Kontentə keç

Mündəricatı göstər

«Ağanın yolunda» olanla ailə qurmaq mümkündürmü?

«Ağanın yolunda» olanla ailə qurmaq mümkündürmü?

«Yığıncaqda ailə qurmağa adam tapa bilmirəm, qorxuram ki, qocalanda tək qalaram».

«Məsihi olmayan bəzi kişilər mülayim, mehriban və diqqətcildirlər. Dinimə pis baxmırlar və yığıncaqdakı bəzi qardaşlar kimi darıxdırıcı deyillər».

Allahın bəzi xidmətçiləri həyat yoldaşı tapmaq barədə danışanda belə sözlər deyirlər. Bununla belə, onlar yaxşı bilirlər ki, həvari Bulus yalnız «Ağanın yolunda» olan adamla ailə qurmağı məsləhət görmüşdü. Bütün məsihilər bu məsləhətə əməl etməlidirlər (1 Kor. 7:39). Bəs onda nə üçün bəzi məsihilər belə deyirlər?

ŞÜBHƏLƏRİN SƏBƏBİ

Yuxarıda yazılan sözləri deyənlər, ola bilsin, düşünürlər ki, bacılarla qardaşların sayında kəskin fərq var. Bir çox ölkələrdə bu, doğrudan da, belədir. Məsələn, Koreyada, orta hesabla, hər 100 subay Şahiddən 57-si bacı, 43-ü isə qardaşdır. Kolumbiyada Şahidlərin 66 faizi bacılar, 34 faizi isə, qardaşlardır.

Bəzi ölkələrdə vəziyyəti bir tərəfdən də çətinləşdirən imanda olmayan valideynlərdir. Onlar oğlan evindən yüksək başlıq tələb edirlər və bu səbəbdən kasıb qardaşlar evlənə bilmirlər. Bu çətinlikləri gözünün qabağına gətirən bacı fikirləşə bilər ki, «Ağanın yolunda» olanla ailə qurmaq müşkül məsələdir. Buna görə də onda sual yarana bilər: «Görəsən, məsihilər arasında özümə münasib həyat yoldaşı tapa biləcəyəm?» *

YEHOVAYA GÜVƏNİN

Əgər sizdə də belə fikirlər yaranırsa, əmin olun ki, Yehova vəziyyətinizdən halidir. O, sizin hisslərinizi başa düşür (2 Saln. 6:29, 30).

Bununla belə, Yehova Öz Kəlamında Ağanın yolunda olanla ailə qurmağı buyurur. Çünki xalqı üçün nəyin yaxşı, nəyin pis olduğunu O bilir. Allah sadəcə olaraq, xidmətçilərini ağılsız hərəkətin gətirdiyi ağrı-acıdan qorumaq istəmir, O, onların xoşbəxt olmasını istəyir. Nəhəmyanın dövründə bir çox yəhudilər Yehovaya ibadət etməyən yadellilərlə evlənmişdi. Nəhəmya onlara Süleyman padşahın pis nümunəsini misal çəkmişdi. «Süleyman... Allahın sevimli bəndəsi» olsa da, «yadelli arvadlar hətta onu da günaha batırdılar» (Nəh. 13:23—26). Deməli, Allah öz rifahımız naminə bizə tapşırır ki, yalnız Ona həqiqətən ibadət edənlərlə ailə quraq (Zəb. 19:7—10; Əşy. 48:17, 18). Həqiqi məsihilər məhəbbətinə, qayğısına görə Allaha minnətdardırlar və Onun məsləhətinə tam etibar edirlər. Belə etməklə Allaha tabe olur və Onu Kainatın Hökmranı kimi qəbul etdiklərini göstərirlər (Məs. 1:5).

Şübhəsiz, istəməzdiniz ki, sizi Allahdan uzaqlaşdıracaq bir adamla eyni boyunduruğa girəsiniz (2 Kor. 6:14). Bu gün bir çox məsihilər Allahın sınaqdan keçmiş məsləhətinə tabe olub və bunun xeyrini görüblər. Bəziləri isə, öz bildiyini ediblər.

