Kontentə keç

Mündəricatı göstər

Yehovanın niyyətində qadınların rolu

Yehovanın niyyətində qadınların rolu

«Bir alay qadın... müjdə paylayır» (MƏZ. 68:11).

1, 2. a) Allah Adəmə hansı hədiyyəni vermişdi? b) Allah qadını nə üçün yaratdı? (Məqalənin əvvəlindəki şəklə bax.)

YEHOVA yer üzünü bir məqsəd üçün — «yaşamaq üçün» yaratmışdı (Yeşaya 45:18). Xəlq etdiyi ilk insan Adəm kamil idi. Allah ona gözəl ev — Eden bağı bəxş etmişdi. Oradakı nəhəng ağaclar, sakit axan çaylar və bir-birilə oynayan heyvanlar Adəmə həzz verirdi. Amma onun həyatında bir boşluq var idi. Yehova bunun nə olduğunu açıqladı: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». Sonra Allah Adəmə dərin yuxu verdi və qabırğasından birini götürdü və «götürdüyü qabırğadan qadını düzəltdi». Adəm gözlərini açıb onu görəndə sevinci yerə-göyə sığmadı. O dedi: «Bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, çünki o, kişidən götürülüb» (Yar. 2:18—23).

2 Allahın verdiyi bu hədiyyə olduqca dəyərli idi, çünki qadın kişinin kamil köməkçisi olmalı idi. O həmçinin dünyaya övlad gətirmək şərəfinə layiq görülmüşdü. Buna görə də «Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu» (Yar. 3:20). Bəli, Allah ilk insan cütünə gözəl ənam vermişdi. Onların kamil övladları olacaqdı. Beləcə, yer üzü kamil insanların digər canlı məxluqlarla birgə məskən salacağı cənnətə çevriləcəkdi (Yar. 1:27, 28).

3. a) Allahın xeyir-dualarını almaq üçün Adəmlə Həvvadan nə tələb olunurdu, ancaq nə baş verdi? b) Hansı sualları müzakirə edəcəyik?

3 Onları gözləyən bütün bu xeyir-duaları almaq üçün Adəmlə Həvva Yehovaya itaət etməli və Onun rəhbərliyini qəbul etməli idilər (Yar. 2:15—17). Yalnız bu halda onlar Allahın niyyətini həyata keçirə bilərdilər. Ancaq təəssüflər olsun ki, onlar «qədim ilan» olan Şeytana uydular və Allaha qarşı günah etdilər (Vəhy 12:9; Yar. 3:1—6). Bəs bu üsyankarlıq qadınlara necə təsir edib? Keçmişdə mömin qadınlar hansı işlər görüblər? «Alay» ifadəsini nə üçün müasir məsihçi qadınlara şamil etmək olar? (Məz. 68:11).

ÜSYANIN TƏSİRİ

4. İlk insan cütünün günahına görə məsuliyyəti kim daşıyırdı?

4 Allah Adəmdən qaldırdığı üsyanın səbəbini soruşanda o, yaxasını qırağa çəkərək dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim» (Yar. 3:12). Günahını boynundan atmağı azmış kimi, o hələ bir, Allahın ona verdiyi qadını, üstəlik, sevən Yaradanını günahlandırdı. Hər ikisi günah etsə də, günahlarına görə məsuliyyəti Adəm daşıyırdı. Həvari Pavel də yazmışdı ki, «günah bir adam [Adəm] vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya [girdi]» (Rom. 5:12).

5. Allahın bir müddət insan hakimiyyətinin mövcud olmasına yol verməsi nəyi sübut edib?

5 Şeytan ilk insan cütünü inandırmışdı ki, onların Yehovanın rəhbərliyinə ehtiyacları yoxdur. Onda ortaya hökmranlıq hüququ ilə bağlı vacib sual çıxır: rəhbərlik etməyə kimin haqqı çatır? Suala bir dəfəlik cavab verilsin deyə Allah Ondan asılı olmayan hakimiyyət formasının bir müddət mövcud olmasına yol verdi. Yehova bilirdi ki, insan hakimiyyəti uğursuzluğa uğrayacaq. Bu cür hakimiyyət əsrlər boyu insan cəmiyyətini bir fəlakətdən digərinə sürükləyib. Təkcə ötən əsr ərzində günahsız kişilər, qadınlar və uşaqlar da daxil olmaqla, müharibələrdə təxminən 100 000 000 insan həlak olub. Bunun özü artıq sübut edir ki, «addımlarını düzəltmək gedən adamın işi deyil» (Yer. 10:23). Bu faktı danmadığımız üçün biz Yehovanı Rəhbərimiz kimi qəbul edirik. (Süleymanın məsəlləri 3:5, 6 ayələrini oxu.)

