Yusifin qardaşları kimi, səndə də heç paxıllıq yaranıbmı?
Uşaqlarınızı öyrədin
Yusifin qardaşları kimi, səndə də heç paxıllıq yaranıbmı?
GƏL bir az paxıllığın nə demək olduğu haqqında danışaq. Heç elə olubmu ki, başqalarının kiminsə haqqında yaxşı, qəşəng, yaxud ağıllı adam kimi danışdığı üçün ondan xoşun gəlməsin? * ~ Hə, bu, kiməsə paxıllıq etmək deməkdir.
Valideynlər uşağın birini o birindən üstün tutanda ailədə paxıllıq yarana bilər. Müqəddəs Kitabda paxıllığın böyük problemə səbəb olduğu bir ailə haqqında danışılır. Gəl bunun hansı fəlakətə gətirib çıxardığını və baş verənlərdən nə öyrənə biləcəyimizi müzakirə edək.
Yusif Yaqubun 11-ci oğlu idi və ögey qardaşları ona paxıllıq edirdilər. Bilirsən niyə? ~ Çünki ataları Yaqub Yusifi çox sevirdi. Məsələn, bir dəfə o, Yusifə gözəl ala-bəzək paltar tikdirmişdi. Yusif Yaqubun «qocalıq çağının oğlu» və sevimli arvadı Rəhilədən birinci uşağı olduğundan, onu xüsusilə sevirdi.
Müqəddəs Kitabda deyilir: «Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər». Sonra bir dəfə Yusif ailəsinə danışır ki, yuxuda hamının, eləcə də atasının ona baş əydiyini görüb. Müqəddəs Kitabda deyilir ki, «qardaşları ona paxıllıq etdilər», hətta atası da danışdığı yuxuya görə onu danladı (Yaradılış 37:1-11).
Bir qədər sonra, Yusifin 17 yaşı olanda qardaşları evdən çox kilometr uzaqda atalarının qoyun və keçilərini otarırdılar. Buna görə də Yaqub Yusifi qardaşlarından xəbər bilməyə göndərir. Bilirsən, qardaşları Yusifi görəndə nə etmək istədilər? ~ Onu öldürmək istədilər! Ancaq ikisi — Ruven və Yəhuda onlara qoşulmadılar.
Misirə gedən tacirlər oradan keçəndə Yəhuda dedi: «Gəlin onu... sataq». Onlar belə də etdilər. Bir keçi kəsib Yusifin paltarını onun qanına batırdılar. Həmin paltarı atalarına göstərəndə o fəryad qopardı: «Yəqin onu vəhşi bir heyvan yeyib» (Yaradılış 37:12-36).
Sonralar Yusif Misir padşahı fironun lütfünü qazandı. Çünki Yusif Allahın köməyilə fironun iki yuxusunu yozmuşdu. Birinci yuxu yeddi kök inək və yeddi arıq inək haqqında idi. İkinci yuxu isə, yeddi dolu sünbül və yeddi solğun sünbül haqda idi. Yusif izah etdi ki, hər iki yuxu yeddi il bolluq, ondan sonrakı yeddi il isə aclıq olacağını bildirir. Firon Yusifə yeddi bolluq ili ərzində aclıq illəri üçün azuqə toplamağı həvalə etdi.
Aclıq gələndə Yusifin uzaqlarda yaşayan ailəsinin ərzağa ehtiyacı oldu. Yaqub Yusifin on böyük qardaşını Misirə ərzaq dalınca göndərdi. Onlar Yusifin hüzuruna gəldilər, ancaq onu tanımadılar. Yusif özünün kim olduğunu söyləməyib, qardaşlarını yoxladı və gördü ki, onlar onunla pis rəftar etdiklərinə görə çox peşman olublar. Sonra Yusif kim olduğunu onlara açdı. Qardaşlar yenidən görüşdüklərinə görə necə də xoşbəxt idilər! (Yaradılış, 40-dan 45-ə kimi fəsillər).
Müqəddəs Kitabın bu hekayəsindən paxıllıq haqqında nə öyrəndin? ~ Paxıllıq böyük fəlakətə səbəb ola bilər, hətta adamda doğma qardaşına belə, pislik etmək istəyi oyada bilər! Gəl Həvarilərin işləri 5:17, 18 və 7:54-59 ayələrini oxuyaq və görək paxıllıq ucbatından insanlar İsaya və şagirdlərinə nə etmişdilər. ~ Bunu oxuyandan sonra başa düşürsən nəyə görə paxıllıqdan özümüzü qorumalıyıq? ~
Yusif 110 il ömür sürdü. O, uşaqlar böyütdü, nəvə-nəticə sahibi oldu. Əmin ola bilərik ki, Yusif tez-tez onlara bir-birini sevməyi və paxıllıq etməməyi nəsihət edirdi (Yaradılış 50:22, 23, 26).
Suallar:
○ Paxıllıq nə deməkdir?
○ Paxıllıq Yusifin qardaşlarını nəyə təhrik etdi?
○ Yusif qardaşlarını nə üçün bağışladı?
○ Bu hekayədən nə öyrənə bilərik?
[Haşiyə]
^ abz. 3 Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.