Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Daha dəyərli karyera tapdıq

Daha dəyərli karyera tapdıq

QVEN də, mən də beş yaşımız olanda rəqs etməyi öyrənməyə başladıq. Onda hələ bir-birimizi tanımırdıq. Ancaq böyüdükcə ikimiz də baleti öz karyeramız etmək qərarına gəldik. Karyeramızın, demək olar ki, zirvəsinə çatanda biz bu sənəti atdıq. Yəqin sizin üçün maraqlıdır, biz nə üçün bu qərara gəldik.

Deyvid: Mən 1945-ci ildə İngiltərənin Şropşir qraflığında dünyaya göz açmışam. Atamın sakit bir kənddə ferması var idi. Mən dərsdən sonra toyuq-cücəni yemləməyi, yumurtaları yığmağı və mal-qaraya baxmağı xoşlayırdım. Tətil vaxtı isə biçin işinə kömək edir, hərdən də traktor sürürdüm.

Ancaq başqa bir şey də məni maraqlandırırdı. Atam fikir vermişdi ki, mən hələ lap balaca olanda musiqi səsi eşidən kimi oynayıram. Buna görə də beş yaşım olanda anama deyib ki, məni yaxınlıqdakı musiqi məktəbinə, step rəqsinə yazdırsın. Rəqs müəllimim gördü ki, məndən yaxşı balet rəqqası çıxar, buna görə də mənə baleti də öyrətməyə başladı. 15 yaşım olanda mən Londondakı məşhur Kral Balet məktəbinə daxil oldum. Qvenlə də orada tanış oldum və o, mənim rəqsdə tərəf müqabilim oldu.

Qven: Mən 1944-cü ildə Londonda anadan olmuşam. Uşaqlıqdan Allaha inanmışam. Müqəddəs Kitabı oxumağa çalışırdım, amma o, mənə çox qəliz gəlirdi. Beş yaşım olanda rəqs dərslərinə getməyə başladım. Altı ildən sonra Britaniya üzrə keçirilən yarışda qalib gəldim və mükafat olaraq Kral Balet məktəbinin aşağı sinfinə daxil oldum. Bu məktəb Uayt Locda, Londonun kənarında yerləşən Riçmond Parkdakı Qiorqian üslubunda tikilmiş gözəl malikanədə yerləşirdi. Orada mən məktəb təhsili ilə yanaşı, peşəkar müəllimlərdən balet dərsləri də alırdım. 16 yaşımda Londonun mərkəzində yerləşən Kral Balet məktəbinin yuxarı sinfinə keçib təhsilimi davam etdirdim. Elə orada da Deyvidlə tanış oldum. Bir neçə aya biz Kovent Qardendə (London) Kral Opera evində səhnəyə qoyulan operalarda birlikdə balet səhnələrini ifa etməyə başladıq.

Keçmiş karyeramızda dünyanı gəzib balet oynamışıq

Deyvid: Bəli, Qvenin də dediyi kimi, karyeramız boyunca məşhur Kral Opera Evinin və London Festival Baletinin (indiki İngiltərə Milli Baleti) səhnələrində rəqs etmişik. Kral Baletinin xoreoqraflarından biri Vupertalda (Almaniya) beynəlxalq kompaniya yaratmışdı və özü ilə ora aparmaq üçün solist rəqqaslar qismində bizi seçmişdi. Karyeramız ərzində biz dünyanın müxtəlif ölkələrinin teatr səhnələrində rəqs etmiş, Dama Marqo Fonteyn və Rudolf Nuriyev kimi məşhurlarla eyni səhnəni bölüşmüşük. Bu cür rəqabətli həyat tərzi bizi təkəbbürlü etmişdi. Biz özümüzü tamamilə bu işə həsr etmişdik.

Qven: Bütün varlığımla baletə bağlanmışdım. Deyvidlə məqsədimiz zirvələri fəth etmək idi. Mən avtoqraf verməyi, gül-çiçək almağı, tamaşaçı alqışlarını çox sevirdim. Sağım-solum əxlaqsızlarla, içənlərlə, çəkənlərlə dolu idi. Səhnə aləmindəki başqa artistlər kimi, mən də uğur talismanlarına inanırdım.

HƏYATIMIZ KÖKÜNDƏN DƏYİŞİR

Toy günümüz

Deyvid: Uzun illər rəqs sənətilə məşğul olduqdan sonra axırda səfər etməkdən təngə gəldim. Kənddə böyüdüyümdən kəndin sadə həyatı üçün burnumun ucu göynəyirdi. Beləcə, 1967-ci ildə karyeramı atdım və valideynlərimin evinin yanındakı böyük fermada işləməyə başladım. Fermer balaca bir evi mənə kirayə verdi. Teatra, Qvenə zəng edib mənə ərə gəlməsini təklif etdim. O, solist rəqqas olmuşdu, karyerasında yüksəlirdi. Ona görə də dilemma qarşısında qaldı. Buna baxmayaraq, Qven mənim təklifimi qəbul etdi və tamamilə ona yad bir həyatda, kənd həyatında mənə həmdəm oldu.