BU, MÜMKÜNDÜR

Avstraliyada yaşayan Maqi * adlı bir bacı imanda olmayan bir nəfərlə görüşdüyü vaxtı belə xatırlayır: «Mən onun yanında olmaq üçün çox vaxt yığıncaq görüşlərini buraxırdım. Ruhaniliyim bərbad vəziyyətdə idi». Hindistanda yaşayan Ratananın Müqəddəs Kitabı öyrənməyə başlayan sinif yoldaşından xoşu gəlirdi. Lakin vaxt keçdikcə oğlanın niyyəti üzə çıxdı, sən demə, o, qızın ürəyini qazanmaq üçün öyrənməyə başlayıbmış. Axırda iş o yerə gəlib çıxdı ki, qız həqiqəti tərk etdi və ərə getmək üçün dinini dəyişdi.

Kamerundan olan Ndenkanı da misal çəkmək olar. O, ərə gedəndə 19 yaşında idi. Nişanlısı əvvəlcə söz vermişdi ki, onun ibadətinə mane olmayacaq. Ancaq toylarından iki həftə sonra ona yığıncaq görüşlərinə getməyi qadağan etdi. Bacı deyir: «Mən özümü çox tənha hiss edirdim, gözümün yaşı qurumurdu. Həyatım artıq öz əlimdə deyildi. Özümü bağışlaya bilmirdim».

Sözsüz ki, imanda olmayan bütün ərlər zalım və anlayışsız olmurlar. Hətta imanda olmayan insanla ailə qurmaq pis nəticələnməsə də, bu, insanın səmavi Atası ilə münasibətinə necə təsir edəcək? İnsan biləndə ki, xeyrinə verilən məsləhətə qulaq asmayıb bu, ona necə təsir edəcək? Ən əsası, onun verdiyi qərar Yehovaya necə təsir edəcək? (Məs. 1:33).

Bütün dünyadakı bacı-qardaşlarımız Ağanın yolunda olan adamla ailə qurmağın ən düzgün yol olduğunu təsdiq edə bilərlər. Bu cür düşünən subaylar istəyirlər ki, yalnız dindaşları arasından münasib adamla ailə quraraq Allahın ürəyini sevindirsinlər. Yaponiyada yaşayan Miçiko subay olanda qohumları onu imanına şərik olmayan insana ərə vermək istəyirdilər. Bu, bacı üçün asan mübarizə deyildi. Digər tərəfdən də, o, dost-tanışlarının yığıncaqdan olanlarla ailə qurduğunu görürdü, bu da onun üçün bir sınaq idi. O deyir: «Mən hey öz-özümə deyirdim: “Yehova xoşbəxt Allahdır. Bizim xoşbəxtliyimiz evli və ya subay olmağımızdan asılı deyil”. Mən həm də inanırdım ki, O, bizi ürəyimizin arzularına çatdıracaq. Əgər ailə qurmağa adam tapa bilmiriksə, deməli, indi subay qalmağımız məsləhətdir» (1 Tim. 1:11). Bir müddətdən sonra Miçiko yaxşı bir qardaşa ərə getdi. İndi o deyir: «Nə yaxşı ki, o vaxt ailə qurmağa tələsmədim».

Bəzi qardaşlar da münasib həyat yoldaşı tapana kimi gözləməli olurlar. Məsələn, götürək Avstraliyadan olan Bili. O deyir ki, hərdən məsihi olmayan qadınlardan xoşu gəlirdi. Amma onlara çox mehribanlıq göstərmirdi. İstəmirdi ki, «imansızlarla eyni boyunduruğa» girməyə aparan ilk addımı atsın. İllər ərzində o, bir neçə bacıya maraq göstərmişdi, amma qarşı tərəfdən cavab gəlməmişdi. Bil özünə münasib bacı tapana kimi 30 il gözləməli oldu. Bil deyir: «Mən peşman deyiləm». Səbəbini isə belə izah edir: «Mən çox xoşbəxtəm, çünki birgə xidmət edir, Kəlamı birgə araşdırır, birgə ibadət edirik. Həyat yoldaşımın dostları ilə oturub ünsiyyət etmək çox xoşuma gəlir, çünki onların hamısı Yehova Allahın xidmətçiləridirlər. Biz Müqəddəs Kitabdakı məsləhətlərə əməl edib ailəmizi möhkəmləndiririk».

