Xilqətilə danışan Yehova Allah
«İndi qulaq as, Mən danışacağam» (ƏYY. 42:4).
NƏĞMƏ: 113, 114
1-3. a) Nəyə görə Allahın düşüncələri, dili və ünsiyyət forması insanlarınkından üstündür? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
ƏBƏDİYYƏN var olan Allah başqalarına da həyat, xoşbəxtlik bəxş etmək istəyirdi, buna görə də mələkləri, sonra isə insanları xəlq etdi (Zəb. 36:9; 1 Tim. 1:11). Həvari Yəhya Allahın yaratdığı ilk varlığı «Söz», «Allahın xilqətinin ilki» adlandırmışdı (Yəh. 1:1; Vəhy 3:14). Yehova Allah Öz fikirlərini və hisslərini ilk Oğlu ilə bölüşürdü (Yəh. 1:14, 17; Kol. 1:15). Həvari Bulusun sözlərinə görə, mələklərin öz dili var. Bu səmavi dil insanların danışdığı dildən üstündür (1 Kor. 13:1).
2 Yehova Allah yerdə və göydə yaşayan milyardlarla varlıqlar barədə hər şeyi bilir. Eyni vaxtda saysız-hesabsız adam başqa-başqa dillərdə Yehovaya dua edir. Şübhəsiz, Yehova həm onların duasını eşidir, həm də mələklərə göstəriş verir, onlarla danışır. Yehova bunu edirsə, deməli, Onun düşüncələri, dili və ünsiyyət forması insanlarınkından qat-qat üstündür. (Əşiya 55:8, 9 ayələrini oxuyun.) Aydındır ki, Yehova insanlarla danışanda fikirlərini sadə şəkildə ifadə edir ki, insanlar başa düşə bilsin.
3 Bu məqalədə öyrənəcəyik ki, hikmət Sahibi Yehova tarix boyu xalqı ilə anlaşıqlı tərzdə danışmaq üçün hansı addımları atmışdı. Həmçinin görəcəyik ki, insanlarla danışmaq üçün O, şəraitə necə uyğunlaşır.
ALLAHIN İNSANLARA SÖZÜ
4. a) Yehova Musa, İşmuil və Davudla hansı dildə danışmışdı? b) Müqəddəs Kitabda nə haqda yazılıb?
4 Yehova Allah Ədən bağında Adəmlə onun öz dilində, çox ehtimal ki, qədim ibrani dilində danışmışdı. Sonralar ibrani dilində danışan Müqəddəs Kitab yazıçılarına, məsələn, Musaya, İşmuilə və Davuda Öz fikirlərini nazil etmişdi, onlar da bu fikirləri öz sözləri və üslubları ilə qələmə almışdılar. Lakin Allahın bəzi fikirlərini Onun diktəsilə, dediyi kimi yazmışdılar. Bundan başqa Onun Öz xalqı ilə rəftarı barədə, insanların imanı və məhəbbəti, eləcə də səhvləri və sədaqətsizliyi barədə yazmışdılar. Bütün bu məlumat bu gün bizim üçün çox dəyərlidir (Rom. 15:4).
5. Yehova Allah Öz xalqı ilə yalnız ibrani dilində danışırdı? İzah edin.
5 Lakin bu, o demək deyil ki, Allah bütün tarix boyu insanlarla yalnız ibrani dilində danışıb. Babil əsarətindən qurtulduqdan sonra Allahın xalqından bəziləri gündəlik məişətdə arami dilində danışırdılar. Görünür, məhz bu səbəbdən, Yehova Dənyal və Ərəmya peyğəmbərə və kahin Üzeyirə Müqəddəs Kitabın müəyyən hissələrini arami dilində yazdırmışdı (Üzeyir 4:8, 7:12, Ərəmya 10:11 və Dənyal 2:4 ayələrinin haşiyəsinə baxın).
