Kontentə keç

Mündəricatı göstər

«İmanımızı artır»

«İmanımızı artır»

«Nədə imanım çatışmır, mənə kömək et!» (MARK 9:24).

NƏĞMƏ: 81, 135

1. İman nə dərəcədə vacibdir? (Məqalənin əvvəlindəki şəklə baxın.)

NƏ VAXTSA sizdə belə bir sual yaranıb: «Görəsən, Yehova məni böyük müsibətdə xilas edəcək? Məni yeni dünyada görmək istəyəcək?» Sözsüz ki, xilas olmaq üçün müəyyən tələblər var. Həmin vacib tələblərdən birini həvari Bulus vurğulamışdı: «İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil» (İbr. 11:6). Bu, sadə tələb kimi görünsə də, əslində belə deyil, çünki 2 Salonikililərə 3:2 ayəsində deyildiyi kimi, hamının imanı yoxdur. Bu ayələr bizə möhkəm imana sahib olmağın nə qədər vacib olduğunu anlamağa kömək edəcək.

2, 3. a) İmanın vacibliyi ilə bağlı həvari Butrus nə demişdi? b) Hansı sualları nəzərdən keçirəcəyik?

2 Həvari Butrus da imanın vacibliyini xüsusi olaraq vurğulamışdı. O demişdi ki, sınanmış iman İsa Məsihin zühurunda tərifə, şöhrət və şərəfə layiq görüləcək. (1 Butrus 1:7 ayəsini oxuyun.) Böyük müsibət sürətlə yaxınlaşır. Buna görə də imanımız elə olmalıdır ki, Şanlı Padşahımız İsa zühur edəndə bizi imanımıza görə tərifləsin. Sözsüz ki, biz iman edib həyatını qoruyanlardan olmaq istəyirik (İbr. 10:39). Bu məqsədə çatmaq üçün Məsihə yalvaran kişi kimi, biz də Allaha yalvarmalıyıq: «Nədə imanım çatışmır, mənə kömək et!» (Mark 9:24). Yaxud da İsanın həvariləri kimi biz də: «İmanımızı artır», — deyə Allaha dua etməliyik (Luka 17:5).

3 İmanı artırmağın vacibliyindən danışarkən ortaya bir neçə sual çıxır. İmanımızı necə möhkəmləndirə bilərik? İman sahibi olduğumuzu necə göstərə bilərik? Nə üçün əminik ki, imanla bağlı etdiyimiz dualar qəbul olunacaq?

ALLAHA MƏQBUL İMANA SAHİB OLUN

4. Kimlərin nümunəsi bizi imanımızı möhkəmləndirməyə təşviq edir?

4 Müqəddəs Kitabda «yazılanların hamısı bizə nəsihət olaraq yazılıb» (Rom. 15:4). Orada adları çəkilən mömin insanlardan iman barədə çox şey öyrənə bilərik. İbrahim, Sara, İshaq, Yaqub, Musa, Rahab, Cədun, Bərəq və başqaları haqda yazılanlar bizi imanımızı yoxlamağa təşviq edir (İbr. 11:32—35). Üstəlik, müasir dövrdəki imanlı bacı-qardaşlarımızın nümunələri də bizə güc verir ki, var gücümüzlə çalışıb imanımızı möhkəmləndirək *.

5. İlyas peyğəmbər Yehovaya ürəkdən iman etdiyini necə göstərdi və onun nümunəsi bizi nə barədə düşünməyə təşviq edir?

5 Gəlin Müqəddəs Kitabdan İlyas peyğəmbərin nümunəsinə baxaq. Növbəti hadisələr zamanı o, Yehovaya ürəkdən etibar etdiyini göstərmişdi. Əhəb padşaha Yehovanın quraqlıq gətirəcəyini bildirəndə İlyas peyğəmbər əminliklə demişdi: «Yehovaya and olsun ki, mən deməyincə... nə şeh olacaq, nə də yağış yağacaq!» (1 Pad. 17:1). İlyas peyğəmbər inanırdı ki, quraqlıq zamanı Yehova həm ona, həm də başqalarına nə lazımdırsa, yetirəcək (1 Pad. 17:4, 5, 13, 14). O əmin idi ki, Yehova Allah dul qadının oğlunu dirildə bilər (1 Pad. 17:21). Peyğəmbər Karmel dağında olanda zərrə qədər də şübhə etmirdi ki, Yehova od göndərib onun qurbanını yandıracaq (1 Pad. 18:24, 37). Quraqlığa son qoymaq vaxtı gələndə, hələ yağışın yağacağına heç bir əlamət yox idi, ancaq İlyas peyğəmbər Əhəb padşaha demişdi: «Dur, ye-iç. Çünki leysan səsi gəlir!» (1 Pad. 18:41). Məgər bu əhvalatlar bizi təşviq etmir ki, imanımızın bu cür möhkəm olub-olmadığını yoxlayaq?

