Bioqrafiya
«Adalar şadlansın»
2000-ci il mayın 22-si idi. O gün heç vaxt yadımdan çıxmayacaq. Dünyanın müxtəlif ölkələrindən olan qardaşlarla birgə Rəhbərlik Şurasının müşavirə zalında həyəcanla gözləyirdik. Yazı komitəsi gəlməli idi və biz məruzə etməli idik. Əvvəlki bir neçə həftə ərzində tərcüməçilərin üzləşdiyi problemləri təhlil etmişdik və indi bu problemləri həll etmək üçün təkliflər verməli idik. Nəyə görə həmin görüş bu qədər vacib idi? Bunu izah etməmişdən əvvəl gəlin sizə bir az öz həyatımdan danışım.
MƏN 1955-ci ildə Avstraliyanın Kvinslend ştatında anadan olmuşam. Bundan bir az sonra anam Estel Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı və növbəti il vəftiz olundu. Atam Ron isə 13 ildən sonra həqiqətə gəldi. Mən 1968-ci ildə Kvinslendin yaxınlığında vəftiz olundum.
Gəncliyimdən bəri oxumağı sevirəm və müxtəlif dillərə rəğbətim var. Ailəmizlə birgə maşınla gəzintiyə çıxanda, yəqin, valideynlərim təəssüflənirdilər ki, ətrafdakı mənzərəni seyr etmək əvəzinə, arxa oturacaqda oturub kitab oxuyuram. Oxumağa olan həvəsim məktəbdə də mənə kömək etdi. Tasmaniya adasının Qlenorki şəhərində yuxarı sinifdə oxuyanda məktəbdəki nailiyyətlərimə görə bir neçə dəfə mükafat aldım.
Ancaq sonra ciddi qərar verməyin vaxtı çatdı. Universitetdə oxumaq üçün təqaüdü qəbul edim, yoxsa yox? Kitabları və öyrənməyi nə qədər sevsəm də, anamın köməyi ilə ürəyimdə ondan böyük məhəbbət — Yehovaya məhəbbət kök salmışdı. Buna görə də anama çox 1 Kor. 3:18, 19). Beləcə, mən valideynlərimin razılığı ilə şəhadətnaməni alıb məktəbdən çıxdım və 1971-ci ilin yanvar ayında, 15 yaşımda öncül xidmətinə başladım.
minnətdaram (Növbəti səkkiz il ərzində Tasmaniyada öncül kimi xidmət etdim. Bu illər ərzində mən Tasmaniya gözəli Cenni Alkok ilə evləndim və biz dörd il Smiston və Kvinstounun ucqar yerlərində xüsusi öncül kimi xidmət etdik.
SAKİT OKEAN ADALARINDA
1978-ci ildə biz ilk dəfə ölkədən çıxıb Papua-Yeni Qvineyanın Port-Morsbi şəhərində keçirilən beynəlxalq toplantıya getdik. Həmin toplantıda xüsusi təyinatlı müjdəçinin hiri-motu dilində məruzə söyləməsi indiyədək yadımdadır. Mən onun danışdıqlarından bir kəlmə belə başa düşməsəm də, onun məruzəsi məndə xüsusi təyinatlı müjdəçi olmaq, başqa dilləri öyrənmək və əcnəbi dildə məruzə söyləmək həvəsi oyatdı. Nəhayət, Yehovaya bəslədiyim məhəbbətlə dilə olan marağımı birləşdirməyin üsulunu tapdım.
Avstraliyaya geri qayıdanda bizi sürpriz gözləyirdi. Bizi əvvəllər Ellis adaları adlanan Tuvalunun Funafuti adasına xüsusi təyinatlı müjdəçi təyin etdilər. 1979-cu ilin yanvar ayında ora getdik. Bütün Tuvaluda cəmi-cümlətanı üç vəftiz olunmuş təbliğçi var idi.
