Kontentə keç

Mündəricatı göstər

Əzab-əziyyətlərə rəğmən, Allaha sədaqətlə xidmət et

Əzab-əziyyətlərə rəğmən, Allaha sədaqətlə xidmət et

«Biz çoxlu əzab-əziyyətdən keçib Allahın padşahlığına girməliyik» (HƏV. İŞ. 14:22).

1. Nə üçün əzab-əziyyətlər Allahın xidmətçilərini təəccübləndirmir?

ƏBƏDİ həyat mükafatına qovuşmazdan öncə çoxlu əzab-əziyyətlə üzləşəcəyini bilmək səni təəccübləndirir? Yəqin ki, yox. Yehovanın yeni və ya çoxdankı xidmətçisi olmağından asılı olmayaraq, sən bilirsən ki, Şeytan dünyasında çətinliklər qaçılmazdır (Vəhy 12:12).

2. a) Məsihçilər bütün insanların üzləşdiyi çətinliklərlə yanaşı, daha nələrlə üzləşir? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Əzab-əziyyətlər kimdəndir və bunu haradan bilirik?

2 Məsihçilər bütün insanların üzləşdiyi «qeyri-adi bir şey» sayılmayan çətinliklərlə yanaşı, başqa sınaqlarla da üzləşirlər (1 Kor. 10:13). Allahın qanunlarına daim sadiq qaldıqları üçün onlar güclü təqiblərə məruz qalırlar. İsa Məsih davamçılarına demişdi: «Nökər ağasından artıq deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər» (Yəh. 15:20). Bu təqiblərin arxasında kim durur? Əlbəttə ki, Şeytan. O, Müqəddəs Kitabda Allahın xalqını «udmağa» çalışan «nərildəyən şir» kimi təsvir olunur (1 Pet. 5:8). Şeytan İsanın şagirdlərinin nöqsansızlığını sındırmaq üçün hər üsula əl atır. Gəlin görək o, Pavelin başına nə oyun açmışdı.

LİSTRADAKI ƏZAB-ƏZİYYƏT

3—5. a) Pavel Listrada hansı sınaqla üzləşmişdi? b) Pavelin gələcək əzab-əziyyətlərə dair xəbəri hansı mənada ürəkləndirici idi?

3 Həvari Pavel imanı uğrunda dəfələrlə təqib olunmuşdu (2 Kor. 11:23—27). Onlardan biri Listrada baş vermişdi. Pavel orada ayaqlarından anadangəlmə şikəst bir adamı sağaldandan sonra camaat onu və əməkdaşı Barnabanı allahlar sandı. Bu iki nəfər camaatı onlara ibadət etməkdən güc-bəla ilə daşındırdı. Lakin hər şey bir anda dəyişdi! Düşmənçilik edən yəhudilər gəlib böhtanlarla camaatın beynini yedilər. Xalq da Paveli daşqalaq edib yarımcan hala saldı (Həv. iş. 14:8—19).

4 Ancaq Pavel və Barnaba Derbiyaya baş çəkəndən sonra təzədən «Listraya, Konyaya və Antakiyaya qayıtdılar. Oradakı şagirdləri ürəkləndirib imanda qalmağa təşviq edərək deyirdilər: “Biz çoxlu əzab-əziyyətdən keçib Allahın padşahlığına girməliyik”» (Həv. iş. 14:21, 22). İlk baxışdan bu, adama birtəhər gəlir. Axı «çoxlu [əzab-əziyyətlər]» adamı ruhlandırmır, əksinə, məyus edir. Onda necə olur ki, Pavellə Barnaba bu pis xəbərlə «şagirdləri ürəkləndirib»?

5 Bu sualın cavabını Pavelin sözlərini diqqətlə oxumaqla tapa bilərik. O sadəcə «biz çoxlu əzab-əziyyətə dözməliyik» yox, «biz çoxlu əzab-əziyyətdən keçib Allahın padşahlığına girməliyik» demişdi. Deməli, Pavel sadiqliyin gətirəcəyi mükafatı vurğulamaqla şagirdləri ürəkləndirmişdi. Bu mükafat sadəcə boş xülya deyildi. İsa da demişdi ki, «axıra kimi dözən xilas olacaq» (Mat. 10:22).

6. Sona qədər tab gətirənləri hansı mükafat gözləyir?

6 Bəli, mükafatı sona qədər tab gətirənlər alacaqlar. Məsh olunmuş məsihçilərin mükafatı İsanın həmvarisləri kimi göydə ölməz həyat, «başqa [qoyunların]» mükafatı isə «salehlik hökm sürəcək» yer üzündə əbədi həyatdır (Yəh. 10:16; 2 Pet. 3:13). Lakin, Pavelin qeyd etdiyi kimi, biz bir müddət çoxlu əzab-əziyyətlərlə üzləşəcəyik. Gəlin hər an üzləşə biləcəyimiz iki hücumu nəzərdən keçirək.