6. Nəyə görə Tövrat yunan dilinə tərcümə olundu?
6 Sonralar Makedoniyalı İsgəndər qədim dünyanın çox hissəsini fəth etmişdi. Bununla da, koyne, yəni sadə yunan dili beynəlxalq dilə çevrilmişdi. Bir çox yəhudilər də bu dildə danışmağa başlamışdı. Bunun nəticəsində Tövrat yunan dilinə tərcümə olundu. Belə hesab olunur ki, bu tərcümənin üzərində 72 tərcüməçi işləmişdi. Həmin tərcümə «Septuaginta» kimi tanınır. Müqəddəs Kitabın birinci tərcüməsi olan «Septuaginta», eyni zamanda, ən vacib tərcümələrdən biridir *. Tərcümənin üzərində belə çox adamın işləməsi nəticəsində tərcümədə müxtəlif üslublar əks olunub. Belə ki, kimisi hərfi tərcümə etmiş, kimisi isə həddən artıq sərbəstliyə yol vermişdi. Buna baxmayaraq, «Septuaginta» yunandilli yəhudilər, sonralar isə məsihilər tərəfindən Allahın Kəlamı kimi qəbul olunurdu.
7. İsa Məsih hansı dildə vəz edirdi?
7 Allahın ilk Oğlu yer üzünə gələndə, güman ki, o da Müqəddəs Kitabda ibrani dili adlanan dildə danışır və vəz edirdi (Yəh. 19:20; 20:16; Həv. 26:14). Ancaq birinci əsrdə ibrani dilinə arami dilinin böyük təsiri olmuşdu. Odur ki, yəqin Məsih də danışanda arami sözləri işlədirdi. Bununla belə, o, Musanın və digər peyğəmbərlərin danışdığı qədim ibrani dilini də bilirdi. Tövratı hər həftə sinaqoqlarda bu dildə oxuyurdular (Luka 4:17—19; 24:44, 45; Həv. 15:21). Üstəlik, İsraildə yunan və latın dilində də danışırdılar. İsanın bu dillərdə danışıb-danışmadığı ilə bağlı Müqəddəs Kitabda heç nə yazılmayıb.
8, 9. Nəyə görə məsihilik yayıldıqca yunan dili Allahın xalqı arasında əsas dil oldu və bu, Yehova barədə nəyi göstərir?
8 İsanın ilk davamçıları ibrani dilini bilirdilər. Ancaq onun ölümündən sonra onlar başqa dillərdə də danışırdılar. (Həvarilərin işləri 6:1 ayəsini oxuyun.) Məsihilik yayıldıqca məsihilər arasında daha çox yunan dili işlənirdi. Yunan dili ümumişlək dil olduğu üçün İsanın təlimləri və gördüyü işlər yer alan Məttanın, Markın, Lukanın və Yəhyanın yazdığı Müjdələr də yunan dilində geniş yayılmışdı. Beləliklə, şagirdlərin çoxu ibranidilli yox, yunandilli idilər *. Həvari Bulusun məktubları və Allahın Kəlamındakı digər kitablar da yunan dilində yazılmışdı.
9 Maraqlıdır ki, İncili yazanlar Tövratdan sitatlar gətirəndə, adətən, «Septuaginta»dan istifadə edirdilər. Bu sitatlar bəzən ibrani mətnindən bir qədər fərqlənirdi. Buna baxmayaraq, hazırda onlar Allahın Kəlamının bir hissəsidir. Beləliklə, qeyri-kamil tərcüməçilərin işi Allahın Kəlamının bir hissəsi oldu. O Allahın ki, heç bir mədəniyyəti və ya dili o birindən üstün tutmur. (Həvarilərin işləri 10:34 ayəsini oxuyun.)
