Kontentə keç

Mündəricatı göstər

«Siz gərək dözümlü olasınız»

«Siz gərək dözümlü olasınız»

ANİTA * vəftiz olunduqdan sonra əri onun gününü qara etmişdi. Anita bölüşür: «Ərim yığıncağa getməyimə qarşı çıxırdı. Hətta Allahın adını dilimə gətirməyi də qadağan etmişdi. Yehova adını eşitməyi bəs edirdi ki, hirsindən püskürsün».

Əri Anitaya imkan vermirdi ki, o, uşaqlara Yehova haqda öyrətsin. «Mən öz evimdə nəzarət altında idim. Uşaqlarıma nə sərbəst dərs keçə bilirdim, nə də onları görüşlərə apara bilirdim».

Anitanın nümunəsindən gördüyümüz kimi, ailə üzvləri tərəfindən təqiblər məsihi üçün əsil iman sınağıdır. Eyni şeyi xroniki xəstəlik, övladın və ya həyat yoldaşının ölümü, yaxud ailə üzvlərindən kiminsə Yehovadan uzaqlaşması haqda demək olar. Bəs məsihiyə Yehovaya sadiq qalmağa nə kömək edə bilər?

Bu kimi sınaqlar qarşısında siz nə edərdiniz? Həvari Bulus deyir: «Siz gərək dözümlü olasınız» (İbr. 10:36). Bəs dözməyə sizə nə kömək edə bilər?

DUA EDİB YEHOVAYA GÜVƏNİN

Sınaqlara dözməyi bacarmaq üçün ən əsas addımlardan biri dua edib Yehovaya güvənməkdir. Gəlin bir nümunəyə baxaq. Bir bazar ertəsi Anna işə yola saldığı ərinin ölüm xəbərini aldı. O, gözləmədiyi halda 30 illik ömür-gün yoldaşını itirdi. Anna deyir: «Bu, onun axırıncı gedişi oldu. Onun cəmi 52 yaşı var idi».

Anna bu dərdə necə dözdü? O işləməyə başladı. İşin ona köməyi dəydi. Çünki bu elə iş idi ki, bütün diqqətini ona cəmləməli idi. Ancaq bu da onun qəlbindəki ağrını azaltmadı. Bacı deyir: «Ürəyimi Yehovaya boşaldır, Ona yalvarırdım ki, bu ağır itkiyə dözməyə mənə kömək etsin». Anna Yehovanın onun dualarına cavab verdiyini görürdü. O deyir: «Yalnız Allahın verdiyi sülh sayəsində qəlbim rahatlıq tapdı, dərddən ağlımı itirmədim. Əminəm ki, Yehova həyat yoldaşımı dirildəcək» (Filip. 4:6, 7).

«Duaları eşidən» Yehova söz verib ki, bəndələrindən köməyini əsirgəməyəcək, sadiq qalmaları üçün nə lazımdırsa, hər şeyi edəcək (Zəb. 65:2). Məgər Allahın bu vədi insanın imanını möhkəmləndirmir? Bu, sizin də dözə biləcəyinizi göstərmir?

YIĞINCAQLAR KÖMƏK MƏNBƏYİDİR

Yehova Öz xalqına yığıncaqlar vasitəsilə dayaq olur. Misal üçün, Salonikidəki bacı-qardaşlar amansız təqiblərlə üzləşəndə həvari Bulus həmin məsihiləri təşviq edirdi: «İndi olduğu kimi, bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin» (1 Salon. 2:14; 5:11). Birgə yığışmağın, aralarındakı məhəbbətin və bir-birlərinə göstərdikləri köməyin sayəsində Salonikidəki məsihilər imanın sınağından üzüağ çıxa bilmişdilər. Onlar dözüm göstərməklə bizə gözəl nümunə qoymuşdular. Həmçinin onların nümunəsindən öyrənirik ki, bizə dözməyə nə kömək edə bilər.