BİRBAŞA HÜCUMLAR

7. Birbaşa hücumlara nələr aiddir?

7 İsa Məsih əvvəlcədən demişdi: «İnsanlar sizi məhkəmələrə verəcək, sinaqoqlarda döyəcək, mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər» (Mark 13:9). Bu sözlərdən gördüyümüz kimi, bəzi məsihçilər fiziki təqiblər formasında əzab-əziyyətlərlə üzləşəcəklər, bu işdə dini və siyasi liderlərin də əli ola bilər (Həv. iş. 5:27, 28). Gəlin yenidən Pavelin nümunəsinə qayıdaq. O, bu cür təqiblərin hədəfinə çevrilməkdən qorxub geri çəkilmədi. (Həvarilərin işləri 20:22, 23 ayələrini oxu.)

8, 9. Həvari Pavel təqiblərə dözməyə qətiyyətli olduğunu necə göstərdi və bu gün də həmimanlılarımız bu cür qətiyyəti necə təzahür etdirirlər?

8 Pavel Şeytanın etdiyi birbaşa hücumlara cəsarətlə qarşı dururdu. O demişdi: «Mən qətiyyən özümü düşünmürəm, təki Ağamız İsanın mənə həvalə etdiyi xidməti yerinə yetirim, yəni Allahın lütfü barəsindəki xoş xəbər haqqında ətraflı şəhadət verib yolumu başa çatdırım» (Həv. iş. 20:24). Gün kimi aydındır ki, üzləşdiyi bütün bu təqiblər Paveli qorxuya salmamışdı. Əksinə, o, nə ilə üzləşirsə üzləşsin, axıra kimi dözməyə qətiyyətli idi. Üzləşdiyi əzab-əziyyətlərə baxmayaraq, onun ən ümdə amalı «ətraflı şəhadət» vermək idi.

9 Müasir dövrdə də bir çox bacı-qardaşlarımız bu cür qətiyyət təzahür etdirirlər. Məsələn, bir ölkədə bəzi Şahidlər bitərəf mövqelərini qoruduqları üçün 20 ilə yaxındır ki, dəmir barmaqlıqlar arxasındadırlar. Onların məsələsinə heç vaxt məhkəmədə baxılmayıb, çünki həmin ölkədə bununla bağlı heç bir alternativ nəzərdə tutulmur. Həbsdə olduqları bu müddət ərzində onlar ailə üzvlərini görməkdən məhrum edilmiş, hətta bəzi məhbuslar döyülmüş və müxtəlif işgəncələrə məruz qalmışlar.

10. Nə üçün əzab-əziyyətlər qarşısında qorxuya düşməməliyik?

10 Dünyada elə bir yer yoxdur ki, həmimanlılarımız əzab-əziyyətlərə üzləşməsin. Əgər bu sənin də payına düşürsə, qorxub eləmə. Yusifi gözünü önünə gətir. O, qul kimi satılsa da, Yehova onu «düşdüyü bütün bəlalardan xilas etdi» (Həv. iş. 7:9, 10). Yehova sənin də dadına çata bilər. Heç vaxt unutma: «Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı... yaxşı bilir» (2 Pet. 2:9). Sən özün də yaxşı bilirsən ki, Yehova səni də bu pis sistemdən xilas edib Öz Padşahlığı altındakı əbədi həyata qovuşdurmağa qadirdir. Bəs, bunu bilmək Yehovaya etibarını qorumağa kömək edir? Sənin Yehovaya etibar etməyə və təqiblərə cəsarətlə dözməyə hər cür səbəbin var (1 Pet. 5:8, 9).

GİZLİ HÜCUMLAR

11. Şeytanın gizli hücumları birbaşa hücumlardan nə ilə fərqlənir?

11 Gizli hücumlar üzləşə biləcəyimiz digər əzab-əziyyətlərdir. Bunlar fiziki təqiblər şəklində baş verən birbaşa hücumlardan nə ilə fərqlənir? Birbaşa hücumlar şəhəri öz cənginə alıb bir göz qırpımında evin altını üstünə çevirən tornado kimidir. Gizli hücumlar isə gizlicə daraşıb evin taxtadan olan yerlərini yavaş-yavaş yeyib bitirən ağ qarışqa ordusu kimidir. İnsan bir də ayılıb görür ki, artıq iş-işdən keçib.

12. a) Şeytanın gizli hücumlarından biri hansıdır və bu nə üçün işə yarayır? b) Həvari Pavel nə ilə mübarizə aparırdı?

