Kontentə keç

Mündəricatı göstər

Yehova bizə necə yaxınlaşır?

Yehova bizə necə yaxınlaşır?

«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (YAQ. 4:8).

1. İnsanların nəyə tələbatı var və bunu kimlər təmin edə bilər?

İNSANDA başqasına qarşı bağlılıq hissinin olması normaldır. Adətən, «insan kimisə çox istəyəndə və onu yaxşı tanıyanda ona bağlanır». Bizi sevən, dəyərləndirən və başa düşən ailə üzvlərimiz və dostlarımızla olan münasibətimiz bizə xoşdur. Ancaq hər birimizin ən vacib bir Şəxsə — Yaradanımıza yaxınlaşmaq, Ona bağlanmaq tələbatı var (Vaiz 12:1).

2. Yehova bizə nə söz verib? Bəs nəyə görə çoxları buna inanmır?

2 Yehova Kəlamı vasitəsilə bizi Ona yaxınlaşmağa təşviq edir və söz verir ki, belə etsək, «O da [bizə] yaxınlaşacaq» (Yaq. 4:8). Bu sözlər bizi hərəkətə təşviq edir! Lakin çoxları fikirləşir ki, Allahın bizim Ona yaxınlaşmağımızı istəməsi ağlasığmazdır. Onlar özlərini Allaha yaxınlaşmağa layiq görmür və ya Onun əlçatmaz olduğunu düşünürlər. Bəs, həqiqətənmi, Yehovaya yaxınlaşmaq mümkündür?

3. Yehova haqda nəyi bilməliyik?

3 Bəli, Yehovanı axtaran mütləq tapar, çünki O, heç kimdən «uzaq deyil». (Həvarilərin işləri 17:26, 27; Məzmur 145:18 ayələrini oxu.) Qeyri-kamil olsaq belə, Yehova bizimlə dostlaşmağa hazırdır (Yeşaya 41:8; 55:6). Məzmurçu öz təcrübəsinə dayanaraq Yehova haqda yazmışdı: «Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək. Nə bəxtiyardır... seçib Özünə yaxın etdiyin insan» (Məz. 65:2, 4). Müqəddəs Kitabda haqqında bəhs olunan Yəhuda padşahı Asa Allaha yaxınlaşmaq istəyən insanlar üçün gözəl nümunədir. Onun hadisəsindən Yehovanın da insana necə yaxınlaşdığı aydın görünür *.

QƏDİMDƏKİ İNSANLARDAN ÖRNƏK AL

4. Asa padşah Yəhuda xalqına necə örnək oldu?

4 Asa padşah təmiz ibadətin qeyrətini çəkərək məbəd fahişəliyini və ölkəni bürüyən bütpərəstliyi aradan qaldırmışdı (1 Pad. 15:9—13). O, özü Yehovaya bağlı olduğu və Onun qanunlarına riayət etdiyi üçün təmiz vicdanla bütün xalqa «atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi» tələb etmişdi. Yehovanın xeyir-duası ilə Asanın hakimiyyətinin ilk on ilində əməlli-başlı dinclik olmuşdu. Asa dinclik verənin Yehova olduğunu bildiyi üçün xalqa demişdi: «Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi» (2 Saln. 14:1—7). Gəlin görək sonra nə baş verdi?

5. Üzləşdiyi hansı vəziyyət qarşısında Asanın Allaha etibarı sınandı və bu nə ilə nəticələndi?

5 Özünü Asanın yerinə qoy. Kuşlu Zerah 1 000 000 əsgərlə və 300 döyüş arabası ilə Yəhudaya hücum çəkir (2 Saln. 14:8—10). Əgər bu boyda ordu sənin padşahlığına hücum etsəydi, hansı hissləri keçirərdin? Sənin cəmi 580 000 əsgərin var, düşmən ordusu isə təxminən 2 dəfə çoxdur. Yəqin narahat olardın: axı nəyə görə Allah bu hücumun qarşısını almır? Belə çıxılmaz vəziyyətdə məsələni öz bildiyin kimi həll etməyə çalışardın? Asanın hərəkəti onun Yehovaya necə yaxın olduğunu və etibar etdiyini göstərdi. O, Yehovaya hərarətlə yalvarıb dedi: «Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». Allah Asanın yalvarışına necə cavab verdi? «Rəbb Kuşluları qırdı». Nəticədə, bir nəfər də olsun düşmən döyüşdən sağ çıxmadı! (2 Saln. 14:11—13).

