Kontentə keç

Mündəricatı göstər

Hər işimizdə müqəddəs olaq

Hər işimizdə müqəddəs olaq

«Hər bir işinizdə müqəddəs olun» (1 PET. 1:15).

1, 2. a) Allah Öz xalqından nə gözləyir? b) Bu məqalədə hansı sualları araşdıracağıq?

HƏR işdə müqəddəs olmaq məsihçilər üçün vacibdir. Buna görə də Yehova həvari Peteri «Levililər» kitabında bəhs olunan müqəddəslik mövzusuna istinad etmək üçün ilhamlandırmışdı. (1 Peter 1:14—16 ayələrini oxu.) «Müqəddəs [Allah]» Yehova həm məsh olunmuşlardan, həm də digər məsihçilərdən bəzi işlərdə yox, hər bir işdə müqəddəs olmaq üçün əllərindən gələni etmələrini gözləyir (Yəh. 10:16).

2 «Levililər» kitabındakı ruhani xəzinəni araşdırmağa davam etməklə biz çoxlu fayda əldə edəcək və bu bilikləri tətbiq etmək hər işimizdə müqəddəs qalmağa kömək edəcək. Gəlin növbəti sualları araşdıraq: Güzəştə getməmək məsələsinə necə yanaşmalıyıq? Yehovanın ali hakimiyyətini dəstəkləməklə bağlı «Levililər» kitabından nə öyrənə bilərik? Qədimdə qurbanların təqdim edilməsi bizə nə öyrədir?

HEÇ VAXT GÜZƏŞTƏ GETMƏ

3, 4. a) Nə üçün məsihçilər Müqəddəs Kitabın qanun və prinsiplərində güzəştə getməməlidirlər? b) Nəyə görə biz nə qisas almalı, nə də kin saxlamalıyıq?

3 Əgər Yehovanı razı salmaq istəyiriksə, biz Onun qanun və prinsiplərindən möhkəm yapışmalı, onlara zidd olan davranışa güzəştə gedib müqəddəsliyimizi itirməməliyik. Musanın qanunu altında olmasaq da, oradakı tələblər bizə Allahın bəyənib-bəyənmədiyi işləri aydın göstərir. Misal üçün, israillilərə əmr edilmişdi: «Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm» (Lev. 19:18).

4 Gördüyümüz kimi, Yehova istəmir ki, biz nə qisas alaq, nə də kin saxlayaq (Rom. 12:19). Əgər Allahın qanun və prinsiplərini rədd etsək, onda bu, Şeytanın ürəyincə olacaq, Yehovanı isə kədərləndirəcək. Hətta kimsə bizə qəsdən pislik etsə də, gəlin heç vaxt içərisi qəzəblə dolu qaba dönməyək. Çünki Allah bizi xəzinəyə bənzər xidmətin saxlanıldığı «saxsı [qablar]» olmaq şərəfinə layiq görüb (2 Kor. 4:1, 7). Belə qabda qıcqırmış kinə yer yoxdur!

5. Harunun ailəsində baş verən faciədən nə öyrənə bilərik? (Məqalənin əvvəlindəki şəklə bax.)

5 Levililər 10:1—11 ayələrində Harunun ailəsində baş vermiş faciədən bəhs edilir. Göydən düşən od müqəddəs məskəndə Harunun oğulları Nadav və Avihunu öldürəndə Harun və ailəsi yaman sarsılmışdı. Ölən qohumları üçün yas tutmamaq onların imanı üçün əsil sınaq idi. Bəs sən yığıncaqdan kənar edilmiş ailə üzvünlə və ya başqası ilə ünsiyyət saxlamamaq məsələsində müqəddəsliyini qoruyursan? (1 Korinflilərə 5:11 ayəsini oxu.)

6, 7. a) Dini məkanda keçirilən toy mərasiminə dəvət olunarkən hansı məqamları ölçüb-biçməliyik? (Haşiyəyə bax.) b) İmanımıza şərik olmayan qohumumuza vəziyyəti necə izah edə bilərik?