12 Şeytan istər təqiblərlə birbaşa, istərsə də imanına yavaş-yavaş daraşmaqla gizli hücum etsin, məqsədi sənin Yehova ilə münasibətlərini korlamaqdır. Şeytanın ən çox istifadə etdiyi gizli hücumlardan biri ruhdan salmaqdır. Həvari Pavel etiraf etmişdi ki, onun da ruh düşkünlüyünə qapıldığı vaxtlar olub. Hətta bir dəfə o, özü haqda «yazıq adamam» demişdi. (Romalılara 7:21—24 ayələrini oxu.) Görəsən, birinci əsrdə, çox ehtimal ki, rəhbərlik şurasının üzvü olmuş Pavel kimi ruhani «nəhəng» özü haqda nəyə görə belə düşünürdü? O, qeyri-kamilliyi ucbatından özü haqda bu fikirdə idi. O, həqiqətən də, düzgün iş görmək istəyirdi, amma hiss edirdi ki, başqa bir qüvvə ona qarşı çıxır. Sən də bu cür hisslərlə mübarizə aparırsansa, hətta həvari Pavelin bu cür çətinliklə üzləşdiyini bilmək sənə təsəlli verə bilər.

13, 14. a) Allahın bəzi xidmətçilərini nə ruhdan sala bilər? b) Kim imanımızı yeyib-bitirməyə çalışır və nəyə görə?

13 Vaxtaşırı olaraq bir çox bacı-qardaşlar ruhdan düşür, narahatlıq keçirir, hətta ola bilsin, özlərini yararsız hiss edirlər. Məsələn, götürək səyli bir pioner bacını, adını da qoyaq Debora. O demişdi: «Tutduğum səhv iş bir an belə ağlımdan çıxmırdı, özümü pis hiss edirdim. Mənə elə gəlirdi ki, məni bu halımla heç kim, hətta Yehova da sevə bilməz».

14 Yehovanın, Debora kimi, bəzi sadiq xidmətçilərinin ruh düşkünlüyünə qapılmasına nə səbəb ola bilər? Səbəblər çoxdur. Bəziləri sadəcə olaraq özləri və şəraitləri barədə bədbin fikirdə olmağa meyillidirlər (Sül. məs. 15:15). Digərləri isə bütün diqqətlərini səhhətlərindəki problemlərə cəmlədikləri üçün emosional cəhətdən sarsıntı keçirirlər. Səbəb nə olursa-olsun, bu hisslərə qapılmağımızı kimin istədiyini unutma. Bir fikirləş: bizim təmiz ruhdan düşüb təslim bayrağını qaldırmağımızı kim istəyir? «Ölümə gedən özünə yoldaş axtarır» məsəlinə uyğun olaraq kim istəyir ki, sən də ona yoldaş olasan? (Vəhy 20:10). Bəli, bu, Şeytandır! Həqiqət ondan ibarətdir ki, Şeytan necə hücum edirsə etsin, məqsədi dəyişmir: bizi qorxuya salmaq, səyimizi zəiflətmək və susdurmaq. Unutma, Allahın xalqı ruhani müharibə aparır!

15. Necə göstərə bilərik ki, ruh düşkünlüyünə təslim olmaq fikrimiz yoxdur?

15 Apardığın döyüşdə yenilməmək üçün qətiyyətli ol! Gözünü alacağın mükafata dik. Pavel Korinf yığıncağına yazmışdı: «Biz ruhdan düşmürük, zahirən solsaq da, daxilən günbəgün yeniləşirik. Çünki çəkdiyimiz qısamüddətli və yüngül əziyyətlər bizə daha böyük və əbədi şöhrət gətirəcək» (2 Kor. 4:16, 17).

ƏZAB-ƏZİYYƏTLƏRƏ İNDİDƏN HAZIRLAŞ

Hər bir məsihçi imanını müdafiə etməyi məşq etməlidir (16-cı abzasa bax)

16. Əzab-əziyyətlərə indidən hazırlaşmaq nə üçün vacibdir?

16 Gördüyümüz kimi, Şeytan hər hiyləyə əl atır (Efes. 6:11). Buna görə də hər birimiz 1 Peter 5:9 ayəsindəki «güclü imanla ona müqavimət göstərin» göstərişinə riayət etməliyik. Beləliklə, düzgün olanı etməyə hazır olaq deyə ağlımızı və ürəyimizi indidən məşq etdirməliyik. Məsələn, ordu sakitlik dövründə belə tez-tez məşqlər edir. Bunu Yehovanın ruhani ordusuna da şamil etmək olar. Apardığımız mübarizədə gələcəkdə bizi nələr gözlədiyini bilmirik. Buna görə də nə qədər ki, hələ nisbətən sakitçilikdir, gəlin əhəmiyyətli məşqlər edək. Pavel korinflilərə yazmışdı: «İman yolunda olub-olmadığınızı daima yoxlayın, özünüzü sınayın» (2 Kor. 13:5).

