ARXİVİMİZDƏN
«Evrika dramı» çoxlarına həqiqəti tapmağa kömək etdi
«EVRİKA!» Bu sözün mənası «Tapdım!» deməkdir. 19-cu əsrdə bu sözü Kaliforniyada (ABŞ) qızıl axtarışı dövründə qızıl tapan mədənçidən eşitmək olardı. Ancaq Çarlz Teyz Rassel və digər Müqəddəs Kitab Tədqiqatçıları daha dəyərli bir xəzinəni — Müqəddəs Kitab həqiqətini tapdılar. Onlar bu xəzinəni başqaları ilə də bölüşmək istəyirdilər.
1914-cü ilin yayından böyük şəhərlərdə milyonlarla insan Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları Birliyinin istehsalı olan səkkizsaatlıq «Yaradılış fotodramı»na baxmağa toplaşırdı. Cəlbedici kadrlardan, parlaq rəngli slaydlardan, maraqlı məruzələrdən və gözəl klassik musiqidən ibarət olan və Müqəddəs Kitaba əsaslanan bu fotodram tamaşaçılarını bəşər tarixinin əvvəlindən Məsihin Minillik Hökmranlığının sonuna kimi səyahət etdirirdi * (Vəhy 20:4).
Bəs qəsəbələrdə və ucqar ərazilərdə yaşayan insanlar bu filmə necə baxsınlar? Ruhani aclıq çəkən insanlardan heç kim kənarda qalmasın deyə 1914-cü ilin avqustunda Müqəddəs Kitab Tədqiqatçıları «Yaradılış fotodramı»nın videosuz, daşınabilən versiyasını ərsəyə gətirdilər. Bu versiya üç cür idi və hər biri bir neçə dildə hazırlanmışdı: «Evrika X» versiyası ancaq məruzələrin audioyazılarından və musiqidən ibarət idi. «Evrika Y» versiyasında bütün audioyazılar və seçmə slaydlar var idi. «Evrika ailə üçün» versiyası isə evdə istifadə etmək üçün nəzərdə tutulmuşdu və məruzələrin audioyazılarından və nəğmələrdən ibarət idi. Bunları ucuz fonoqraflar və proyektorlar vasitəsilə də səsləndirmək olardı.
Müqəddəs Kitab Tədqiqatçıları Padşahlıq xəbərini yeni ərazilərə çatdırmaq üçün bunları kinoproyektorlara və ya geniş səhnəyə ehtiyac olmadan pulsuz olaraq kənd yerlərində təqdim edə bilirdilər. Yalnız audioyazılardan ibarət olan «Evrika X» versiyası həm gündüzlər, həm də axşamlar səsləndirilirdi. Slaydlardan ibrət olan «Evrika Y» versiyası cərəyana ehtiyac olmadan parlaq işıq əmələ gətirən karbit qurğusundan istifadə etməklə təqdim olunurdu. Fin dilində çıxan «Gözətçi qülləsi»ndə deyilmişdi: «Biz bu slaydları, demək olar ki, hər yerdə göstərə bilərik». Elə göstərdilər də!
Geniş teatrları icarəyə götürməkdənsə, fərasətli Müqəddəs Kitab Tədqiqatçıları çox vaxt sinif
otaqları, məhkəmə zalları, dəmiryol vağzalları, hətta geniş evlərin zalları kimi pulsuz yerlər tapırdılar. Əksər vaxtlar slaydlar tövlənin divarından asılmış iri ağ çadırdan düzəldilmiş «ekran» vasitəsilə açıq səma altında nümayiş etdirilirdi. Entoni Hambuk yazmışdı: «Bağbanlar öz bağlarında balaca meydan hazırlayır və ora oturacaqlar qoyurdular ki, camaat proqramı rahatca izləyə bilsin». «Evrika» dramını təqdim edən qruplar avadanlıqlarını, çantalarını, çadırlarını və qab-qacaqlarını «dram araba»larda daşıyırdılar.«Evrika»nın dinləyiciləri bir neçə nəfərlə yüzlərlə adam arasında dəyişirdi. Bir dəfə Birləşmiş Ştatlarda 150 nəfər əhalisi olan bir kəndin sinif otağında nümayiş etdirilən bu drama baxmağa 400 nəfər toplaşmışdı. Belə ki, bəziləri «Evrika dramı»na baxmaq üçün 8 kilometr yolu piyada gəlmişlər. İsveçdə audioyazılara qulaq asmaq üçün Şarlot Alberqin balaca evinə toplaşan qonşuları «olduqca təsirlənmişdilər». Avstriyanın ucqar dağ şəhərində bir dəfəyə təxminən 1500 nəfər tamaşaçı toplaşmışdı. «Gözətçi qülləsi» məlumat vermişdi ki, məktəblərdə və kolleclərdə «professorlar və şagirdlər göstərilən şəkillərdən və maraqlı audioyazılardan heyran qalmışdılar». «Evrika dramı» hətta kinoteatr olan yerlərdə də maraqla qarşılanırdı.
HƏQİQƏT TOXUMLARI CÜCƏRİR
«Evrika dramı» Müqəddəs Kitab Tədqiqatçılarının yeni təlim sinifləri yaratmaq üçün göndərdiyi natiqlərin istifadə etdikləri faydalı alətə çevrilmişdi. «Evrika dramı» dəfələrlə baxıldığı üçün izləyənlərin sayı bilinmir. Ancaq 1915-ci ildə dramı təqdim edən 86 qrupdan cəmi 14-ü müntəzəm məlumat vermişdi. Təəssüflər olsun ki, tam rəqəm yoxdur, bununla belə, ilin yekun məlumatına əsasən, demək olar ki, drama bir milyondan çox adam baxmışdı. Təxminən 30 000 tamaşaçı Müqəddəs Kitaba əsaslanan ədəbiyyat istəmişdi.
«Evrika» dramı tarixdə xüsusi bir iz qoymasa da, Avstraliyadan Argentinaya, Cənubi Afrikadan Britaniya adalarına, Hindistan və Karibə qədər milyonlarla adam bu möhtəşəm drama baxıb. Yəqin, çoxları qızıldan da dəyərli olan Müqəddəs Kitab həqiqətini tapanda: «Evrika!» — deyə qışqırıblar.
^ abz. 4 «Gözətçi qülləsi»nin 2014-cü il 15 fevral sayının 30—32-ci səhifələrindəki «Arxivimizdən. İman hasil edən 100 illik film» adlı məqaləyə bax.