6. Asadan nədə örnək götürə bilərik?

6 Asa nəyin sayəsində Allahın rəhbərliyinə və müdafiəsinə bu qədər etibar edə bilmişdi? Müqəddəs Kitabda deyilir ki, «Asa... Rəbbin gözündə doğru olan işlər etdi» və onun «ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi» (1 Pad. 15:11, 14). Gərək, Asa kimi, biz də Allaha bütün ürəyimizlə xidmət edək. Əgər Yehova ilə həm indi, həm də əbədiyyən sıx münasibətlərə malik olmaq istəyiriksə, bu olduqca vacibdir. Ona yaxınlaşa bilməyimiz və Onunla sıx münasibətləri qorumağımız üçün Yehovanın Özünün təşəbbüs göstərməsi ürəyimizi minnətdarlıq hissi ilə doldurur. Gəlin görək Yehova hansı iki yolla bizə yaxınlaşır.

YEHOVA BİZƏ FİDYƏ VASİTƏSİLƏ YAXINLAŞIR

7. a) Yehova bizə yaxınlaşmaq üçün nə edib? b) Yehovanın bizə yaxınlaşdığına ən bariz sübut nədir?

7 Yehova bəşəriyyəti sevdiyini Yer kürəsi kimi gözəl ev bəxş etməklə göstərib. O yaşamağımız üçün bizi hər şeylə təmin etməklə də Öz məhəbbətini göstərir (Həv. iş. 17:28; Vəhy 4:11). Ən vacibi isə, Yehova bizim ruhani ehtiyaclarımızı ödəyir (Luka 12:42). Üstəlik, bizi əmin edir ki, etdiyimiz duaları şəxsən dinləyir (1 Yəh. 5:14). Hər şeydən əlavə, Allahın məhəbbətdən irəli gələrək təqdim etdiyi fidyə Onu bizə, bizi də Ona yaxınlaşdırır. (1 Yəhya 4:9, 10, 19 ayələrini oxu.) Yehova «yeganə Oğlunu» bizi günah və ölümdən azad etmək üçün yer üzünə göndərdi (Yəh. 3:16).

8, 9. Yehovanın niyyətində İsa hansı rolu oynayır?

8 Yehova qayğı göstərmişdi ki, Məsihdən öncə yaşayan insanlar da bu fidyədən yararlana bilsin. Bəşəriyyətin Xilaskarı haqda vədini verdiyi andan etibarən fidyə Onun gözündə ödənilmiş sayıldı, çünki O, niyyətinin boşa çıxmayacağını bilirdi (Yar. 3:15). Əsrlər sonra həvari Pavel «Məsih İsanın ödədiyi fidyə vasitəsilə [qurtuluşa]» görə Allaha minnətdarlığını bildirərək əlavə etmişdi: «Allah... təmkin göstərib keçmişdə işlənmiş günahları bağışlayırdı» (Rom. 3:21—26). Bəli, Allaha yaxınlaşmağımızda İsa əsas rol oynayır!

9 Həlim insanlar yalnız İsanın vasitəsilə Yehovanı tanıya, Ona yaxınlaşa və Onunla dostlaşa bilərlər. Müqəddəs Yazılar bu həqiqəti belə ifadə edir: «Allah... Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü» (Rom. 5:6—8). Məsihin fidyə qurbanlığı buna layiq olduğumuz üçün yox, sevildiyimiz üçün təqdim edilib. İsa demişdi: «Əgər məni göndərmiş Atam cəlb etməsə, heç kim mənim ardımca gələ bilməz». Başqa bir vaxt o demişdi: «Mənsiz heç kəs Atanın yanına gələ bilməz» (Yəh. 6:44; 14:6). Yehova müqəddəs ruhundan istifadə edərək İsanın vasitəsilə insanları Özünə cəlb edir və əbədi həyata aparan yolda Onun məhəbbətindən ayrılmamağa kömək edir. (Yəhuda 20, 21 ayələrini oxu.) Gəlin indi Yehovanın bizə daha necə yaxınlaşdığını nəzərdən keçirək.