17—19. a) Özümüzü necə yoxlaya bilərik? b) Gənclər məktəbdə imanlarını müdafiə etməyə özlərini necə hazırlaya bilərlər?

17 Pavelin Allahdan ilham alaraq verdiyi məsləhətə əməl etməyin bir üsulu özümüzü hərtərəfli yoxlamaqdır. Özünə növbəti sualları ver: «Durmadan dua edirəm? Həmyaşıdlarımın təqibinə məruz qalanda insanlardan artıq Allaha itaət edirəm? Yığıncaq görüşlərində müntəzəm iştirak edirəm? Etiqadım barədə cəsarətlə bölüşürəm? Həmimanlılarım nöqsanlarıma göz yumduğu kimi, mən də onların səhvlərinə göz yumuram? Yığıncaqda rəhbərlik edən qardaşlara və təşkilata tabe oluram?»

18 Fikir verdinsə, yuxarıdakı suallardan biri imanımızı cəsarətlə müdafiə etməklə, digəri isə həmyaşıdların təqiblərinə qarşı durmaqla bağlıdır. Bir çox məsihçi gənclər məktəbdə məhz belə də davranırlar. Onlar öz etiqadları barədə danışmağa çəkinib eləmirlər. Əksinə, onlar cəsarətlə şahidlik verirlər. Ədəbiyyatlarımızda bununla bağlı faydalı məsləhətlər verilir. Məsələn, «Oyanın!» jurnalının 2009-cu il iyul sayında (rus.) məsləhət görülür ki, əgər sinif yoldaşın səndən: «Təkamül nəzəriyyəsinə nə üçün inanmırsan?» — deyə soruşsa, belə deyə bilərsən: «Niyə də inanmalıyam? Heç tədqiqatçı alimlər belə bu məsələdə ortaq məxrəcə gələ bilmirlər». Valideynlər, uşaqlarınızla məşqlər edib onları məktəbdə həmyaşıdları tərəfindən üzləşə biləcəkləri bu kimi təqiblərə hazırlayın.

19 Düzdür, Yehovanın bizdən gözlədiyi kimi danışmaq və digər addımları atmaq həmişə asan olmur. Bütün günü işlədikdən sonra biz özümüzü yığıncağa zorla dartıb apara bilərik. Səhərin gözü açılmamış isti çarpayımızdan durub təbliğə getmək elə də asan olmaya bilər. Amma yadda saxla: əgər bəri başdan gözəl ruhani qrafikə malik olsan, gələcəkdə üzləşə biləcəyik böyük çətinliklər qarşısında yıxılmayacaqsan.

20, 21. a) Mənfi hisslərlə mübarizə aparmağa bizə nə kömək edə bilər? b) Nədə qətiyyətli olmalıyıq?

20 Bəs gizli hücumlar barədə nə demək olar? Ruh düşkünlüyünə necə qalib gələ bilərik? Ən güclü üsullardan biri fidyə haqda düşünməkdir. Həvari Pavel də belə edirdi. O, özünü hərdən yazıq adam kimi hiss etsə də, heç vaxt unutmurdu ki, Məsih kamil insanlar üçün yox, günahkarlar uğrunda ölüb. Bu günahkarlardan biri də elə Pavelin özü idi. Buna görə də o yazmışdı: «İndi mən məni sevən və canını uğrumda fəda edən Allahın Oğluna inamla yaşayıram» (Qalat. 2:20). Bəli, həvari Pavel fidyəyə sığınırdı və başa düşürdü ki, fidyə onun üçün ödənilib.

21 Fidyəyə bu cür, yəni Yehovadan şəxsən sənin üçün ənam kimi baxmağın sənə böyük köməyi dəyə bilər. Amma bu o demək deyil ki, sən dərhal ruh düşkünlüyündən yaxa qurtaracaqsan. Bəlkə də bəzilərimiz yeni dünya gələnə qədər bu gizli hücumla mübarizə aparmalı olduq. Lakin yadda saxla ki, mükafatı təslim olmayan qazanacaq. Biz Allahın Padşahlığının sülhü bərqərar edəcəyi və bütün sadiq insanları kamilliyə yetişdirəcəyi o möhtəşəm günə heç vaxt bu qədər yaxın olmamışıq. Çoxlu əzab-əziyyətdən keçməli olsan da, bu Padşahlığa daxil olmağa qəti qərarlı ol.