6. Bir çox yerlərdə qadın cinsinə necə münasibət göstərilir?

6 Şeytanın hakimiyyəti altında olan bu dünyada həm kişilər, həm də qadınlar daim əzilir (Vaiz 8:9; 1 Yəh. 5:19). Törədilən ən böyük vəhşiliklərdən biri qadın zorakılığıdır. Bütün dünyada qadınların təxminən 30 faizi ərləri tərəfindən zorakılığa məruz qalır. Bir çox cəmiyyətlərdə oğlan uşaqlarına daha çox üstünlük verilir, çünki hesab edilir ki, onlar nəsli davam etdirəcək, valideynlərinə və nənə-babalarına baxacaq. Bəzi ölkələrdə qız uşaqları arzuolunmaz olduğundan abort edilir.

7. Kişilərin də, qadınların da əsası necə qoyulmuşdu?

7 Allah qadınların əzilməsinə, sözsüz ki, pis baxır. Yehova qadınlara ədalətlə və hörmətlə yanaşır. Onun qadınlara münasibəti Həvvanı kamil, o cümlədən Adəmə qul yox, gözəl tamamlayıcı kimi yaratmasından görünür. Altıncı yaradılış gününün sonunda Allahın «yaratdığı hər şey»in çox yaxşı olduğunu görməsinin səbəblərindən biri də elə bu idi (Yar. 1:31). Bəli, Yehovanın «yaratdığı hər şey çox [yaxşı]» idi. O, kişilərin də, qadınların da əsasını mükəmməl qoymuşdu.

YEHOVANIN RAZI QALDIĞI QADINLAR

8. a) Ömürbillah insanlar özlərini necə aparıb? b) Tarix boyu Allah kimlərdən dəstəyini əsirgəməyib?

8 Edendəki üsyandan sonra həm kişilər, həm də qadınlar təmiz cızıqlarından çıxdılar, ötən əsr ərzində isə daha da betər oldular. Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, «axır günlərdə» bəd əməllər daha da artacaq. İnsanların azğınlığı son həddə çatdığından deyə bilərik ki, «ağır bir zəmanə»yə gəlib çıxmışıq (2 Tim. 3:1—5). Lakin Xudavənd Yehova tarix boyu Ona etibar edən, qanunlarına tabe olan, eləcə də Onun rəhbərliyini qəbul edən kişilərdən və qadınlardan dəstəyini əsirgəməyib. (Məzmur 71:5 ayəsini oxu.)

9. Daşqından neçə nəfər sağ çıxdı və nəyin sayəsində?

9 Allah Nuh peyğəmbərin günlərində zorakılıqla dolu dünyanı Daşqına qərq edəndə çox az adam sağ qalmışdı. Həmin vaxta kimi Nuhun bacı-qardaşları sağ idilərsə də, Daşqında onlar da həlak olmuşdular (Yar. 5:30). Bununla belə, sağ qalan kişilərin və qadınların sayı eyni idi: Nuh, arvadı, üç oğlu və onların arvadları. Onlar Allahdan qorxduqları və Onun iradəsini yerinə yetirdikləri üçün sağ qaldılar. Bu gün dünyada olan milyardlarla insan Yehovanın razı qaldığı həmin səkkiz nəfərdən törəyib (Yar. 7:7; 1 Pet. 3:20).

10. Sadiq qəbilə başçılarının arvadları Yehovanın rəğbətini nəyin sayəsində qazanmışdılar?

10 İllər sonra yaşamış sadiq qəbilə başçılarının arvadları da Allahın rəğbətini qazanmışdı. Onlar həyatdan çox şey istəyib giley-güzar etmirdilər (Yəhuda 16). Bu qadınlardan biri İbrahim peyğəmbərin arvadı Sara idi. O, Ur şəhərindəki rahat həyatlarını qoyub özgə diyarda köçəri həyat sürdüklərinə görə oturub-durub deyinmirdi. Əksinə, «Sara İbrahimə “ağam” deyərək ona itaət edirdi» (1 Pet. 3:6). Yaxud götürək Rivqanı. O, Yehovanın hədiyyəsi və gözəl həyat yoldaşı idi. Buna görə də İshaq «onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı» (Yar. 24:67). Biz fəxr edirik ki, bu gün də, Sara və Rivqa kimi, mömin bacılarımız var!

11. İki ibrani mamaça necə cəsarət göstərdi?

11 Misirdə illər boyu qul həyatı sürən israillilər günü-gündən çoxalırdı. Bunu görən firon bir gün əmr etdi ki, təzə doğulan bütün ibrani oğlan uşaqları öldürülsün. Ancaq görün ibrani mamaçalar Şifra və Pua necə cəsarətlə davrandı. Ürəklərində Allah xofu olduğu üçün onlar körpə qanına bais olmaqdan çəkindilər. Yehova bunun mükafatını verdi, onlara ailə nəsib etdi (Çıx. 1:15—21).