YEHOVA KƏLAMI VASİTƏSİLƏ BİZƏ YAXINLAŞIR

10. Müqəddəs Kitab Allaha yaxınlaşmağımıza necə kömək edə bilər?

10 Bu abzasa qədər Müqəddəs Yazıların 14 kitabına ya istinad edilib, ya da onlardan sitat gətirilib. Axı Müqəddəs Kitab olmadan Yaradanımıza yaxınlaşmağın mümkün olduğunu necə bilə bilərdik? Bu Kəlam olmasaydı, fidyə haqda və İsa Məsih vasitəsilə Yehovaya yaxınlaşmağın mümkün olduğu barədə necə öyrənərdik? Yehovanın müqəddəs ruhu vasitəsilə yazılmış Müqəddəs Kitab bizi Onun Şəxsiyyəti və möhtəşəm niyyətləri ilə tanış edir. Məsələn, Çıxış 34:6, 7 ayələrində Yehova Özü barədə Musaya belə deyir: «Rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram». Kim belə gözəl Allaha yaxınlaşmaq istəməz?! Yehova bilir ki, biz Müqəddəs Kitab vasitəsilə Onun haqda daha çox şey öyrənə, Onu daha real təsvir edə və Ona yaxınlaşa bilərik.

11. Biz nə üçün Allahın keyfiyyətləri və yolları barədə dərindən öyrənməyə çalışmalıyıq? (Məqalənin əvvəlindəki şəklə bax.)

11 «Yehovaya yaxınlaş» kitabında Allahla sıx münasibət qurmaqla bağlı belə deyilir: «Kimisə daha yaxşı tanıdıqda, onun səciyyəvi xarakterini qiymətləndirdikdə onunla dostlaşa bilirsən. Buna görə də Allahın Müqəddəs Kitabda qələmə alınmış keyfiyyətləri və yolları barədə dərindən araşdırmalıyıq». Biz necə də minnətdarıq ki, Yehova insanların başa düşdüyü dildə yazılan Kəlam yetirib!

12. Yehova nə üçün Müqəddəs Kitabın yazılmasını insanlara həvalə edib?

12 Yehova Müqəddəs Yazıları mələklərinə yazdıra bilərdi. Çünki mələklər bizi və hərəkətlərimizi diqqətlə müşahidə edirlər (1 Pet. 1:12). Şübhəsiz, mələklər Allahın bəşəriyyət üçün olan xəbərini qələmə ala bilərdilər. Ancaq sual yaranır: onlar baş verənlərə insan gözü ilə baxa bilərdilər? Tələbatlarımızı, zəifliklərimizi və hisslərimizi ifadə edə bilərdilər? Xeyr. Yehova onların bu sarıdan bizdən çox-çox fərqləndiklərini yaxşı bilirdi. Allah Müqəddəs Kitabı yazmağı insanlara həvalə etməklə onu bizim üçün doğmalaşdırdı. Biz Müqəddəs Kitabı yazanların və orada adları çəkilən insanların düşüncələrini və hisslərini anlaya bilirik. Onların məyusluğunu, şübhələrini, qorxularını və zəifliklərini duya, habelə onların sevincinə və uğurlarına şərik ola bilirik. İlyas peyğəmbər kimi, Müqəddəs Kitabın bütün yazıçıları «bizim kimi adi» insanlardır (Yaq. 5:17).

Yehovanın Yunus və Peterlə rəftarı səni Ona necə yaxınlaşdırır? (13, 15-ci abzaslara bax)

13. Yunusun duası sənə necə təsir edir?

13 Tutalım, mələk Allahın verdiyi tapşırıqdan boyun qaçıran Yunusun hisslərini tam təsvir edə bildi. Məgər başına gələnləri və dənizin dibindən etdiyi yalvarışı peyğəmbərin özünün yazması daha yaxşı olmadı?! Yunus demişdi: «Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum» (Yun. 1:3, 10; 2:1—9).

14. Sən nə üçün Yeşayanın özü haqda yazdıqlarını başa düşə bilərsən?

14 Həmçinin gəlin görək Yeşaya özü haqda nələr yazıb. Allahın əzəmətini görən peyğəmbər özünün nə dərəcədə günahlı olduğunu belə təsvir etmişdi: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı — Ordular Rəbbini gözlərimlə gördüm» (Yeşaya 6:5). Axı hansı mələk özü haqda belə sözlər deyərdi? Yeşaya isə dedi. Onun keçirdiyi hissləri biz yaxşı başa düşürük.

