Kontentə keç

Mündəricatı göstər

Yehova ilə münasibətini möhkəmləndir

Yehova ilə münasibətini möhkəmləndir

«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (YAQ. 4:8).

1. Nəyə görə Yehova ilə münasibətimizi möhkəm saxlamalıyıq?

ƏGƏR sən özünü Yehova Allaha həsr edib vəftiz olunmusansa, deməli, çox dəyərli bir şeyə sahibsən. Bu, Allahla sənin aranda olan münasibətdir. Ancaq bu münasibət təkcə Şeytan dünyasının deyil, həm də günahlı təbiətimizin hücumlarına məruz qalır. Bu vəziyyətlə bütün məsihilər üzləşir. Buna görə də bizim Yehova ilə münasibətimiz mümkün qədər möhkəm olmalıdır.

2. a) Münasibət deyəndə nə başa düşürsən? (Haşiyəyə baxın.) b) Yehova ilə münasibətimizi necə möhkəmləndirə bilərik?

2 Bəs Yehova sənin üçün nə dərəcədə realdır? Onunla münasibətini daha da möhkəmləndirmək istəyərdin? Yaqub 4:8 ayəsindən bunun necə mümkün olduğunu öyrənirik: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq». Diqqət yetirdinsə, bu, ikitərəfli prosesdir *. Biz Allaha sarı addımladıqca, O da bizə sarı addımlayır. Bu qarşılıqlı hərəkətin tez-tez təkrarlanması Yehova ilə münasibətimizi möhkəmləndirir. Nəticədə isə Yehova bizim üçün daha da real olur. Belə olanda bizdə də İsa Məsihdəki kimi əminlik yaranır. O demişdi: «Məni göndərən gerçəkdir... Onu mən tanıyıram» (Yəh. 7:28, 29). Bəs onda Allaha daha da yaxınlaşmaq üçün hansı addımları atmaq lazımdır?

Allahla necə ünsiyyətdə ola bilərsən? (3-cü abzasa baxın)

3. Yehova ilə necə ünsiyyətdə olmaq olar?

3 Yehovaya yaxınlaşmaq üçün Onunla müntəzəm ünsiyyətdə olmaq vacibdir. Bəs Allahla necə ünsiyyətdə olmaq olar? Sən uzaqda yaşayan dostunla necə ünsiyyət saxlayırsan? Yəqin ki, tez-tez bir-birinizlə yazışır, telefonla danışırsınız. Bu, Yehova ilə münasibətlərə də aiddir. Yehova Allaha tez-tez dua etməklə sən Onunla danışırsan. (Zəbur 142:2 ayəsini oxuyun.) Müntəzəm olaraq Allahın Kəlamını oxuyub üzərində düşünəndə isə, Yehovanın səninlə danışmasına yol verirsən. (Əşiya 30:20, 21 ayələrini oxuyun.) Gəlin indi bu ikitərəfli ünsiyyətin Yehova ilə münasibətimizi necə möhkəmləndirdiyini, Allahı sənin üçün necə daha real etdiyini nəzərdən keçirək.

YEHOVA MÜQƏDDƏS KİTAB VASİTƏSİLƏ DANIŞIR

4, 5. Yehova şəxsən səninlə Öz Kəlamı vasitəsilə necə danışır? Nümunə çək.

4 Sözsüz, razılaşacaqsan ki, Müqəddəs Kitab Allahın bütün bəşəriyyətə ünvanladığı namədir. Bəs Müqəddəs Kitabda şəxsən sənin Yehovaya necə yaxınlaşa biləcəyin barədə məlumat var? Əlbəttə var. Müqəddəs Kitabı müntəzəm oxuyub araşdıranda oxuduqlarına necə yanaşdığına fikir ver, onları öz həyatına necə tətbiq edə biləcəyin barədə düşün. Bununla, Yehovanın Öz Kəlamı vasitəsilə səninlə danışmasına yol verirsən. Bu isə səni Ona daha da yaxınlaşdırır (İbr. 4:12; Yaq. 1:23—25).

5 Məsələn, İsanın «özünüzə yerdə xəzinə toplamayın» sözlərini oxuyub üzərində düşün. Əgər sən artıq Padşahlığın işini həyatında birinci yerə qoymusansa, onda Yehovanın səndən razı olduğunu duyacaqsan. Yox əgər bu ayələri oxuyanda görürsən ki, həyatını sadələşdirməlisən, Padşahlığın işinə daha çox vaxt ayırmalısan, onda bu o deməkdir ki, Yehova Ona yaxınlaşmağın üçün nə etməli olduğunu sənə deyir (Mət. 6:19, 20).

6, 7. a) Müqəddəs Kitabı araşdırmaq Yehova ilə münasibətimizə necə təsir edir? b) Mütaliə edərkən məqsədimiz nə olmalıdır?

