Yığıncaqdan kənar edilmə məhəbbətin təzahürüdür
«OĞLUMUN yığıncaqdan kənar edildiyi elan olunanda dünya başıma fırlandı. O, mənim ilk övladım idi. Biz bir-birimizə çox yaxın idik, çox şeyləri bir yerdə edirdik. O, nümunəvi övlad idi, amma sonra birdən-birə korlandı. Həyat yoldaşımın gözünün yaşı qurumurdu, bilmirdim onu necə ovundurum. Hey özümüzdən soruşurduq, görəsən, harada səhv eləmişik». Bu sözləri Xulian adlı bir ata deyir.
Bəli, məsihinin yığıncaqdan kənar edilməsi insanlara ürəkağrısı gətirir. Bəs onda necə deyə bilərik ki, bu cəza məhəbbətin təzahürüdür? Müqəddəs Yazılara əsasən hansı səbəblərə görə məsihiyə bu cür cəza vermək olar? Bəs məsihinin yığıncaqdan kənar edilməsinə konkret olaraq nələr gətirib çıxarır?
YIĞINCAQDAN KƏNAR EDİLMƏYƏ GƏTİRİB ÇIXARAN İKİ AMİL
Yehovanın Şahidinin yığıncaqdan kənar edilməsinə iki amil səbəb olur və bu amillərin ikisi də eyni vaxtda müşahidə olunmalıdır. Birincisi, vəftiz olunmuş Şahid ciddi günah işlədir, ikincisi isə günahına görə tövbə etmir.
Düzdür, Yehova bizdən kamillik tələb etmir. Ancaq Allahın müəyyən tələbləri var və O, xidmətçilərindən bu tələblərə cavab verməyi gözləyir. Məsələn, Yehova tələb edir ki, xidmətçiləri əxlaqsızlıqdan, bütpərəstlikdən, oğurluqdan, soyğunçuluqdan, qatillikdən və cindarlıqdan uzaq dursun (1 Kor. 6:9, 10; Vəhy 21:8).
Məgər razılaşmayacaqsınız ki, Yehovanın tələbləri yerindədir və bizi qoruyur? Kim istəməz ki, onun ətrafındakılar sülhpərvər, düzgün, etibarlı adamlar olsun? Bizim bacı-qardaşlarımız məhz belə adamlardır. Buna səbəb odur ki, biz özümüzü Allaha həsr edərkən Kəlamındakı tələblərə uyğun yaşayacağımıza söz vermişik.
Bəs əgər vəftiz olunmuş məsihi zəiflik göstərib ciddi günah işlədərsə, onda necə? Yehovanın keçmişdə yaşamış sadiq xidmətçiləri də günahlara yol verirdilər, ancaq Allah onları birdəfəlik rədd etmirdi. Götürək Davud padşahı. Davud əxlaqsızlıq etmiş və adam öldürmüşdü, ancaq Natan peyğəmbər ona demişdi: «Yehova günahından keçir» (2 İşm. 12:13).
Davud sidq-ürəkdən tövbə etdiyinə görə Yehova Allah onu bağışlamışdı (Zəb. 32:1—5). Eynilə, bu gün də Yehovanın xidmətçisi yalnız tövbə etmədiyi və ya pis əməlinə davam etdiyi təqdirdə yığıncaqdan kənar edilir (Həv. 3:19; 26:20). Əgər intizam komitəsində olan ağsaqqallar insanın səmimi-qəlbdən tövbə etdiyini görmürsə, həmin adamı yığıncaqdan kənar etməli olurlar.
Əvvəlcə, bizə elə gələ bilər ki, günahkarı yığıncaqdan kənar etmək sərt cəzadır, hətta
qəddarlıqdır. Bu kimi hisslər, xüsusilə də, həmin adam yaxınımız olanda bizdə yarana bilər. Ancaq Yehovanın Kəlamı bu qərarın məhəbbətdən irəli gələrək verildiyinə inanmağımız üçün tutarlı səbəblər gətirir.YIĞINCAQDAN KƏNAREDİLMƏNİN FAYDALARI
İsa demişdi ki, «hikmət əməlləri sayəsində haqlı çıxır» (Mət. 11:19). Tövbə etməyən günahkarın yığıncaqdan kənar edilməsi müdrik qərardır və bunun çox gözəl bəhrələri olur. Gəlin üçünə baxaq:
Günahkarın yığıncaqdan kənar edilməsi Yehovanın adına şərəf gətirir. Biz Yehovanın adını daşıdığımız üçün davranışımız Yehovanın adına ya şərəf gətirir, ya da Onun adını ləkələyir (Əşy. 43:10). Oğulun hərəkətləri valideynlərinə ya başucalığı, ya da xəcalət gətirdiyi kimi, Allahın adını daşıyan insanların da pis, yaxud yaxşı hərəkətləri başqalarının Allaha münasibətinə müəyyən qədər təsir edir. Əgər Yehovanın adını daşıyan insanlar Onun əxlaq normalarına uyğun yaşayırlarsa, Allahın müqəddəs adı ucalır. Hizqiyalın günlərində ətraf xalqlar Yehovanın adını yəhudilərlə bağlayırdılar (Hizq. 36:19—23). Bu gün də insanlar Yehovanın adını Yehovanın Şahidləri ilə bağlayırlar. Ona görə də biz Yehovanın qanunlarına tabe olanda Onun adına şərəf gətiririk.