12. Devora və Yaelin nümunəsi nə üçün diqqətəlayiqdir?

12 İsrail hakimlərinin günlərində Allahın razı qaldığı qadınlardan biri də peyğəmbər Devora idi. O, hakim Baraqı ürəkləndirmiş və israillilərin düşmənlərinin əlindən yaxa qurtarmasında öz töhfəsini vermişdi. Lakin o, peyğəmbərlik etmişdi ki, kənanlıların üzərində qazanılan qələbənin şöhrəti Baraqın olmayacaq. Allah kənanlıların ordu başçısı Sisranı «bir qadına təslim edəcək». Bu belə də oldu, başqa millətdən olan Yael adlı bir qadın onu öldürdü (Hak. 4:4—9, 17—22).

13. Müqəddəs Kitabda Aviqail haqda nə deyilir?

13 Eramızdan əvvəl 11-ci əsrdə Aviqail adlı uzaqgörən bir qadın yaşayırdı. Əri Naval kobud, yaramaz və axmaq insan idi (1 Şam. 25:2, 3, 25). Davudla adamları bir müddət onun sürülərinə göz-qulaq olmuşdu. Lakin bir dəfə onlar Navaldan azuqə istəyəndə o, «onları təhqir [edib]» əliboş qaytardı. Bundan xəbər tutan Davud elə hirslənmişdi ki, Navalın və adamlarının dərsini vermək üçün yola çıxdı. Aviqail bunu eşidən kimi Davudla adamlarını azuqə ilə qarşılamağa çıxıb faciənin qarşısını aldı (1 Şam. 25:8—18). Bunu görən Davud ona dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi» (1 Şam. 25:32). Navalın ölümündən sonra Davud Aviqaillə evləndi (1 Şam. 25:37—42).

14. Şallumun qızları hansı işi görüblər və məsihçi bacılarımız hansı oxşar işi həyata keçirirlər?

14 Eramızdan əvvəl 607-ci ildə Babil ordusu Yerusəlimi və məbədini məhv edəndə çoxlu sayda kişi, qadın və uşaq qılıncdan keçirildi. Eramızdan əvvəl 455-ci ildə isə Nehemyanın başçılığı altında şəhərin divarları bərpa edildi. Bərpa işlərində iştirak edənlərin arasında Yerusəlim əyalətinin yarısının rəisi olan Şallumun qızları da var idi (Neh. 3:12). Onlar bu fəhlə işini sevə-sevə icra edirdilər. Bu gün də müxtəlif üsullarla teokratik tikintini canla-başla dəstəkləyən məsihçi bacılarımız var və biz onlara yerdən-göyə qədər minnətdarıq!

BİRİNCİ ƏSRDƏKİ MÖMİN QADINLAR

15. Allah Məryəmi hansı şərəfə layiq görmüşdü?

15 Eramızın birinci əsrindən bir qədər əvvəl və həmin dövrdə Yehova bir çox qadınları xeyir-dualandırmışdı. Onlardan biri bakirə qız Məryəm idi. Yusifin nişanlısı olan bu qız möcüzəvi şəkildə müqəddəs ruh vasitəsilə hamilə qalmışdı. Bəs nəyə görə Allah İsanın anası olmaq üçün Məryəmi seçmişdi? Şübhəsiz ki, kamil övladı böyüdüb boya-başa çatdırmaq üçün onda lazımi keyfiyyətlər var idi. Yer üzündə yaşamış ən böyük insanın anası olmaq necə də böyük şərəfdir! (Mat. 1:18—25).

16. İsanın qadınlara şəfqətlə yanaşdığını hansı nümunədən görürük?

16 İsa qadınlara qarşı çox şəfqətli idi. Məsələn, 12 il qanaxmadan əziyyət çəkən bir qadın bir dəfə izdihamın içində arxadan İsaya yaxınlaşıb onun paltarına toxundu. Onu tənbeh etmək əvəzinə, İsa canıyananlıqla dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal» (Mark 5:25—34).

