Kontentə keç

Mündəricatı göstər

Yehova səxavətli bəndəsini bol-bol xeyir-dualandırır

Yehova səxavətli bəndəsini bol-bol xeyir-dualandırır

YARADANIMIZ insanları dəyərli ənam olan iradə azadlığı ilə xəlq edib. Və O, öz azadlığından həqiqi ibadət, Onun müqəddəs adını ucaltmaq və əzəli niyyətini dəstəkləmək naminə istifadə edən bəndələrini bol-bol xeyir-dualandırır. Yehova istəmir ki, biz Ona qorxu və məcburiyyətdən irəli gələrək ibadət edək. Əksinə, O, saf məhəbbət və dərin minnətdarlıq hissindən irəli gələrək edilən ibadətdən razı qalır.

Məsələn, israillilər Sina səhrasında olanda Yehova onlara ibadət yeri tikməyi tapşırıb demişdi: «Öz aranızdan Rəbbə bir ianə toplayın. Qoy könlü istəyən hər kəs Rəbbə belə ianə gətirsin» (Çıx. 35:5). Hər bir israilli gücü çatan qədər könüllü ianə edə bilərdi. Nə və nə qədər ianə etmələrindən asılı olmayaraq, bu ianələr Allahın buyurduğu işdə layiqli şəkildə istifadə ediləcəkdi. Bəs xalq bu çağırışa necə yanaşdı?

«Ürəyinə toxunan və könlü istəyən hər adam» istədiyi qədər ianə etdi. Kişilər və qadınlar Yehovanın buyurduğu iş üçün könüllü olaraq sancaqlar, sırğalar, üzüklər, qızıl, gümüş, tunc, bənövşəyi, tünd qırmızı və al rəngli iplik, incə kətan, keçi yunu, qırmızı boyanmış qoç dəriləri, suiti dəriləri, əbrişim ağacı, daş-qaş, balzam və zeytun yağı gətirdilər. Nəticədə, «bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi» (Çıx. 35:21—24, 27—29; 36:7).

Yehovanı daha çox məmnun edən gətirilən ianələr yox, təmiz ibadəti dəstəkləyənlərdə gördüyü əhval-ruhiyyədir. Bu insanlar öz vaxtlarını və qüvvələrini də əsirgəmirdilər. Müqəddəs Kitabda deyilir ki, «ürəyi hikmətlə dolu bütün qadınlar öz əlləri ilə [əyirirdi]». Bəli, «bu işi ürəkdən görmək istəyən bacarıqlı qadınlar keçi yunu [əyirirdilər]». Üstəlik, Yehova Besalelə «hikmət, dərrakə, bilik və hər cür [məharət]» vermişdi. Doğrudan da, Allah Besalellə Oholiava tapşırılmış bütün işləri görmələri üçün lazımi qabiliyyət vermişdi (Çıx. 35:25, 26, 30—35).

Yehova israilliləri ianə verməyə təşviq edəndə tam əmin idi ki, «könlü istəyən hər kəs» həqiqi ibadəti dəstəkləyəcək. O da onları Öz himayəsi altında şad-xürrəm yaşadacaq. Bununla Yehova göstərir ki, O, xidmətçilərinin əliaçıqlığını qiymətləndirir və onlar Onun iradəsini yerinə yetirərkən heç nəyə möhtac qalmayacaqlar (Məz. 34:9). Yehova sənin də Ona xidmətdə göstərdiyin səxavətliliyi mütləq xeyir-dualandıracaq.