Kontentə keç

Mündəricatı göstər

ARXİVİMİZDƏN

«Ən mühüm vaxt»

«Ən mühüm vaxt»

1870-Cİ İLDƏ ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində (Alleqani) kiçik bir qrup Müqəddəs Yazıları araşdırmağa başladı. Onlar Çarlz Teyz Rasselin rəhbərliyi ilə Məsihin fidyə qurbanlığı mövzusunu araşdırdılar və çox keçməmiş fidyənin Yehovanın niyyətində başlıca rol oynadığını başa düşdülər. Fidyənin İsa barədə eşitməyənlərə belə qurtuluş qapısı açdığını anlayanda çox təsirləndilər. Minnətdarlıqdan irəli gələrək hər il Məsihin ölümünü yad etməyə başladılar (1 Kor. 11:23—26).

Rassel qardaşın dərc etdirdiyi «Sion Gözətçi qülləsi»ndə fidyənin Allahın məhəbbətinin ən bariz nümunəsi olduğu izah edilir və müdafiə olunurdu. «Gözətçi qülləsi» Məsihin ölümünün Xatirə gecəsini «ən mühüm vaxt» adlandırırdı və oxucuları həm Pitsburqda, həm də başqa yerlərdə qrup-qrup yığışıb həmin vaxtı qeyd etməyə təşviq edirdi. «Hətta iki və ya üç nəfər imanlı bir yerdə olarsa», imanlı lap tək olsa da, «Ağa onlarla olacaq».

Hər il Pitsburqa Xatirə gecəsinə gələnlərin sayı artırdı. Dəvətnamədə «Sizi səmimi-qəlbdən dəvət edirik» sözləri yazılırdı. Doğrudan da, Pitsburqda olan Müqəddəs Kitab Tədqiqatçıları gələn bacı-qardaşları evlərində yerləşdirir və onları süfrələrinə qonaq edirdilər. 1886-cı ildə Xatirə gecəsi vaxtı bir neçə günlük «Ümumi görüş» keçirildi. «Gözətçi qülləsi» hər kəsi səsləyirdi: «Ürəyinizdə Ağaya, onun qardaşlarına və həqiqətinə aşıb-daşan məhəbbətlə təşrif buyurun».

London Çadırında Xatirə gecəsi simvollarını ötürmək üçün sxem

Pitsburqdakı Müqəddəs Kitab Tədqiqatçıları fidyəyə iman gətirib Xatirə gecəsinə gələnlər üçün bir neçə il konqres keçirdilər. Müqəddəs Kitab Tədqiqatçılarının sayı artdıqca, bütün dünyada Xatirə gecəsi keçirən qrupların da sayı və həcmi artırdı. Çikaqo yığıncağından olan Rey Bop deyirdi ki, 1910-cu illərdə Xatirə gecəsində simvolların ötürülməsi bir neçə saat davam edirdi. Belə ki, mərasimdə iştirak edən yüzlərlə insanın, demək olar ki, hamısı simvollardan qəbul edirdi.

Bəs hansı simvollardan istifadə edilirdi? «Gözətçi qülləsi»ndə İsanın bu mərasimdə şərabdan istifadə etdiyi qeyd edilsə də, jurnalda bir müddət tövsiyə edilirdi ki, «cismən zəif olanlar» günaha sürüklənməsin deyə, üzüm şirəsindən və ya bişmiş kişmiş şirəsindən istifadə edilsin. Lakin «qıcqırdılmış şərabdan istifadə etməyin vacib olduğunu» düşünənlərə şərab verilirdi. Sonradan Müqəddəs Kitab Tədqiqatçıları başa düşdülər ki, İsanın tökülən qanının müvafiq simvolu qatqısız qırmızı şərabdır.