Qven: Həqiqətən də, kənd həyatına alışmaq çox çətin oldu. Soyuğa, istiyə baxmayaraq, inək sağmaq, donuz, toyuq-cücə yemləmək mənim öyrəşdiyim həyata tamamilə yad idi. Bir tərəfdən də, Deyvid ən son metodları öyrənmək üçün kənd təsərrüfatı kollecində doqquz aylıq kursa yazıldı. O, evə gecə gəlirdi. Mən də bütün günü özümü tənha hiss edirdim. Həmin vaxt artıq birinci qızımız Gili doğulmuşdu. Deyvidin təklifi ilə mən maşın sürməyi öyrəndim. Bir gün qonşu qəsəbədə olanda Qeyllə rastlaşdım. O, əvvəllər bizim kənddə mağazada işləyirdi, onu o vaxtdan tanıyırdım.

Fermada, evliliyimizin ilk vaxtları

Qeyl məni evinə çay içməyə dəvət etdi. Biz toy şəkillərinə baxırdıq. Şəkillərin birində bir dəstə adam «Padşahlıq zalı» adlanan yerin qarşısında durmuşdu. Mən ondan bunun hansı kilsə olduğunu soruşdum. O, əri ilə birlikdə Yehovanın Şahidi olduğunu deyəndə, sevindim. Mənim də bibilərimdən biri Yehovanın Şahidi idi. Ancaq atamın ondan acığı gəlirdi, onun kitablarını zibil qabına atırdı. Başa düşə bilmirdim ki, axı niyə, adətən, çox mehriban adam olan atam bibim kimi yaxşı adama belə acıqlıdır.

Axır ki, bibimin etiqadlarının kilsə təlimlərindən nə ilə fərqləndiyini öyrənməyə imkan yarandı. Qeyl Müqəddəs Kitabın əslində nə öyrətdiyini göstərdi. Mən bir çox təlimlərin, məsələn, Üç üqnumun, ölməz ruhun Müqəddəs Yazılara zidd olduğunu öyrənəndə heyrətə gəldim (Vaiz 9:5, 10; Yəh. 14:28; 17:3). Həmçinin ömrümdə birinci dəfə idi ki, Müqəddəs Kitabda Allahın adını, Yehova adını gördüm (Çıx. 6:3).

Deyvid: Qven öyrəndiklərini mənə danışdı. Yadıma düşdü ki, balaca olanda atam mənə Müqəddəs Kitabı oxumağın vacib olduğunu deyirdi. Beləcə, Qvenlə birlikdə Qeyl və onun yoldaşı Deriklə Müqəddəs Kitabı öyrənmək qərarına gəldik. Altı aydan sonra biz balaca fermamızı icarəyə verdik və Şropşir qraflığında yerləşən Osvestriyə köçdük. Orada yaşayan Dirdri adlı Şahid səbirlə bizə Müqəddəs Kitabı öyrədirdi. Biz çox ləng inkişaf edirdik. Mal-qara vaxtımızı çox alırdı. Amma həqiqət tədricən ürəyimizdə kök saldı.

Qven: Mövhumatçı olmağım mənim üçün böyük bir əngəl idi. Əşiya 65:11 ayəsindən Yehovanın «bəxt allahına süfrə açan»lara necə yanaşdığını öyrəndim. Uğur talismanlarından, həmaillərdən qurtulmaq üçün mənə çox vaxt lazım oldu, bunun üçün dönə-dönə dua edirdim. Özünü yüksəldənin alçaldılacağını, özünü alçaldanın isə yüksəldiləcəyini bilmək mənə Yehovanın necə insanı bəyəndiyini anlamağa kömək etdi (Mət. 23:12). Mən istəyirdim ki, uğrumuzda sevimli Oğlunu qurban verən Allaha xidmət edim. O vaxt bizim artıq iki qızımız var idi və bütün ailəmizin yerüzü cənnətdə əbədiyyən yaşayacağını bilmək bizi cuşa gətirirdi.

Deyvid: Mən Müqəddəs Kitabdakı peyğəmbərliklərin, məsələn, «Məttanın müjdəsi»nin 24-cü fəslindəki, Dənyal peyğəmbərin kitabındakı peyğəmbərliklərin dəqiqliklə yerinə yetdiyini görəndə bu yolun həqiqət olduğuna inandım. Başa düşdüm ki, bu dünyada heç nə Yehova Allahla sıx münasibətlərin yerini verə bilməz. Zaman keçdikcə, qürurumu sındırmağa başladım. Anladım ki, həyat yoldaşımı və qızlarımı da nəzərə almalıyam. Filippililərə 2:4 ayəsindən nəticəyə gəldim ki, ancaq özümü, böyük ferma almaq istəyimi düşünməməliyəm. Yehova Allaha xidməti həyatımda birinci yerə qoymalıyam. Siqareti atdım. Ancaq şənbə günü axşam on kilometr uzaqda yerləşən ibadət yerinə getmək o qədər də asan deyildi, çünki inəkləri məhz o vaxt sağmaq lazım idi. Amma Qven işi elə düzüb-qoşurdu ki, biz heç vaxt yığıncaq görüşünü buraxmırdıq. Hər bazar günü səhər qızlarımızla xidmətə çıxırdıq, amma əvvəlcə inəkləri sağırdıq.