Yığıncaq üzvləri ilə dostlaşmaq bizə bir-birimizlə ruhlandıran şeyləri bölüşməyə kömək edəcək (Rom. 14:19). Bu, çətin vaxtlarda xüsusilə vacibdir. Həvari Bulusun başı çox bəlalar çəkmişdi, amma Yehova ona dözməyə güc vermişdi. Hərdən Allah onu həmimanlıları vasitəsilə ruhlandırmışdı. Məsələn, Bulus Kolosdakı bacı-qardaşlara öz salamlarını göndərəndə onlar haqda demişdi: «Bu qardaşlar... mənə dayaq olan... əməkdaşlarımdır» (Kol. 4:10, 11). Bəli, onlar Bulusu sevdikləri üçün dar günündə ona təsəlli verib onu möhkəmləndirmişdilər. Yəqin ki, yığıncağının üzvləri nə vaxtsa səni də ruhlandırıblar, sənə də dayaq olublar.

AĞSAQQALLARIN KÖMƏYİ

Allahın təqdim etdiyi digər bir kömək yığıncaqda olan ağsaqqallardır. Ruhani cəhətdən yetkin olan bu qardaşlar bizim üçün «küləkdən daldalanacaq, leysandan sığınacaq, susuz diyarda axar çaylar, istidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi» ola bilərlər (Əşy. 32:2). Bəli, bu qardaşlar hər zaman kömək etməyə hazırdılar. Bəs siz onların köməyindən yararlanırsınız? Ağsaqqalların ruhlandırıcı sözləri və köməyi sizə dözməyə güc verə bilər.

Təbii ki, ağsaqqallar möcüzə göstərmirlər. Onlar bizim kimi, adi, qeyri-kamil insanlardır (Həv. 14:15). Amma bizim üçün etdikləri duaların böyük xeyri dəyə bilər (Yaq. 5:14, 15). İtaliyada yaşayan bir qardaş uzun illərdir ki, əzələ distrofiyasından əziyyət çəkir. O deyir: «Qardaşların məhəbbəti, qayğısı, tez-tez mənə baş çəkmələri mənə dözməyə kömək edir». Bəs siz Yehovanın məhəbbətdən irəli gələrək təyin etdiyi ağsaqqalların köməyindən yararlanırsınız?

RUHANİ İŞLƏRLƏ MƏŞĞUL OL

Başqa şeylər də bizə dözümlü olmağa kömək edə bilər. Bunlardan biri ruhani işlərlə məşğul olmaqdır. Məsələn, 39 yaşlı Conda xərçəngin nadir halda rast gəlinən forması aşkar edilmişdi. O deyir: «Cavan yaşımda belə xəstəliyə tutulmağımla heç cür barışa bilmirdim». Həmin vaxt Conun oğlunun cəmi üç yaşı var idi. Con deyir: «Yoldaşım həm balaca uşağa baxmalı, həm mənə qulluq etməli, həm də mənimlə birlikdə həkimə gedib-gəlməli idi». Kimyaterapiyadan sonra Con lap halsız olur, ürəyi bulanırdı. Bu, azmış kimi, Conun atası da sağalmaz xəstəliyə tutuldu. Ona da qulluq etmək lazım gəldi.

Con və onun ailəsi bu çətinliklərə necə dözdü? O deyir: «Özümü nə qədər halsız hiss etsəm də, ailəlikcə ruhani işlərlə məşğul olurduq. Yığıncaqları buraxmırdıq, hər həftə xidmətə çıxırdıq, hətta çətin olanda belə ailəvi ibadəti keçirirdik». Həqiqətən də, Con gördü ki, hər bir çətinliyə dözmək üçün əsas məsələ ruhaniliyi qorumaqdır. Çətinliklə üzləşənlərə onun sözü budur: «İlk sarsıntı keçib gedəndən sonra insanı üzən fikirlər Yehovanın gücü və məhəbbəti ilə əvəz olunur. Yehova məni qüvvətləndirdiyi kimi, sizi də qüvvətləndirəcək».

Şübhəsiz, Allahın köməyilə biz indi yaşadığımız və ya gələcəkdə üzləşəcəyimiz hər bir çətinliyə dözə bilərik. Gəlin dua edib Allaha güvənək, yığıncaqdakı bacı-qardaşlarla dostlaşaq, ağsaqqallardan kömək istəyək və ruhani işlərlə məşğul olaq. Bunları etsək, «siz gərək dözümlü olasınız» deyən həvari Bulusun sözlərinə əməl edə biləcəyik.

^ abz. 2 Bəzi adlar şərtidir.