6 Ola bilsin, biz Harunla ailəsinin üzləşdiyi şiddətli sınaqla heç vaxt üzləşməmişik. Bəs əgər Yehovanın Şahidi olmayan qohumumuz bizi dini məkanda keçirdiyi toy mərasiminə dəvət edibsə, onda necə? Düzdür, Müqəddəs Yazılarda bizim ora getməyimizi qadağan edən konkret qanunlar yoxdur, amma düzgün qərar vermək üçün müəyyən prinsiplər var *.

7 Ola bilsin, belə vəziyyətdə Allah qarşısında müqəddəs qalmaq qətiyyətimizi görən imanımıza şərik olmayan qohumlarımız buna məəttəl qalır (1 Pet. 4:3, 4). Onların xətrinə dəyməmək üçün kəskin danışmamalı, vəziyyəti mülayimliklə başa salmalıyıq. Və bunu qabaqcadan etsək, daha yaxşı olar. Bizi sayıb toya dəvət etdiklərinə görə təşəkkürümüzü bildirib izah edə bilərik ki, bu etiqadımızla bağlı məsələdir və bizim orada olmağımız onların xoşbəxt gününə kölgə sala, habelə xoşagəlməz vəziyyət yarada bilər. Bu, iman və etiqadımızda güzəştə getməməyin üsullarından biridir.

YEHOVANIN ALİ HAKİMİYYƏTİNİ DƏSTƏKLƏ

8. «Levililər» kitabı diqqəti Yehovanın ali hakimiyyətinə necə cəmləyir?

8 «Levililər» kitabı diqqəti Yehovanın ali hakimiyyətinə cəmləyir. Bu kitabda 30 dəfədən çox buradakı qanunların Yehovadan olduğu vurğulanır. Bu həqiqəti dərk edən Musa peyğəmbər bu əmrlərə tam sadiq idi (Lev. 8:4, 5). Biz də Ali Hökmdarımız Yehovanın bizdən tələb etdiklərinə hər zaman tabe olmalıyıq. Bunun üçün gərək Allahın təşkilatını dəstəkləyək. Lakin İsa çöllükdə sınağa çəkildiyi kimi, biz də tək olanda sınana bilərik (Luka 4:1—13). Bütün nəzərimizi Allahın hakimiyyətinə cəmləsək və Ona etibar etsək, heç kim bizi nə güzəştə getməyə məcbur edə bilər, nə də hədələri ilə gözümüzü qorxuda bilər (Sül. məs. 29:25).

9. Nə üçün bütün dünya Allahın xalqına nifrət edir?

9 Məsihin davamçısı və Yehovanın Şahidi olduğumuz üçün biz bütün dünyada təqib olunuruq. Bu belə də olmalıdır, çünki İsa şagirdlərinə demişdi: «İnsanlar sizə əziyyət verəcək və öldürəcəklər. Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Mat. 24:9). Dünya bizə nifrət etsə də, biz Padşahlıq haqda xoş xəbəri bəyan etməyə və Yehovanın önündə müqəddəsliyimizi qorumağa davam edirik. Dürüst, təmiz və qanuna bağlı vətəndaşlar olmağımıza baxmayaraq, bizə yenə də nifrət edirlər (Rom. 13:1—7). Çünki bizim üçün Ali Hökmdar Yehovadır! Biz «yalnız Ona» xidmət edir və heç vaxt Onun ədalətli qanun və prinsiplərində güzəştə getmirik (Mat. 4:10).