6 Düzdür, adam Müqəddəs Yazıları araşdıranda düzəltməli olduğu sahələri görür. Amma Kəlamı araşdırmağın faydası təkcə bununla bitmir. Biz həm də Yehovanın gördüyü işlərə bələd oluruq, bu isə Ona məhəbbətimizi artırır. Bizim Allaha məhəbbətimiz artdıqca Onun da bizə məhəbbəti artır və beləcə, münasibətlərimiz möhkəmlənir. (1 Korinflilərə 8:3 ayəsini oxuyun.)

7 Yehovaya yaxınlaşmaq üçün biz Müqəddəs Kitabı düzgün məqsədlə mütaliə etməliyik. Yəhya 17:3 ayəsində deyilir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar». Beləliklə, bizim məqsədimiz sadəcə bilik almaq yox, Yehovanın necə Allah olduğunu öyrənmək olmalıdır (Çıxış 33:13 ayəsini oxuyun; Zəb. 25:4).

8. a) 2 Padşahlar 15:1—5 ayələrində Yehovanın Əzriya padşahla necə davranması hansı sualları doğura bilər? b) Yehovanı tanımağımız Onun işləri ilə bağlı şübhələri necə aradan qaldırır?

8 Yehova Allahı daha yaxından tanıdıqca Müqəddəs Kitabda Onun müəyyən vəziyyətlərdə nəyə görə belə davranması izah edilməyəndə belə biz həddən artıq narahat olmayacağıq. Misal üçün, Yehovanın Yəhuda padşahı Əzriya ilə necə davranması haqda nə düşünürsən? (2 Pad. 15:1—5). Baxmayaraq ki, «xalq hələ də səcdəgahlarda qurban gətirir, qurban tüstüsü təqdim edirdi», Əzriya «Yehovanın bəyəndiyi işləri görürdü». Bununla belə, «Yehova padşahın canına azar saldı və o, ömrünün axırınadək cüzamlı qaldı». Buna səbəb nə idi? Bu barədə həmin parçada heç nə deyilmir. Bu, bizi narahat etməlidirmi? Yehovanın Əzriyanı səbəbsiz yerə cəzalandırdığını düşünməliyik? Əgər biz Yehovanın işlərinə yaxşı bələdiksə, yox. Yehovanı yaxşı tanıyırıqsa, bilirik ki, Yehova həmişə «lazımi ölçüdə» islah edir (Ərm. 30:11). Deməli, Yehovanın Əzriyaya qarşı bu cür davranmasının səbəbini hətta bilməsək də, əmin ola bilərik ki, Onun çıxardığı hökm adildir.

9. Yehovanın Əzriyanı nə üçün cəzalandırdığına hansı amillər aydınlıq gətirir?

9 Ancaq bu haqda Müqəddəs Kitabın başqa yerində əlavə məlumat var. Əzriya padşah Üziyyə kimi də tanınırdı (2 Pad. 15:7, 32). Eyni hadisənin qələmə alındığı 2 Salnamələr 26:3—5, 16—21 ayələrində deyilir ki, Üziyyə bir müddət Yehovanın bəyəndiyi işləri görsə də, sonralar «qürurlandı və bu qürur onu uçuruma apardı». O, təkəbbürlə səlahiyyəti çatmayan bir işi, kahinlərin işini görməyə cəhd göstərdi. Səksən bir kahin ona qarşı durub, onu fikrindən daşındırmağa çalışdı. Bəs Üziyyə özünü necə apardı? O, içindəki təkəbbürü üzə çıxardı: kahinlərə «qəzəbləndi». Yehova da haqlı olaraq onun canına cüzam saldı.

10. Yehovanın etdiyi hər şeyin izahını axtarmağa niyə lüzum yoxdur və Onun işlərinin adil olduğuna əminliyimizi necə artıra bilərik?

10 Bundan nə öyrənirik? Tutaq ki, Müqəddəs Kitabdakı bəzi başqa əhvalatlar kimi, bu hadisə haqda da əlavə məlumat verilməyib. Onda sən Allahın ədalətinə şəkk gətirərdin? Yoxsa düşünərdin ki, Yehovanın həmişə düzgün davrandığına, haqq-nahaqı bilənin O olduğuna əmin olmağın üçün Müqəddəs Kitabda kifayət qədər məlumat var? (Qan. 32:4). Yehovanı yaxından tanıdıqca Ona məhəbbətimiz və etibarımız o qədər artacaq ki, etdiyi hər şeyin izahını axtarmağa ehtiyac qalmayacaq. Allahın Öz Kəlamı vasitəsilə dediklərini nə qədər çox oxuyub üzərində düşünsən, Ona etibarın da bir o qədər artacaq (Zəb. 77:12, 13). Bu isə öz növbəsində, Yehova ilə münasibətlərini möhkəmləndirəcək, O, sənin üçün daha da real olacaq.

DUA EDƏNDƏ SƏN YEHOVA İLƏ DANIŞIRSAN

11—13. Yehovanın duaları eşitdiyini haradan bilirsən? (Məqalənin əvvəlindəki şəklə baxın.)