GÖZLƏYƏRKƏN NƏ ETMƏLİ?

Məsələni Yehovanın öhdəsinə buraxdıqdan sonra nə etmək olar? Məsələn, nə üçün hələ də subay olduğunuz barədə düşünə bilərsiniz. Əgər əsas səbəb «Ağanın yolunda» olanla ailə qurmaq göstərişidirsə, onda tərifəlayiqdir ki, siz bu göstərişə bağlı qalırsınız. Əmin olun ki, Yehovanın Kəlamına tabe olduğunuz üçün O, sizdən razıdır (1 İşm. 15:22; Məs. 27:11). Bundan sonra da ürəyinizi duada Allaha açın (Zəb. 62:8). Əgər sidqi-ürəkdən və usanmadan dualar etsəniz, dualarınız daha da mənalı olacaq. Daxildən və xaricdən olan təzyiqlər qarşısında təslim olmasanız, Allahla münasibətləriniz günbəgün möhkəmlənəcək. Əmin olun ki, Allah-Taala Öz sadiq xidmətçilərinin qayğısına qalır və siz Onun gözündə qiymətlisiniz. O, sizin bütün ehtiyaclarınızdan və bütün arzularınızdan agahdır. Düzdür, Allah heç kimə həyat yoldaşı verməyi vəd etmir. Lakin əgər sizin, doğrudan da, həyat yoldaşına ehtiyacınız varsa, Allah sizi arzularınıza çatdırmağın ən yaxşı yolunu bilir (Zəb. 145:16; Mət. 6:32).

Hərdən siz özünüzü məzmurçu Davud kimi hiss edə bilərsiniz. O deyirdi: «Nə olar, mənə tez hay ver, ey Yehova, taqətim tükənib. Məndən üz döndərmə» (Zəb. 143:5—7, 10). Belə vəziyyətlərdə Yehovaya vaxt verin ki, sizin üçün iradəsinin nədən ibarət olduğunu göstərsin. Siz bunu Onun Kəlamını oxuyub üzərində düşünməklə edə bilərsiniz. Belə etsəniz, Allahın əmrlərini və keçmişdə xalqı naminə nələr etdiyini öyrənəcəksiniz. Allaha qulaq asdıqca Ona tabe olmağın müdriklik olduğuna əminliyiniz artacaq.

Subaylar yığıncağın dəyərli üzvləridirlər, ailələrə və gənclərə dayaqdırlar

Subaylıq illərinin xoşbəxt və səmərəli keçməsi üçün başqa nə etmək olar? Subaylıq illərində bəsirət, səxavət, çalışqanlıq, mehribanlıq, möminlik kimi keyfiyyətlərə yiyələnə və yaxşı ad qazana bilərsiniz. Belə ki, xoşbəxt ailə qurmaq üçün bütün bunlar vacibdir (Yar. 24:16—21; Rut 1:16, 17; 2:6, 7, 11; Məs. 31:10—27). Həmçinin təbliğ işində və digər ruhani işlərdə daha çox iştirak etməklə Padşahlığı hər şeydən üstün tutun. Bu, sizi müdafiə edəcək. Yuxarıda adı çəkilən Bil evlənmək istədiyi illəri belə xatırlayır: «Bu illər bir göz qırpımında keçib getdi. Mən bu illərimi öncül xidmətinə həsr etdim».

Bəli, «Ağanın yolunda» olanla ailə qurmaq mümkündür. Bu göstərişə tabe olmaqla biz Yehovanı şərəfləndiririk. Həmçinin belə davranmağın xeyrini həmişə görəcəyik. Müqəddəs Kitabda deyilir: «Nə xoşbəxtdir Yehovadan qorxan, Onun əmrlərindən zövq alan adam. Evində bolluq var, dövlət var, salehliyi əbədi durar» (Zəb. 112:1, 3). Beləliklə, Allahın «Ağanın yolunda» olanla ailə qurmaq göstərişinə bağlı qalmağa tam əzmli olun!

^ abz. 7 Bu məqalə bacılara ünvanlansa da, qardaşlara da şamil edilir.

^ abz. 13 Bəzi adlar dəyişdirilib.