Kontentə keç

Mündəricatı göstər

Onlar özlərini könüllü olaraq təqdim edirlər — Mikroneziyada

Onlar özlərini könüllü olaraq təqdim edirlər — Mikroneziyada

BİRLƏŞMİŞ Ştatlarda böyüyən Ketrin 16 yaşında Yehovanın Şahidi kimi vəftiz olunub. O, xidmətdə əlindən gələni etsə də, əfsuslar ki, çatdırdığı xəbərə hay verən az idi. O deyir: «Mən tez-tez ədəbiyyatlarımızdan Allaha dua edib Ondan Özünü tanıtması üçün kimisə göndərməsini xahiş edən insanlar barədə oxuyurdum. Və elə hey istəyirdim ki, mənim də rastıma belə insanlar çıxsın, amma çıxmırdı ki çıxmırdı».

Həmin ərazidə bir neçə il xidmət etdikdən sonra Ketrin Padşahlıq xəbərinə daha çox insanın hay verdiyi əraziyə köçmək fikrinə düşdü. Lakin qorxurdu ki, birdən bunun öhdəsindən gələ bilməz. O, ömründə bircə dəfə, o da cəmi iki həftəlik ailəsindən ayrı qalmışdı, onda da ev üçün yaman darıxmışdı. Ancaq Yehovanı axtaran insanlara kömək etməyin gətirdiyi sevinci duymaq istəyi onun qorxusuna üstün gəldi. Köçə biləcəyi bəzi yerlər haqda fikirləşdikdən sonra Quam filialına məktub yazıb lazım olan məlumatı əldə etdi. 26 yaşlı Ketrin 2007-ci ilin iyulunda evlərindən 10 000 kilometr uzaqlıqda yerləşən Sakit okeanın Saypan adasına köçdü. Bunun nəticəsi nə oldu?

İKİ NƏFƏRİN DUASINA CAVAB VERİLİR

Yeni yığıncağa keçəndən bir qədər sonra Ketrin 40 yaşlarında Doris adlı bir qadınla Müqəddəs Kitab öyrənməsi başlayır. «Müqəddəs Kitab öyrədir» kitabından ilk üç fəsli araşdırdıqdan sonra Ketrin narahatçılıq keçirir. O bölüşür: «Doris həddən artıq səmimi adam idi. Heç istəmirdim, o, öyrənməni dayandırsın. Çünki heç vaxt kiməsə müntəzəm Müqəddəs Kitabı öyrətməmişəm. Ona görə də düşünürdüm ki, Dorislə məndən daha təcrübəli və onunla eyni yaşda olan bir bacı araşdırmalıdır». Ketrin Yehovaya dua etdi ki, öyrətdiyi insanı etibar edə biləcəyi bir bacı tapsın. Sonra bu barədə Dorislə bölüşmək qərarına gəldi.

Ketrin deyir: «Ağzımı açıb bu barədə demək istəyirdim ki, Doris məni qabaqladı və bir problem haqda danışmaq istədiyini bildirdi. Onu dinlədikdən sonra oxşar vəziyyətdə Yehovanın mənə necə kömək etdiyini ona danışdım. O, mənə minnətdarlığını bildirdi». Sonra Doris Ketrinə dedi: «Yehova mənə kömək etmək üçün səndən istifadə edir. Sən birinci dəfə bizə gəldiyin gün mən bir neçə saat Müqəddəs Kitabı oxuyub göz yaşları ilə Allaha yalvarmışdım ki, bu kitabı başa düşməyimə kömək edəcək birini göndərsin. Elə bu ərəfədə sən qapını döydün. Bu, duama cavab idi». Bu an Ketrin göz yaşlarına hakim ola bilmədi. O bölüşür: «Dorisin sözləri duamın cavabı idi. Yehova göstərdi ki, mən öyrənməni davam etdirə bilərəm».

Doris 2010-cu ildə vəftiz olundu və hal-hazırda o özü bir neçə nəfərə Müqəddəs Kitabı öyrədir. Ketrin qeyd edir: «Çox xoşbəxtəm, çünki səmimi bir insana həqiqətə gəlməyə kömək etmək arzum ürəyimdə qalmadı!» Bu gün Ketrin xüsusi pioner kimi Sakit okeandakı Kosrae adasında həvəslə xidmət edir.

YARANAN ÜÇ ÇƏTİNLİK VƏ ONUN HƏLLİ

Mikroneziyanın daha çox tələbat olan yerlərində 19—79 yaş arası yüz nəfərdən çox təbliğçi xidmət edir. Bu möhtəşəm işdə iştirak edənlərin nə hisslər keçirdiyini 2006-cı ildə 19 yaşında Quama köçmüş Erika adlı bir bacının sözlərindən görmək olar. O bölüşür: «İnsanların həqiqətə susadığı bir yerdə pionerlik etməyin ayrı ləzzəti var. Çox şadam ki, Yehova mənə bu xidmətdə iştirak etməyi nəsib edib. Həyatda bundan yaxşı nə ola bilər?!» Bu gün Erika Marşall adalarının Ebeye adasında xüsusi pioner xidmətindən sevinc duyur. Düzdür, xarici ölkədə xidmət etməyin öz çətinlikləri var. Gəlin onlardan üçünü nəzərdən keçirək və görək Mikroneziyaya köçən bacı-qardaşlarımız bu çətinliklərin öhdəsindən necə gəliblər.