İMANIMIZI NECƏ MÖHKƏMLƏNDİRƏ BİLƏRİK?

6. İmanımızı möhkəmləndirmək üçün Yehovadan nə istəməliyik?

6 Biz öz gücümüzə imanımızı möhkəmləndirə bilmərik. İman Allahın müqəddəs ruhunun bəhrəsinə daxildir (Qal. 5:22). Yaxşı olardı ki, İsa Məsihin məsləhətinə əməl edib Allahdan müqəddəs ruh diləyək. O demişdi ki, Allah ondan istəyənlərə müqəddəs ruh verəcək (Luka 11:13).

7. İmanımızı necə möhkəm saxlaya bilərik? Nümunə çəkin.

7 İmanımız möhkəmlənəndən sonra da onu bəsləmək lazımdır. İmanı ocaqla müqayisə etmək olar. Ocaq qalananda gur alovla yanmağa başlayır. Ancaq ocağa odun atmayanda, od səngiyərək sönür, yerində köz qalır, yavaş-yavaş köz də soyuq külə çevrilir. Ancaq ocağa vaxtaşırı odun atanda, onun alovu sönmür. İman da belədir. Onu müntəzəm olaraq Allahın Kəlamı ilə qidalandırsaq, o, canlı qalacaq. Müqəddəs Kitabı dərindən öyrəndikcə, araşdırdıqca ürəyimizdə həm bu kitaba, həm də onun Müəllifinə dərin məhəbbət yaranacaq. Bu məhəbbət təməli üzərində isə möhkəm iman qura biləcəyik.

8. İmanı möhkəmləndirmək və qorumaq üçün nə etmək olar?

8 İmanı möhkəmləndirmək və qorumaq üçün daha nə edə bilərsiniz? Vəftiz olunana qədər aldığınız biliklərin üzərində qalmayın (İbr. 6:1, 2). Müqəddəs Kitabın yerinə yetən peyğəmbərliklərini araşdırın. Bu, sizin imanınızı möhkəmləndirəcək. Həmçinin Müqəddəs Kitabdan bir meyar kimi istifadə edərək imanınızı yoxlayın. Belə ki, orada imanlı insandan nə tələb olunduğu yazılıb. Görün sizin imanınız həmin tələblərə uyğun gəlir, yoxsa yox. (Yaqub 1:25; 2:24, 26 ayələrini oxuyun.)

9, 10. Yaxşı dostluq, yığıncaq görüşləri və təbliğ xidməti imanımızı necə möhkəmləndirir?

9 Həvari Bulus məsihilərə demişdi ki, onlar imanları vasitəsilə bir-birini ruhlandıra bilərlər (Rom. 1:12). Biz həmimanlılarımızla, xüsusilə də sınanmış imana sahib olan bacı-qardaşlarımızla ünsiyyət edəndə bir-birimizin imanını möhkəmləndiririk (Yaq. 1:3). Pis dostluq imanı məhv edir, ancaq yaxşı dostluq onu möhkəmləndirir (1 Kor. 15:33). Bu səbəbdən, bizə yığıncaq görüşlərindən qalmamaq, bir-birimizi ruhlandırmaq məsləhət görülür. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Digər səbəb isə odur ki, həmin görüşlərdə eşitdiklərimiz imanımızı möhkəmləndirir. Bu da həvari Bulusun sözləri ilə həmahəngdir: «İman insanda sözü eşidəndən sonra yaranır» (Rom. 10:17). Özünüzə sual verin: «Yığıncaqlar mənim həyatımın ayrılmaz hissəsidir?»

10 Biz təbliğ xidmətində iştirak edəndə təkcə başqalarının yox, həmçinin öz imanımızı da möhkəmləndiririk. Bu zaman biz ilk məsihilər kimi, Yehovaya tam etibar etməyi, hər bir vəziyyətdə cəsarətlə danışmağı öyrənirik (Həv. 4:17—20; 13:46).