Həyatımızda baş verən dəyişikliklər qohumlarımızın xoşuna gəlmirdi. Qvenin atası düz altı il onu dindirmədi. Mənim də valideynlərim çalışırdı ki, biz Yehovanın Şahidləri ilə əlaqəni kəsək.

Qven: Yehova bizə çətinliklərə sinə gərməyə kömək etdi. Vaxt keçdikcə, Osvestri yığıncağındakı bacı-qardaşlarla doğmalaşdıq, onlar çətin vaxtlarımızda bizə dayaq oldular (Luka 18:29, 30). Biz həyatımızı Yehovaya həsr edib 1972-ci ildə vəftiz olunduq. Mən mümkün qədər çox adama həqiqətə gəlməyə kömək etmək istəyirdim, buna görə də öncül * xidmətinə başladım.

DƏYƏRLİ KARYERA

Deyvid: Fermada işlədiyimiz illər ərzində işimiz çox ağır idi. Amma biz qızlarımıza Yehovaya ibadətdə yaxşı nümunə qoymağa çalışırdıq. Bir müddət sonra dövlət fermerlərə ayırdığı maddi yardımı azaltdığından ferma əlimizdən çıxdı. Nə evimiz var idi, nə də işimiz. Üçüncü qızımızın da bir yaşı var idi. Biz Yehovaya dua edib ondan kömək istədik. Qərara gəldik ki, öz qabiliyyətimizdən istifadə edək və ailəni dolandırmaq üçün rəqs dərnəyi açaq. İbadəti birinci yerə qoymaq əzmimiz gözəl bəhrələr verdi. Qızlarımızın üçü də məktəbi bitirəndən sonra öncül xidmətinə başlayıb bizi sevindirdi. Qven də öncül olduğundan qızlarımıza hər gün kömək edə bilirdi.

Böyük qızlarımız Gili və Deniz ərə getdikdən sonra biz rəqs dərnəyini bağladıq. Harada kömək lazım olduğunu öyrənmək üçün filiala məktub yazdıq. Bizə İngiltərənin cənub-şərqinə getməyi məsləhət gördülər. Yanımızda təkcə bir qızımız, Debi qaldığından mən də öncül xidmətinə başladım. Beş ildən sonra bizdən şimaldakı yığıncaqlara kömək etməyi xahiş etdilər. Debi də ailə qurandan sonra biz Zimbabvedə, Moldovada, Macarıstanda, Kot-d’İvuarda on il beynəlxalq tikinti layihələrində iştirak etdik. Sonra London Beytelinin tikintisində iştirak etmək üçün İngiltərəyə qayıtdıq. Fermerlikdə təcrübəm olduğundan məndən xahiş etdilər ki, həmin vaxt fəaliyyət göstərən Beytel fermasında kömək edim. Hal-hazırda isə biz şimal-qərbi İngiltərədə öncüllük edirik.

Beynəlxalq tikinti layihələrində xidmət etmək bizə sevinc gətirirdi

Qven: Özümüzü həsr etdiyimiz ilk işimiz xoş olsa da, ötəri idi. İkinci dəfə isə biz özümüzü Yehovaya həsr etdik. Atdığımız son dərəcə vacib olan bu addım bizə xoşbəxtlik gətirdi. Ən əsası isə odur ki, bu, əbədi sürəcək. Biz hələ də tərəf müqabiliyik, amma rəqsdə yox, öncüllükdə. Bizim üçün insanlara həyata aparan dəyərli həqiqəti öyrətməkdən böyük xoşbəxtlik yoxdur. Bu «zəmanət məktubları» dünyadakı şöhrətdən qat-qat üstündür (2 Kor. 3:1, 2). Əgər həqiqəti tapmasaydıq, biz yalnız xatirələrlə, köhnə şəkillərlə və keçmiş karyeramızdan qalan teatr proqramları ilə yaşayardıq.

Deyvid: Yehovanın bizə təklif etdiyi karyera həyatımızı kökündən dəyişdi. Mənə yaxşı həyat yoldaşı və ata olmağı öyrətdi. Müqəddəs Kitabda yazılıb ki, Məryəm, Davud padşah və digərləri xoşbəxt anlarında rəqs edirdilər. Biz də bir çoxları kimi Yehovanın bəxş edəcəyi yeni dünyada sevincdən rəqs etməyi səbirsizliklə gözləyirik (Çıx. 15:20; 2 İşm. 6:14).

[Haşiyə]

^ abz. 19 Bundan sonra azərbaycanca nəşrlərimizdə «pioner» sözü «öncül» sözü ilə əvəz olunacaq.