10. Yehovanın Öz Kəlamını bütün insanlar üçün əlçatan etməsindən nə öyrənirik?
10 Beləliklə, aydın oldu ki, Yehova Allah insanlarla ünsiyyətini mövcud şəraitə uyğunlaşdırır. Onu tanımaları, niyyətlərindən agah olmaları üçün insanlardan yeni dil öyrənməyi tələb etmir. (Zəkəriyyə 8:23; Vəhy 7:9, 10 ayələrini oxuyun.) Yehova Müqəddəs Kitabı yazanlara ilham versə də, onlara ilahi fikirləri öz sözləri ilə yazmağa icazə verib.
ALLAH ÖZ KƏLAMINI QORUYUR
11. Nəyə görə dillərin çoxluğu Allahın insanlarla ünsiyyətinə əngəl törətmir?
11 İnsanların müxtəlif dillərdə danışması və tərcümədə cüzi fərqlərin olması Allahın insanlarla ünsiyyətinə əngəl törətmir. Misal üçün, Müqəddəs Kitabda İsanın öz doğma dilində dediyi cəmi bir neçə söz var (Mət. 27:46; Mark 5:41; 7:34; 14:36). Ancaq Yehova Allah elə etdi ki, İsanın çatdırdığı xəbər yunan dilinə, zaman keçdikcə isə digər dillərə tərcümə olundu. Sonralar yəhudilər və məsihilər Müqəddəs Kitab əlyazmalarının üzünü təkrar-təkrar köçürürdülər. Bunun sayəsində, Müqəddəs Yazılar qorunub-saxlanılırdı. Bu nüsxələr sonradan çoxlu dillərə tərcümə olunmuşdu. Eramızın IV-V əsrlərində yaşamış Yohannes Xrisostomos demişdi ki, artıq onun vaxtında İsanın təlimləri suriyalıların, misirlilərin, hindistanlıların, farsların, həbəşlərin və çoxlu başqa xalqların dilinə tərcümə olunmuşdu.
12. Müqəddəs Kitab hansı hücumlara məruz qalmışdı?
12 Müqəddəs Kitabın müxtəlif dillərə tərcümə olunması bir çoxlarının qəzəbinə səbəb olmuşdu. Məsələn, eramızın 303-cü ilində imperator Diokletian Müqəddəs Yazıların bütün nüsxələrinin məhv edilməsinə fərman vermişdi. Allahın Kəlamı, eləcə də onu tərcümə edib yayanlar ardı-arası kəsilməyən amansız hücumlara məruz qalmışlar. 2 Timutiyə 2:9 ayəsini oxu.)
XVI əsrdə Vilyam Tindal Müqəddəs Kitabı ibrani və yunan dilindən ingilis dilinə tərcümə etməyə başlayanda savadlı bir kişiyə demişdi: «Allah ömür versə, elə edəcəyəm ki, çox keçməmiş xış sürən oğlan uşağı da Müqəddəs Yazıları keşişdən yaxşı bilsin». Tindal Müqəddəs Kitabı tərcümə etmək və çap etmək üçün İngiltərədən Avropaya qaçmağa məcbur olmuşdu. Keşişlər Müqəddəs Kitabın əllərinə keçən bütün nüsxələrini yandırırdılar, buna baxmayaraq, Tindalın tərcüməsinin nüsxələri geniş yayılmışdı. Axırda Tindalı satdılar. Onu boğub dirəkdə yandırdılar. Amma onun tərcümə etdiyi Müqəddəs Kitab kilsə xadimlərinin hücumlarına tab gətirdi. Geniş yayılmış «Kral Yakovun Müqəddəs Kitabı»nın tərcüməsində ondan çox istifadə edilmişdi. (13. Qədim əlyazmaların tədqiqi nəyi sübut edir?
