Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

İsa sadukeylərə demişdi ki, dirildiləcək insanlar «nə evlənəcək, nə də ərə gedəcəklər» (Luka 20:34—36). O, yer üzündə baş verəcək dirilmədən danışırdı?

Bu sual daha çox sevimli həyat yoldaşlarını itirmiş şəxsləri maraqlandırır. Bu insanlar diriləcək keçmiş həyat yoldaşlarına yeni dünyada yenidən qovuşmağın həsrətini çəkirlər. Dul qalmış bir kişi deyir: «Arvadım da, mən də düşünürdük ki, bizi heç nə ayıra bilməz. Ən böyük arzumuz əbədiyyən birlikdə Yehovaya ibadət etmək idi. Bu, hələ də mənim ən böyük arzumdur». Bəs bu, diriləcək şəxslərin ailə quracaqlarına ümid etməyə əsas verirmi? Bu suala konkret cavab verə bilmərik.

İllərdir ədəbiyyatlarımızda izah edilirdi ki, İsanın dirilmə və ailə qurmaq barədə dediyi sözlər yer üzündəki dirilməyə aid ola bilər və yeni dünyada dirildiləcək kəslər, ehtimal ki, evlənməyəcəklər * (Mat. 22:29, 30; Mark 12:24, 25; Luka 20:34—36). Dəqiq bir şey deyə bilmədiyimiz halda, İsanın bu sözlərinin göylər həyatına dirilməyə aid olduğunu ehtimal edə bilərik? Gəlin İsanın dediklərini araşdıraq.

Gəlin baş verənləri təsəvvür edək (Luka 20:27—33 ayələrini oxu.) Dirilməyə inanmayan sadukeylər İsanı dirilmə və qayınla evlənmə haqda suallarla tələyə salmaq istəyirdilər *. İsa onlara dedi: «Bu zəmanənin övladları evlənir və ərə gedirlər, lakin ölülərdən dirilməyə və gələcək dövrdə yaşamağa layiq görülənlər nə evlənəcək, nə də ərə gedəcəklər. Onlar artıq ölməyəcəklər, çünki mələk kimi olacaq və dirildikləri üçün Allahın övladları olacaqlar» (Luka 20:34—36).

Bəs ədəbiyyatlarımızda nəyə əsasən İsanın yer üzündəki dirilmədən bəhs etdiyi ehtimalı irəli sürülürdü? Əsas iki səbəbə görə. Birincisi, hesab edilirdi ki, sadukeylər yerdə olacaq dirilməni nəzərdə tuturdular və İsa da buna müvafiq olaraq onlara cavab vermişdi. İkincisi, İsa sözünə yer üzündə diriləcək şəxslərin arasında olan sadiq qəbilə başçılarının — İbrahimin, İshaqın və Yaqubun adını çəkməklə yekun vurmuşdu (Luka 20:37, 38).

Lakin, ola bilsin, İsa göylər həyatına dirilməni nəzərdə tuturdu. Bəs nəyə əsasən belə bir qənaətə gələ bilərik? Gəlin iki əsas ifadəyə diqqət yetirək.

«Ölülərdən dirilməyə... layiq görülənlər». Sadiq məsh olunmuşlar «Allahın padşahlığına layiq [görülüblər]» (2 Salon. 1:5, 11). Onlar fidyə sayəsində həyat üçün saleh elan olunublar və beləcə, onlar məhkum edilmiş günahkarlar kimi ölmürlər (Rom. 5:1, 18; 8:1). Bu şəxslər «müqəddəs və [xoşbəxt]» adlanırlar və göylər həyatına dirilməyə layiq görülüblər (Vəhy 20:5, 6). Ancaq yerdəki həyata dirildiləcək insanlar arasında qeyri-salehlər də olacaq (Həv. iş. 24:15). Bəs demək olarmı ki, onlar dirilməyə «layiq görülənlər»dir?

«Onlar artıq ölməyəcəklər». Bəzi tərcümələrdə bu ifadə «onlar daha ölə bilməzlər» və «ölümün daha onların üzərində heç bir hakimiyyəti yoxdur» kimi tərcümə edilir. Yerüzü həyatlarını sədaqətlə başa vurmuş məsh olunmuşlar göyə qaldırılır və ölməzlik — sonsuz, məhvedilməz həyat alırlar (1 Kor. 15:53, 54). Ölümün göylər həyatına dirilənlər üzərindən heç bir hakimiyyəti yoxdur *.