Tuvalu dilini öyrənmək elə də asan deyildi. Bu dildə yalnız İncil kitabı var idi. Heç bir lüğət və dil kursları da yox idi. Buna görə də biz qərara gəldik ki, hər gün 10—20 yeni söz öyrənək. Ancaq tezliklə başa düşdük ki, öyrəndiyimiz sözlərin əksəriyyətinin düzgün mənasını bilmirik. Məsələn, camaata falçılığın səhv olduğunu demək istəyəndə, sən demə, onları tərəzi və əsa işlətməkdən çəkindirirdik. Ancaq çoxlu adamla başladığımız Müqəddəs Kitab dərslərini davam etdirmək üçün bizə dili öyrənmək lazım idi. Buna görə də biz təslim olmurduq. Həmin vaxt Müqəddəs Kitabı öyrətdiyimiz adamlardan biri illər sonra bizə dedi: «Çox sevinirik ki, indi bizim dilimizdə yaxşı danışırsınız. Əvvəllər ha çalışırdıq, nə demək istədiyinizi başa düşmürdük».
Digər tərəfdən yeni dili öyrənmək üçün bizdə çox gözəl imkan var idi. Belə ki, kirayə ev tapa bilmədiyimizdən əsas kənddə bir Şahidin evində qalmalı olduq. Beləliklə, biz kənd həyatı
yaşayır və ancaq Tuvalu dili eşidirdik. Bir neçə il ingilis dilində danışmayandan sonra Tuvalu dili bizim əsas dilimizə çevrildi.Tezliklə çoxları həqiqətə maraq göstərməyə başladı. Bəs onlarla hansı nəşrlə dərs keçəcəkdik? Onların dilində heç bir nəşr yox idi. Bəs onlar şəxsi mütaliəni necə edəcəkdilər? Yığıncaq görüşlərinə gələndə hansı mahnıları oxuyacaqdılar, nə öyrənəcəkdilər, görüşlərə necə hazırlaşacaqdılar? Ruhani cəhətdən necə inkişaf edib vəftiz olunacaqdılar? Bu insanlara öz doğma dillərində ruhani qida lazım idi (1 Kor. 14:9). Biz düşünürdük: «15 000-dən az insanın danışdığı Tuvalu dilində, görəsən, nə vaxtsa nəşrlər çıxacaq?» Yehova suallarımıza cavab verdi və bununla da bizə iki şeyi sübut etdi: 1) O, Kəlamının uzaq adalarda car çəkilməsini və 2) dünyanın gözündə sadə, fağır olan adamların Onun adına pənah gətirməsini istəyir (Ərm. 31:10; Səf. 3:12).
RUHANİ QİDA TƏRCÜMƏ OLUNUR
1980-ci ildə filial bizi tərcüməçi işinə təyin etdi. Biz özümüzü bu iş üçün tamamilə yararsız hiss edirdik (1 Kor. 1:28, 29). Əvvəlcə hökumətdən köhnə mimeoqraf (sürətçıxardan aparat) aldıq. Yığıncaq görüşləri üçün materialları onun vasitəsilə çap edirdik. Biz hətta «Əbədi həyata aparan həqiqət» kitabını da Tuvalu dilinə tərcümə edib bu aparatla çap etmişdik. Mürəkkəbin kəskin iyi, istinin cırhacırında min bir əziyyətlə bütün bu nəşrləri əl ilə çap etməyimiz heç yadımdan çıxmır. Həmin vaxt elektrik yox idi!