11. Nəyə görə Kaliblə Yuşənin imanı möhkəm idi və biz onlara necə bənzəyə bilərik?

11 Həyatımızda Yehovanın köməyini duyduqca, Onun dualarımıza cavab verdiyini gördükcə imanımız artır. Kalib və Yuşə ilə də eyni şey baş vermişdi. Onlar Vəd edilmiş diyara kəşfiyyata gedəndə imanla hərəkət etmişdilər. Ancaq bundan sonra da həyatlarında hər dəfə Yehovanın rəhbərliyini gördükcə onların imanı daha da artmışdı. Təəccüblü deyil ki, Yuşə israillilərə əminliklə demişdi: «Allahınız Yehovanın sizə verdiyi gözəl vədlərdən heç biri boşa çıxmadı». Sonra əlavə etmişdi: «Yehovadan qorxun, Ona sidqi-ürəkdən, sədaqətlə qulluq edin... Mən isə ailəmlə birlikdə Yehovaya ibadət edəcəyəm» (Yuş. 23:14; 24:14, 15). Yehovanın kəramətini daddıqca bizim də imanımız möhkəmlənəcək (Zəb. 34:8).

İMANINIZI GÖSTƏRİN

12. İman sahibi olduğumuzu necə göstərə bilərik?

12 İmanımızın canlı olduğunu necə göstərə bilərik? Məsihin şagirdi Yaqubun sözlərinə əsasən, iman əməldə görünməlidir (Yaq. 2:18). Bəli, bizim iman sahibi olduğumuz əməllərimizdən bəlli olacaq. Gəlin bir neçə nümunəyə baxaq.

Xidmətə can qoyanlar möhkəm iman sahibi olduqlarını göstərirlər (13-cü abzasa baxın)

13. Nəyə görə təbliğ etməklə biz imanımızı göstəririk?

13 Yehovaya iman etdiyimizi təbliğ işində iştirak etməklə göstərə bilərik. Əgər biz təbliğ ediriksə, deməli, sonun yaxın olduğuna və onun gecikməyəcəyinə inanırıq (Həb. 2:3). İmanımızın nə dərəcədə böyük olduğunu bilmək üçün xidmətdə nə qədər iştirak etdiyimizə nəzər salmalıyıq. Biz insanlara Allah barədə danışmaq üçün əlimizdən gələni edirik? Xidmətimizi genişləndirməyə çalışırıq? (2 Kor. 13:5). Bəli, xilas xəbərini bəyan etməklə biz imanımızın nə qədər möhkəm olduğunu göstəririk. (Romalılara 10:10 ayəsini oxuyun.)

14, 15. a) Gündəlik həyatımızda imanımızı necə göstərə bilərik? b) İmanının güclü olduğunu əməldə göstərən bir nəfərin nümunəsini çəkin.

14 Biz həmçinin həyatın çətinlikləri ilə çarpışarkən Allaha iman etdiyimizi göstəririk. Xəstəlik, məyusluq, sıxıntı, kasıbçılıq və başqa problemlərlə üzləşəndə inanırıq ki, Yehova və Onun Oğlu dar günümüzdə bizə kömək edəcək (İbr. 4:16). Təkcə ruhani ehtiyaclarımız üçün yox, başqa dərdlərimiz üçün də dua etməklə Yehovaya iman etdiyimizi göstəririk. İsa Məsih demişdi ki, gündəlik ruzimiz də daxil olmaqla, maddi şeylər barədə də dua edə bilərik (Luka 11:3). Müqəddəs Kitabda qələmə alınan hadisələr bizi arxayın edir ki, Yehova bizi korluq çəkməyə qoymayacaq. İsraildə sərt quraqlıq olanda Yehova İlyasın yeməyini də, suyunu da yetirirdi. Yehovanın göstərişi ilə «quzğunlar səhər-axşam ona çörək və ət gətirirdilər, suyu isə çaydan içirdi» (1 Pad. 17:3—6). Yehova bizim üçün də hadisələri elə yönəldə bilər ki, heç nədən korluq çəkməyək. Biz buna inanırıq.

