bəziləri zəif və qorxaq görünsələr də, məgər hər zaman möhkəm iman və polad iradə göstərən onlar deyillər? Uşaqları ilə müntəzəm yığıncaqlara gələn bacının imanı və qətiyyəti səni riqqətə gətirmir? Bəs məktəbdə pis təsirlərə məruz qalmasına baxmayaraq, həqiqətdən möhkəm yapışan yeniyetmələr haqda nə deyə bilərsən? Etiraf edək ki, zəif kimi görünənlər yaxşı vəziyyətdə olan bizlər qədər «imanda zəngin»dirlər (Yaq. 2:5).
MÜNASİBƏTİNİ DƏYİŞ
11, 12. a) İnsan zəifliyinə münasibətimizi düzəltməyə nə kömək edər? b) Yehovanın Haruna münasibətindən nə nəticə çıxara bilərik?
11 Yehovanın bəzi xidmətçiləri ilə münasibətini nəzərdən keçirmək bizə insan zəifliyinə baxışımızı düzəltməyə kömək edəcək. (Məzmur 130:3 ayəsini oxu.) Təsəvvür et, Musa ilə birlikdə gəlib görürsən ki, Harun qızıl dana düzəldib. Bu cür zəiflik göstərdiyinə görə Harun barədə nə düşünərdin? (Çıx. 32:21—24). Yaxud bacısı Məryəmin təsiri altına düşüb Musanı yadelli qadınla evləndiyinə görə tənqid etməsinə nə ad verərdin? (Say. 12:1, 2). Bəs Harunla Musanın möcüzəvi şəkildə Meriva sularını çıxaran Yehovanı izzətləndirməməsinə nə qiymət verərdin? (Say. 20:10—13).
12 Bu vəziyyətlərin hər birində Yehova Harunu yerindəcə cəzalandıra bilərdi. Lakin O, Harunun heç də pis adam olmadığı və ya dəhşətli dərəcədə ciddi günaha yol vermədiyi qənaətinə gəldi. Görünür, Harun mövcud vəziyyətin və ya yanlış fikirli insanların ona Çıx. 32:26; Say. 12:11; 20:23—27). Yehova diqqətini Harunun imanına və keçirdiyi peşmançılığa yönəltmişdi. Əsrlər sonra da Harun və nəsli Yehovanın mömin bəndələri kimi yad edilirdi (Məz. 115:10—12; 135:19, 20).
təsir etməsinə yol vermişdi. Ancaq etdiyi səhvlər onun üzünə deyiləndə o, dərhal öz günahlarını boynuna aldı və Yehovanın hökmünü qəbul etdi (13. İnsan zəifliyinə münasibətimizi necə yoxlaya bilərik?
13 İnsan zəifliyinə Yehovanın gözü ilə baxa bilək deyə biz bu cür insanlara münasibətimizi yoxlamalıyıq (1 Şam. 16:7). Məsələn, yeniyetmə əyləncə seçimində ehtiyatsız və ya məsuliyyətsiz davranırsa, buna necə yanaşacağıq? Asıb-kəsmək əvəzinə, yaxşı olar ki, ona yetkinləşməsi üçün necə kömək edə biləcəyimizi düşünək. Biz günü-günə satmamalı, zəiflərin imdadına çatmalıyıq. Belə etməklə onlara qarşı daha anlayışlı olacaq, məhəbbətimiz isə birə-beş artacaq.
14, 15. a) Yehova İlyasın qorxaqlıq göstərməsinə necə yanaşdı? b) İlyasın hadisəsindən nə öyrənirik?
14 Üstəlik, başqalarına düzgün yanaşmaq üçün Yehovanın ruhdan düşmüş bəzi xidmətçilərinə münasibətini özümüzünkü ilə tutuşdurmalıyıq. Məsələn, götürək İlyas peyğəmbəri. O, cəsarətlə Baala ibadət edən 450 peyğəmbərə meydan oxusa da, məlikə İzevelin onun canını almaq istədiyini biləndə qorxub qaçdı. Təxminən 150 kilometr getdikdən sonra Beer-Şevaya, səhranın düz ortasına gəlib çıxdı. Qızmar günəş altında bu qədər yol qət etdikdən sonra əldən düşən peyğəmbər bir ağacın altında oturub «canına ölüm [dilədi]» (1 Pad. 18:19; 19:1—4).