Tuvalu dilinə tərcümə etmək çətin idi, çünki əlimizin altında dünyəvi mənbələr çox az idi. Lakin hərdən gözləmədiyimiz yerdən kömək gəlirdi. Bir gün mən səhvən həqiqətə qarşı çıxan bir nəfərin qapısını döydüm. Ev sahibi əvvəllər müəllim işləmiş yaşlı bir kişi idi. O, mənə xatırlatdı ki, bizə qapısını
döyməməyi tapşırmışdı. Sonra dedi: «Yeri gəlmişkən, sizə bir şey demək istəyirəm. Tərcümələrinizdə məchul növdən həddən artıq çox istifadə edirsiniz. Tuvalu dilində bu növ çox işlənmir». Mən bu barədə başqalarından da soruşdum. Kişi düz deyirdi. Biz lazımi düzəlişlər etdik. Yehovanın bizə nəşrlərimizi oxuyan əleyhdarımızın vasitəsilə kömək etməsi məni heyrətləndirmişdi.Tuvalu dilində paylamaq üçün dərc olunan ilk nəşr İsa Məsihi anma mərasiminə dəvətnamə idi. Bunun ardınca ingilis dili ilə eyni vaxtda «Padşahlıq haqqında xəbər» adlı 30 nömrəli buklet çıxdı. İnsanlara öz dillərində nəşr vermək adama çox böyük sevinc gətirirdi. Sonradan bəzi broşürlər və hətta kitablar Tuvalu dilində dərc olundu. 1983-cü ildə Avstraliya filialı üç aydan bir 24 səhifəlik «Gözətçi qülləsi» jurnalı çap etməyə başladı. Hər həftə bu jurnaldan orta hesabla yeddi abzas araşdırırdıq. Bu, cəmiyyətdə böyük əks-səda doğurdu. Tuvalunun əhalisi oxumağı sevdiyi üçün bizim nəşrlər çox məşhurlaşdı. Hər yeni nəşrin gəlişi dövlət radiostansiyasının xəbərlər buraxılışında elan olunurdu, hətta bəzən əsas xəbər başlıqlarında da yer alırdı *.
Tərcümə işi qələm və kağızla başlayırdı. Sonra əlyazmanın dəfələrlə surəti çıxarılırdı, daha sonra isə çap olunmaq üçün Avstraliya filialına göndərilirdi. Bir ara əlyazmanı Tuvalu dilini bilməyən iki bacı kompüterə daxil edirdi. Mətni iki dəfə daxil etməyin, sonra kompüterdə müqayisə etməyin sayəsində səhvlər minimuma enirdi. Yığılmış vərəqlər aviapoçtla bizə göndərilirdi, biz onları yoxlayır və çap olunması üçün yenidən filiala göndərirdik.
İndi hər şey başqa cürdür. Tərcümə qrupları mətni birbaşa kompüterə daxil edir. Əksər hallarda, redaktə edilmiş mətn yerindəcə yığılır, hazır fayllar İnternetlə çapxanası olan filiallara göndərilir. Əlyazmaları göndərmək üçün artıq poçta qaçmağa heç bir lüzum yoxdur.
NÖVBƏTİ TƏYİNATLARIMIZ
İllər ötdükcə Sakit okean adalarında müxtəlif təyinatlar aldıq. 1985-ci ildə bizi Tuvaludan Samoa filialına təyin etdilər. Orada biz Tuvalu dilinə tərcümə etməklə yanaşı, Samoa, Tonqa və Tokelau dilinə tərcümə edənlərə kömək edirdik *. 1996-cı ildə bizi eyni təyinatla Fici filialına göndərdilər. Orada biz Fici, Kiribati, nauru, rotuma və Tuvalu dilinə tərcümə edən tərcüməçilərə kömək edirdik.
