Kontentə keç

Mündəricatı göstər

Yapon xalqına gözlənilməz hədiyyə

Yapon xalqına gözlənilməz hədiyyə

2013-CÜ İL aprelin 28-də Yaponiyanın Naqoya şəhərində keçirilən xüsusi görüşdə Rəhbərlik Şurasının üzvü Entoni Moris dinləyicilərə sürpriz etdi: yapon dilində yeni nəşrin — «Müqəddəs Kitab. Məttanın müjdəsi» adlı kitabın çıxdığını elan etdi. Orada iştirak edən və İnternet vasitəsilə proqramı izləyən ümumilikdə 210 000-dən çox insan bu xəbəri sürəkli alqışlarla qarşıladı.

Yapon dilindəki «Yeni Dünya Tərcüməsi»ndən götürülüb yenidən çap olunan 128 səhifəlik «Məttanın müjdəsi» xüsusi nəşrdir. Moris qardaş bu nəşrin «yapon sahəsinin tələbatlarına uyğun» tərtib olunduğunu vurğuladı. Bu kitabın səciyyəvi cəhətləri nədir? O, nə üçün buraxılıb? Bu nəşr necə qarşılandı?

KİTABIN SƏCİYYƏVİ CƏHƏTLƏRİ

«Mətta» kitabının tərtibatı dinləyicilər üçün gözlənilməz oldu. Yapon yazısı həm şaquli, həm də üfüqi ola bilər. Bizim hal-hazırkı nəşrlər də daxil olmaqla, yapon dilində bir sıra nəşrlər üfüqi yazılır. Lakin bu nəşrin mətni şaquli yazılıb, yapon qəzetlərinin və bədii əsərlərinin üslubuna müvafiq tərtib olunub. Bir çox yapon oxucuları üçün belə tərtib olunmuş mətni oxumaq asandır. Üstəlik, bu nəşrdə səhifə başlıqları yarımbaşlıqlar şəklində mətnə daxil edilib ki, oxucular əsas fikirləri asanlıqla tuta bilsinlər.

Yaponiyadakı bacı-qardaşlar yeni tərtibatlı «Mətta» kitabından dərhal yararlanmağa başladılar. 80 yaşlarında olan bir bacı hisslərini bölüşür: «Mən “Mətta” kitabını çox oxumuşam. Amma mətnin şaquli üslubda yazılması və yarımbaşlıqlar mənə Dağüstü vəzi daha yaxşı başa düşməyə kömək etdi». Bir gənc bacı yazır: «“Mətta” kitabını bir dəfəyə oxudum. Düzdür, mən üfüqi üsluba öyrəşmişəm, ancaq yaponların çoxu şaquli tərtibatı xoşlayırlar».

SIRF YAPON SAHƏSİ ÜÇÜN

Nə üçün Müqəddəs Yazıların bu kitabı yapon sahəsinin tələbatlarına xüsusilə uyğundur? Yaponların çoxu Müqəddəs Kitabla tanış deyil, ancaq onu oxumağı çox istəyərdilər. «Məttanın müjdəsi»nin bu nəşri sayəsində Müqəddəs Kitabı heç vaxt görməyən adamlar Müqəddəs Yazıların bu parçasını əllərində tutacaq və oxuyacaqlar.

Bəs nə üçün məhz «Mətta» kitabı seçilib? Müqəddəs Kitab deyəndə yaponların əksəriyyətinin ağlına İsa Məsih gəlir. «Mətta» kitabında da İsanın nəsil şəcərəsi, doğulması, Dağüstü vəzi və axırzamana dair peyğəmbərliyi yazılıb. Bu mövzular əksər yaponlar üçün maraqlı olacaq. Məhz bu səbəbə görə «Mətta» kitabı seçilib.

Yaponiyadakı müjdəçilər ev-ev təbliğ zamanı və təkrar baş çəkdikləri insanlara böyük həvəslə bu kitabı verirlər. Bir bacı yazır: «İndi sahəmdə Allahın Kəlamını daha çox paylaya bilirəm. Elə xüsusi görüş olan gün günorta artıq kitabın bir nüsxəsini bir nəfərə verdim».

NƏŞR NECƏ QARŞILANDI?

Müjdəçilər «Mətta» kitabını necə təqdim edirlər? Yaponların çoxu «dar qapı», «mirvarilərinizi donuzların qabağına atmayın» və «heç vaxt sabahkı gün üçün narahat olmayın» kimi ifadələrlə tanışdırlar (Mət. 6:34; 7:6, 13). Bu sözlərin İsa Məsihə aid olduğunu biləndə onlar təəccüblənirlər. Çoxları «Məttanın müjdəsi»ndə bu sözləri görəndə deyir: «Həmişə arzum olub ki, heç olmasa bir dəfə Müqəddəs Kitabı oxuyum».

Müjdəçilər kitab verdikləri adamlara təkrar baş çəkəndə kimisi kitabın müəyyən hissəsini oxuduğunu, kimisi isə onu başdan-ayağa kimi oxuduğunu deyir. 60 yaşlarında olan bir kişi təbliğçiyə demişdi: «Kitabı dönə-dönə oxudum, ruhum dincəldi. Mümkünsə, mənə Müqəddəs Kitab haqda daha çox məlumat verin».

«Mətta» kitabı ictimai şahidlik zamanı da mühüm rol oynayır. Bir təbliğçi bu xidmətdə olarkən gənc bir qadına «Mətta» kitabı ilə yanaşı, öz elektron ünvanını da verdi. Bundan bir saat sonra qadın bacıya məktub yazıb bildirdi ki, kitabın bir hissəsini oxuyub və daha çox məlumat almaq istəyir. Bir həftədən sonra bacı onunla Müqəddəs Kitabı araşdırmağa başladı və çox keçməmiş qadın yığıncaq görüşlərinə gəldi.

Yaponiyadakı yığıncaqlara «Müqəddəs Kitab. Məttanın müjdəsi» nəşrinin 1 600 000-dən çox nüsxəsi verilib. Şahidlər hər ay bu kitabın on minlərlə nüsxəsini paylayır. Nəşrin ön sözündə yazılan sözlər təbliğçilərin hisslərini ifadə edir. Orada deyilir: «Biz səmimi-qəlbdən ümid edirik ki, bu nəşr sizdə Müqəddəs Kitaba dərin maraq oyadacaq».