17. Eramızın 33-cü ilinin Əllinci gün bayramında hansı möcüzə baş verdi?

17 İsanın şagirdləri arasında olan bəzi qadınlar həm ona, həm də həvarilərinə xidmət edirdi (Luka 8:1—3). Eramızın 33-cü ilinin Əllinci gün bayramında qadınlı-kişili 120 nəfər Allahın müqəddəs ruhunu xüsusi şəkildə qəbul etdi. (Həvarilərin işləri 2:1—4 ayələrini oxu.) Müqəddəs ruhun bu cür tökülməsi əvvəlcədən peyğəmbərlik edilmişdi: «Bütün bəşər üzərinə ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək... Qul və qarabaşların üzərinə də ruhumu tökəcəyəm» (Yoel 2:28, 29). Əllinci gün bayramında baş verən bu möcüzə ilə Allah artıq dönük israillilərdən yox, kişi və qadınlardan ibarət olan «Allahın [İsrailindən]» razı qaldığını göstərdi (Qalat. 3:28; 6:15, 16). Birinci əsrdə xidmətdə iştirak edən məsihçi qadınların arasında müjdəçi Filipin dörd qızı da vardı (Həv. iş. 21:8, 9).

«BİR ALAY QADIN»

18, 19. a) Yehova həm kişilərə, həm də qadınlara hansı şərəfli işi həvalə edib? b) Məzmurçu müjdə paylayan qadınları necə təsvir edir?

18 1870-ci illərdə bir qrup kişi və qadın həqiqi ibadətə səmimi maraq göstərdi. Onlar İsanın: «Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək», — peyğəmbərlik sözlərinin yerinə yetməsində iştirak edən ilk müjdəçilərdir (Mat. 24:14).

19 Hal-hazırda sayı təxminən 7 900 000 olan Yehovanın Şahidlərinin əsası Müqəddəs Kitab Tədqiqatçıları adlanan bu balaca qrupdan qoyulub. 2013-cü ildə 11 300 000-dən çox qonaq İsa Məsihin ölümünün Xatirə gecəsinə gəlməklə Müqəddəs Kitaba və fəaliyyətimizə maraq göstərmişdir. Əksər ölkələrdə bu mərasimə gələnlərin çoxu qadınlar idi. Həmçinin bütün dünyada Padşahlığın 1 000 000-dan çox tammüddətli müjdəçisinin əksəriyyəti qadınlardır. Həqiqətən də, Allah məzmurçunun: «Xudavənd əmr edir, bir alay qadın... müjdə paylayır», — sözlərini yerinə yetirmək şərəfini məhz sadiq qadınlara həvalə edib (Məz. 68:11).

Müjdəni bəyan edən qadınlar, həqiqətən də, «bir alay»dır (18, 19-cu abzaslara bax)

MÖMİN QADINLAR MÜKAFATLANDIRILACAQ

20. Ailəvi və ya şəxsi mütaliə zamanı hansı mövzuları araşdıra bilərik?

20 Bu məqalədə Müqəddəs Kitabda qələmə alınmış bütün sadiq qadınlar haqda araşdırmaq imkanımız olmasa da, hər birimiz Allahın Kəlamından və nəşrlərimizdəki məqalələrdən onlar haqda oxuya bilərik. Məsələn, biz Rutun sadiqliyi üzərində düşünə bilərik (Rut 1:16, 17). Məlikə Esterin adını daşıyan kitabı və onun barədə məqalələri oxuyub imanımızı möhkəmləndirə bilərik. Ailəvi ibadət axşamları bu və ya digər mövzuları araşdırmaq faydalı olardı. Şəxsi mütaliə zamanı da bu kimi mövzuları araşdırmaq olar.

21. Çətin vaxtlarda mömin qadınlar Yehovaya sadiqliyini necə göstəriblər?

21 Sözsüz, Yehova məsihçi qadınların təbliğini xeyir-dualandırır və onlara sınaqlar zamanı arxa durur. Onun köməyilə mömin qadınlar nasist və kommunist rejimində əziyyətlərlə üzləşsələr də, hətta həqiqətə görə həyatlarını itirsələr də, öz nöqsansızlıqlarını itirmədilər (Həv. iş. 5:29). Keçmişdə olduğu kimi, bu gün də bacılarımız və digər bütün sadiq həmimanlılarımız Allahın hakimiyyətini tam dəstəkləyirlər. Buna görə də Yehova qədim İsraillə davrandığı kimi, onların da sağ əlindən tutub deyir: «Qorxma, sənə kömək edəcəyəm» (Yeşaya 41:10—13).

22. Gələcəkdə hansı şərəfə layiq görüləcəyik?

22 Yaxın gələcəkdə bütün mömin kişilər və qadınlar yer üzünü Cənnətə çevirəcək və dirilən milyonlarla insana Yehovanın niyyəti haqda öyrənməyə kömək edəcək. O günü gözlədiyimiz müddətdə gəlin kişili-qadınlı hər birimiz Yehova Allahımıza «çiyin-çiyinə» xidmət edək və bu şərəfli işi göz bəbəyimiz kimi qoruyaq (Sef. 3:9).