13 Düzdür, Müqəddəs Kitabın günümüzə çatan bəzi qədim nüsxələrində xırda səhvlər və uyğunsuzluqlar var. Ancaq Müqəddəs Kitab üzrə alimlər minlərlə fraqmentləri, əlyazmaları və qədim tərcümələri müqayisə etmiş və diqqətlə tədqiq etmişlər. Bu tədqiqat Müqəddəs Kitabın əksər hissəsinin düzgünlüyünü təsdiq edib. Bir neçə ayə ilə bağlı olan namüəyyənlik Müqəddəs Kitabın ümumi mövzusunu dəyişmir. Qədim əlyazmaların tədqiq edilməsi Müqəddəs Kitabı səmimi-qəlbdən araşdıranları əmin edir ki, əlimizdəki Müqəddəs Kitab peyğəmbərlərin Yehovadan ilham alaraq yazdığı həmin o Kəlamdır (Əşy. 40:8) *.
14. Müqəddəs Kitab nə dərəcədə geniş yayılıb?
14 Düşmənlərin amansız müqavimətinə baxmayaraq, Müqəddəs Kitab bəşər tarixində ən çox tərcümə olunan kitabdır. Hətta indi insanların əksəriyyəti Allaha inanmasa da, Müqəddəs Kitab ən çox satılan kitab olaraq qalır. O, tam və ya qismən 2800-dən çox dilə tərcümə edilib. Başqa heç bir kitab nə bu qədər geniş yayılıb, nə də bu qədər dilə tərcümə olunub. Müqəddəs Kitabın bəzi tərcümələri elə də aydın və dəqiq deyil. Bununla belə, demək olar ki, bütün tərcümələri oxuyub Müqəddəs Kitabın ümid və qurtuluş xəbərini öyrənmək mümkündür.
MÜQƏDDƏS KİTABIN YENİ TƏRCÜMƏSİ
15. a) Müasir dövrdə dil baryeri necə aşılıb? b) Ruhani qidanın yayılmasında ingilis dili hansı rolu oynayır?
15 Keçən əsrin əvvəlində Müqəddəs Kitabı diqqətlə araşdıran kiçik bir qrup «sadiq və ağıllı nökər» təyin olundu. O vaxt onlar «evdəki qulluqçularla», əsas etibarilə, ingiliscə danışırdılar (Mət. 24:45). Həmin «nökər» əlindən gələni edir ki, ruhani qida daha çox dilə tərcümə olunsun. Bu dillərin sayı hazırda 700-ü ötüb. Birinci əsrdəki yunan dili kimi, bu gün də ingilis dili kommersiya və təhsildə ümumişlək dildir və geniş yayılıb. Buna görə də bizim nəşrlər əvvəlcə ingilis dilində yazılır, sonra isə müxtəlif dillərə tərcümə olunur.
16, 17. a) Allahın xalqının nəyə ehtiyacı var idi? b) Bu ehtiyac necə ödənildi? c) 1950-ci ildə Norr qardaş «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edərkən nəyə ümid etdiyini bildirmişdi?
16 Ruhani qida Müqəddəs Kitaba əsaslanır. XX əsrin ortalarında ingilis dilində Müqəddəs Kitabın ən geniş yayılmış tərcüməsi 1611-ci ildə tamamlanan «Kral Yakovun Müqəddəs Kitabı» idi. Amma onun dili həddən artıq köhnəlmişdi. Üstəlik, onun mətnində Allahın adı cəmi bir neçə dəfə yazılmışdı, halbuki Müqəddəs Kitabın qədim əlyazmalarında Allahın adına minlərlə dəfə rast gəlinir. Bu tərcümədə bəzi tərcümə səhvləri, həmçinin başqa mötəbər qədim əlyazmalarda olmayan ayələr var idi. Müqəddəs Kitabın ingiliscə digər tərcümələrində də səhvlər var idi.