Yuxarıdakı məlumatlara əsasən hansı qənaətə gələ bilərik? İsanın evlilik və dirilmə ilə bağlı sözlərini göylər həyatına dirilməyə aid etmək olar. Bu halda onun sözləri göylər həyatına dirildiləcək kəslərlə bağlı bəzi şeyləri açıqlayır: onlar evlənmir, ölə bilməzlər və müəyyən mənada, mələklər, yəni ruhani aləmdə olan ruhani varlıqlar kimidirlər. Ancaq bu cür qənaətə gəlmək bəzi suallar doğurur.

Birincisi, çox ehtimal ki, yer üzündə dirilməni nəzərdə tutan sadukeylərin sualına cavab verərkən İsa nəyə görə göylər həyatına dirilmədən bəhs etsin? İsa həmişə düşmənlərinin düşündüyünə uyğun cavab vermirdi. Məsələn, ondan əlamət tələb edən yəhudilərə o demişdi: «Bu məbədi dağıdın, mən onu üç günə bərpa edərəm». Görünür, İsa onların ağıllarına məbədi gətirdiklərini bilirdi, «ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu» (Yəh. 2:18—21). Ola bilsin, İsa dirilməyə və mələklərin mövcudluğuna inanmayan bu qeyri-səmimi sadukeylərə cavab verməyi lüzum bilmirdi (Sül. məs. 23:9; Mat. 7:6; Həv. iş. 23:8). Əksinə, ola bilsin, o, göylər həyatına dirildiləcək səmimi şagirdləri üçün bu cür dirilmə barədə həqiqətləri açıqlamaq istəmişdi.

İkincisi, bəs nəyə görə İsa söhbətinin sonunda yer üzündə dirildiləcək İbrahimin, İshaqın və Yaqubun adını çəkir? (Matta 22:31, 32 ayələrini oxu.) Qeyd edək ki, İsa bu insanlar barədə sözünə «o ki qaldı ölülərin dirilməyinə» sözləri ilə başlamışdı. Adətən, bu ifadə bir mövzudan digərinə keçmək üçün istifadə edilir. Burada İsa sadukeylərin inandıqlarını iddia etdikləri Musanın yazdıqlarına istinad edir. O, Yehovanın yanan kolun yanında Musaya dediyi sözlərdən sitat gətirməklə sübut etmək istəyirdi ki, yer üzündə olacaq dirilmə Allahın niyyətinə daxildir (Çıx. 3:1—6).

Üçüncüsü, əgər İsanın dirilmə və ailə qurmaqla bağlı sözləri göylər həyatına dirilməyə aiddirsə, onda bu o deməkdirmi ki, yerdə diriləcək kəslər ailə qura biləcəklər? Allahın Kəlamı bu maraqlı suala konkret cavab vermir. Əgər İsa, həqiqətən də, göylər həyatına dirilmədən bəhs edirdisə, bu, yer üzündə dirildiləcək kəslərin evlənə bilib-bilməyəcəklərinə dair konkret qərara gəlməyə əsas vermir.

Eyni zamanda, Allahın Kəlamı konkret olaraq deyir ki, ölüm nikah bağını qoparır. Bu arada isə, dul qalmış şəxs yenidən ailə qurmaq qərarına gəlirsə, səhv iş tutduğunu düşünməməlidir. Bu, insanın öz işidir və yenidən ailə qurmaq istəyən insanları qınamaq olmaz (Rom. 7:2, 3; 1 Kor. 7:39).

Aydın məsələdir ki, yeni dünyadakı həyatla bağlı çoxlu suallarımız var. Bu kimi suallara cavablar uydurmaqdansa, yaxşı olar ki, gözləyək və hər şeyi öz gözlərimizlə görək. Lakin bir şeyə əminik: Yehovanın itaətkar bəndələri xoşbəxt olacaq, çünki bütün ehtiyacları və arzuları artıqlamasıyla təmin ediləcək (Məz. 145:16).

^ abz. 4 «Gözətçi qülləsi» jurnalının 1989-ci il 15 iyun sayının 22, 23-cü səhifələrinə (rus.) bax.

^ abz. 5 Qədimdə levirat adətinə görə qayın ölmüş qardaşının nəslini davam etdirmək üçün onun oğulsuz dul qalmış arvadı ilə evlənməli idi (Yar. 38:8; Qanun. t. 25:5, 6).

^ abz. 9 Yer üzündə dirildiləcək kəslərə isə ölməzlik yox, əbədi həyat veriləcək. Ölməzliklə əbədi həyat arasındakı fərq haqda ətraflı məlumatı «Gözətçi qülləsi»nin 2007-ci il 1 noyabr sayının 21-ci səhifəsindən (rus.) tapa bilərsiniz.