10. Bir qardaş bitərəflik məsələsində güzəştə getdiyi üçün hansı vəziyyətlə üzləşdi?

10 Bu «dünyaya məxsus» olmadığımız üçün müharibələrdə və siyasi məsələlərdə bitərəf mövqe tuturuq. (Yəhya 15:18—21; Yeşaya 2:4 ayələrini oxu.) Lakin Allahın bəzi xidmətçiləri bitərəflik məsələsində güzəştə getmişlər. Ancaq onların əksəriyyəti tövbə etmiş və mərhəmətli səmavi Ataları ilə münasibətlərini bərpa etmişlər (Məz. 51:17). Bəziləri isə tövbə etməmişlər. Məsələn, İkinci Dünya müharibəsi zamanı zabitlər Macarıstanda qanunsuz olaraq həbs olunan 45 yaşa qədər olan 160 qardaşı bütün həbsxanalardan yığıb bir şəhərə toplamışdılar. Onlardan tələb olunurdu ki, hərbi xidmətə başlasınlar. Sadiq qardaşlar öz bitərəf mövqelərini qəti şəkildə qorudular, lakin onlardan doqquzu hərbi and içib forma geyindi. İki ildən sonra güzəştə gedənlərdən birinin aid olduğu silahlı dəstəyə sadiq Şahidləri qırmaq əmri verildi. Və bu Şahidlərin arasında həmin adamın doğma qardaşı da var idi. Lakin vəziyyət elə gətirdi ki, bu qətli-am baş tutmadı.

YEHOVAYA ƏN YAXŞISINI TƏQDİM ET

11, 12. Qədim israillilərin qurbanlar təqdim etməsi ilə bağlı Yehovanın qoyduğu şərtlər bugünkü məsihçilərə necə aiddir?

11 Musanın qanununa əsasən, israillilər qurbanlar təqdim etməli idilər (Lev. 9:1—4, 15—21). Bu qurbanlar İsa Məsihin qanını təmsil etdiyi üçün qüsursuz olmalı idi. Bundan əlavə, hər bir təqdimə və ya qurban gətirilən zaman xüsusi ayinlər həyata keçirilməli idi. Misal üçün, Levililər 12:6 ayəsində dünyaya uşaq gətirən anadan nə tələb olunduğu belə izah olunur: «Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin». Allahın tələbləri konkret olsa da, Onun məhəbbəti və mərhəməti Qanunda öz əksini tapırdı. Əgər ananın toğlu gətirməyə gücü çatmırdısa, onda o, iki qumru quşu, yaxud iki göyərçin gətirə bilərdi (Lev. 12:8). Kasıb olmasına baxmayaraq, Allah bu bəndəsini bahalı təqdimə gətirən bəndəsi qədər sevir və qiymətləndirirdi. Biz bundan nə öyrənirik?

12 Həvari Pavel həmimanlılarını Allaha «mədh qurbanı» təqdim etməyə səsləyirdi (İbr. 13:15). Bizim dodaqlarımız Yehovanın müqəddəs adını hər yerdə bəyan etməlidir. Lal-kar bacı-qardaşlarımız isə Allahı jest dilində mədh edirlər. Müəyyən səbəblərə görə evdən çıxa bilməyən məsihçilər məktub yazmaqla, telefon təbliği ilə və yanına gəlib-gedənlərə təbliğ etməklə Yehovanı mədh edirlər. Yehovanın adını və xoş xəbəri bəyan etməklə təqdim etdiyimiz mədh qurbanı sağlamlığımıza və qabiliyyətimizə müvafiq gəlməlidir. Əsas odur ki, ən yaxşısını verək (Rom. 12:1; 2 Tim. 2:15).