Biz əxlaqa zidd gedən hərəkətlər edəndə Yehovanın müqəddəs adına ləkə gətiririk. Həvari Butrus məsihilərə məsləhət vermişdi: «İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərə uymayın. Sizi çağırmış Müqəddəs Allah kimi hər bir işinizdə müqəddəs olun, axı yazılıb: “Müqəddəs olun, çünki Mən müqəddəsəm”» (1 But. 1:14—16). Təmiz, müqəddəs davranış Allahın adına şərəf gətirir.
Ancaq Yehovanın Şahidi pis iş tutursa, çox ehtimal ki, bu, onun dostlarından və tanışlarından gizli qalmır. Yığıncaqdan kənaredilmə göstərir ki, Yehovanın xalqı təmiz xalqdır və onlar həmin təmizliyi qorumaq üçün Müqəddəs Kitabdakı göstərişlərə riayət edirlər. Bir dəfə İsveçrədə yad bir adam Padşahlıq zalına girib yığıncağın üzvü olmaq istədiyini demişdi. Sən demə, onun bacısı əxlaqsızlıq üstündə yığıncaqdan kənar edilibmiş. Həmin kişi «pis hərəkətlərə göz yummayan» təşkilatın üzvü olmaq istədiyini bildirmişdi.
Yığıncaqdan kənaredilmə məsihi yığıncağının təmizliyini qoruyur. Həvari Bulus Korinfdəki məsihilərə günahından əl çəkməyənləri aralarında saxlamağın təhlükəli olduğu barədə xəbərdarlıq etmişdi. O, belə adamların pis təsirini bütün xəmiri acıdan mayaya bənzətmişdi, «azacıq maya bütün xəmiri acıdır», — deyə qeyd etmişdi. Sonra isə onlara məsləhət vermişdi: «Pis adamı aranızdan yox edin» (1 Kor. 5:6, 11—13).
Bulusun «pis adam» adlandırdığı kəs açıq-açığına əxlaqsızlıq edirdi. Yığıncağın digər üzvləri isə hətta ona haqq qazandırmağa başlamışdılar (1 Kor. 5:1, 2). Əgər belə bir ciddi günaha göz yumulsaydı, onda başqa məsihilər yaşadıqları pozğun şəhərin əxlaqsız adətlərinə meyil salardılar. Kiminsə günahlı hərəkətlərinə göz yumulsa, başqaları Allahın normalarına barmaqarası baxar (Vaiz 8:11). Üstəlik, tövbə etməyən günahkarlar sualtı qaya olub yığıncaqdakıların imanını gəmi kimi qəzaya uğrada bilərlər (Yhd. 4, 12).
Yığıncaqdan kənaredilmə günahkarın ağlını başına gətirə bilər. Bir dəfə İsa atasının evini tərk edən və eyş-işrətə qurşanıb var-yoxunu puç edən bir oğul barədə məsəl çəkmişdi. Bu avara oğulun başı daşdan-daşa dəyəndən sonra başa düşür ki, atasının evindən kənarda həyat mənasızdır, zalımdır. Axırda onun ağlı başına gəlir, peşman olur və atasının evinə qayıdır (Luka 15:11—24). Məsəldəki atanın oğlunun dəyişməsini görüb sevinməsi bizə Yehovanın hisslərini başa düşməyə kömək edir. Yehova deyir: «Mən pis adamın ölümündən həzz almıram. İstəyirəm, o, öz yolundan dönüb yaşasın» (Hizq. 33:11).