Bu karandaş və kağız Nikaraqua həbsxanasında Xatirə gecəsində iştirak edənlərin sayını qeyd etmək üçün kameradan-kameraya ötürülmüşdü

İsanın ölümünü yad edərkən fidyə barədə ciddi düşünmək olardı. Lakin bəzi yığıncaqlarda bu vaxt hüznlü ab-hava hökm sürürdü və mərasim bitəndən sonra hamı səssiz-səmirsiz dağılışırdı. Ancaq 1934-cü ildə dərc olunan «Yehova» adlı kitabda izah olundu ki, Xatirə gecəsində İsanın əzablı ölümünə görə kədərlənmək lazım deyil, İsanın 1914-cü ildən Padşah olduğuna görə sevinmək lazımdır.

1957-ci ildə qardaşlar Mordoviyada (Rusiya) əmək düşərgəsində Xatirə gecəsini qeyd edirlər

1935-ci ildə böyük bir dəyişiklik baş verdi və bu dəyişiklik növbəti illərdə Xatirə gecəsinin keçirilməsinə əhəmiyyətli təsir göstərdi. Belə ki, həmin il Vəhy 7:9 ayəsində haqqında danışılan «böyük izdiham»ın mənası aydınlaşdırıldı. O vaxta qədər Yehovanın xidmətçiləri düşünürdülər ki, bu qrup məsihilər Yehovanın yolunda az səy göstərən həsr olunmuş məsihilərdir. İndi isə bu böyük izdihamın yer üzündə əbədi yaşamağa ümid edən sadiq insanlar olduğunu anladılar. Rassel Poqansi qardaş verilən bu izahatdan sonra özünü yoxlayaraq demişdi: «Yehova Allah Öz müqəddəs ruhu ilə mənim qəlbimdə göylərdə yaşamağa ümid oyatmayıb». Poqansi qardaş və onun kimi bir çox sadiq insanlar Xatirə gecəsində iştirak etsələr də, daha simvollardan qəbul etmədilər.

«Ən mühüm vaxt» ərzində xüsusi təbliğ kampaniyaları keçirilirdi. Hamı bu kampaniyada iştirak edib fidyəyə görə öz minnətdarlığını ifadə edə bilərdi. 1932-ci ildə «Bülleten»də məsihilər təşviq olunurdular ki, «Xatirə gecəsi müqəddəsləri» olmasınlar. Belələri simvollardan qəbul etsələr də, həqiqət xəbərini bəyan etmirdilər. 1934-cü ildə «Bülleten»də «köməkçi pionerliyə» çağırış səsləndi. Orada deyilirdi: «Xatirə gecəsi vaxtı 1000 nəfər köməkçi pioner kimi xidmət edəcəkmi?» «İnformator»da məsh olunmuşlarla bağlı deyilirdi: «Yalnız Padşahlıq haqda şahidlik etməklə onların sevinci tam ola bilər». Zaman keçdikcə bu sözlər yerdə əbədi yaşamağa ümid edənlərə də aid oldu *.

Birnəfərlik kamerada həbsdə olarkən Harold Kinq Xatirə gecəsinə aid şeirlər və mahnılar yazmışdı

Yehovanın xalqı üçün Xatirə gecəsi ilin ən müqəddəs günüdür. Onlar hətta ən çətin şəraitdə belə bu günü qeyd edirlər. 1930-cu ildə Pörl İnqliş və bacısı Ora Xatirə gecəsində iştirak etmək üçün 80 kilometr piyada yol getmişdilər. Xüsusi təyinatlı müjdəçi Harold Kinq Çində birnəfərlik kamerada həbsdə olarkən Xatirə gecəsinə aid şeirlər və mahnılar yazmışdı, qara qarağat və düyüdən Xatirə gecəsi simvolları hazırlamışdı. Şərqi Avropadan tutmuş Mərkəzi Amerikaya və Afrikaya qədər cəsur məsihilər müharibə şəraitinə və sərt qadağalara baxmayaraq, Məsihin ölümünü yad etmişlər. Harada və hansı şəraitdə oluruqsa-olaq, Yehova Allahı və İsa Məsihi şərəfləndirmək üçün biz Xatirə gecəsi vaxtı bir yerə toplaşırıq.

^ abz. 10 «Bülleten» sonralar «İnformator» adlanıb, indi isə «Bizim Padşahlıq Xidmətimiz» adlanır.