11 Dua edəndə biz Yehovaya yaxınlaşırıq, Ona həmd-səna edirik, Ondan rəhbərlik diləyirik (Zəb. 32:8). Ancaq Yehova sənin üçün real olsun deyə, əmin olmalısan ki, O, sənin duanı eşidir.

12 Bəzi insanlar düşünür ki, duanın yalnız psixoloji faydası var. Onlar deyirlər ki, insan fikirlərini dilə gətirdiyi, problemini dəqiqləşdirdiyi və diqqətini onun həllinə yönəltdiyi üçün duasına cavab aldığını zənn edir. Düzdür, duanın belə faydaları var. Ancaq duada ürəyini Yehovaya boşaldanda O, səni eşidir. Bunu nəyə əsasən deyə bilərik?

13 Yer üzünə insan kimi gəlməzdən qabaq İsa Məsih Yehovanın Öz sadiq bəndələrinin dualarına cavab verdiyinə özü şahid olurdu. Sonralar yer üzündə xidmət etdiyi zaman özü də hisslərini duada Yehovaya açırdı. Bir dəfə hətta bütün gecəni səhərə qədər oyaq qalıb dua etmişdi. Əgər İsa Yehovanın onu dinləmədiyini fikirləşsəydi, heç dua edərdi? (Luka 6:12; 22:40—46). Əgər duanın psixoloji faydadan başqa bir şey olmadığını düşünsəydi, onda şagirdlərinə dua etməyi öyrədərdi? Aydındır ki, İsa duanın Yehova ilə canlı ünsiyyət olduğunu bilirdi. Bir dəfə o demişdi: «Şükürlər olsun sənə, Ata, məni eşitdin. Bilirəm, Sən məni həmişə eşidirsən». Biz də əmin ola bilərik ki, Yehova «duaları eşidən» Allahdır (Yəh. 11:41, 42; Zəb. 65:2).

14, 15. a) Konkret duaların hansı faydası var? b) Bir bacının duaları onun Yehova ilə münasibətinə necə təsir etdi?

14 Yehovanın sənin dualarına verdiyi cavab həmişə aydın hiss edilməyə bilər. Ancaq dualarında konkret olsan, Yehovanın verdiyi cavabı daha aydın görəcəksən və O, sənin üçün daha real olacaq. Üstəlik, ən məhrəm hisslərini Yehova ilə bölüşəndə O, sənə daha da yaxın olacaq.

15 Gəlin Kati * adlı bacının nümunəsinə baxaq. O, heç vaxt xidmətdən qalmasa da, xidmət ona sevinc vermirdi. Kati deyir: «Mən xidməti sevmirdim. Sözün əsil mənasında sevmirdim. Mən işdən çıxanda bir ağsaqqal məni öncül olmağa təşviq etdi, hətta mənə blank da verdi. Mən öncül xidmətinə başlamaq qərarına gəldim. Ancaq hər gün Yehovaya dua edirdim ki, xidməti mənə sevdirsin». Yehova onun dualarına cavab verdimi? O deyir: «İndi üçüncü ildir ki, öncüləm. Daha çox xidmət etdikcə, təcrübəli bacılarla əməkdaşlıq etdikcə yaxşı təbliğ etməyi öyrəndim. Bu gün mən xidməti nəinki sevirəm, hətta ona vurğunam. Ən əsası, Yehova ilə münasibətim əvvəlkindən qat-qat möhkəmdir». Həqiqətən də, Katinin duaları onu Yehovaya yaxınlaşdırdı.

ÖHDƏMİZƏ DÜŞƏNİ EDƏK

16 Yehovaya yaxınlaşmaq ömürlük prosesdir. Əgər Onun bizə yaxınlaşmasını istəyiriksə, özümüz Ona yaxınlaşmalıyıq. Ona görə də, gəlin Müqəddəs Kitabı araşdıraraq və dua edərək Yehova Allahla müntəzəm ünsiyyətdə olaq. Belə etsək, Yehova ilə münasibətimiz günü-gündən möhkəmlənəcək, bu isə bizə çətinliklərə sinə gərməyə kömək edəcək.

Yehovaya yaxınlaşmaq ömürlük prosesdir (16, 17-ci abzaslara baxın)

16, 17. a) Yehova ilə münasibətimizi günü-gündən necə möhkəmləndirə bilərik? b) Növbəti məqalədə hansı sual işıqlandırılacaq?

17 Lakin bəzən sidqi-ürəkdən nə qədər dualar etsək də, problemlərimiz həllini tapmır ki tapmır. Belə vəziyyətdə Yehovaya olan etibarımız sarsıla bilər. Bizdə Yehovanın dualarımızı eşitdiyinə, yaxud hələ də bizi Özünə yaxın sandığına şübhə yarana bilər. Belə vəziyyətlərdə Yehova ilə münasibətlərimizi necə qoruya bilərik? Növbəti məqalədə bu sual işıqlandırılacaq.

^ abz. 2 Münasibət sözü iki insan arasında olan qarşılıqlı hiss və rəftarı bildirir. Yəni münasibətdə hər iki tərəf fəal olur.

^ abz. 15 Ad şərtidir.