Qidanı «vaxtlı-vaxtında» qəbul edirsən?
BİZ bəşər tarixinin ən çətin dövründə yaşayırıq (2 Tim. 3:1—5). Yehovaya məhəbbətimiz və Onun salehlik normalarına müvafiq yaşamaq qətiyyətimiz hər gün sınanır. İsa bu çətin zəmanənin gələcəyini qabaqcadan bilirdi və davamçılarını əmin etmişdi ki, sona qədər tab gətirmələri üçün onları möhkəmləndirəcək (Mat. 24:3, 13; 28:20). Onları möhkəmləndirmək üçün İsa «vaxtlı-vaxtında» ruhani qida verən sadiq nökər təyin etmişdi (Mat. 24:45, 46).
1919-cu ildən bəri təyin olunmuş sadiq nökər Allahın təşkilatında birləşən və bütün dillərdən olan milyonlarla evdəki qulluqçuları ruhani qida ilə təmin edir (Mat. 24:14; Vəhy 22:17). Amma elə nəşrlərimiz var ki, hər dildə tapmaq olmur. Üstəlik, ədəbiyyatlarımızın elektron versiyası hamı üçün əlçatan deyil. Misal üçün, çoxlarında yalnız jw.org saytında yerləşdirilmiş videolar və məqalələr yoxdur. Bəs bu o deməkdirmi ki, onlar ruhani cəhətdən sağlam qalmaq üçün kifayət qədər qida almırlar? Düzgün qənaətə gəlmək üçün gəlin dörd vacib sualın cavabını araşdıraq.
1 Yehovanın verdiyi qidanın əsas tərkibi nədir?
Şeytan İsanı daşları çörəyə çevirməsi üçün sınayanda o, belə cavab vermişdi: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər sözlə yaşamalıdır» (Mat. 4:3, 4). Yehovanın hər sözü isə Müqəddəs Kitabda qələmə alınıb (2 Pet. 1:20, 21). Deməli, Yehovanın verdiyi qidanın əsas tərkibi Müqəddəs Kitabdır (2 Tim. 3:16, 17).
Yehovanın təşkilatında dərc edilən «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» tam və ya qismən 120-dən çox dilə tərcümə edilib və bu dillərin sayı ilbəil artır. Bu tərcümədən savayı, Müqəddəs Kitabın digər tərcümələrinin də minlərlə dildə tam və ya qismən milyarddan çox nüsxəsi var. Bu qədər bol ruhani qida verməklə Yehova istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:3, 4). «[Yehovanın] gözündən kənarda qalan məxluq» olmadığından əmin ola bilərik ki, O, «ruhani nemətlərə susayanlar»ı Öz təşkilatına cəlb edib ruhani qida ilə təmin edəcək (İbr. 4:13; Mat. 5:3, 6; Yəh. 6:44; 10:14).
2 Ruhani qidanın verilməsində ədəbiyyatlarımız hansı rolu oynayır?
İmanını möhkəmləndirmək üçün insan Müqəddəs Kitabı oxumaqla kifayətlənməməlidir. O, oxuduqlarını anlamalı və tətbiq etməlidir (Yaq. 1:22—25). Birinci əsrdəki həbəşistanlı xədim bu faktı etiraf etmişdi. Müjdəçi Filip ondan: «Oxuduğunu başa düşürsən?» — deyə soruşanda o, Allahın Kəlamını oxuyurdu. Xədim cavabında Filipə dedi: «İzah edən olmasa, necə başa düşə bilərəm?» (Həv. iş. 8:26—31). Filip xədimin xahişini yerə salmayıb ona Allahın Kəlamından dəqiq bilik əldə etməyə kömək etdi. Öyrəndikləri xədimə elə təsir etdi ki, o vəftiz olundu (Həv. iş. 8:32—38). Eynilə, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarımız bizə həqiqəti dəqiq başa düşməyə kömək edir. Onlar bizə həm təsir edir, həm də öyrəndiklərimizi tətbiq etməyə təşviq edir (Kolos. 1:9, 10).
Nəşrlər vasitəsilə Yehovanın xidmətçiləri bol-bol ruhani qida qəbul edirlər (Yeşaya 65:13). Məsələn, «Gözətçi qülləsi» jurnalı 210-dan çox dildə çap edilir. Bu jurnal Müqəddəs Kitab peyğəmbərliklərini izah edir, ruhani həqiqətləri daha da dərindən başa salır və bizi Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa təşviq edir. «Oyanın!» jurnalı isə təxminən 100 dildə nəşr edilir. Bu jurnalın sayəsində Yehovanın xariqüladə işləri barədə biliyimiz artır və Müqəddəs Kitab məsləhətlərini tətbiq etməyin üsulunu öyrənirik (Sül. məs. 3:21—23; Rom. 1:20). Sadiq nökər Müqəddəs Kitaba əsaslanan materialları 680-dən çox dildə təqdim edir! Bəs sən Müqəddəs Kitabı oxumağa hər gün vaxt ayırırsan? Jurnalların yeni sayını və hər il çıxan yeni nəşrləri oxuyursan?