13. Biz nəyə görə təbliğ xidməti haqda hesabat verməliyik?

13 Yehovanı sevdiyimiz üçün biz mədh qurbanlarımızı cani-könüldən təqdim edirik (Mat. 22:37, 38). Lakin bizdən təbliğ xidməti ilə bağlı hesabat vermək tələb olunur. Bəs biz bu tələbə necə yanaşmalıyıq? Hər ay verdiyimiz təbliğ hesabatı Allaha sədaqətimizi göstərir (2 Pet. 1:7). Sözsüz, heç kim özünü hesabatına çox saat yazmaq naminə daha çox təbliğ etməyə məcbur hiss etməməlidir. Xəstəlik və ya qocalıqdan əziyyət çəkən təbliğçilər ay ərzində tam saat xidmət etmək əvəzinə, 15 dəqiqə və ya 15 dəqiqəlik artırmalarla təbliğ edib hesabat verə bilər. Yehova həmin dəqiqələri bu təbliğçinin verə biləcəyinin ən yaxşısı və məhəbbətinin təzahürü kimi qəbul edir. Bu da həmin təbliğçinin Yehovanın Şahidi olmaq şərəfini qiymətləndirdiyini göstərir. Bahalı qurbanlar təqdim etməyə gücü çatmayan israillilərə yanaşdığı kimi, Yehova müəyyən məhdudiyyətlərinə baxmayaraq, hesabat verən xidmətçilərini də dəyərləndirir. Hər birimizin verdiyi hesabat ümumdünya hesabatında toplanaraq təşkilatımıza Padşahlığın təbliğ işi ilə bağlı gələcək planlar qurmağa kömək edir. Buna görə də biz təbliğlə bağlı hesabatlar verməyə daha məsuliyyətlə yanaşmalıyıq.

MÜTALİƏ ETMƏK VƏRDİŞİMİZ VƏ MƏDH QURBANLARIMIZ

14. Mütaliə etmək vərdişimizi nə üçün yoxlamalıyıq?

14 «Levililər» kitabından bəzi ruhani xəzinələri araşdırdıqdan sonra, yəqin, indi daha yaxşı başa düşdün ki, nəyə görə bu kitab Allahdan ilham almış Kəlama daxildir (2 Tim. 3:16). Ola bilsin, indən belə müqəddəsliyini qorumağa daha qətiyyətli olacaqsan və bunu təkcə Allah tələb etdiyi üçün yox, Ona sədaqətlə ibadət etməyinə layiq olduğu üçün edəcəksən. Əminik ki, bu iki məqalədən «Levililər» kitabı haqda öyrəndiklərin səndə bütün Müqəddəs Yazıları dərindən araşdırmaq həvəsi oyatdı. (Süleymanın məsəlləri 2:1—5 ayələrini oxu.) Dua edib şəxsi mütaliə etmək vərdişinin nə yerdə olduğunu müəyyən et. Sözsüz, istəyərsən ki, Yehova təqdim etdiyin mədh qurbanını qəbul etsin. Bəs hansısa verilişlər, videooyunlar, idman və ya digər maraqlı məşğuliyyətlər səni ruhani işlərdən geri salmır ki? İşdir salırsa, onda həvari Pavelin «İbranilərə məktub»unda dedikləri sənin xeyrinə olacaq.

Ailəvi ibadət və şəxsi mütaliə həyatında əsas yerdə dururmu? (14-cü abzasa bax)

15, 16. Nə üçün Pavel ibrani məsihçilərlə açıq danışırdı?

15 Həvari Pavel ibranilərə yazdığı məktubda fikirlərini açıq və kəsə demişdi. (İbranilərə 5:7, 11—14 ayələrini oxu.) Onlara bildirmişdi ki, zehinləri kütləşib. Bəs o nə üçün belə sərt danışmışdı? O, ruhani südlə xilas olacaqlarına güman edən məsihçilərə Yehovanın gözü ilə baxıb hallarına acıyırdı. Düzdür, məsihçiliyin əsas təlimlərini bilmək vacibdir, amma ruhani cəhətdən inkişaf edib məsihçi yetkinliyinə çatmaq üçün «bərk qida» lazımdır.

16 Başqalarına təlim vermək əvəzinə, ibranilərin özlərinə təlim verən lazım idi. Çünki onlar «bərk qida»ya yaxın durmurdular. Özündən soruş: «Bərk ruhani qidaya necə yanaşıram? Onu qəbul edirəm? Yoxsa dua etməkdən və Müqəddəs Kitabı araşdırmaqdan soyumuşam? Bəlkə problemlərimin səbəbi mütaliə etmək vərdişimin olmamasıdır?» Unutma ki, biz sadəcə təbliğ etmir, həmçinin təlim verib şagird hazırlayırıq (Mat. 28:19, 20).