(Sağdakı şəkil) Erika

Şərait. 2007-ci ildə 22 yaşında Palauya köçən Saymon gördü ki, vətəni İngiltərədə qazandığı ilə müqayisədə burada qəpik-quruş qazanır. O bölüşür: «Mən hər ürəyim istəyəni almamağı öyrəndim. İndi yeməyə nəsə alanda yüz ölçüb, bir biçir, ucuza qaçıram. Nəsə qırılanda çalışıram hissələrini alıb kiməsə düzəltdirim». Bu cür sadə həyat sürmək ona necə təsir etdi? Saymon deyir: «Bu mənə əslində nəyin daha vacib olduğunu və hər şeyə qatlaşmağı öyrətdi. Çox vaxt əmin olurdum ki, Yehovanın əli üstümdədir. Burada xidmət etdiyim bu yeddi il ərzində, bir dəfə də olsun, nə acqarına yatdım, nə də çöldə qaldım». Bəli, Yehova Padşahlığı birinci yerə qoymaq üçün sadə həyat seçənlərin dayağıdır (Mat. 6:32, 33).

Ev həsrəti. Erika deyir: «Mən ailəmlə nəfəs alırdım, buna görə də qorxurdum ki, ev üçün darıxıb xidmətimi yarımçıq qoyacağam». Bəs o, özünü necə hazırladı? «Köçməmişdən öncə ev həsrəti ilə bağlı “Gözətçi qülləsi”ndən oxumadığım məqalə qalmamışdı. Bu, mənə çətinliyin öhdəsindən gəlməyə kömək etdi. Bir məqalədə ana öz qızını əmin etmişdi ki, Yehova qızına ondan qat-qat yaxşı baxacaq. Bir bilsəniz, bu sözlər məni necə ruhlandırmışdı». Hanna əri Patriklə Marşall adalarının Macuro şəhərində xidmət edir. Hanna ev həsrəti çəkməmək üçün diqqətini yığıncaqdakı bacı-qardaşlara yönəltmişdi. O bölüşür: «Mən doğma ailəm kimi baxdığım bacı-qardaşlar üçün Yehovaya dönə-dönə şükr edirəm. Onlar olmasaydı, mən heç vaxt burada xidmət edə bilməzdim».

(Soldakı şəkil) Saymon

Dost tapmaq. Saymon bölüşür: «Yeni ölkəyə gələndə hər şey adama yad gəlir. Hərdən ürəyim sıxılırdı, çünki nə istədiyim kimi zarafat edə, nə də fikrimi tam başa sala bilirdim». Erika deyir: «Əvvəl-əvvəl özümü yalqız hiss edir, eyni zamanda, bura hansı niyyətlə köçdüyümün üzərində düşünürdüm. Axı bura öz xeyrimi güdməyə yox, Yehovaya daha çox xidmət etməyə gəlmişəm! Lakin çox keçmədi ki, dəyərli dostlar tapdım». Saymon Palau dilini öyrənmək üçün əlindən gələni edirdi. Bunun sayəsində o, ürəyini yerli bacı-qardaşlara qarşı genişləndirdi (2 Kor. 6:13). Nəticədə çoxlu dostlar qazandı. Bəli, yığıncağa yeni keçənlərlə yerli təbliğçilərin əməkdaşlıq etməsi sayəsində yığıncaqda birlik hökm sürür. Bəs tələbat olan əraziyə gedən könüllülər başqa hansı xeyir-duaları dada bilərlər?

BOL BİÇİRLƏR

Həvari Pavel demişdi: «Səxavətlə əkən isə bol biçər» (2 Kor. 9:6). Bu ayədəki prinsipi öz xidmətini genişləndirənlərə də aid etmək olar. Görəsən, Mikroneziyaya köçənlər hansı bəhrələri bol biçirlər?

Patrik və Hanna

Mikroneziyada hələ də Müqəddəs Kitab araşdırmaq istəyənlərin və həqiqəti öyrənib ruhani inkişaf edənlərin sayı çoxdur. Patriklə Hanna əhalisi 320 nəfərdən ibarət olan balaca Anqaur adasında da xidmət edirlər. Orada iki ay təbliğ etdikdən sonra tənha bir anaya rast gəlirlər. O, dərhal Müqəddəs Kitab öyrənməsinə başlayır, həqiqəti qəbul edib həyatında böyük dəyişikliklər edir. Hanna deyir: «Hər məşğələdən sonra velosipedlə evimizə qayıdanda bir-birimizə baxıb deyirdik: “Şükür sənə, ay Yehova!”» Hanna əlavə edir: «Bilirəm ki, nə olursa, olsun Yehova o qadını Özünə cəlb edəcəkdi, amma daha çox tələbat olan bu yerdə xidmət etdiyimiz üçün onu tapan biz olduq. Bu, indiyə kimi daddığımız xeyir-dualardan yalnız biridir!» Erika demişkən, kiməsə Yehovanı tanımağa kömək edəndə insanın sevincinin həddi-hüdudu olmur!

GƏL SƏN DƏ QOŞUL

Əksər ölkələrdə Padşahlığın müjdəçilərinə tələbat çoxdur. Sən də belə ərazilərə köçənlərə qoşulmaq istəyərdin? Dua edib Yehovadan dilə ki, xidmətini genişləndirmək istəyini daha da möhkəmləndirsin. Bu məsələ ilə bağlı yığıncaq ağsaqqalları, rayon nəzarətçisi və ya belə ərazidə xidmət edənlərlə məsləhətləş. Getmək fikrinə düşsən, harada xidmət etmək istədiyini bildirmək və əlavə məlumat almaq üçün filiala yazılı surətdə müraciət edə bilərsən *. Bəlkə, sən də gənclər və yaşlılar, subaylar və evlilər də daxil olmaqla, özlərini könüllü olaraq təqdim edən və bol biçməyin gətirdiyi sevinci dadan minlərlə bacı-qardaşa qoşuldun.

^ abz. 17 «Bizim Padşahlıq Xidmətimiz»in 2011-ci il avqust sayındakı «Nə olar, Makedoniyaya gəl?» adlı məqaləyə bax.