Bacı-qardaşların tərcümə işinə can qoyması məni həmişə heyran edir. Tərcümə işi ağır və yorucu işdir. Ancaq, Yehova Allah kimi, bu sadiq insanlar da istəyirlər ki, hər xalqa, tayfaya, dilə və ümmətə müjdə təbliğ olunsun (Vəhy 14:6). Misal üçün «Gözətçi qülləsi» jurnalının Tonqa dilinə tərcüməsi təşkil olunanda mən Tonqada bütün ağsaqqallarla görüşdüm və soruşdum ki, kimə tərcüməçi kimi təlim vermək olar. Bir ağsaqqalın yaxşı işi var idi, o, mexanik işləyirdi. Bu qardaş təklif etdi ki, növbəti gün işdən çıxıb dərhal tərcümə işinə başlasın. Bu, çox xoş idi. Çünki o, ailəli idi və başqa gəlir mənbəyi də yox idi. Ancaq Yehova onun və ailəsinin qeydinə qaldı və o, uzun illər tərcümə işində çalışdı.
Belə sadiq tərcüməçilər Rəhbərlik Şurasının düşüncə tərzini əks etdirirlər. Belə ki, Rəhbərlik Şurası kiçik dil qruplarının belə ruhani ehtiyaclarının qeydinə qalır. Məsələn, bir dəfə sual qalxmışdı ki, Tuvalu dilində ədəbiyyat çıxarmağa dəyər, ya yox. Rəhbərlik Şurasının cavabı məni çox ruhlandırmışdı. Onlar yazmışdılar: «Biz Tuvalu dilinə tərcüməni dayandırmağa heç bir səbəb görmürük. Tuvalu dilində digər dillərlə müqayisədə az adam danışsa da, onlara müjdəni öz dillərində çatdırmaq lazımdır».
2003-cü ildə Cenni ilə məni Fici filialından Patersondakı (Nyu-York) Tərcümə xidmətləri şöbəsinə təyin etdilər. Arzum çin oldu. Biz nəşrlərimizin digər dillərə də tərcümə olunmasına kömək edən qrupun üzvü olduq. Növbəti iki il ərzində müxtəlif ölkələrə gedib tərcümə qruplarına təlim verirdik.
BƏZİ TARİXİ QƏRARLAR
Gəlin indi əvvəldə danışdığım hadisəyə qayıdaq. Rəhbərlik Şurası bütün dünyadakı tərcümə qruplarına kömək lazım olduğunu görürdü. 2000-ci ilə qədər tərcüməçilərin əksəriyyəti çox az təlim almışdı. Biz Yazı komitəsinə məruzə etdikdən sonra Rəhbərlik Şurası bütün tərcüməçilər üçün ümumdünya təlim proqramının keçirilməsinə razılıq verdi. Bu proqrama ingilis dilini, tərcümə üsullarını və qrup şəklində işləməyi öyrətmək daxil idi.
Tərcümə sahəsində görülən bu işlərin bəhrəsi nə olub? Əvvəla tərcümənin keyfiyyəti yaxşılaşıb. Həmçinin hal-hazırda ədəbiyyatlar daha çox dilə tərcümə olunur. Biz 1979-cu ildə xüsusi təyinatlı müjdəçi xidmətinə başlayanda «Gözətçi qülləsi» jurnalı cəmi 82 dildə nəşr olunurdu. Bu dillərin əksəriyyətində nəşrlər ingilis dilindən bir neçə ay sonra çıxırdı. Ancaq hal-hazırda «Gözətçi qülləsi» 240-dan çox dildə dərc olunur və onların əksəriyyəti ingilis dili ilə eyni vaxtda çıxır. İndi ruhani qida bu və ya digər formada 700-dən çox dildə var. İllər öncə yatsaydıq, yuxumuza da girməzdi ki, belə şey olacaq.