Həyatın çətinlikləri ilə çarpışarkən Yehovaya iman etdiyimizi göstəririk (14-cü abzasa baxın)

15 Biz əminik ki, Müqəddəs Kitabdakı məsləhətlərlə oturub-dursaq, evimizdən ruzi-bərəkət əskik olmayacaq. Asiyada yaşayan Rebeka adlı bacı bunun həqiqət olduğunu öz təcrübəsindən bilir. Rebeka bacı və həyat yoldaşı Mətta 6:33 və Məsəllər 10:4 ayəsinə uyğun olaraq Padşahlığı hər şeydən üstün tuturlar və əllərinin zəhməti ilə yaşayırlar. Amma bir vaxtlar onun yoldaşının işi onların hər ikisinin ruhaniliyini təhlükə altına almışdı. Buna görə də o, işdən çıxmışdı. Ancaq dörd uşağı dolandırmaq lazım idi. Rebeka deyir: «Biz şirniyyat hazırlayıb satmağa başladıq. Neçə ildir ki, bununla dolanırıq. Yehova bizi heç vaxt tərk etməyib. Hələ bir dəfə də olsun, süfrəmizdən yemək əskik olmayıb». Siz də öz əməllərinizlə Müqəddəs Kitabın ən düzgün yolu göstərdiyinə inandığınızı sübut edirsiniz?

16. Allaha etibar etsək, nə biçəcəyik?

16 Biz şübhə etməməliyik ki, Allahın göstərdiyi yolla getsək, mütləq xeyir tapacağıq. Həvari Bulus Həbquq peyğəmbərin sözlərindən sitat gətirərək yazmışdı: «Saleh imanı sayəsində yaşayacaq» (Qal. 3:11; Həb. 2:4). Ona görə də dadımıza çatacaq Kəsə iman etməyimiz vacibdir. Həvari Bulus yazmışdı ki, Allah «bizdə fəaliyyət göstərən gücü vasitəsilə xahiş etdiyimiz, düşündüyümüz hər bir şeydən qat-qat artığını etməyə qadir»dir (Efes. 3:20). Yehovanın xidmətçiləri Onun iradəsini həyata keçirmək üçün əllərindən gələni edirlər. Ancaq eyni zamanda bilirlər ki, hər şey onlardan asılı deyil, buna görə də gerisini Yehovanın öhdəsinə buraxırlar, inanırlar ki, Yehova Özü işi yoluna qoyacaq. Məgər biz bu cür Allahımız olduğuna görə xoşbəxt deyilik?

İMANLA BAĞLI DUALAR QƏBUL OLUNUR

17. a) Həvarilərin imanla bağlı etdikləri xahiş necə cavablandı? b) Nəyə görə əmin ola bilərik ki, daha çox iman diləsək, bunu alacağıq?

17 Bu fikirləri araşdırdıqdan sonra, ola bilsin, görürük ki, bizə imanımızı möhkəmləndirmək lazımdır. Eyni şey həvarilərlə də baş vermişdi. Onlar Məsihdən xahiş etmişdilər: «İmanımızı artır» (Luka 17:5). Onların bu xahişi cavabsız qalmadı. Eramızın 33-cü ilinin Əllinci gün bayramında müqəddəs ruh aldılar və Allahın niyyətini daha dərindən anladılar. Bu, onların imanının möhkəmləndirdi. Nəticədə onlar o vaxta qədər görülməmiş ən böyük təbliğ fəaliyyətinə başladılar (Kol. 1:23). Bəs Allah bizim imanımızı artırmaqla bağlı xahişimizi yerinə yetirəcək? Müqəddəs Kitab bizi əmin edir ki, Allahın iradəsinə müvafiq nə diləyiriksə, onu alacağıq (1 Yəh. 5:14).

18. Yehova imanını möhkəmləndirən insanlara necə yar olur?

18 Yehova bütün varlığı ilə Ona etibar edənlərdən razıdır. O, bizim xahişimizi mütləq eşidəcək, imanımızı artıracaq və biz Allahın Padşahlığına layiq görüləcəyik (2 Salon. 1:3, 5).

^ abz. 4 Nümunə üçün Lilian Qobitas Kloze («Oyanın!» jurnalı 1993-cü il 22 iyul sayı (ing.)), Feliks Boris («Oyanın!» jurnalı 1994-cü il may sayı (türk.)) və Cozefina Eliasın («Oyanın!» jurnalı 2009-cu il sentyabr sayı (rus.)) bioqrafiyasına baxa bilərsiniz.