Buna bənzər tərzdə məsihi yığıncağından, yəni öz ruhani ailələrindən kənar edilənlər, ola bilsin, gec-tez nəyi itirdiklərini başa düşəcəklər. Bir tərəfdən tutduqları yolun acı nəticələri, digər tərəfdən Yehova və Onun xalqı ilə sıx münasibətdə olduqları
vaxtın xoş xatirələri onların ağlını başına gətirə bilər.Bu cəzanın xeyir verməsi üçün məhəbbət və qətiyyət tələb olunur. Davud məzmurunda demişdi: «Saleh adam məni vursa, istədiyindəndir, məni tənbeh etsə, sanki, başıma yağ çəkər» (Zəb. 141:5). Gəlin nümunəyə baxaq: tutaq ki, soyuq qış günündə gəzintiyə çıxan adamın gücü tükənir. Bədəninin hərarəti aşağı düşür və onu yuxu basır. Əgər o, qarın içində yatsa, öləcək. Yanındakı yoldaşı kömək gəlib çatana qədər onu ayıq saxlamaq üçün aradabir üzünə şillə vurur. Şillələr ağrıtsa da, ona sağ qalmağa kömək edə bilər. Buna bənzər tərzdə Davud başa düşürdü ki, hərdən saleh insan onun xeyri üçün onu tənbeh edib, incitməli ola bilər.
Bir çox hallarda yığıncaqdan kənaredilmə günah işlədən adam üçün yerində verilən cəza olur. Məqalənin əvvəlində adı çəkilən Xulianın oğlu təxminən on ildən sonra əməllərini düzəltdi, yığıncağa qayıtdı, indi isə ağsaqqal kimi xidmət edir. O deyir: «Yığıncaqdan kənar ediləndə əməllərimin acı nəticəsi ilə üz-üzə qaldım. Bu cəza mənə lazım idi» (İbr. 12:7—11).
YIĞINCAQDAN KƏNAR EDİLƏNLƏRLƏ NECƏ RƏFTAR ETMƏLİ?
Düzdür, yığıncaqdan kənaredilmə ruhani faciədir, ancaq bu, o demək deyil ki, bununla hər şey bitir. Bu cəzanın öz məqsədinə çatması üçün hər kəs öz öhdəsinə düşəni etməlidir.
Ağsaqqallar yığıncaqdan kənaredilmə qərarını bildirərkən Yehova kimi məhəbbətlə davranmalıdırlar. Yığıncaqdan kənar edilən adama mehribanlıqla və aydın şəkildə başa salmalıdırlar ki, yığıncağa bərpa olmaq üçün hansı addımları atmalıdır. Bundan savayı, ağsaqqallar əməllərini, az da olsa, dəyişən adama vaxtaşırı baş çəkib Yehova Allaha geri dönmək üçün nə edə biləcəyini xatırlada bilərlər *.
Ailə üzvləri yığıncaqdan kənaredilmə haqda qərara hörmətlə yanaşmaqla həm yığıncağa, həm də günah edən adama məhəbbət göstərmiş olarlar. Xulian deyir: «Düzdür, oğluma canım yanırdı, ancaq onun hərəkətləri bizim aramızda sədd çəkmişdi».
Yığıncağın bütün üzvləri yığıncaqdan kənar edilmiş adamla danışmamaqla və heç bir əlaqədə olmamaqla məhəbbət göstərə bilərlər (1 Kor. 5:11; 2 Yəh. 10, 11). Bununla, onlar Yehovanın ağsaqqallar vasitəsilə verdiyi cəzanın təsirini azaltmayacaqlar. Bundan başqa, onlar yığıncaqdan kənar edilmiş adamın əzab çəkən ailə üzvlərinə daha çox məhəbbət göstərib, dayaq ola bilərlər. Həmin ailə üzvlərində elə hiss yaranmamalıdır ki, həmimanlıları ilə ünsiyyət etməkdən məhrum ediliblər (Rom. 12:13, 15).
Xulian sözlərinə belə yekun vurur: «Yığıncaqdan kənaredilmə bizim xeyrimizə olan cəzadır. Bu, bizə Yehovanın tələblərinə uyğun yaşamağa kömək edir. Bu cəza insana qəlb ağrısı versə də, nəticəsi yaxşı olur. Mən oğlumun səhv hərəkətlərinə göz yumsaydım, o, heç vaxt düz yola qayıtmazdı».
^ abz. 24 «Gözətçi qülləsi»nin 1991-ci il 15 aprel sayının 21—23 səhifələrinə (rus.) baxın.