Nəşrlərdən əlavə Yehovanın təşkilatı yığıncaqlarda və konqreslərdə söylənilən Müqəddəs Kitaba əsaslanan məruzələr hazırlayır. Bəs bu kimi görüşlərdə təqdim olunan çıxışlar, dramlar, səhnəciklər və müsahibələr sənin xoşuna gəlir? Bütün bunlar Yehovanın bizim üçün təşkil etdiyi ruhani ziyafətdir! (Yeşaya 25:6).
3 Ana dilində bütün nəşrlər yoxdursa, bu o deməkdirmi ki, sən ruhani cəhətdən yarıtox qalacaqsan?
Sözsüz ki, yox! Düzdür, Yehovanın bəzi xidmətçiləri, ola bilsin, digərlərindən daha çox ruhani qida əldə edirlər. Nəyə görə? Məsələn, birinci əsrdə həvarilər başqa şagirdlərdən daha çox təlim alırdı (Mark 4:10; 9:35—37). Bununla belə, digər şagirdlər ruhani cəhətdən ac qalmırdı, onlara da yetərincə ruhani qida verilirdi (Efes. 4:20—24; 1 Pet. 1:8).
Həmçinin nəzərə almaq olar ki, İsanın yer üzündə yaşayarkən dediyi və etdiyi dəyərli işlərin bir çoxu Müjdələrdə qələmə alınmayıb. Həvari Yəhya yazmışdı: «Sözsüz, İsa çox iş görüb, lakin onların hamısı bir-bir yazılsaydı, elə düşünürəm ki, yazılan tumarlar dünyaya belə sığmazdı» (Yəh. 21:25). Birinci əsrdəki davamçıları bu kamil insan haqda bizdən qat-qat çox şey bilsələr də, biz də az şey bilmirik. Yehova qayğı göstərib ki, İsanın davamçıları olmaq üçün onun haqda əlimizə kifayət qədər məlumat çatsın (1 Pet. 2:21).
Həvarilərin birinci əsrdəki yığıncaqlara göndərdikləri məktublardan da çox şey öyrənə bilərik. Pavelin yazdığı, ən azı, bir məktub Müqəddəs Kitaba daxil deyil (Kolos. 4:16). Bu o deməkdirmi ki, həmin məktub bizə gəlib çatmadığı üçün ruhani qidamız yetərincə deyil? Xeyr. Yehova nəyə ehtiyac duyduğumuzu bilir və ruhani cəhətdən möhkəm qalmağımız üçün bizi lazım olan hər şeylə təmin edir (Mat. 6:8).
Yehova nəyə ehtiyac duyduğumuzu bilir və ruhani cəhətdən möhkəm qalmağımız üçün bizi lazım olan hər şeylə təmin edir
Bu gün də Yehovanın bəzi xidmətçiləri digərlərindən daha çox ruhani qida əldə edirlər. Ana dilində nəşrlər az olsa da, əmin ol ki, Yehova sənin də qeydinə qalır. Əlində olan ədəbiyyatları oxu və mümkünsə, başa düşdüyün dildə keçirilən görüşlərdə iştirak et. Əmin ol ki, Yehova ruhani cəhətdən möhkəm qalmağına kömək edəcək (Məz. 1:2; İbr. 10:24, 25).
4 Əgər jw.org saytında yerləşən materiallar sənin üçün əlçatan deyilsə, bu, sənin ruhani cəhətdən zəifləyəcəyinimi göstərir?
Saytımızda jurnallar və Müqəddəs Kitaba əsaslanan digər nəşrlər yerləşdirilib. Orada həmçinin ər-arvadlara, yeniyetmələrə və uşaqlara aid materiallar var. Ailəvi ibadət zamanı ailələr bu materiallardan yararlana bilərlər. Üstəlik, saytımızda Gilead məktəbinin buraxılışı və illik görüş kimi xüsusi mərasimlər haqda məlumatlar var. Həmçinin orada bütün dünyadakı bacı-qardaşlarımız üçün Yehovanın xalqına təsir edən təbii fəlakətlər və hüquqi nailiyyətlər haqda məlumatlar var (1 Pet. 5:8, 9). Bundan əlavə, fəaliyyətimizin qadağan olunduğu ərazilərdə belə xoş xəbərin çatdırılması üçün saytımız güclü vasitədir.
Saytımız sənin üçün əlçatan olsa da, olmasa da, sən ruhani möhkəmliyini qoruya bilərsən. Nökər evdəki bütün qulluqçuları ruhani qida ilə bolluca təmin etmək üçün lazımi qədər çap olunmuş material hazırlayır. Buna görə də yalnız jw.org saytına girməkdən ötrü elektron cihaz almaq məcburiyyətində deyilsən. Yığıncaqlardan tələb olunmasa da, kimlərsə özü təşəbbüs göstərib saytımızdakı hər hansı materialı çap edə və İnternetə girişi olmayanlara verə bilər.
Verdiyi vədə sadiq qalıb ruhani tələbatlarımızın qeydinə qaldığı üçün İsaya necə də minnətdarıq! Bu çətin zəmanənin sonu yaxınlaşdıqca əmin ola bilərik ki, Yehova ruhani qidanı «vaxtlı-vaxtında» verməyə davam edəcək.