2004-cü ildə Rəhbərlik Şurası daha bir tarixi qərar qəbul etdi, yəni Müqəddəs Kitabın tərcüməsini sürətləndirdi. Bundan bir neçə ay sonra
Müqəddəs Kitabın tərcüməsinə daha çox önəm verildi. Beləcə, «Yeni Dünya tərcüməsi»nin bir çox dillərdə ərsəyə gəlməsinə imkan yarandı. 2014-cü ildə Müqəddəs Kitab tam və ya qismən, Cənubi Sakit okean dilləri də daxil olmaqla, artıq 128 dilə tərcümə olunmuşdu.Mənim həyatımda daha bir unudulmaz məqam 2011-ci ildə Tuvaludakı böyük toplantıda iştirak etməyim olmuşdu. Həmin vaxt artıq bir neçə ay idi ki, ölkədə dəhşətli quraqlıq idi. Böyük toplantı təxirə salına bilərdi. Biz ora çatan axşam leysan quraqlığa son qoydu və toplantı baş tutdu. Həmin toplantıda Tuvalu dilində, ən az adamın danışdığı dildə gözəl bir hədiyyənin — «İncilin Yeni Dünya tərcüməsi»nin işıq üzü görməsi elan olundu. Bu elanı etmək mənim üçün böyük şərəf idi. Toplantının sonunda yenə leysan yağdı. Beləcə, proqram bol ruhani və həqiqi su ilə bitdi.
Əfsuslar olsun ki, 35 illik ömür-gün yoldaşım Cenniyə bu möhtəşəm hadisəni görmək qismət olmadı. Cenni on il döş xərçəngindən əziyyət çəkəndən sonra 2009-cu ildə vəfat etdi. O dirilib Tuvalu dilində Müqəddəs Kitabın çıxdığını eşidəndə, şübhəsiz, çox sevinəcək.
Yehova mənə başqa gözəl həmdəm nəsib etdi. Onun adı Lorani Sekevodur. Lorani ilə Cenni Fici Beytelində birgə işləyirdilər. Lorani də Fici tərcümə şöbəsində xidmət edirdi. Mənim yenə də sədaqətli həyat yoldaşım var. Biz birlikdə Yehovaya xidmət edirik və ikimiz də dil aşiqiyik.
Ötən illərə nəzər salanda mehriban səmavi Atamız Yehovanın həm balaca, həm də böyük dil qruplarının qayğısına qaldığını görürəm (Zəb. 49:1—3). Doğma dillərində ilk dəfə nəşrlərimizi alan, öz dillərində Yehovaya ürəkdən həmd nəğməsi oxuyan insanların üzlərindəki sevinc mənim üçün Yehovanın məhəbbətini əks etdirir (Həv. 2:8, 11). Tuvalulu yaşlı qardaşın, Saulo Tiasinin sözləri hələ də qulağımdan getmir. O, ilk dəfə öz dilində Padşahlıq nəğməsini oxuyandan sonra demişdi: «Rəhbərlik Şurasına demək lazımdır ki, bu mahnılar Tuvalu dilində daha yaxşı səslənir, nəinki ingilis dilində».
2005-ci ilin sentyabrında gözləmədiyim bir halda məni Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü təyin etdilər. Mən artıq tərcüməçi kimi çalışmasam da, Yehovaya şükürlər olsun ki, O, mənə bütün dünyada gedən tərcümə işinə kömək etməyə izin verir. Çox xoşdur ki, Yehova bütün xalqının, hətta Sakit okeanın mərkəzindəki ucqar adalarda yaşayanların belə ruhani ehtiyaclarının qeydinə qalır. Bəli, məzmurçunun dediyi kimi: «Yehova padşah oldu! Qoy yer sevinsin, adalar şadlansın» (Zəb. 97:1).
^ abz. 18 Nəşrlərimizə olan münasibət barədə «Gözətçi qülləsi» jurnalının 2000-ci il 15 dekabr sayının 32-ci səhifəsindən (rus.), 1988-ci il 1 avqust sayının 22-ci səhifəsindən (ing.) və «Oyanın!» jurnalının 2000-ci il 22 dekabr sayının 9-cu səhifəsindən (rus.) oxuya bilərsiniz.
^ abz. 22 Samoadakı tərcümə işi ilə bağlı əlavə məlumat üçün 2009-cu ilin «İllik məcmuə»sinin 120, 121, 123, 124 səhifələrinə baxın.