17, 18. a) Nə üçün müntəzəm bərk ruhani qida qəbul etməliyik? b) Məsihçi görüşlərindən əvvəl spirtli içki içmək məsələsinə necə yanaşmalıyıq?

17 Ola bilsin, çoxlarımıza Müqəddəs Kitabı araşdırmaq çətin gəlir. Düzdür, Yehova xidmətçilərində günahlı olduqları hissini yaratmaqla onları Öz Kəlamını araşdırmağa vadar etmir. Bununla belə, bərk ruhani qidanı Allaha neçə il həsr olmağımızdan asılı olmayaraq, həmişə qəbul etməliyik. Bunsuz biz heç vaxt müqəddəslik yolunda qala bilmərik!

18 Müqəddəs olmaq üçün gərək Müqəddəs Yazıları dərindən araşdırıb Allahın tələblərinə uyğun yaşayaq. Çox ehtimal ki, içkili vəziyyətdə ola-ola «haram od» təqdim etdiklərinə görə öldürülən Nadavla Avihu haqda düşün (Lev. 10:1, 2). Allahın Haruna dediyi sözlərə fikir ver. (Levililər 10:8—11 ayələrini oxu.) Bu sözlər o deməkdirmi ki, biz məsihçi görüşlərinə getməzdən öncə heç bir spirtli içki qəbul etməməliyik? Nəzərə al ki, biz Musanın qanunu altında deyilik (Rom. 10:4). Bəzi ölkələrdə həmimanlılarımız yığıncağa getməzdən qabaq yemək yeyərkən qədərində spirtli içki qəbul edirlər. Məsələn, qədimdə adətə görə Pasxada dörd cam şərab içilirdi. İsa Xatirə gecəsini təsis edərkən həvarilərinə içmələri üçün onun qanını təmsil edən şərab vermişdi (Mat. 26:27). Ümumiyyətlə, Müqəddəs Kitabda içki düşkünlüyü və sərxoşluq mühakimə olunur (1 Kor. 6:10; 1 Tim. 3:8). Əksər məsihçilər isə vicdanları naminə müqəddəs xidmətin hər hansı növünü icra etməzdən əvvəl heç bir spirtli içki qəbul etmirlər. Ancaq ölkədən-ölkəyə vəziyyət dəyişir və əsas odur ki, məsihçilər «müqəddəslə adi şeyləri ayırd [edib]» Allahı razı salmaq üçün hər bir işlərində müqəddəs olsunlar.

19. a) Ailəvi ibadət və şəxsi mütaliə ilə bağlı nəyi yadda saxlamalıyıq? b) Müqəddəs qalmaq üçün nəyə qəti qərarlısan?

19 Allahın Kəlamını dərindən araşdırmaqla sənə çoxlu ruhani xəzinələr açılacaq. Ailəvi ibadətini və şəxsi mütaliəni zənginləşdirmək üçün axtarış vəsaitlərindən istifadə et. Yehova və niyyətləri haqda daha dərin biliklərə yiyələn. Ona daha da yaxınlaşmağa çalış (Yaq. 4:8). «Gözlərimi aç ki, Qanununun xariqələrini görüm», — sözlərini deyən məzmurçu kimi Allaha dua et (Məz. 119:18). Müqəddəs Kitabın qanun və prinsiplərində heç vaxt güzəştə getmə. «Müqəddəs [Allahımız]» Yehovanın ali qanununa sevə-sevə tabe ol və «Allahın xoş xəbəri ilə bağlı müqəddəs işi» canla-başla yerinə yetir (1 Pet. 1:15; Rom. 15:16). Bu çətin günlərdə həmişə müqəddəsliyini qoru. Beləliklə, gəlin hər işimizdə müqəddəs olaq və müqəddəs Allahımız Yehovanın ali hakimiyyətinin tərəfini tutaq.

^ abz. 6 «Gözətçi qülləsi»nin 2002-ci il 15 may sayındakı «Oxucuların sualları» rubrikasına (rus.) bax.