15, 16. a) Nə üçün biz Müqəddəs Kitabı yazan insanların keçirdiyi hissləri başa düşürük? b) Yehovaya daha da yaxın olmağa bizə nə kömək edəcək?

15 Yaxud da mələklər, Yaqub kimi, «layiq deyiləm» deyərdilər və ya Peter kimi, özlərini «günahlı» adlandırardılar? (Yar. 32:10; Luka 5:8). Onlar, İsanın şagirdləri kimi, vahiməyə düşərdilər? Bəs Pavel və digərləri kimi, xoş xəbəri təbliğ edərkən üzləşdikləri təqiblər qarşısında cəsarətlənməyə ehtiyac duyardılar? (Yəh. 6:19; 1 Salon. 2:2). Xeyr, çünki mələklər hər cəhətdən kamildir və insanlardan üstündür. Ancaq qeyri-kamil insanların keçirdiyi bu hissləri biz yaxşı başa düşürük, çünki biz də, onlar kimi, adi insanlarıq. Allahın Kəlamını oxuyanda, həqiqətən də, «sevinənlərlə [sevinə], ağlayanlarla [ağlaya]» bilirik (Rom. 12:15).

16 Yehovanın qədimdə sadiq xidmətçiləri ilə necə rəftar etdiyinə dair Müqəddəs Kitabda deyilənlər üzərində düşünsək, bu qeyri-kamil insanları səbir və məhəbbətlə Özünə cəlb edən Allahımız barədə gözəl şeylər öyrənəcəyik. Bunun sayəsində Yehovanı yaxşı tanıyacaq və var-gücümüzlə sevəcəyik. Nəticədə, biz Ona daha da yaxın olacağıq. (Məzmur 25:14 ayəsini oxu.)

QOY ALLAHLA ARANDA QIRILMAZ BAĞ OLSUN

17. a) Peyğəmbər Azarya Asaya hansı məsləhəti vermişdi? b) Asa Azaryanın məsləhətinə necə yanaşdı və bunun nəticəsi nə oldu?

17 Asa padşah kuşluların ordusu üzərində zəfər çalandan sonra peyğəmbər Azarya ona və xalqa öyüd-nəsihət vermişdi. O demişdi: «Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər» (2 Saln. 15:1, 2). Lakin Asa ömrünün qocalıq çağında bu gözəl məsləhətə bağlı qalmadı. Asa İsrailin şimal padşahlığının hücumuna məruz qalanda qorxuya qapılıb Aram padşahından kömək axtardı. Yehovadan kömək istəmək əvəzinə o, bütpərəstlərlə müttəfiq olmağı seçdi. Ona görə də Yehova Asaya dedi: «Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq». Elə də oldu, Asanın hakimiyyətinin qalan illəri müharibələrlə keçdi (2 Saln. 16:1—9). Bundan özümüzə nə nəticə çıxara bilərik?

18, 19. a) Yehova ilə münasibətlərimizin soyuduğunu hiss ediriksə, nə etməliyik? b) Yehovaya daha da yaxınlaşmaq üçün nə edə bilərik?

18 Biz heç vaxt Yehovadan uzaqlaşmamalıyıq. Əgər görürüksə ki, Yehova ilə münasibətlərimiz artıq əvvəlki kimi deyil, onda Huşə 12:6 ayəsinə uyğun davranmalıyıq. Orada deyilir: «Allahına üz tut, məhəbbətə, ədalətə bağlan, daim Allahına ümid bağla». Buna görə də gəlin fidyəyə görə minnətdarlığımızı bildirməklə və Onun Kəlamını dərindən araşdırmaqla Yehovaya daha da yaxınlaşaq. (Qanunun təkrarı 13:4 ayəsini oxu.)

19 «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır», — deyə məzmurçu yazmışdı (Məz. 73:28). Gəlin Yehova haqda yeni şeylər öyrənməyə davam edək ki, Onu sevməyə daha çox səbəblərimiz olsun. Qoy Yehova bizə həm indi, həm də əbədiyyən yaxın olsun!

^ abz. 3 «Gözətçi qülləsi»nin 2012-ci il 15 avqust sayındakı «İşiniz üçün mükafat alacaqsınız» adlı məqaləyə bax.