1 Padşahlar 19:5—8 ayələrini oxu.) Bəli, Yehova peyğəmbərinə hansısa tapşırıq verməzdən öncə, onu dinlədi və dirçəltdi.
15 Bəs Yehova göydən sadiq peyğəmbərinə nəzər salıb onun pərişan olduğunu görəndə nə düşündü? O, depressiyaya düşdüyü və qorxaqlıq göstərdiyi üçün sadiq xidmətçisinin üstündən xətt çəkdi? Qətiyyən! Yehova İlyas peyğəmbərin gücünün tükəndiyini görüb mələyini onun yanına göndərdi. Mələk düz iki dəfə onu yemək yeməyə səslədi. Bunun sayəsində, gedəcəyi yol İlyasa «çox uzun» gəlmədi. (16, 17. Yehovanın İlyasa qayğıkeş münasibətini biz necə təqlid edə bilərik?
16 Bəs biz qayğıkeş Allahımızı necə təqlid edə bilərik? Məsləhət verməyə tələsməməklə (Sül. məs. 18:13). Yaxşı olar ki, düşdüyü vəziyyətə görə özünü «nisbətən şərəfsiz» sanan adamın əvvəlcə dərdinə şərik olmağa çalışaq (1 Kor. 12:23). Yalnız bundan sonra biz onun əslində nəyə ehtiyac duyduğunu anlayıb buna uyğun davrana biləcəyik.
17 Məsələn, yuxarıda haqqında bəhs olunan Sintiyanın əri onu və iki qızını atıb getmişdi. Onlar özlərini tənha hiss edirdilər. Bəs bəzi həmimanlıları onların köməyinə necə çatmışdı? Bacı deyir: «Biz zəng edib başımıza gələni deyəndə, onlar cəmi 45 dəqiqəyə özlərini bizə çatdırdılar. Onlar dəhşətə gəlmişdilər. İki-üç gün yanımızdan ayrılmadılar. Düz-əməlli yemək yemədiyimizdən və emosional cəhətdən çox gərgin olduğumuzdan onlar bir müddət bizi, sanki, öz ovuclarında saxladılar». Yəqin ki, bu hadisə Yaqubun dediklərini yadına salır: «Əgər bir qardaşın, yaxud bacının geyməyə paltarı və gündəlik yeməyi yoxdursa və sizlərdən biri onlara: “Sağ-salamat gedin, isinin və qarnınızı doydurun”, — deyir, amma möhtac olduqları zəruri şeyləri vermirsə, bunun nə faydası? Eynilə, iman da əməlsiz ölüdür» (Yaq. 2:15—17). Bu bacı-qardaşlarının vaxtında göstərdikləri kömək öz bəhrəsini verdi. Sintiya və qızları aldıqları bu zərbədən düz altı ay sonra köməkçi pioner kimi xidmət etmək üçün özlərində güc tapdılar (2 Kor. 12:10).
ÇOXLARI FAYDA ƏLDƏ EDİR
18, 19. a) Zəiflərə necə kömək edə bilərik? b) Zəifləmiş insana kömək etməyin kimlərə faydası var?
18 Bildiyimiz kimi, ağır, üzücü xəstəlikdən sağalmaq uzunsürən prosesdir. Eynilə, şəxsi çətinlikləri və ya üzləşdiyi vəziyyət ucbatından zəifləyən insanın ruhani gücünü bərpa etməsi də çox vaxt apara bilər. Belə vəziyyətdə olan insan öz imanını dua və mütaliə etməklə, eləcə də, digər ruhani işlərlə məşğul olmaqla möhkəmləndirə bilər. Bəs biz həmin adama öz ruhani tarazlığını bərpa edənə kimi səbir edəcəyik? Özünə gəlməyə çalışdığı bir dövrdə onun yanında olacağıq? Zəifləmiş həmimanlımıza özünü dəyərli hiss etməsi və əsil məsihçi məhəbbətini görməsi üçün əlimizdən gələni edəcəyik? (2 Kor. 8:8).
19 Unutma, bacı-qardaşlara dəstək olmaqla, «[verməyin]... daha çox xoşbəxtlik» gətirdiyini dadacaqsan. Həmçinin şəfqət və səbir kimi gözəl keyfiyyətləri özündə daha da yetişdirəcəksən. Bundan əlavə, bütün yığıncaq doğmalaşıb, məhəbbətə bürünəcək. Hər şeydən əlavə, bu məsləhətlərə riayət etməklə hər bir insana dəyər verən Yehovanı təqlid etmiş olacağıq. Bəli, «zəiflərə kömək [etmək]» çağırışına hay vermək üçün hər birimizin əsaslı səbəbləri var (Həv. iş. 20:35).