17 Beləliklə, müasir dillə ifadə olunmuş, eyni zamanda orijinal yazılardakı fikirlərin dəqiqliklə tərcümə edildiyi Müqəddəs Kitaba böyük ehtiyac var idi. Bu səbəbdən, «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» yaradıldı. 1950-ci ildən 1960-cı ilədək, on il ərzində qardaşlar Müqəddəs Kitabı altı cilddə çıxartdılar. 1950-ci ildə avqustun 2-də birinci cildin buraxılışını elan edərkən Neytan Norr qardaş demişdi: «Müqəddəs Kitabın müasir dilə tərcümə edilməsinə tələbat get-gedə daha çox artır. Bu tərcümə açılan həqiqətlərə uyğun gəlməli, eyni zamanda orijinal yazılardakı mənanı dəqiqliklə ifadə edərək həqiqətin bundan sonra da açılması üçün zəmin yaratmalıdır. Necə ki qədimdəki sadə, fağır, adi adamlar Məsihin davamçılarının orijinal yazılarını asanlıqla başa düşürdü, bu tərcümə də müasir insanlar üçün elə aydın olmalıdır». O ümid edirdi ki, «Yeni Dünya Tərcüməsi» milyonlarla insana Yehovanı tanımağa kömək edəcək.
18. Hansı qərarlar Müqəddəs Kitabın tərcümə olunmasını sürətləndirdi?
18 Norr qardaşın arzusu 1963-cü ildə gerçəkləşdi. Belə ki, həmin ildə altı dildə — alman, fransız, ispan, italyan, Niderland və portuqal dilində «İncilin Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. 1989-cu ildə Yehovanın Şahidlərinin Rəhbərlik Şurası Müqəddəs Kitab tərcüməsinə kömək etmək üçün baş idarədə şöbə yaratdı. 2005-ci ildə isə «Gözətçi qülləsi» jurnalının tərcümə olunduğu dillərə Müqəddəs Kitabın tərcümə olunmasına icazə verildi. Bunun sayəsində, hazırda tam və ya qismən 130-dan çox dildə «Yeni Dünya Tərcüməsi» mövcuddur.
19. 2013-cü ildə hansı tarixi hadisə baş verdi və növbəti məqalədə nə barədə danışacağıq?
19 Lakin ingiliscə «Yeni Dünya Tərcüməsi» çıxandan bəri ingilis dili çox dəyişib. Buna görə də bu nəşrin yenilənməsinə ehtiyac yaranmışdı. 2013-cü ildə oktyabrın beşi və altısı 31 ölkədə 1 413 676 nəfər Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) 129-cu illik görüşündə iştirak etmiş və ya bu görüşə qoşulmuşdu. Həmin görüşdə Rəhbərlik Şurasının üzvü «Yeni Dünya Tərcüməsi»nin ingiliscə yenidən baxılmış versiyasının çıxdığını elan etdi. Bu xəbər böyük coşqu ilə qarşılandı. Xidmətçilər kitabları payladıqca çoxları göz yaşlarını saxlaya bilmirdi. Ayələri yeni Müqəddəs Kitabdan oxuduqca dinləyicilər görürdülər ki, Allahın Kəlamı ingilis dilində hələ heç vaxt belə gözəl ifadə olunmayıb. Növbəti məqalədə bu yenilənmiş nəşr barədə bir sıra təfərrüatları, eləcə də onun başqa dillərə tərcümə olunması barədə danışacağıq.
^ abz. 6 «Septuaginta» yetmiş deməkdir. Deyilənə görə, bu tərcüməyə eramızdan əvvəl III əsrdə Misirdə başlanılmışdı, eramızdan əvvəl 150-ci ildə isə başa çatdırılmışdı. Bu tərcümə hələ də öz əhəmiyyətini itirməyib. Belə ki, mənası qaranlıq qalan ibrani sözlərini və ya bütöv ayələri başa düşməyə alimlərə kömək edir.
^ abz. 8 Bəzilərinin fikrincə, Mətta Müjdəni ibrani dilində yazmışdı. Sonradan bu Müjdə yunan dilinə, çox güman ki, elə onun özü tərəfindən tərcümə olunmuşdu.
^ abz. 13 «Yeni Dünya Tərcüməsi»nin A3 əlavəsinə, həmçinin «Hamı üçün olan kitab» broşürünün 7—9 səhifələrindəki «Bu kitab necə qorunub saxlanılıb» adlı fəslə baxın.